Menu
Geri İrəli

Sumqayıtda enerji səmərəliliyi sahəsində layihə icra olunur

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyul 2012 • Baxış sayı: 193 dəfə • Şərh yoxdur

İyunun 21-də Sumqayıt şəhərində Sumqayıt bələdiyyəsinin təşkilatçılığı və yerli qurumların iştirakı ilə enerji səmərəliliyi mövzusunda seminar keçirilmişdir. Avropa Komissiyasının “Merlər Sazişi şərqə doğru irəliləyir” proqramı tərəfindən maliyyələşdirilən “DACO” – “Merlər Sazişinə bəli” layihəsi çərçivəsində təşkil edilmiş tədbirin əsas məqsədi şəhərin kommunal və enerji sektorunda fəaliyyət göstərən idarə və müəssisələri layihə barədə məlumatlandırmaq, qurumlar arasında enerji səmərəliliyi sahəsində əməkdaşlığı gücləndirmək idi.

Tədbiri giriş sözü ilə açan Sumqayıt bələdiyyəsinin sədri cənab Əbülfəz Babayev ölkəmizdə zəngin neft-qaz ehtiyatlarının mövcud olmasına baxmayaraq, davamlı iqtisadi inkişaf siyasətinin tərkib hissəsi kimi bərpa olunan enerji mənbələrindən istifadə və enerjiyə qənaət tədbirlərinə xüsusi diqqət yetirildiyini bildirdi: “Əlverişli iqlim zolağında yerləşən Azərbaycan geniş külək, su və günəş enerjisi potensialına malikdir. Məhz bu potensialın daha səmərəli reallaşdırılması məqsədilə ötən günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin fərmanı ilə müvafiq Dövlət Agentliyinin bazasında Alternativ və Bərpa olunan Enerji mənbələri üzrə Dövlət Şirkəti yaradılmışdır. İdarəetmə mexanizminin optimallaşdırılmasını nəzərdə tutan bu addım respublikamızda alternativ enerji siyasətinin daha çevik həyata keçirilməsinə xüsusi təkan verəcəkdir”.

Sumqayıtda enerjiyə qənaət olunması məqsədilə bir sıra tədbirlərin yerinə yetirildiyini deyən bələdiyyə sədri şəhər əhalisinin mütləq əksəriyyətinin təbii qaz, elektrik enerjisi və içməli su sayğacları ilə təmin edildiyini, yaşayış binalarının istilik təchizatının yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını və binaların fasadlarının müasir, istiliyi qoruyan materiallarla üzləndiyini qeyd etdi.

Ə.Babayev həmçinin layihə barəsində qısa məlumat verərək Avropa Komissiyası tərəfindən 2011-ci ildə elan edilmiş “Merlər Sazişi şərqə doğru irəliləyir” adlı proqram çərçivəsində İtaliyanın Kieti bələdiyyəsi və mərkəzi qərargahı Brüssel şəhərində yerləşən “Enerji xartiyası” beynəlxalq təşkilatının təşəbbüsü ilə layihə hazırlandığını, Sumqayıt bələdiyyəsinin də bu layihədə tərəfdaş kimi iştirak etdiyini bildirdi. Layihənin digər tərəfdaşları Qazxıstanın Taraz, Tacikistanın Somoniyon və Belarusun Novoqrudok şəhərləridir. 2012-2013-cü illəri əhatə edən layihənin əsas məqsədi iştirakçı şəhərlər üçün Dayanıqlı Enerji Fəaliyyət Planını (bu Plan Merlər Sazişinə qoşulmaq və öhdəlikləri yerinə yetirmək üçün əsas sənəddir) hazırlamaq və bələdiyyələrin Merlər Sazişinə qoşulmasına köməklik göstərməkdir. Layihə çərçivəsində həmçinin Şərq Tərəfdaşlığını təmsil edən hər 4 bələdiyyənin ərazisində, o cümlədən Sumqayıtda enerji səmərəliliyi sahəsində pilot layihənin icrası da nəzərdə tutulmuşdur.

Daha sonra görüşdə çıxış edən İtaliyanın Kieti bələdiyyəsinin enerji agentliyinin baş direktoru cənab Antonio di Nunzio səmimi qəbula görə qonaqlar adından minnətdarlığını bildirərək layihənin əhəmiyyəti və tərəfdaşların rolu barədə görüş iştirakçılarına məlumat verdi. Tbilisidə yerləşən “Merlər Sazişi – Şərq” ofisinin rəhbəri xanım Xatuna Siçinava “Merlər Sazişi” təşəbbüsü və Şərq tərəfdaşlığı regionundakı şəhərlər üçün bu təşəbbüsün faydaları barədə öz fikirlərini bölüşdü. “Enerji Xartiyası” təşkilatının nümayəndəsi xanım Qabriela Prata Dias layihənin icra mərhələlərinə dair təqdimatla çıxış etdi. Kieti bələdiyyəsinin enerji agentliyinin mütəxəssisi cənab Marko Kolalonqo zərərli qazların inventarizasiyası və 2020-ci ilədək 20% azaldılması mexanizmi barədə təqdimat nümayiş etdirdi.

Tədbirin sonunda qonaqlar üçün Sumqayıt Texnologiyalar Parkının alternativ enerji avadanlıqlarının istehsalı zavoduna tanışlıq səfəri təşkil edildi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın