Menu
Geri İrəli

Sumqayıtda “Özünədəstək” layihəsinin icrasına başlanılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2012 • Baxış sayı: 198 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində “Özünədəstək” – Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmaq üçün seçilmiş 15 aztəminatlı ailə ilə “Sosial müqavilə”lərin imzalanması, onlara müvafiq bildirişlərin paylanması ilə bağlı tədbir keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bazar ertəsi Trend-ə verilən tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov layihəyə cəlb olunmuş ailələrlə görüşündə bu proqramın icrasının aztəminatlı ailələrin daimi məşğulluğuna, onların təsərrüfatlarının inkişafına müsbət təsir göstərdiyini deyib, özünütəminetmə imkanlarını artırmaq üçün müvafiq potensiallara malik olan hər bir aztəminatlı ailənin bu layihəyə cəlb ediləcəyini vurğulayıb. Nazir müavini həmin ailələrə öz təsərrüfatlarını inkişaf etdirmək məqsədilə bu yeni layihənin yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlanmağı tövsiyə edərək, onlara bu sahədə uğurlar arzulayıb.

Görüşdə həmin ailələrə yeni layihənin xüsusiyyətləri, layihəyə cəlb olunmaq üçün ailə planının hazırlanması və s. barədə izahatlar verilib. Aztəminatlı ailələrin nümayəndələri belə bir effektli aktiv sosial müdafiə tədbirinə cəlb olunmalarını möhtərəm dövlət başçısının aztəminatlı ailələrə qayğı və dəstəyinin daha bir bariz ifadəsi kimi dəyərləndirərək, ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, bu vaxtadək Tovuz, Masallı, Xaçmaz, İsmayıllı və Bakının Nizami rayonlarında “Özünədəstək” layihəsi icra olunub və layihənin bütün ölkədə tətbiqi nəzərdə tutulur.

Proqrama əsasən, şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək və səmərəli əmək fəaliyyəti ilə məşğul olmaq istəyən ailələrə bir il ərzində ala biləcəkləri ünvanlı sosial yardımın məbləği qabaqcadan birdəfəlik formada ödənilir. Bu məqsədlə ailə və ərazi üzrə Əhalinin sosial müdafiəsi mərkəzi arasında tərəflərin hüquq və vəzifələri qeyd edilən “Sosial müqavilə” imzalanır. Həmçinin, ailə məşğul olacağı fəaliyyətlə bağlı “Ailənin fəaliyyət planı”nı hazırlayır və 1 il ərzində həmin planda göstərdiyi öhdəlikləri icra edir.

Qeyd edək ki, sosial yardım proqramlarında iştirakçıların məsuliyyətinin, onlara dövlət tərəfindən verilən yardımların effektivliyinin artırılması məqsədilə imzalanan sosial müqavilələr respublikamızda ilk dəfə tətbiq edilir. “Özünədəstək” layihəsinə cəlb olunacaq ailələrin seçilməsində nazirlik yanında fəaliyyət göstərən, ixtisaslaşmış QHT-lərin təmsil olunduğu İctimai Şuranın üzvləri də iştirak edirlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın