Menu
Geri İrəli

Xədicə İsmayılovanın ABŞ-a təqdim etdiyi “satqın siyahısı” açıqlandı-ŞOK

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Fevral 2014 • Baxış sayı: 943 dəfə • Şərh yoxdur
Share Button

xedice…Bu ilin yanvar ayında ABŞ Senatı aparatının iki əməkdaşı Bakıya gəlmişdi. Amma Senatın Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısının – Con Zadrozni ilə Daniel Vajdiçin bu səfəri Azərbaycan müxalifətinin tam iflası ilə yekunlaşan səs-küylü daxili siyasi çəkişmələrin kölgəsində itib-batdı.

 Heydər Əliyevin dövründə amerikalı sovetoloq və tədqiqatçıların belə səfərləri ictimai rəyin xüsusi diqqət mərkəzində olardı. Çünki o vaxtlar Azərbaycanda siyasi hakimiyyət uğrunda amansız mübarizə gedirdi və buna görə də okeanın o tayından gələn mütəxəssis və siyasi texnoloqların ölkədəki siyasi qüvvələr nisbətinə, hadisələrin inkişaf ssenarisinə və s. dair baxışları azərbaycanlı analitiklər üçün də çox maraqlı idi. Siyasi həyat donandan, siyasi ehtiraslar öləziyəndən sonra isə belə səfərlər, ABŞ isteblişmentinin hətta ən nüfuzlu nümayəndələrinin səfərləri də ikinci plana keçməyə, bir növ pərdə arxasında qalmağa başladı.

 Amma iki amerikalı tədqiqatçının (onlar advocacy sahəsi üzrə ixtisaslaşıblar) Bakı səfərinin sensasion təfərrüatları bizi bu pərdəni qaldırmağa və oxuculara Zadrozni ilə Vajdiçin “axtarış və qazıntıları” barədə məlumat verməyə vadar edir. Bu məlumatlar həm də ABŞ-ın Azərbaycan siyasətinə haradasa təsir göstərə bilər. Amerikalı mütəxəssislərin Bakıda əldə etdiyi və böyük ehtimalla artıq öz siyasi rəhbərliyinə ötürdüyü informasiyalar Vaşinqtonu Azərbaycandakı vəziyyətə dair baxışlarını köklü surətdə yenidən nəzərdən keçirməyə məcbur edəcək. Gəlin hər şeyə ardıcıllıqla baxaq…

  Vaşinqtonun çətiri altındakı novruzgülü

 C.Zadrozni və D.Vajdiç rəsmən Senatın əməkdaşlarıdır. Amma Rusiya qaynaqlarının iddiasına görə, onların ikisinin də ABŞ kəşfiyyat orqanlarına, daha doğrusu, qeyri-leqal kəşfiyyata birbaşa bağlılığı var. Axı xüsusi çətir və himayə altında işləyən kəşfiyyatçılar da olur. Onların Bakıya səfərinin bircə və çox açıq-aydın məqsədi vardı – kəşfiyyat məlumatları toplamaq.

 D.Vajdiç həmkarından fərqli olaraq postsovet məkanında daha çox tanınır. O, özünü ilk dəfə hələ Moskvada göstərmişdi. D.Vajdiç Karnegi Fondunun Moskvadakı mərkəzinin əməkdaşı olub. Rusiyadakı işindən sonra ABŞ Dövlət Departamentində, Harvard Universitetində, Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində, Avropa Tədqiqatları İnstitutunda, Marşall Fondunda, Amerika Sahibkarlıq İnstitutunda da çalışan (özü də bu qurumların heç birində bir neçə aydan artıq işləməyib) Vajdiç öz analitik təhlillərini yalnız ictimai-siyasi məsələlərə həsr edib.

 Rusiya Federal Təhlükəsizlik Xidmətinə yaxın Moskva mətbuatı yazırdı ki, D.Vajdiç ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bağlı adamdır, hətta Amerika rezidentinin köməkçisi vəzifəsini yerinə yetirir.

 D.Vajdiç Rusiya (postsovet məkanı) və İran, bu ölkələrin əsasən də təhlükəsizlik problemləri üzrə ixtisaslaşmış agent kimi məşhur idi. Baxışlarına görə “qırğı”lardan sayılan bu adam kifayət qədər əhəmiyyətli fiqurdur. O, hətta Obamanın Rusiya strategiyasını təmsil edən səfir Maykl Makfolun fəaliyyətini də tez-tez tənqid etmək hüququna malik olduğunu göstərirdi. O, ABŞ-ın Çinlə, İranla və postsovet ölkələri ilə bağlı siyasətində, həmçinin raketdənmüdafiə sistemlərinin yerləşdirilməsi məsələsində çox sərt və aqressiv mövqedən çıxış edir.

 D.Vajdiç buna qəti şəkildə əmindir ki, ABŞ birqütblü dünyada öz dominant rolunu möhkəmləndirməli, Amerikanın nüfuz dairəsini bütün dünyaya yaymalıdır. O, “Maqnitski siyahısı”nı güzəştli və yumşaq olmasına görə açıq tənqid edən tək-tük fikir və söz sahiblərindən biridir. D.Vajdiç həmçinin Putinin Gürcüstana hücumu zamanı Buş administrasiyasını üzüyumşaqlıqda və qorxaqlıqda ittiham etmişdi…

 Əgər D.Vajdiçin siyasi baxışlarını onun analitik düşüncələri əsasında qısaca xülasə etsək, deyə bilərik ki, o, daha çox respublikaçıların və C.Makkeynin mövqeyindən çıxış edir. İndiki ABŞ administrasiyasının xarici siyasət konsepsiyasını o qədər də qəbul etmir.

 D.Vajdiç Azərbaycandakı vəziyyətə də sərt yanaşmanın tərəfdarıdır. Özü də o, Azərbaycandakı vəziyyəti, buradakı qüvvələr nisbətini onun-bunun ağzından eşitməyib. D.Vajdiç Bakıya ilk dəfə hələ 2010-cu ilin iyul ayında gəlib. Yeri gəlmişkən, D.Vajdiç Azərbaycana ilk səfəri zamanı burada ABŞ politoloqu və “American Enterprise” institutunun əməkdaşı kimi təqdim olunmuşdu.

  Novruzgülü

 D.Vajdiçlə bərabər Senat komitəsinin xarici əlaqələr üzrə ikinci tədqiqatçısı Con Zadrozni də Bakıya gəlmişdi. Bu adam da “dərin himayə” altındakı kəşfiyyatçı kimi tanınır. C.Zadrozni Nyu-York merinin ofisində siyasi təhlilçi, ABŞ Dövlət Departamentində, ABŞ Ədliyyə Nazirliyinin Narkotiklərə Qarşı Mübarizə İdarəsində, Konqresin müxtəlif komitələrində, Ağ Evdə işləyib… 2013-cü ilin martında isə D.Vajdiç kimi o da Senatın Xarici Əlaqələr Komitəsinə tədqiqatçı kimi işə cəlb olunub.

 C.Zadrozni D.Vajdiçdən fərqli olaraq daha qapalı adamdır və üzdə olmağı xoşlamayan fiqurdur. Bu da onun fəaliyyətinin xüsusi xarakteri ilə bağlıdır. O, Ağ Evdə işləyəndə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Ağ Evin əks-kəşfiyyat xidməti rəisinin müavini vəzifəsini tutub.

 “Art Garden”də görüş

 Beləliklə, ABŞ xüsusi xidmət orqanlarının Bakıya Senatın tədqiqatçıları cildində gələn bu əməkdaşı ilə hətta səthi tanışlıq belə onu deməyə əsas verir ki, onların missiya və tədqiqatları xüsusi məqsəd və xarakter daşıyıb. Məsələ burasındadır ki, Zadrozni ilə Vajdiç Bakıda olarkən ABŞ səfirliyində silsilə qapalı görüşlər keçiriblər, amma Azərbaycn hakimiyyətinin rəsmi şəxslərinin bircəciyi ilə də görüşməyiblər. Şübhəsiz ki, onların bu səfəri Azərbaycan hakimiyyət orqanlarının diqqətindən kənarda qala bilməzdi.

…Görünür, sanballı olsun deyə belə görüşlərin biri də Bakının mərkəzinə, adamların çox olduğu yerə, “Art Garden” restoranına təyin olunmuşdu. İçərişəhərdə, tarixi Cümə məscidi ilə üzbəüzdə yerləşən bu restoranda təkliyə çəkilib baş-başa söhbət etmək, şam etmək üçün ayrıca kabinetlər olsa da amerikalılar öz həmsöhbətləri ilə hamının gözü qabağında, geniş ümumi salonda oturmağa üstünlük vermişdilər. Bununla sanki onu göstərmək istəyirdilər ki, onların Bakı səfəri heç də məxfi xarakter daşımır və burada gizlədiləsi heç nə yoxdur, necə deyərlər, hər şey göz qabağındadır. Onlar xüsusi maraq doğurmamaq, diqqət çəkməmək və ən başlıca şeyi – əsl məqsədlərini gizlətmək üçün stol arxasında ucadan danışır, özlərini çox şən və sərbəst aparırdılar.

 Gözəl dekorasiya qurmuşdular. Kənardan baxanlara elə gəlirdi ki, iki amerikalı tədqiqatçı yerli vətəndaş cəmiyyəti fəalları ilə görüşüb onların sadəcə fikirləri ilə tanış olur, bu yerli adamların öz ölkələrində insan haqlarının vəziyyətinin pisləşməsinə görə dərin narahatlığını bölüşür…

 Əslində isə yerli fəalların bu görüşdə verdiyi informasiyalar tədqiqatçıların hesabatlarına düşəcək, həmin hesabatlar isə Azərbaycanla bağlı birinci əldən, hadisələrin bilavasitə iştirakçılarının özündən informasiyalar almaq istəyi ilə alışıb-yanan Senatın ofisinə ötürüləcəkdi.

 Xədicənin etirafları

Con Zadrozni və Daniel Vajdiçlə eyni masa arxasında oturanlar isə belə görüşlərdə “harada aş, orada baş” və “Azərbaycan həqiqətlərinin yorulmaz carçısı” olan Xədicə İsmayılova, hüquq müdafiəçisi Emin Hüseynov və vəkil Rəşid Hacılı idi.

 Xədicə İsmayılova Azərbaycanda demokratiyanın böhranından, korrupsiyadan, təhsil və səhiyyə sisteminin iflic olmasından, məktəblərdə elementar kompüterlərin olmamasından, ölkədəki sosial gərginlikdən danışır…

 “Cüzi maaş alan həkimlər və müəllimlər yoxsulluq içində yaşayır. Beləliklə də hakimiyyət onları rüşvət almağa sövq edir. Azərbaycan iqtisadiyyatı inhisarçıların tapdağı altında can verir. Buna görə də kölgə iqtisadiyyatı ölkə iqtisadiyyatını udub məhv edir” – deyə jurnalist Xədicə İsmayılova əsib-coşaraq emosional şəkildə danışır.

 X.İsmayılova daha sonra Rusiyanın Moskva və Peterburqun meyvə-tərəvəz bazarlarını bürümüş milyonlarla azərbaycanlı miqrant vasitəsilə Azərbaycan hakimiyyətinə təzyiq göstərmək cəhdlərindən narahatlığını dilə gətirir. O, Bakı və Moskvada ötən il “Milyarderlər ittifaqı” adı altında oynanmış dramı bəlağətlə təsvir və təqdim etməyə çalışır. Kreml strateqi Volodinin qorxulu planlarından, İbrahimbəyovun revanşından, Abbas Abbasovun gurultulu bəyanatlarından, Putin hakimiyyətinin ruporuna çevrilmiş Moskvadakı azərbaycanlı milyarderlərin bir yumruq kimi birləşməyindən söz açır…

 X.İsmayılova öz həmsöhbətlərini inandırmağa çalışır ki, Azərbaycan hakimiyyətinin balanslı xarici siyasət xətti yürütmək cəhdləri əbəsdir. Deyir ki, müxalifət də bundan istifadə edərək hakimiyyəti rusiyapərəst xətt yürütməkdə ittiham edir…

 Bu jurnalistə qulaq kəsilən amerikalı qonaqlar masa arxasındakı digər şəxslərdən də nəsə soruşmağa çalışırlar. Amma X.İsmayılovanı dayandırmaq mümkün deyil, o, bir ucdan üyüdüb tökür. O, qonaqların sözünü kəsir, fikirlərinin hələ hamısını ifadə etməməyindən şikayətlənərək danışmaqda davam edir. Qonaqlara sübut etməyə çalışır ki, Azərbaycan böyük ipək və narkotik yolunda tranzit ölkədir, bu ölkənin ordusunda hər gün əsgərlər ölür, göyərti satanlar isə Tunisdə olduğu kimi özlərini günün günorta çağı hamının gözü qabağında yandırırlar. Bir sözlə, X.İsmayılova buna əmin olduğunu qətiyyətlə bildirir ki, Azərbaycanda inqilabın bütün ilkin şərtləri yetişib, inqilab ərəfəsindəki vəziyyət yaranıb…

Görünür, X.İsmayılova həmsöhbətlərinin sual dolu baxışlarını özünəməxsus şəkildə başa düşür deyə onları daha bir etirafı ilə mat qoyur: “Bilirsinizmi Azərbaycanda indiyədək niyə inqilab baş verməyib? Çünki bunda Qərb günahkardır!”

 Qərb? Bəli, Qərb

 Çünki Vaşinqton “Maqnitski qanunu”nu Azərbaycana da tətbiq etməlidir, amma etmir… Çünki nüfuzlu konqresmenlər Bakıya gəlib milli-demokratik qüvvələrə dəstək vermirlər… Çünki ABŞ Azərbaycana münasibətdə digər təzyiq mexanizmlərini işə salmır…

 “ABŞ Azərbaycandakı prezident seçkiləri zamanı seçki prosesinə niyə müdaxilə etmədi? Bu, Qərbin ən böyük səhvi idi. ABŞ Milli Demokratiya İnstitutunun Bakıdakı fəaliyyətinin məhdudlaşdırılmasına niyə göz yumur? Bu da Qərbin ən böyük səhvi idi. ABŞ Anar Məmmədlinin həbsinə niyə dərhal reaksiya vermədi?” – deyə X.İsmayılova suallarını dayanmadan yağdırır.

 Və dərhal da açıq mətnlə deyir ki, əgər amerikalılar vaxtında müdaxilə etsəydilər, Anar Məmmədlini xilas etmək mümkün olardı, amma bu şans əldən verildi və A.Məmmədli guya quyunun dibinə atıldı…

 Amerikalılar bu məqamda mövcud geosiyasi gerçəkliklərdən söz açmağa, Vaşinqtonun qarşılaşdığı çətinliklərdən, beynəlxalq münasibətlər sistemindəki kolliziyalardan danışmağa çalışırlar. Amma X.İsmayılova yenə dayanmır.

 “Beynəlxalq təşkilatlar Azərbaycanda daha fəal olmalıdırlar. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Mənə inanın, beynəlxalq təşkilatların fəallaşması bu seçkilərin nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərəcək” – deyə X.İsmayılova çox qəribə ümidlərini dilə gətirir.

 Bu jurnalist söhbət boyunca yalnız bu fikirdə israr edir ki, Qərb müxalifətə və vətəndaş cəmiyyəti fəallarına ayırdığı maliyyənin həcmini artırmalıdır. Yəni Qərbi açıq şəkildə pul paylamağa çağırır!

 Söhbətin əsas hissəsi də elə bu məqamda başlayır. O hissəsi ki, fələyin gərdişindən bizim də diqqətimizi cəlb elədi.

 C.Zadrozni ilə D.Vajdiç Azərbaycan müxalifətinin dağılıb getməsinin səbəblərini izah eləməyə çalışırlar, etiraz hərəkatının zəifləməsinin kökündə dayanan hadisələrin əsl mahiyyətini açmağa cəhd edirlər.

 C.Zadrozni X.İsmayılovaya birbaşa belə bir sual verir: “Müxalifətdən kim hakimiyyətlə bağlıdır?”

 Görünür, amerikalı kəşfiyyatçı-tədqiqatçılar özlərində olan informasiyanı bu jurnalistin onlara ötürəcəyi agentura məlumatları ilə tutuşdurmaq, daha sonra da bunun üzərində dərindən düşünmək, təhlillər aparmaq, Əliyevə qarşı çıxan cəbhənin fəalları ilə bu yeni məlumatlar əsasında təzə əməkdaşlıq xətti işləyib hazırlamaq istəyirdilər. Yəni amerikalı tədqiqatçıları müxalifət düşərgəsindəki “beşinci kolon”un siyahısı maraqlandırırdı.

 “Hakimiyyət müxalifətdən kimi satın alaraq özünə işlədir?” – deyə D.Vajdiç həmkarının sualını təkrarlayır.

 X.İsmayılova isə bu suala cavabında deyir ki, o, bütün məlumatları hazırda amerikalı qonaqların sərəncamında olan hesabatda geniş şəkildə yazıb.

 “Vaşinqton və Qərb bu adamlarla əməkdaşlığı kəsməlidir. Əks halda bütün cəhdləriniz mənasız və nəticəsiz olacaq” – deyə jurnalist qeyd edir.

 Xədicə İsmayılovanın siyahısı

 Virtualaz.org saytının redaksiyası X.İsmayılovanın Amerika xüsusi xidmət və kəşfiyyat orqanları əməkdaşlarına təqdim etdiyi hesabatı əldə edə bilib. Bu siyahının amerikalılara “Art Garden” restoranındakı görüşdən əvvəl, yoxsa sonra verildiyini deyə bilmərik. Bu haqda bizə heç nə məlum deyil. Amma bir şey dəqiq məlumdur ki, Zadrozniyə baxanda nisbətən az təcrübəli olan gənc Vajdiçin səhlənkarlığı və Bakı aeroportunda gömrükdən keçərkən yol verdiyi diqqətsizlik X.İsmayılovanın bu hay-küylü hesabatı barədə informasiya sızıntısına yol açıb. Bu hesabat redaksiyamıza da elə gömrük xidmətindəki mötəbər mənbə tərəfindən verilib.

 O hesabatdan belə məlum olur ki, jurnalist X.İsmayılova ABŞ hökumətinə ötürdüyü sənəddə Vaşinqtonun əməkdaşlığı dərhal kəsməli olduğu Azərbaycan ictimai-siyasi xadimlərinin siyahısını verib. Onun fikrincə, bu şəxslərin Əliyev hakimiyyəti ilə əməkdaşlığı artıq ifşa olunub. X.İsmayılova hesabatda onu da vurğulayır ki, bu məlumatlar onun tərəfindən bir qədər əvvəl ABŞ səfirliyinə də ötürülüb.

 Bəs hakimiyyətə kimlər işləyir?

 Xədicə İsmayılovanın hesabatında hakimiyyətlə əməkdaşlıq edən aşağıdakı müxalifətçilərin və vətəndaş cəmiyyəti sektoru təmsilçilərinin adları göstərilir.

 “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu - Daxili İşlər Nazirliyindən maliyyələşir. R.Arifoğlunun siyasi idarəçiliyi bilavasitə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov tərəfindən həyata keçirilir. R.Arifoğlu DİN-ə 2006-cı ilin avqustundan işləyir.

 Müsavat başqanı İsa Qəmbər - İlham Əliyev hakimiyyəti tərəfindən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun köməyi ilə “verbovka” olunub. İsa Qəmbərin fəaliyyətinin koordinasiyası Prezident Administrasiyası tərəfindən Rauf Arifoğlu vasitəsilə həyata keçirilir. İsa Qəmbərin maliyyələşdirilməsi R.Arifoğlunun hər ay DİN-dən aldığı vəsait hesabına həyata keçirilməkdədir. İsa Qəmbərin oğulları Turqut və İlkin Qəmbər də həmçinin Rauf Arifoğlu tərəfindən maliyyələşdirilir.

 Müsavat Partiyası ilə hakimiyyət arasında 2015-ci il parlament seçkilərində partiyanın bir neçə fəalına deputat mandatı verilməsinə dair razılaşma əldə olunub. Əldə edilmiş razılaşmaya əsasən növbəti çağırış parlamentdə deputat mandatını İsa Qəmbər özü, habelə onun partiyasının bir neçə təmsilçisi də əldə edəcək. Separat razılaşmanın şərtlərinə riayət edən İsa Qəmbər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Milli Şuranı parçaladı, hakimiyyətlə əməkdaşlıq etməyə başladı və konstruktiv müxalifət mövqeyi tutdu.

  Siyatəçi Arif Hacılı, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən ələ alınıb.

 Jurnalist Eynulla Fətullayev - 2002-ci ildən Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edir. E.Fətullayevin hərəkətləri belə təsəvvür yaradır ki, onun 2007-ci ildəki həbsi, sonrakı məhbusluğu və səs-küylü şəkildə azad edilməsi Azərbaycan xüsusi xidmət orqanlarının planlarının bir hissəsi idi. X.İsmayılova jurnalisti həddən artıq təhlükəli və məkrli adam kimi xarakterizə edir.

  Siyasətçi Həsən Kərimov, AXCP sədrinin müavini - MTN-in Antiterror Mərkəzi ilə birbaşa əlaqədədir. İdarə olunur.

 Siyasətçi Eldar Namazov - 80-ci illərin sonlarında SSRİ KQB-si tərəfindən “verbovka” olunub. İnformasiya Azərbaycan KQB-nin keçmiş sədri Vaqif Hüseynov tərəfindən də təsdiqlənir. 80-ci illərin sonlarında E.Namazov Azərbaycan KQB-si ilə analitik və xüsusi agent qismində əməkdaşlıq edib. SSRİ-nin dağılmasından sonra xüsusi agent Rusiya xüsusi xidmət orqanlarının nəzarətinə keçib. Hazırda Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edir və maliyyələşdirilir.

 İctimai fəal Erkin Qədirli - Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərovla əməkdaşlıq edir. Onunla tez-tez görüşür və bilavasitə F.Ələsgərovun özündən təlimatlar alır. Məhz Ələsgərov E.Qədirlini həbslərdən və repressiyalardan qoruyur.

 Jurnalist Babək Bəkir - “Azadlıq” radiostansiyasının Azərbaycan xidmətinin rəhbəri. Xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. X.İsmayılovanın agentura hesabatında göstərilir ki, məhz Babək Bəkirin hakimiyyətə yaxınlığı ona radiostansiya rəhbərliyinin Azərbaycan hakimiyyətinin təzyiqləri ilə X.İsmayılovanı vəzifəsindən uzaqlaşdırandan sonra xidmətin rəhbəri vəzifəsini tutmağa imkan verdi.

 Jurnalist Mehman Əliyev - Babək Muradov adlı sahibkarın vasitəsi ilə MTN-lə əməkdaşlıq edir. Babək Muradov MTN rəhbərliyinə yaxın şəxsdir. M.Əliyev maskalanmış radikal müxalifətçi rolunda B.Muradova informasiyaları sızdırır.

 Əbülfəz Elçibəyin ailəsi - tamamilə Prezident Administrasiyası tərəfindən nəzarət olunur və maliyyələşdirilir. Eks-prezidentin ailəsi ilə administrasiya arasında vasitəçiliyi Elçibəyin qardaşı Almurad Əliyev həyata keçirir. Administrasiya ilə həmçinin İsa Qəmbərin müavini, keçmiş deputat Arzu Səmədbəyli də əməkdaşlıq edir.

 Siyasətçi Mirmahmud Fəttayev - Şeyxülislam Allahşükür Paşazadə vasitəsilə hakimiyyətlə əməkdaşlıq qurub. Onun nəzarəti və təsiri altındadır.

 ReAl hərəkatı İdarə Heyətinin üzvləri Natiq Cəfərli, Zöhrab İsmayıl, Xalid Bağırov və hərəkatın digər üzvləri də Prezident Administrasiyasının siyasi analiz şöbəsinin rəhbəri Elnur Aslanovla fəal əməkdaşlıq edirlər. Məhz E.Aslanov ReAl hətəkatının yaradılmasının ideya müəllifi və təşəbbüskarıdır.

 Siyasətçi Sərdar Cəlaloğlu - Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbərinin müavini Tahir Süleymanov tərəfindən koordinasiya olunur və idarə edilir.

  Hüquq müdafiəçiləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Arzu Abdullayeva, Eldar Zeynalov - Leyla Yunus istisna olmaqla bunların hamısının fəaliyyətini Ədliyyə Nazirliyi və Milli Məclisin Beynəlxalq Məsələlər Komitəsinin sədri Səməd Seyidov koordinasiya edir.

 Siyahıda göstərilir ki, hüquq müdafiəçisi Elçin Behbudov daxili işlər naziri Ramil Usubov və MTN rəhbəri Eldar Mahmudovla əməkdaşlıq edir…

 Xədicə İsmayılovanın Zadrozni və Vajdiçə təqdim etdiyi siyahıda vətəndaş cəmiyyəti sektorunun, QHT və KİV-lərin hakimiyyətlə əməkdaşlıq etdiyi iddia olunan 100-ə yaxın nümayəndəsinin adları göstərilir.

 Əgər jurnalistin hesabatdakı qeydlərinə inansaq, bütün müxalifət elitası, KİV-lər və QHT-lər Azərbaycan hakimiyyətinin total nəzarəti altındadır. X.İsmayılova nə demək istəmişdi? Doğrudanmı Vaşinqtonda başa düşmürlər ki, jurnalist Amerika hakimiyyətinə dezinformasiya ötürür, saxta məlumatlardan ibarət böhtan xarakterli “depeşelər” göndərir? Jurnalist nəyə nail olmaq istəyirdi?

   X.İsmayılova bir məqsəd uğrunda mübarizə aparır. Onun hədd-sədd tanımayan özünəvurğunluğu eqosentrizmi ilə birləşərək ölkədəki bütün tanınmış şəxslərə qarşı kor nifrətə çevrilib. Bu “vətənpərvər demokrat” var gücü ilə ona çalışır ki, yalnız özünün mənəvi arbitr və millətin vicdanı olduğunu Qərbə təlqin etsin. X.İsmayılova var gücü ilə ona çalışır ki, özünü Qərbə azərbaycanlılar üçün hələ də anlaşılmaz olan ali Avropa dəyərləri uğrunda ölümə belə getməyə hazır birisi kimi təqdim etsin. Bu dəyərləri guya yalnız o anlayır və onlara inanır.

 Əslində isə X.İsmayılovanın bu murdar “hesabatı”nın bir adı var – xarici kəşfiyyatın casusu kimi təsdiqlənməyə nail olmaq. Özü də müftə yox!

 Halbuki belə adamların bütün dövrlərdə və bütün xalqlarda bir adı olub – satqın…

 Eynulla Fətullayev/ Virtualaz.org

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın