Menu
Geri İrəli

“Xocalı sızlayan yaddaşımız” adlı tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Fevral 2012 • Baxış sayı: 152 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Mərkəzi Kitabxana Sisteminin 12 saylı  uşaq kitabxanasında IREX Sumqayıt İcma Məlumat Mərkəzi və sözügedən kitabxananın təşkilatçılığı  ilə Xocalı soyqırımının 20-ci  ildönümü ilə əlaqədar “Xocalı sızlayan yaddaşımız” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Xocalı şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  XX yüzilliyin sonunda erməni işğalçılarının törətdikləri soyqırım faktına toxunan  12 saylı kitabxananın müdiri Nailə Tağıyev bildirib  ki, 20 il bundan əvvəl Xocalıda baş vermiş hadisələr müasir Azərbaycan tarixinin ən qanlı səhifəsidir.

Daha sonra  7 saylı kitabxanaın müdiri Leyla Məmmədli, N. Gəncəvi adına Uşaq Kitabxana Klubunun  baş kitabxanaçısı  Gülümzər Məhərrəmova, 18 saylı məktəbin kitabxanaçısı Cavadova və İREX təşkilatı Sumqayıt İcma Məlumat Mərkəzinin administratoru Günel Rəcəbova da çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalıya  hücum edərək dünyada misli görünməmiş soyqırım törətdiklərindən danışıblar. Natiqlər bir gecənin içərisində bütöv bir şəhəri yerlə-yeksan edib hərbi əməliyyatla heç bir əlaqəsi olmayan qocaları, qadınları, uşaqları qətlə yetirməyin soyqırımdan başqa adı olmadığını vurğulayıblar.

Anım mərasimi  oxucuların hazırladıqları bədii kompozisiya ilə davam etdirilib. 7 saylı kitabxananın oxucuları Rəna və Röya Səmədovalar  N.Hikmətin “Bu Vətənə necə qıydınız”, M.Aslanın “Vətən və biz”, İ.İsmayılzadənin “Sən mənim köksümdə çarpan ürəksən” şeirləri, UKK-nın oxucularından Nemət Qədirov, Nərmin Qədirova, Əli Vəliyev, Tünzalə Ağazadə Ş.Dəlidağın “Xocalı”, O.Rzanın “Xocalı”, Xuramanın “Xocalım” şeirləri, 12 saylı kitabxananın oxucularından Ləman Əmrahlı, Zəhra Əkbərova, Pəri Quliyeva, Aytac Seyidbalayeva, Nərgiz Rzayeva  Z.Yaqubun “Xocalım, ay Xocalım” adlı şeirin əsasında hazırlanmış bədii kompozisiyanı təqdim etdilər. Sonda Xocalı faciəsini əks etdirən şəkillər, videoçarxlar nümayiş etdirildi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın