Menu
Geri İrəli

YAP Sumqayıt şəhər təşkilatı şəhər seçiciləri ilə görüş keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Sentyabr 2013 • Baxış sayı: 142 dəfə • Şərh yoxdur

YAP Sumqayıt şəhər təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində şəhər seçiciləri ilə görüş keçirib

Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhərində seçicilərlə görüş keçirilib. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində şəhərin “Nizami” kinoteatrında keçirilən görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev Yeni Azərbaycan Partiyasının namizədi olan cənab İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı məlumat verib.
Şəhər təşkilatının sədri bildirib ki, son 10 ildə ölkəmiz yüksək səviyyəli inkişaf yolu keçib. A.İmaməliyev son 10 ildə əldə olunan nailiyyətlərdən danışıb. Qeyd edilib ki, bu müddətdə Azərbaycanın iqtisadiyyatı 3 dəfə artıb, əhalinin gəlirlərində yüksək irəliləyiş nəzərə çarpıb: “Bir faktı səsləndirmək istəyirəm ki, Prezident İlham Əliyev hər zaman regionların sosial inkişafını öz diqqətində saxlayıb. Son 10 ildə regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən dövlət proqramları şəhərlərimizin, kəndlərimizin daha da yüksək səviyyədə abadlaşmasına, bölgələrdə yeni iş yerlərinin açılmasına, insanların mədəni istirahətinin təşkilinə şərait yaradıb. Prezident İlham Əliyevin Sumqayıt şəhərinə olan diqqət və qayğısı haqqında xüsusi danışmağı bir sumqayıtlı kimi özümə borc bilirəm. Cənab İlham Əliyev son 10 ildə 11 dəfə, son 2 ildə 5 dəfə şəhərimizə səfər edib. Yeni zavodların açılışı, salınan yeni parklar şəhərimizin daha da yüksəlməsinə, iqtisadi göstəricilərin artmasına, o cümlədən, sumqayıtlıların daha firavan yaşamasına yol açıb. Bu gün Sumqayıt özünün inkişafının yeni mərhələsini yaşayır. Mən əminəm ki, qədirbilən sumqayıtlılar hər zaman olduğu kimi, bu dəfə də seçkilərdə yüksək fəallıqla iştirak edəcəklər və öz seçimlərində hər zaman olduğu kimi dövlətçiliyimizi, birliyimizi, inkişafımızı seçəcəklər. Prezident İlham Əliyevin Azərbaycanın gələcəyinə ünvanlanmış proqramları yaxın gələcəkdə əldə olunacaq yüksək nailiyyətlərdən xəbər verir. Mən inanıram ki, biz hamımız əl-ələ verərək möhtərəm Prezidentimizin apardığı yüksək səviyyəli inkişaf prosesində yaxından iştirak edəcəyik”.
Çıxış edən təşviqat qrupunun üzvü Eldar İsmayılov da ölkəmizin son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.
Daha sonra çıxış edən təşviqat qrupunun üzvü Qüdrət Kərimov sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinin dayandığını önə çəkib. Onun sözlərinə görə, gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.
Çıxış edən şəhər ağsaqqallar şurasının sədri Müzəffər Gülümov Sumqayıt sakinlərinin hər zaman dövlətçiliyin keşiyində dayandığını bildirib. O, oktyabrın 9-da sumqayıtlıların birmənalı şəkildə inkişafımızı davam etdirəcək namizədə-Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəklərini deyib.
Çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov da cənab İlham Əliyevin 10 illik fəaliyyətindən danışıb. O, bildirib ki, ötən 10 il ərzində Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub, ölkəmiz 155 dövlətin səs çoxluğu ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. N.Qəhrəmanov təhsil sahəsində aparılan islahatlara diqqət çəkərək müasir Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşdırıldığını deyib.
Tədbirdə çıxış edən millət vəkili Leyla Abdullayeva Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində regionlarda yeni məktəblərin, diaqnostika mərkəzlərinin, olimpiya komplekslərinin tikilməsindən danışıb. Millət vəkili bildirib ki, ötən müddət ərzində atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
Seçicilər adından çıxış edən Nigar Cəfərova bildirib ki, hər bir Sumqayıt seçicisi bu gün ölkə Prezidentinin apardığı siyasi kursu dəstəkləyir. O, əminliklə ifadə edib ki, hər bir Sumqayıt sakini ölkəmizdəki siyasi-iqtisadi sabitliyi dəstəkləyir və bu dəstəyi seçicilərimiz oktyabrın 9-da YAP-ın namizədi cənab İlham Əliyevə səs verməklə növbəti dəfə nümayiş etdirəcəklər.
Pərviz SADAYOĞLU

Facebook Şərhləndirmə:

Şərhinizi yazın