Menu
Geri İrəli

Yeni Dənizkənarı bulvar kompleksi Sumqayıtın vizit kartı olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Sentyabr 2016 • Baxış sayı: 807 dəfə • 1 şərh

bulvar11 Azərbaycanın dinamik inkişafında Sumqayıtın da öz töhfəsi var. Vaxtilə gənclik şəhəri adını almış Sumqayıt bu gün öz tarixinin yeni bir mərhələsini yaşamaqda – iqtisadi cəhətdən güclənməklə, ən müasir sənaye müəssisələrinin ünvanına çevrilməklə yanaşı, həm də getdikcə gözəlləşməkdə, daha da gəncləşməkdədir. Vaxtilə həm də “Xariqələr yaradır el Sumqayıtda” deyərdik. İndi şəhərdə vüsət almış genişmiqyaslı işlər gələcəyin daha böyük xariqələrindən soraq verir.

Xüsusilə son bir ildə görülən işlər Sumqayıtın görkəmində özünü aydın göstərir. Sumqayıt Cənubi Qafqazın Bakıdan sonra ikinci böyük sənaye şəhəri olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında respublikada tərəqqi və yüksəlişin əsas ünvanlarından birinə çevrilib. Şəhərin inkişafı əhəmiyyətli layihələr əsasında sosial-iqtisadi həyatın bütün mühüm sferalarını özündə ehtiva edir.
Dövlət başçısının tapşırıqlarına əsasən, görülən işlər gündən-günə daha geniş ərazini əhatə edir. Şəhər geniş tikinti meydanına çevrilib desək, səhv etmərik. Həyata keçirilən layihələrdən biri də yeni Dənizkənarı bulvar kompleksində aparılan təmir işləridir.

Yenilik axtaranların yeni layihəsi

Şəhər rəhbərliyinin əsas diqqət yetirdiyi məsələlərdən biri yeni Dənizkənarı bulvarın salınmasıdır. Bu işlərə hələ ötən ilin sonlarından başlanıb. Kompleksin salındığı ərazi əvvəllər, sumqayıtlıların dediyi kimi, “çirkab məskəni” olub. Xəzərin sahilində kanalizasiya sularının yaratdığı gölməçələrdən keçmək mümkün deyildi. Üstəlik, inşaat tullantılarının çoxu şəhərdən gətirilib qanunsuz şəkildə bu ərazilərə tökülürdü. Əhali dənizin dalğalarının səsindən daha çox qarğaların səsini eşidirdi. Etinasızlıq o həddə çatmışdı ki, bəziləri hətta axşamüstü öz qoyun-quzusunu dəniz sahilində otarırdı. İstirahətə gələnlər isə, bir qayda olaraq, yemək qalıqlarını, boş su şüşələrini və digər tullantıları elə oradaca qoyub gedirdi. Xarici ölkədən qonağın gələndə onu dəniz sahilinə aparmağa utanırdın. Aparıb nəyi göstərə bilərdin ki?!
Bəzən iməcilik keçirərək sahil boyu yerdən zir-zibili yığışdıran məktəbli uşaqlara rast gəlirdin. Amma bu da kampaniya xarakteri daşıyırdı. Çünki uşaqlardan sonra gələn böyüklər yenə sahili çirkləndirməkdə davam edirdilər.
Odur ki, ilk növbədə təmizləmə işlərinə başlanıldı. Əvəzsiz sərvət olan Xəzərin sahili tullantılardan azad edildi. Yüzlərlə maşın zibil daşınaraq kənara çıxarıldı. Qısa zamanda Sumqayıtın bu ərazisi möhtəşəm tikinti meydanına çevrildi.

Bulvarın simvolları

Sumqayıtda çoxlu park və istirahət guşələri var. Nəsimi adına Mədəniyyət və istirahət parkı bunların arasında yerləşmə və quruluş xarakterinə görə seçilir. Onun bir addımlığında, dənizin sahilində salınacaq bulvar kompleksi yeni bir layihədir. Şəhərin bu ərazisi dəniz sahilindən bir qədər hündürdə yerləşir, aradakı yaşıl zolaq buranı daha ecazkar edir.
İşlərin əvvəlində təmizlənmiş əraziyə 2 milyon kubmetr torpaq daşınmış, 3700 metr həcmində istinad divarı çəkilmişdir. Divarın böyük hissəsi artıq üzlənmiş, ətrafında yaşıllıq zolaqları salınmışdır. Eyni zamanda bulvarda 3 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmiş, yağış sularının axıdılması üçün xüsusi borular quraşdırılmışdır.
Corat qəsəbəsi istiqamətində bulvarın əzəmətli girişi hazırlanmaqdadır. Qapının üzərində daşdan hörülən göyərçin təsvirləri mənzərəyə xüsusi gözəllik qatır.
Sumqayıt bulvarının bir özəlliyi də odur ki, buradan çimərliyə birbaşa keçid olacaq. Xəzərin sahilində salınan çimərlikdən sonra bulvar başlayacaq. Burada sahil ərazisi üçün hesablanmış yaşıllıqlar, müasir üslubda fəvvarələr quraşdırılıb. Yeni salınan yaşıllıq bir qədər aralıda – yuxarıda uzanan Nəsimi adına parkın şam meşəsi ilə mütənasiblik yaradır. Üçzolaqlı yollar insanların rahat hərəkətini təmin etmək üçün düşünülüb.
Sumqayıtda təhlükəsiz şəkildə velosiped idmanı ilə məşğul olmaq istəyənlər də yaxın zamanlarda arzularını reallaşdıra biləcəklər. Çünki Dənizkənarı bulvar layihəsində velosiped həvəskarlarının istəkləri nəzərə alınıb: onlar üçün eni üç metrə yaxın olan xüsusi hərəkət zolağı salınır. Dənizkənarı bulvarda piyadalar, eləcə də kiçikölçülü gəzinti avtobusları üçün yol nəzərdə tutulur. Günəş enerjisi ilə işləyəcək həmin maşınlar sakinlər üçün ekoloji baxımdan təhlükəsiz olduqları qədər də maraqlı olacaqdır.
Bulvarın dəniz boyu ərazisində çimərlik zonasında da əsaslı işlər görülür. Burada çimərliklə yanaşı, sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq. İstirahətə gələnləri avarlı gəmilər də səyahətə dəvət edəcək.
Ən çox diqqət yetirilən isə yaşıllıq sahələridir. Bu ərazilər qumluq olduğundan uzun müddət yararsız halda qalmışdır. Odur ki, burada yaşıllıq zolaqlarını salmaq o qədər də asan deyil. Lakin az müddətdə sumqayıtlılar bunun da öhdəsindən gələ biliblər. Hazırda bulvarın yarı hissəsində işlər sona çatmaq üzrədir. Ərazidə minlərlə ağac və bəzək kolları əkilmişdir. 106 hektar ərazinin yarıdan çoxunda yaşıllıq zolağının olacağı planlaşdırılıb. Hazır zolaqların hər birində suvarma sistemləri quraşdırılıb. Ərazi küləkli olducundan əkilən ağaclar yerə möhkəm dirəklə bərkidilib. Göz önündə yeni, daha gözəl olacaq bir aləm canlanır.
İşıqlandırma sistemi müasir qaydalara uyğun aparılıb. Axşam işıqlar yananda hər tərəf nura qərq olur. Zeytun, leylandra, çinar və digər ağacların kölgələri işıq selini yarıb keçir.
Bulvarda bir neçə abidənin yaradılması da nəzərdə tutulub. Belə ki, multikultural dəyərləri özündə ehtiva edən kompleks, dövlət rəmzimiz olan Bayraq meydanı, işıqlandırma lövhələri, bir-birindən gözəl fəvvarələr yeni yaradılan bulvarın simvolları olacaq.

Əlləriniz var olsun!

Hazırda Sumqayıtın Dənizkənarı bulvarında qızğın iş gedir. Hər tərəfdə müxtəlif sahənin əməkçiləri ilə rastlaşırsan. Onların gördükləri işlərlə tanış olmaq qərarına gəldik.
Xalid Abbasov ustadır. Gənc olmasına baxmayaraq, əlinin bəhrəsini görənlərdəndir. Səkilərə tamet döşəyən Yadigar İsmayılov Tural Səfərəliyevlə birlikdə yolların nizama salınmasına nəzarət edirlər.
Həsən Əliyev yaşıllaşdırma sahəsinə baxır. Torpağın üzərində qazonların düzgün düzülüşünə, su sistemləri ilə suvarılmasına diqqət yetirir. Həsən bizimlə söhbətində bildirdi ki, buraya ilk gələnlərdəndir: “Heç vaxt belə bir bulvarın yaradılacağına inanmazdım. Bu ərazilər təmizləndi və hazırda, necə deyərlər, cənnətməkana çevrilməkdədir”.
Elşən Kərimov, Novruz Məmmədov isə daha aktual bir problemə toxundular. Onların hər ikisi işsiz olub və hazırda burada çalışaraq yaxşı maaşa işləyir. Bulvar kompleksində bu gün 400 nəfər insan çalışır, onların hər biri yeni iş yeri ilə təmin olunub və gələcəkdə də bu sahələr üzrə çalışacaqlar. Çünki kompleks tam hazır olanda müxtəlif profillər üzrə xeyli işçi tələbi yaranacaq. Onda onların çoxu bulvarda işlə təmin ediləcək.
Asif Əsgərov, Azər Qədirov, Yavər Rəhimov fəvvarələrin quraşdırılması ilə məşğuldurlar. Milli ornamentlərlə bəzədilən fəvvarələrin bəzilərində iş artıq başa çatıb. Onlar sakinlərin alqış sədaları ilə işə salınır.

Hələ görüləcək işlər var

Bu gün Sumqayıtda dövlət başçısının müvafiq tapşırığına əsasən sahil boyu ərazinin ən müasir tələblər səviyyəsində yenidən qurulması üçün möhtəşəm layihə əsasında işlər davam edir. Sumqayıt sakinlərinin, eləcə də qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün yeni bulvarda bir neçə istiqamətdə müasir iaşə obyektləri də inşa olunur. Burada ticarət və əyləncə mərkəzləri, kinoklub, idman qurğusu fəaliyyət göstərəcək. Şübhə yoxdur ki, abadlaşacaq park və salınacaq bulvar şəhər sakinlərinin və qonaqların ən çox üz tutduğu istirahət məkanlarından biri olacaq.
Eyni zamanda Xəzər dənizindən Sumqayıt şəhəri istiqamətindəki yolda təmir işlərinə başlanıb. Yolun layihəsi əsasında xeyli iş görülüb. Bu yol istifadəyə verildikdən sonra əhəmiyyəti baxımından respublikanın mühüm magistral hərəkət mexanizminə çevriləcək. Dənizkənarı bulvarın cənub istiqamətində istifadəyə veriləcək yol paytaxtdan şəhərə gələnlər üçün nəzərdə tutulub.
4,2 kilometr uzunluğunda sahil boyu uzanan bulvarın yarısı, demək olar ki, hazırdır. Bəzi hissələrdə son tamamlama işləri aparılır.
Bir qədər keçəcək və işlər sona çatacaq. Dünyanın inkişaf etmiş şəhərləri ilə bir sırada dayanacaq Sumqayıt xariqələr yaradan sakinlərinin əli ilə tarixi ənənələrinə söykənərək nümunəyə çevriləcək. Qürurlu zəhmətkeşlərin, sədaqətli insanların sevimli şəhəri SumqayıtPrezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ecazkar gözəlliklərlə zəngin bir şəhəri kimi hamını valeh edəcək.

Akif ƏLİYEV,
“Azərbaycan”

Facebook Şərhləndirmə:

“Yeni Dənizkənarı bulvar kompleksi Sumqayıtın vizit kartı olacaq” yazısına bir cavab

  1. Kemale deyir:

    Beli cox gozel park salinib. Amma bunu qoruyub saxlamaq lazimdir. xususile de qis aylarinda aqaclarin mehv olmamasi ucun qulluq lazimdir. Yoxsa heyif olar bu qeder gorulen isler. Mence insanlar da bu islere qarsi diqqetli olmalidir.

Şərhinizi yazın