Menu
Geri İrəli

Yeni nazirdən nələr gözləyirik? – SORĞU

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Aprel 2013 • Baxış sayı: 305 dəfə • Şərh yoxdur

Yeni təhsil naziri təyinatı nəinki bu sahədə, bütün cəmiyyətdə maraqla qarşılandı. Dəyişiklik nəinki ötən həftənin əsas hadisəsinə çevrildi, güman ki, ayın hadisəsi statusuna sahiblənəcək.

İndi yeni nazirdən – Mikayıl Cabbarovdan  xeyli gözləntilər var.

Məhz bu mövzuda kiçik bir sorğu aparmışıq. Respondentlərimizdən bu suala cavab istəmişik:

- Yeni təhsil nazirindən nələri dəyişməsini, hansı addımları, yenilikləri gözləyirsiniz?

Buyurun bu da cavablar:

 

Ağanisə Sultanova, Azərbaycan Televiziyasının redaktoru:

- Düşünürəm ki, çox yaxın gələcəkdə hər birimiz yeni təhsil naziri Mikayıl Cabbarovun fəaliyyətini yaxından görəcəyik, hiss edəcəyik. Ən azından ona görə ki, təhsil elə bir sahədir ki, hər birimizin evinə, ailəsinə, sonda bütövlükdə cəmiyyətə təsiri böyükdür. Təbii ki, çox şeylərin dəyişməsini, yeniliklər gözləyirəm. Və inanıram ki, yeni nazirin yeniliklərə, dəyişikliklərə yönəlik atacağı addımlar sonda xalqımız, dövlətimiz üçün uğurlu, xeyirli olacaq. Unutmayaq ki, hər şey təhsildən, daha doğrusu, təhsilin təməlindən başlayır.

 

Zahir Abbas, şair:

- Əvvəla cavandır. Savadlıdı və ən gözəli qərb təhsilli olmasıdı. Şəxsən tanıdığım üçün deyirəm işi sevəndir, tərifi xoşlayan deyil, bir sözlə, hər xırda uğurlarla qürurlanan deyil.

Əvvəla təhsilimiz biz dediyimiz qədər də bərbad vəziyyətdə deyil. İslahatlar aparılıb, yeni-yeni məktəblər tikilib, dərsliklər çap olunub kompyüterləşmə həyata keçirilib və s. Bunun üçün keçmiş nazirə sağ ol deməyi unutmaq olmaz. Amma görüləsi işlər də çoxdu… Cənab Cabbarov da yaxşılığa doğru işlər görsə, təbii ki, bu bizim gələcəyimizə hesablanmış yaxşı addım kimi qiymətləndirmək olar…
Düzünü deyim, mənim indi 35 yaşım var, özümü də 12-13 yaşından dərk edirəm. Uşaqlıqdan bir söz eşidirəm cəmiyyətdə: Bu təhsilimiz nə vaxt düzələcək…
Deyirlər ki, inkişaf varsa yavaş-yavaş hər şey öz həllini tapacaq…

 

 

Cavid İmamoğlu, Sos Uşaq Kəndləri Azərbaycan Assosiasiyasında layihə koordinatoru, Azərbaycan Turizm İnstitutunun müəllimi:

 

- İstəyirəm ki, müəllimlərin maaşı minimum 700 manat olsun, tədris müəssisələrin maddi-texniki bazası yaxşılaşdırılsın, bütün müəllim heyəti innovativ, konstruktiv, inklyusiv təhsil metodologiyasi görsün. Eyni zamanda şagird-müəllim münasibətlərini tənzimləmək üçün psixoloqların fəaliyyətini genişləndirilməsini gözləyirəm. Məktəbdə sosial işçi ştatının açılmasının da zamanının çatdığını düşünürəm.

 

 

Əkbər Qoşalı, yazıçı-publisist, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətinin üzvü:

 

- Yeni təhsil nazirimizi 1995-96-ci illərdən tanıyıram – gənclər təşkilatlarıi milli şurasının həyata vəsiqə aldığı dönəmlərdən… Onu hələ o vaxtlar intellektual bir həmkarımız kimi görürdük. Sonralar o milli şuradan, yanılmıramsa, ümumən gənclər hərəkatından uzaqlaşdı – təhsilini artırmaq üçün xaricə getdi, sonra da bank sistemində çalışdığını eşidirdik. Onun adı, bir də, iqtisadi inkişaf nazirinin müavini təyin olunanda gündəmə gəldi – keçmiş həmkarımız önəmli görəvə gətirilmişdi. Bəlli olduğu kimi, nazir müavinliyindən sonra da başqa bir görəvə – şəxsən məndən ötrü onun öncəki görəvindən daha doğma, həssas görəvə – içərişəhərimizə – dövlət qoruğuna başçı gətirildi.

Demək istəyirəm, onun uğurlarını, ona bəslənən etimadi onun keçmiş həmkarları, belə deyək, gənclər hərəkatındakı yoldaşları xoşməramlı ilgi ilə izləyiblər. Nəhayət, bugünlərdə cənab prezident ona etimad göstərərək yüksək vəzifəyə – təhsil naziri postuna gətirdi. Baxmayaraq ki, o təhsil işçisi olmayıb, ancaq gənc ömründə daşıdığı görəvlərdən də göründüyü kimi idarəetmə sistemində təsadüfi adam deyil, öz bacarığı, intellektuallığı ilə seçilən məsuliyyətli insandır. Ondan gözləntilərimə gəldikdə, ilk sıirada, onun özünə bəslənən münasibətə ekvivalent olaraq o da, təhsil sitemində gənc, bacarıqlı kadrları irəli çəkməlidir deyə düşünürəm. İkincisi, İKT-nin təhsil sitemində, özəlliklə orta təhsil müəssisələrində daha geniş boyutda tətbiqini təmin etməsini arzulayardım. Üçüncüsü, ucqar kənd məktəblərinin maddi-texniki bazasının, ilk sırada bütün fənlər üzrə müəllimlərlə təmin olunması sahəsində daha təsirli addımlar atmasını təklif edərdim. Dördüncüsü, dərsliklərin yazılışı, tərtibatı baxımından yenilikçi ruhla yanaşma sərgiləməsini istərdim. Başqa arzu və təkliflərlə də çıxış etmək olar. Nəhayət, müəllimlərin məktəblərdə dərslərə dərindən can yandırması üçün öz iqtisadi təfəkküründən, təcrübəsindən, təhsilindən və ona bəslənən etimaddan yararlanaraq, müəyyən addımlar atmasını istərdim.

 

 

Leyla Bayramova, müəllim:

- Təhsilə daha qayğıyla yanaşmasını gözləyirəm. Bir də təbii ki, əməkhaqqıların qaldırılmasını istəyirəm.

 

 

 Elmir Ağayev, “168 saat” qəzeti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın