Menu
Geri İrəli

Yeni Qarabağ planı – Azərbaycan üçün şans, yoxsa tələ…

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Aprel 2016 • Baxış sayı: 544 dəfə • Şərh yoxdur

img2059752Rusiya 4 günlük müharibənin şərikli qalibi olmaq istəyir; Rusiya nəşri planın təzə detallarını açdı; Kremlə yaxın diplomatik qaynaq: “Putin Azərbaycan ərazilərinin bir hissəsini qaytarmaq istəyir”; ancaq nəyin qarşılığında – əsas sual açıq qalır; sabah Lavrov İrəvana gedir; erməni analitik: “Azərbaycana təcili güzəştə getməliyik, çünki…”

Dağlıq Qarabağ münaqişəsi zonasında 4 günlük müharibədən sonra konflikt ətrafında Rusiyanın diplomatik fəallığı xeyli artıb. Xüsusən də prezident Vladimir Putinin etibarlı şəxslərindən olan politoloq Sergey Markovun ard-arda verdiyi, sensasion sayılacaq açıqlamaları 5 aprel Moskva atəşkəsinin ardınca Kremlin məsələdə təşəbbüskarlığı bütünlüklə öz əlinə alması təəssüratını yaradır.

Bu haqda indi Rusiya mətbuatının da gen-bol və həvəslə yazması belə qənaətə gəlməyə əsas verir ki, Rusiya rəhbərliyi bu yöndə öz danışmanları və səlahiyyətli şəxsləri ilə yanaşı, təbliğat maşınını artıq işə qoşub.
 
Bəs hədəf nədir – problemin nəhayət, kardinal həlli, yoxsa onun qismən yoluna qoyulması ilə Rusiyanın regionla bağlı cari maraqlarının təmin edilməsi? 
Daha dəqiqi, məqsəd 2-3 rayonun boşaldılması qarşılığında bölgəyə “sülhməramlılar” adı ilə Rusiya hərbi qüvvələrinin gətirilməsi, Azərbaycanla Ermənistan üzərində nəzarəti itirməmək üçün isə Dağlıq Qarabağın statusunun sonraya saxlanması və Azərbaycanın Avrasiya layihələrinə qoşulmasımı?
Qoyulan suallara cavabları istər Sergey Markovun açıqlamalarında, istərsə də Rusiya və Ermənistan mediasında son günlər getmiş materiallardan tapmaq mümkündür. Onları xronoloji və məntiqi ardıcıllıqla düzəndə mənzərə xeyli aydınlaşmış kimi görünür.
***
Məsələn, Rusiyanın Qarabağ patronajlığını öz üzərinə götürməsini bundan görmək olar ki, prezidentlərin növbəti görüşünü Minsk Qrupu həmsədrləri deyil, böyük ehtimalla, elə Moskva təşkil edəcək. Bu barədə hələ 2-5 aprel döyüşləri gedərkən “Yeni Müsavat” olaraq proqnoz eləmişik.
 
“Erməni tərəfi Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə yüksək səviyyədə görüşün mümkünlüyü və vaxtını ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə müzakirə etməyib”. 
Bunu Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib. “Hazırkı mərhələdə danışıqlar prosesinin tərəfləri və Minsk Qrupunun həmsədrləri yüksək səviyyədə görüşlərin mümkünlüyünü və vaxtını müzakirə etmirlər” – Akopyan deyib. Ancaq Ermənistan prezidentinin mətbuat katibi prezident Putinin Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə prezidentlərin görüş təşkil etməsi təşəbbüsü ilə bağlı məlumatı təkzib etməyib.
Yada salaq ki, 2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi şəhərində baş tutmuş görüşü məhz Rusiya prezidentinin təşəbbüsü ilə, cəbhədəki avqust döyüşlərindən az sonra təşkil edilmişdi. Ermənistan rəsmisinin sözlərindən belə məlum olur ki, münaqişənin tənzimlənməsi üzrə danışıqların yeni mərhələsi də MQ-nin yox, Rusiyanın himayəsində keçiriləcək.
***
Erməni ekspertlər isə 4 günlük müharibədən sonra Ermənistan üçün danışıqlar masası arxasında əlverişsiz bir durumun yarandığını, İrəvanın Moskvanın təzyiqlərinə qarşı immunitetsiz qaldığı barədə intensiv yazmağa başlayıblar. Məsələn, müxalifyönlü lragir.am saytının şərhçisi Naira Ayrumyan Ermənistan üçün qənaətbəxş olmayan nəticələrə gələrək yazıb: “Rusiya indi güclü pressinq aparır. Bir neçə dolayı addımı göstərmək olar – Putin erməniləri islam mobilləşməsi ilə ”qorxutmaq” üçün Lukaşenkonu İslam Əməkdaşlıq Təşkilatının iclasına ezam edib. Rusiya deputatları İrəvana gələrək erməni həmkarları ilə müştərək bəyanata qol çəkməkdən imtina etdilər. Pressinq güclənir, amma erməni hakimiyyəti bu haqda açıq bəyan etməkdən və başqa yerdə müttəfiq axtarmaqdansa, Ermənistanın alternativsizliyini bəyan edir. Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxarsa, biz müttəfiqsiz qalarıq, bunu xarici işlər nazirinin müavini Şavar Köçəryan bəyan edir. Yəni XİN Ermənistanı manevr məkanından məhrum edərək, başqa müttəfiqlərlə danışıqlar imkanını heç nəzərdən də keçirmir. Əgər indiyə qədər Rusiya Güney Qafqazda qalmaq üçün daima “sabitliyi” və Qarabağ münaqişəsinin həll olunmamasını dəstəkləyirdisə, indi Moskva təcili olaraq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməlidir, əks halda, bu münaqişə onsuz həll ediləcək”.
***
Markovun ilin sonunadək 5 rayonun qaytarılacağı haqda açıqlaması, digər rusiyalı politoloqların və Rusiya mediasının məsələyə dair bənzər şərh-materiallarında Kremlin həqiqətən tələsdiyi haqda təəssüratı yaranır.
 
“Putin Azərbaycan ərazilərinin bir hissəsini qaytarmaq istəyir”. Bunu nüfuzlu “İzvestiya” qəzeti özünün dünənki sayında diplomatik qaynaqlara istinadən yazıb. “Rusiya, şəxsən prezident Vladimir Putin yaxın günlərdə başlayacaq Qarabağa dair danışıqlarda kompromis əldə olunmasına aktiv şəkildə yardımçı olacaq” – nəşr qeyd edib.
 
Qəzet yazıb: “Diplomatik mənbənin sözlərinə görə, Rusiya lideri hər iki tərəfin siyasətçilərini güzəştlərin vacibliyinə şəxsən inandırmağa hazırdır. ”Ağır danışıqlar gözlənilir və burada Rusiyasız keçinmək mümkün deyil” - qaynaq bildirib. Diplomatik mənbə Rusiyanın nizamlanma planını da açıqlayıb: “Plan ondan ibarətdir ki, Azərbaycan ərazilərinin bir qismi qaytarılır, münaqişə zonasına sülhməramlı qüvvələr yeridilir, köçkünlər qayıdır və Dağlıq Qarabağ legitimləşir, yəni sərhədlər açılır, iqtisadi əlaqələr bərpa edilir, daha sonra, yəni emosiyalar yatdıqdan sonra regionun mənsubluğu haqda referendum keçirilir”.
“Az öncə birbaşa xətdə Vladimir Putin vəd eləmişdi ki, Moskva istər beynəlxalq strukturlar olsun, istərsə də ikitərəfli formatda Qarabağ probleminin həlli üçün səylərini artıracaq. Kim nə deyir-desin, Rusiya bu məsələnin həllində maraqlıdır, çünki biz həm Azərbaycan, həm də Ermənistanla dolğun şəkildə işləmək istəyirik” – “İzvestiya” yazıb.
***
Kremlin təkbaşına aktiv Qarabağ təşəbbüskarlığı içində olmasını Rusiya xarici işlər naziri Sergey Lavrovun bir həftənin içində iki dəfə ABŞ dövlət katibi Con Kerri ilə Qarabağ mövzusunda telefon danışığı aparmasından da görmək olar. İstisna deyil ki, rəsmi Moskva prosesin daha effektli olması üçün Amerika tərəfini məlumatlandırmağa ehtiyac duyub.
Rusiyada yəqin onu da nəzərə almamış deyillər ki, prezidentliyinin son aylarını yaşayan Obama bu prosesə Putin kimi dərindən maraq göstərməyəcək. Sabah – aprelin 21-də isə Lavrov İrəvana səfər edəcək və böyük ehtimalla, “Rusiya planı”nın  detalları ilə Sərkisyanı tanış edəcək.
Bəs görəsən, Azərbaycan Rusiyanın yeni “həll planı”na necə baxır? Putin rəsmi Bakını öz planına inandıra biləcəkmi? Ermənistanla bağlı Kremlin problemi yoxdur, – işğalçı ölkə xüsusın də Azərbaycanın blits-zəfərindən sonra onun ovcunun içindədir, –  o zaman Putin nəyin qarşılığında Azərbaycan ərazilərinin bir hissəsini qaytarmaq istəyir?
Bəzi məlumatlara görə, Rusiya həm də son vaxtlar ABŞ-ın, NATO-nun bölgədə möhkəmlənmək planlarından narahat olduğu üçün tələsir və Qarabağ “kartı”ndan yararlanmaq niyyətindədir. Ancaq bu, tələsiklik Azərbaycan üçün tələ ola, son hərbi uğurun siyasi qazancları əlimizdən çıxa da bilər, əgər rəsmi Bakı məsələni bu cür prinsipial şəkildə qoymasa: heç bir “5+2″ formulu (ərazilərimizin sortlara bölünməsi), Dağlıq Qarabağda referendum, sülhməramlı söhbəti ola bilməz, Dağlıq Qarabağın statusu bəri başdan dəqiqləşməlidir – Azərbaycan tərkibində muxtariyyət. Yalınız Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyandan və status məsələsi yazılı şəkildə razılaşdırıldıqdan sonra regiona sülhməramlıların gətirilməsi, Azərbaycanın Avrasiya layihələrinə qoşulması müzakirə predmeti ola bilər.
***
Azərbaycanın məsələni məhz bu cür, qəti qoyması üçün olduqca əlverişli bir məqam, tarixi şans yetişib. Məsələ həm də ondadır ki, Ermənistan indi rusiyalı ekspertlərdən birinin dediyi kimi, həqiqətən nokdaun vəziyyətindədir, eyni zamanda güzəştlərə meyllidir və panikadadır. Bunu işğalçı ölkədə hökm sürən bədbin ab-havadan da asanca görmək, sezmək olar.
“Ermənistan iqtisadi cəhətdən Azərbaycandan geri qalır və onun inkişafını izləyə bilmir. Buna görə biz Qarabağ məsələsində təcili olaraq güzəştə getməliyik. Nə qədər gec deyil, daha az itki ilə bu prosesi başa çatdırmalıyıq”. Bu barədə Ermənistanın 1in.am saytında yayımlanan məqalədə deyilir (publika.az).
Tanınmış erməni şərhçi Yeqiazar Ayntabsinin qələmə aldığı məqalədə İrəvan rejimi 22 ildə xalqı aldatmaqda ittiham olunur: “1-ci Qarabağ müharibəsində atəşkəsdən sonra 22 il ərzində biz 2200 dəfə eşidirdik ki, münaqişə artıq müharibə sferasından çıxaraq siyasi meydana keçib və burada diplomatiya, eləcə də iqtisadiyyat əsasdır. Amma hakimiyyət 22 il ərzində bunlardan heç birini etmədi. Əgər yarısını belə etsəydi, onda ”4 günlük müharibə”də tamamilə başqa nəticə əldə edilər, münaqişənin nizama salınmasında həm daxili, həm də xarici dəstək qazanılardı. Uzun illər biz danışmağa öyrəşdik ki, Azərbaycanda neft və qaz var, biz iqtisadi cəhətdən onun arxasınca çata bilmirik. Amma biz bundan nəticə çıxara bilmədik. Hansı ki, burada iki fövqəladə nəticə əldə olunmalı idi: birincisi, bizdə obyektiv səbəbdən resurslar yoxdursa, iqtisadi rəqabətə dözə bilmiriksə, onda mümkün qədər tez güzəştə getməliyik. İkincisi, ilk fikrin əksinə olaraq, biz milli birliyə nail olmalı idik”.
Müəllif qeyd edir ki, birinci variant Levon Ter-Petrosyanın dövründə gündəmdə olub: “90-cı illərin sonlarında belə qərar verilmişdi ki, güzəştə edərək münaqişənin həllinə nail olunur. İkinci variant Robert Köçəryanın dövründə gündəmdə idi. Serj Sərkisyanın ”4 günlük müharibə”dən sonra Petrosyanla görüşməsi onun da birinci variant haqda düşündüyünü göstərir. Lakin artıq bu da çox gec görünür. Həqiqətən Azərbaycan neft-qazı ilə Ermənistanı geridə qoyub və biz çətin ki, onun səviyyəsinə çataq. Buna görə də daha çox itki vermədən təcili güzəştə getməliyik”.
 
Ermənistanda dövlət bəhanəsi ilə “bandokratiya” yaradıldığını qeyd edən müəllif sonda yazır ki, İrəvan hakimiyyəti daxilində Qarabağ məsələsində təcili güzəştə getməyin tərəfdarları var: “Lakin ümumi bandokratiya buna imkan vermir. Halbuki bu, dövləti qorumaq yox, onu məhv etmək siyasətidir”.
Necə deyərlər, əlavə şərhə yer qalmır. Azərbaycan əsgəri gerçəkdən də kiçik və uğurlu bir həmlə ilə Qarabağ məsələsi ətrafında yeni bir situasiya, o cümlədən işğalçı ölkədə panika, bədbinlik və təslimçilik ovqatı yaradıb. Diplomatiyamız ondan yararlanmağa, sadəcə, borcludur.      
“Yeni Musavat”

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın