Menu
Geri İrəli

Yüksək keyfiyyət və sərfəli qiymətli yerli məhsul – Reportaj

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Fevral 2016 • Baxış sayı: 849 dəfə • Şərh yoxdur

Polietilen Məmulatları Zavodunda istehsal edilən məhsullar xarici bazarlarda rəqabətə tam davamlıdır

Sumqayıt Kimya Sənaye Parkı (SKSP) Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli sərəncamı ilə yaradılıb və 2013-cü il oktyabrın 3-də dövlət başçısı şəxsən parkın təməlqoyma mərasimində iştirak edib. İndi bu sənaye parkının 5 rezidenti – sərmayəçisi var. Bunlar “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), “SOCAR Polymer” MMC, “AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti (QSC), “Azerbaijan Fibro Cement” MMC və Bakı Əlvan Metallar və Ferroərintilər Şirkətidir. Sadalanan rezidentlərdən “Azərtexnolayn” MMC-nin texnopark ərazisində 3 zavodu fəaliyyət göstərir. Qəzetimizin bundan əvvəlki saylarında Polad Boru, Texniki Avadanlıqlar zavodları barədə məlumat vermişdik. Bu dəfə isə oxucularımızı “Azərtexnolayn” MMC-nin Polietilen Məmulatları Zavodu ilə tanış etmək, istehsal prosesi, məhsulların çeşidləri, işçilərin iş şəraiti barədə məlumat vermək qərarına gəldik. Elə bu məqsədlə də zavoda yollandıq.

Keyfiyyətli polietilen borular

Polietilen Məmulatları Zavodunun keyfiyyətə nəzarət meneceri Emil Bayramovla həmsöhbət olandan sonra öyrəndik ki, burada polietilen boruların hazırlanması üçün yüksək keyfiyyətli xammal seçilir. Zavodu birlikdə gəzdikcə bizə istehsal barədə daha geniş məlumat verən menecerin sözlərinə görə, borular 3 qatdan – yüksək sıxlıqlı polietilen (HDPE) tərkibli daxili qat, polad və yapışdırıcı polietilendən ibarət ara qat, xarici görünüşü hamar göstərən yüksək sıxlıqlı polietilen tərkibli qatdan ibarətdir. Yüksək keyfiyyətli qofralı borular xarici qatındakı büzməli məsamələr sayəsində ağır tonlu yük avtomobillərinə qarşı olduqca dözümlüdürlər. Bununla yanaşı, zavodda istehsal olunan borular gərilmə və burulmaya, xarici sıxışdırmalara, daxili və xarici polietilen izolyasiyası ilə paslanma və digər kimyəvi təsirlərə qarşı da dözümlüdür. Müsahibimin dediyinə görə, bu boruları bir-birinə qaynaq etmək də olduqca rahatdır. Ən önəmlisi isə Azərbaycan istehsalı olan bu borular həm ucuz, həm də yüksək keyfiyyətlidir: “Bizim zavodda istehsal çeşidləri çoxdur. Bunlar polietilen spiral borular və polad armaturlu, möhkəmləndirilmiş spiral polietilen borulardır. Polad armaturla olanların diametri 800 millimetrdən 2400 millimetrə qədərdir. Spiral borular isə plastikdən olan profillərdir. Bunların diametri isə 200 millimetrdən 600 millimetrə qədərdir. Boruların halqa qalınlığı, yəni yükə dözümlülüyü də müxtəlifdir. Normativ standartlar və tələblərlə yanaşı, sifarişçinin istəyinə uyğun istehsal olunur. Bu borulardan su-kanalizasiya, drenaj xətlərinin çəkilişində daha geniş istifadə olunur”.

Ən müasir injeksiya avadanlıqları

Zavodun Plastik injeksiya sexi barədə məlumat verən E.Bayramov bildirdi ki, burada alman istehsalı olan ən müasir injeksiya avadanlıqları fəaliyyət göstərir. Məhz bu avadanlıqlarda müxtəlif növ plastiklərdən qəliblərə uyğun çeşidli məhsullar istehsal edilir: “Sexdə PE boruları üçün fittinqlər, ABS plastikdən sayğac qutuları və sifarişə uyğun hər çeşiddə plastik qablar istehsal olunur. Sexin illik istehsal həcmi 3 min tondur. Hazırda bir çox çeşiddə məhsulumuz istehsal olunur. Onlara misal kimi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üçün hazırladığımız su sayğacı qutularını da göstərmək olar. “Azərsu”nun demək olar ki, ən böyük tədarükçülərindən biriyik”.

Metal hasarlar – 3D panellər

Menecer E.Bayramov bizi zavodun Metal hasar istehsal sexinin fəaliyyəti ilə də yaxından tanış etdi. Bildirdi ki, burada eni 2,5 metr və hündürlüyü 2,5 metrə qədər olan tel hasarlar istehsal olunur: “Bu sexdə 3D panellər – hasarlar istehsal olunur. Həmin hasarlar NATO tipli, qoruyucu və sair tipli olur. Hasarların hazırlanmasında sinklənmiş tellər istifadə olunduğundan məhsulun korroziyaya davamlılığı olduqca yüksəkdir. Rulon şəklində gələn tellər ilk olaraq düz formaya salınır, ardınca kəsilir, daha sonra qaynaq olunur. Sifarişə əsasən istehsal olunan hasara qəlib vasitəsilə bükülmələr verilir. Son mərhələdə məhsul istənilən rəng ilə boyanaraq qurutma xəttinə daxil olur. Boyama mərhələsi elektrostatik toz boya vasitəsi, bişirmə üsulu ilə həyata keçirilir. Sexdə xüsusi olaraq hasarlara uyğun dirək və dayaqlar da hazırlanır. Tel hasarlar bir-birinə dirək və klipslər vasitəsilə bərkidilir. İstehsal olunan hasarların bütün montaj hissələri zavod tərəfindən təmin edilir. Sifarişə uyğun olaraq, hasarların üstünə meyllilik vermək və tikanlı məftil əlavə etmək də mümkündür”.

Xaricə məhsul ixracı əsas hədəfdir

Menecer söhbət zamanı onu da əlavə etdi ki, zavodun sexlərində istehsal olunan məhsullar əsasən daxili tələbatı ödəmək üçündür. Amma gələcəkdə xarici ölkələrdən sifariş qəbul edərlərsə, bu sifarişi beynəlxalq standartlara uyğun şəkildə yerinə yetirə, istehsal olunan məhsulları ixrac edə bilərlər. Bunun üçün zavodun bütün imkanları var: “Hazırda Bakı, Mingəçevir, Sumqayıt, Xaçmaz şəhərlərində su-kanalizasiya, drenaj xətlərinin çəkilişində bizim zavodun istehsal etdiyi polietilen borulardan geniş istifadə olunur. Sifarişçilər bu günə qədər bizim məhsullarımızdan şikayət etməyiblər. Əslində şikayət etmələri üçün də bir səbəb yoxdur. Əgər bu məhsulun xaricdə istehsal olunan analoqu ilə müqayisə aparsaq, görəcəyik ki, ayrı-ayrı ölkələrin məhsulu olan bu borularda heç bir fərq yoxdur. Ən önəmlisi budur ki, bu məhsullar yerli istehsal olduğu üçün yüksək keyfiyyətə cavab verməsi ilə bərabər həm də ucuzdur. Təbii ki, bu da sifarişçini daha çox qane edir, o, yerli istehsala üstünlük verir. Bundan başqa, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələr də bizim məhsullarımızla maraqlanıblar. Onlardan da sifariş qəbul etməyə və istehsalı daha da artırmağa hazırıq. Bu, sifarişdən asılıdır”.
Menecer hazırda zavodun 3 istehsal sexində ümumilikdə 80-ə yaxın insanın daimi işlə təmin olunduğunu bildirdi. Qeyd etdi ki, sifarişlər artdıqca, tələbat çoxaldıqca istehsalı daha da genişləndirmək, əlavə işçi qəbul etmək mümkün olacaq.

Əməyə verilən dəyər

Zavodun sexlərini gəzərkən ayrı-ayrı işçilərlə, o cümlədən boru qaynaqçısı Faiq Həziyevlə söhbətləşmək imkanımız da oldu. 2014-cü ilin yayından bu zavodda çalışdığını deyən həmsöhbətimiz onlara yaradılan iş şəraitindən razılığını bildirdi. O, Sumqayıtda yaşadığını, işə gəlib-getmək üçün çətinlik yaşamadığını, normal məvacib aldığını vurğuladı. Qeyd etdi ki, zavodda əməyin təhlükəsizliyi məsələlərinə, eyni zamanda keyfiyyətli məhsul istehsalına xüsusi diqqət yetirilir: “Belə bir zavodun yaradıldığını və işçi axtarıldığını televizorda elandan eşitdim. Texnikum təhsili almışam, qaynaqçı kimi də əvvəllər çalışmışam deyə, bu sahədə təcrübəm var idi. Elan eşidən kimi özüm barəmdə CV hazırladım, sənaye parkının ərazisinə gəlib həmin məlumatı kadrlar bölməsinə çatdırdım. Az bir müddət keçəndən sonra dəvət etdilər, qısa müsahibə apardılar, iş qabiliyyətimi yoxladılar və işlə təmin etdilər”.

Qeyri-neft sektorunun inkişafına dəstək

Sexləri gəzib istehsal şəraiti, məhsul çeşidləri ilə tanış olduqdan sonra işçilərə uğurlar arzulayıb zavodu tərk etdik. Arzu edərdik ki, Azərbaycanda rəqabətqabiliyyətli, istehsalı yüksək standartlara cavab verən belə müəssisələrin sayı daha da çox olsun. Bu, həm qeyri-neft sektorunun və ümumilikdə iqtisadiyyatın inkişafına töhfədir, həm də yeni iş yerlərinin açılması ilə insanların sosial rifahının yüksəlməsinə ciddi təsir göstərən amildir.

Rufik İSMAYILOV, kaspi.az





Facebook Şərhləndirmə:

Şərhinizi yazın