YAP Sumqayıt şəhər təşkilatının VII konfransı

695

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı bu gün 316 ərazi ilk partiya təşkilatlarında 22 234 nəfəri öz sıralarında birləşdirir

Dünən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının VII konfransı keçirildi. Dövlət Himni səsləndirildikdən sonra konfrans iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev geniş hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının hesabat-seçki konfransından ötən dövr tarixi hadisələrlə zəngin və yaddaqalan dövr kimi təşkilatın həyatına həkk olunub. A.İmaməliyev vurğuladı ki, konfransın keçirildiyi tarix Azərbaycan dövlətinin memarı, qurucusu, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirildiyi və 28 May Respublika Gününün qeyd olunduğu günlərə təsadüf edir. “Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq ulu öndər Heydər Əliyevin yubileyi bütün regionlarımızda olduğu kimi Sumqayıt şəhərində də kollektivlərdə  böyük coşqu hissi ilə qeyd edilib.” YAP Sumqayıt şəhər təşkilatının sədri bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş iqtisadi, siyasi, sosial  islahatlar xalqın sosial rifah halının durmadan yaxşılışmasına, işsizliyin minimuma enməsinə və layiqli uğurların əldə edilməsinə zəmin yaradıb. “Düzgün qurulan siyasətin nəticəsi kimi Azərbaycanın səsinin dünyanın ən mötəbər, ən nüfuzlu təşkilatlarının yüksək tribunalarından eşidilməsi ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir. Bu gün hər bir Azərbaycan vətəndaşı gələcəyə böyük ümidlə baxır, nikbin hisslərlə yaşayır. Bunu Prezident İlham Əliyev tərəfindən keçən il təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf  Konsepsiyasının müddəaları da aydın göstərir.”

Yeni Azərbaycan Partiyasının cəmiyyətdə böyük nüfuza malik olmasını qeyd edən A.İmaməliyev əlavə etdi ki, partiya sıralarında üzvlərin sayı günbəgün artır. “Ötən il ərzində YAP Sumqayıt şəhər təşkilatına 3082 nəfər qəbul edilib, onların böyük əksəriyyətini qadınlar və gənclər təşkil edir. Cari ilin birinci rübündə Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbul olunanların sayı keçən ilin müvafiq dövrünə görə artaraq 432 nəfər olub. YAP Sumqayıt şəhər təşkilatı bu gün 316 ərazi ilk partiya təşkilatlarında 22 234 nəfəri öz sıralarında birləşdirir. Partiyanın sıralarının sürətlə genişlənməsi ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən sosial-iqtisadi siyasətin,  gələcəyinə böyük inamın bariz göstəricisidir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu və hazırladığı  inkişaf strategiyası bu gün ümummilli liderin layiqli davamçısı, Partiya Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, ölkəmizə böyük nailiyyətlər qazandıraraq doğma Azərbaycanımızın bütün sahələrdə sürətli, dinamik inkişafını təmin edir.”

Daha sonra məruzə ətrafında çıxış edən YAP Sumqayıt şəhər təşkilatının Şura üzvü Əvəz Mahmudov, 4 saylı uşaq poliklinikasının həkimi, YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü Gülbacı Məmmədova və digərləri çıxış edərək bildirdilər ki, ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi illərdə ölkəmiz qüdrətli dövlətə çevrilib, bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, Prezident İlham Əliyevin apardığı siyasət inkişafa və vətəndaşların sosial rifahına yönəlib. E.Əzizov vurğuladı ki, Azərbaycan Prezidentinin son iki ildə beş dəfə Sumqayıta səfəri sumqayıtlılara olan diqqət və qayğının nəticəsi kimi təşkilatımızın üzvləri, bütün şəhər əhalisi tərəfindən böyük razılıq hissi ilə qeyd edilir. “Şəhərimizdə aparılan çoxşaxəli genişmiqyaslı quruculuq-abadlıq işləri, doğma Sumqayıtın yenidən iri sənaye mərkəzinə çevrilməsi sahəsində aparılan işlər, sosial xidmət müəssisələrinin işə salınması, ölkə Prezidentinin cari ilin may ayında etdiyi səfəri zamanı   ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzinin açılışı, “Asan Xidmət” Mərkəzinin və “Gilan Tekstil  Parkı”nın işə salınması, şəhərin Cümə Məscidinin ziyarət edib həyata keçirilən əsaslı yenidənqurma işləri ilə tanışlıq,  regionların sosial-iqtisadi  inkişafı Dövlət Proqramının həyata keçirilməsinin konkret  nümunəsidir.”

Daha sonra YAP-ın V Qurultayına Sumqayıt şəhər təşkilatından 25 nəfər nümayəndə seçildi. Tədbirin sonunda YAP Sumqayıt şəhər təşkilatının VII konfransının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyevə müraciət qəbul olundu.

Orxan Vahidoğlu, “İki sahil”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər