Menu
Geri İrəli

55 il ərzində on minlərlə xəstəyə şəfa vermiş məşhur cərrah

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyul 2016 • Baxış sayı: 683 dəfə • Şərh yoxdur
cefer

ONU İTTİHAM ETMƏK OLMAZ!


55 il ərzində  Azərbaycanda on minlərlə xəstəyə şəfa vermiş məşhur cərrah, “Şöhrət” ordenli  Hacı Cəfər Quliyev bir-neçə il əvvəl özünün xəstə oğlu başqa bir həkimin əlində keçinərək dünyadan köçəndə heç kəsi günahkar bilmədi. Ancaq bugünlərdə çalışdığı xəstəxanaya çox ağır vəziyyətdə çatdırılmış əlacsız, ümidsiz bir xəstəsinin – Lumu Veyisovanın ölümündən sonra (Allah rəhmət eləsin!) bu nüfuzlu loğman həkimə, Sumqayıt səhiyyəsinin hörmətli ağsaqqalına qarşı əsassız ittihamlar, iradlar səslənib. Lakin o, bu ittihamlara layiq deyi!

 

Yarım əsrdən də artıq əhalinin sağlamlığı keşiyində dayanaraq, doğma xalqına sədaqətlə xidmət etmiş Hacı Cəfər həklimlə uzun illərdir ki tanışam. O, istedadlı, mahir bir cərrah olması, xəstələrə səmimi, qayğıkeş münasibəti, təmənnasızlığı ilə həmişə seçilib. Hələ Sovet dövründən Sumqayıtda rüşvət almayan həkimlərdən söz düşəndə ilk növbədə Cəfər həkimin adı çəkilirdi. Təsadüfi deyil ki, xalqımızın unudulmaz, görkəmli şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Söhrab Tahir, Zəlimxan Yaqub və başqaları məhz mənəvi saflığına və mahir bir həkim olmasına görə onunla uzun illər dostluq ediblər.

Vaxtilə mənim qardaşımı da, övladlarımdan birini də ən çətin, ağır vəziyyətdən məhz Cəfər həkim xilas edib. Operasiyadan sonra da daim xəstələrimizə diqqətlə, qayğı ilə nəzarət edib. Xəstəmiz tam sağalandan sonra bir dəfə mən “səhv” edib, Cəfər həkimə minnətdarlıq əlaməti olaraq bir qutu şokolad alaraq palataya gələndə, məqsədimi bilən xəstələr bir ağızdan üstümə düşdülər ki, “nəbadə! Özünüzü peşman etmək istəmirsinizsə, belə şey etməyin. Cəfər həkim nə pay, nə də pul-para alanlardan deyil!”. (Qəribədir, elə deyilmi? Ancaq bu həqiqətdir. Buna şəfa verdiyi on minlərlə adam şahidlik edə bilər).

Sonrakı illərdə də nə vaxt ailəmizdə, qohum-qardaş arasında xəstəliklə üzləşən olubsa, həmişə üz tutub, yanına qaçdığımız, əlac umduğumuz da ilk növbədə Cəfər həkim olub. Çünki o, həqiqətən loğmandır, öz müqəddəs peşəsini sevir və çox yaxşı bilir. Həmişə daha çox neqativ təsiri olan kimyəvi dərmanlara yox, xalq təbabətinə üstünlük verir.

On minllərlə xəstəni çətin məqamda operasiya edərək, onlara şəfa vermiş Cəfər həkimin oğlu çox gənc yaşında dünyadan köçəndə o, oğlunu müalicə edən həkimə xətrə toxunacaq bir söz belə demək istəyində olmamışdı. Çünki oğlunun xəstəliyindən, əlacsız olduğundan xəbərsiz deyildi.

Sonuncu xəstəsinin də çıxılmaz vəziyyətdə olduğunu, əlacsız dərdə düşdüyünü bilirdi. Ancaq çalışmışdı ki, gənc ananın həyatı üçün sona qədər mübarizə aparsın. Düşünmüşdü ki, bəlkə nəsə bir əlac eləyə bildi. Çox əfsuslsr ki, xəstənin düçar olduğu  son dərəcə ağır vəziyyəti onu xilas etməyə imkan vermədi (bildiyimə görə, Cəfər həkim xəstəyə bilavasitə özü nəzarət edərək, iki sutka evinə də gedə bilməmişdi).

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova da Cəfər həkim haqqında danışarkən olduqca obyektiv fikir söyləyərək, bildirib ki, “həkim Cəfər Quliyev professional cərrahdır, o, “Şöhrət” ordeni almış həkimdir. Bir mütəxəssis kimi Cəfər Quliyevin işinə söz ola bilməz. Onun 81 yaşında hələ də işləməsi kadr çatışmazlığından yox, professionallığından irəli gəlir”.

S.Əhmədova sağ olsun ki, etiraf etməkdən çəkinməyib ki, “Cəfər həkim tanınmış cərrahdır, uzun illər Tibb Universitetində dərs deyib, təcrübi baxımdan professionaldır. Onu işini bilməməkdə, yaxud düzgün icra etməməkdə ittiham etmək əsassızdır”.

Yəni ki, gənc ananın ölümündə məşhur həkimi yox, amansız xəstəliyi ittiham etmək düzgün olardı. Əsassız iradlarla xalqımızın loğman həkiminə, əsl Allah adamı olan Hacı Cəfər həkimə mənəvi zərbə vurmaq lazım deyil. Onsuz da, özünün dediyi kimi, şəfa verdiyi xəstəsi ilə özü də şəfa tapan, mindən bir ölən xəstəsi ilə özü də “ölən” həkimin çəkdiyi mənəvi əzab, keçirdiyi sarsıntı ona kifayətdir.

Hacı Cəfər həkimi yaxşı tanımayanlardan isə xahiş olunur ki, aşağıdaklı link vasitəsilə sumqayitxeber.com saytında Cəfər həkimlə daha yaxından tanış olsunlar, onun öz müqəddəs sənətinə nə dərəcədə sədaqətli olduğunu görsünlər.

http://sumqayitxeber.com/xeberler/ibn-sinanin-sumqayitli-davamcisi-doktor-cefer-quliyev.html

Onda tam aydın olar ki, Cəfər həkim xəstəni “öldürən” yox, “dirildən” həkimlərdəndir, əsl loğmandır.

Rəhman ORXAN.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın