Menu
Geri İrəli

“Alo, Bakı! Sizi “Ulduz”la birləşdirirəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2017 • Baxış sayı: 299 dəfə • Şərh yoxdur

408954570

“Bakı! Bakı! Mən İmişliyəm. Sizi “Ulduz”la birləşdirirəm!..” Düz əlli il əvvəl bəstəboy, sarışın saçlı, dolu bədənli bir qızın səsi İmişli şəhərindəki telekommunikasiya qovşağını başına götürmüşdü. Gözləmə zalında oturanların, ayaq üstə dayanıb var-gəl edənlərin nəzərləri onda idi.

Bir tərəfdən də idarə və müəssisələrdən, hərbi hissələrdən, evlərdən zənglər aman vermirdi. Hamı uzaq rayon və şəhərlərə bağlanmaq, vacib xəbəri çatdırmaq istəyirdi. Saatlarla gözləyənlər etirazlarını kəskin formada bildirir, qəzəb püskürür, hətta söyürdülər onu. Amma çoxbilmiş qız xoş rəftarla hər kəsin “damarını tutur”, sakitləşdirir, eyni zamanda, öz işini də görürdü.

“O zaman mən çox xoşbəxt idim. Təsəvvür edirsinizmi, tanımadığın insanlar sevinc və kədərini ilk olaraq səninlə bölüşürlər! Keçirdiyim hisləri sözlə ifadə etmək belə çətindir…”

408954088

İmişlidə yaşayan, yerli əhalinin “telefonçu Toma” kimi tanığı Tamara Fyodorovna Limanova xatirələrini Sputnik Azərbaycan-la bölüşür. Yaş öz işini görüb: qadın görmə qabiliyyəti zəiflədiyindən hər şeyə yaxından baxır, əl ağacı ilə yeriyir, hafizəsi korşalıb. Stolunun üstündə, rəflərdə dərman preparatları, qolunda “qanölçən”. Amma üzündə həmin nur, səsində həmin ahəng. Onu keçmişə səyahətə aparmaq da çətindir — səsi tez-tez boğazında quruyur və yaylığının ucunu gözlərinə aparır… Bir ailədə 18 uşaq doğulub “Valideynlərim 1934-cü ildə Voronejdə ailə qurublar. Atam dəmiryolçu-maşinist olduğundan, 1950-ci ildə işlə bağlı İmişliyə göndərilib. O zaman mənim 4 yaşım olub. Buna görə hafizəmdə daha çox İmişli ilə bağlı xatirələr qalıb” — deyir.

İmişliyə təzə gəldikləri vaxt Limanovlar ailəsi dəmir yolundakı bir vaqonda yerləşdirilib. Qarı deyir ki, ailələri az qala bir sərnişin vaqonunu tutacaq qədər böyük olub: “Bura gələndə bir futbol komandası üzvləri sayında — 11 nəfər olmuşuq. Daha 9 uşaq da İmişlidə doğulub. Dəmiryolçular üçün tikilən ev istifadəyə veriləndə görüblər ki, bizi iki, ya üçotaqlı mənzilə yerləşdirmək mümkün deyil, ayrıca “fin evi” tikiblər, üstəlik xeyli torpaq sahəsi də ayırıblar”.

Təbii ki, 18 nəfər uşağı quru maaşla və “uşaq pulu” ilə saxlamaq mümkün olmazdı. Ehtiyaclarını ödəmək üçün Limanovlar ailəsi, yerli insanlar kimi, bostan əkib, taxıl yetişdirib, mal-qara saxlayıb: “Həyətimizdə o qədər camış, inək, qoyun, keçi, toyuq, qaz vardı ki… Bazardan yalnız geyim və mebel əşyaları alırdıq, yediyimiz öz məhsulumuz olub. O vaxt hamı belə yaşayırdı — oxumuşu, bisavadı da, azərbaycanlısı, rusu da”.
Tamara xanım danışır ki, qonşularının hamısı azərbaycanlı olduğuna görə uşaqlıqdan Azərbaycan dilində danışıb: “Çox mehriban qonşularımız vardı: Fatma, Səkinə… Məhəllənin bütün oğlan və qızları bir yerdə oynayırdıq. Lavaş arasında pendir olan dürməyi yarı bölüb yeyirdik. Mən uşaq vaxtı başqa yerdə doğulmağımı, başqa millətdən olmağımı hiss etməmişəm”.
“Mənə üç gün toy çalındı”

408954477

Yeddillik məktəbi bitirəndən sonra uzun hörüklü rus qızı Rayon İstehlak Cəmiyyətində süpürgəçi işləyə-işləyə gecə kursuna gedib. Orta təhsilini tamamlayandan sonra Bakı elektrotexnika məktəbində oxuyub. Gələcək həyat yoldaşı, Zəngilan rayonundan olan Vaqiflə də burada tanış olub: “İllərlə bir-birimizi sevdik. Evlənməyimizə atam razı deyildi. Deyirdi ki, rus olduğundan, səni həmişəlik özünə arvad etməyəcək. Anam kişini birtəhər razı saldı. Toyum bizim adətlə üç gün davam etdi. Sonra Zəngilana gəlin köçdüm”.

Tamara xanımın övlad sarıdan bəxti gətirməyib — 8 uşağından yalnız birini böyüdüb boya-başa çatdıra bilib, qalanları bir neçə aylıqlarında, ən çoxu bir-iki yaşlarında həyatını itiriblər. Anası iflic olub yatağa düşəndən sonra o, körpə uşağını götürərək həmişəlik İmişliyə qayıtmaq məcburiyyətində qalıb. Durumu həyat yoldaşına izah edib və anlayışla qarşılanıb (Sonralar həyat yoldaşının yeni həyatında problemlər çıxmasın deyə, ərinin soyadından da imtina edərək, öz qızlıq soyadını bərpa edib).

Gənc qadın valideynlərinə qulluq etməklə yanaşı, ailənin ehtiyaclarını ödəmək üçün işə düzəlib: “Bircə işim ürəyimcə olub. Telefonçuluq mənə dünyanın bütün dərd-qəmini, ağrılarını unutdururdu. Yola çıxırdım, “Raykom”un birinci katibindən tutmuş sadə fəhləyədək yanımdan ötən hər kəs gülümsəyərək salam verirdi. Bazara, dükana gedirdim, tanımadığım adamlar zorla zənbilimə pay qoyurdu”.

“Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən bu hörməti qazanmışam. Bəzən olurdu ki, rayonun hansısa kəndindən olan bir adama təcili xəbər yollanırdı, işdən sonra öz hesabıma taksi tutub gedib deyilən ünvanı tapır və o sözü çatdırırdım” — həmsöhbətimiz bildirir.

“Əlimdən nə qədər Lenin başlı qırmızı onluqlar keçib…” Tamara xanım fasiləsiz olaraq düz 30 il bir müəssisədə işləyib. Bu müddətdə xeyli sayda gənc oğlan və qıza bu sənətin sirlərini öyrədib, onlara böyük bacılıq, analıq edib: “Mənimlə eyni vaxtda növbəyə çıxanları 2-3 saatlığa evlərinə buraxıb, kommutatorda tək otururdum. Onlara ürəyim yanırdı. Axı bu peşə də sağlamlığa zərər vururdu: uzunmüddətli gərginlik əsəbləri pozur, səsi qulaqcıqla dinləmək karlaşma yaradırdı”.
Müsahibimizin dediyinə görə, işindən zövq almağında əməyinə verilən qiymət də az rol oynamayıb: “Müdirimiz deyirdi ki, “sən gecə növbəsində olanda, mən arxayın yata bilirəm”. Maaşımdan əlavə, tez-tez mükafat alırdım. Əlimdən nə qədər Lenin başlı qırmızı onluqlar keçib. Axıradək işləyərdim, ayaqlarım sözümə baxmadı…”
Qızının ölümündən sonra mehrini heyvanlara salıb

408954268

Xəstələnib yatağa düşməyi qızının Kiyevdə ali hüquq təhsilini tamamlamasına mane olub. Oksana İmişliyə qayıdaraq düz il yarım anasının yanında olub: “Məni növbəti dəfə həyata o qaytardı. Çox ağıllı, diribaş qız idi — beş dildə sərbəst danışırdı, hər şeydən məlumatlı idi. Fortepianoda, qarmonda ifa edirdi, muğamat oxuyurdu. Kiyevə yenidən gedəndə, universitetə bərpa oluna bilmədi, gəlib Bakıda oxudu. Xarici humanitar təşkilatlarda, milli təhlükəsizlik orqanında işləyib. 2012-ci ilin iyulunda elə iş yerində keçinib”.

Qızının ölümündən sonra tənha qalan qadın mehrini heyvanlara salıb: “Oksana 2000-ci ildə Bakıda bir pişiyi körpəliyindən saxlayıb. Sonra rayona gətirdi ki, yaxşı baxa bilmirəm. Məndən xahiş etmişdi ki, onu qoruyum. Qızımın ölümündən sonra vaxtımı “Murka” və onun iki balası ilə keçirirəm, onlarla danışıram. Gecələr isə həyət-bacanı və bizi “Tobi” adlı itimiz qoruyur. Bir dəfə qızımın məzarı üstündə də pişik görmüşəm”.
Pişiklər çörək və un məmulatları yemir, süd, qatıq, borş, dovğa içir, yumurta soyutmasını xoşlayır. Cəmi 165 manat pensiya alan qadın, bu pulun az qala yarısını onlara xərcləyir. Vaxtilə qızı Bakıdan ev alıb anasını da yanına aparmaq istəyirmiş. Buna görə məişət əşyalarının çoxunu yerli adamlara ya satıb, ya da pay veriblər. Tənha qadının gecələr yuxusu ərşə çəkilən vaxtı başını qatması üçün heç televizoru da yoxdur. Ona pis təsir edən isə dövlət və ictimai təşkilatlar üçün hələ sağ ikən unudulmasıdır.

Xristian və müsəlmanların ortaq qəbiristanlığı

Tamara xanımın telefonu hələ də susmayıb — ona dünyanın müxtəlif ölkələrinə səpələnmiş qohumları zəng edirlər. Ailə üzvlərinin bir-birinin ardınca gələn ölüm xəbərlərini də yaxınları telefonla bildirirlər. Bircə Xabarovskda yaşayan bacısı Tanya sağ qalıb. Maraqlıdır ki, o da azərbaycanlıya ərə gedib. “Qızımı rus qəbiristanlığında dəfn etməyimə görə bəzi adamlar məni qınayırlar. Halbuki orada müsəlman qəbirləri də var. Mənim üçün insanlıq bütün milli, dini ayrı-seçkiliyin fövqündə dayanır” — Tamara Fyodorovna Limanova deyir…


408954736

 

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın