Menu
Geri İrəli

Atasının güllələndiyini 18 il sonra öyrənən döyüşkən qız – Keçmişdəki mən – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Dekabr 2015 • Baxış sayı: 391 dəfə • Şərh yoxdur

Zərifə Salahova: “Anam bizə peraşkidən sup bişirirdi”

Atası 1937-ci ildə günahsız yerə repressiya qurbanı olsa da, “xalq düşməni”nin qızı olduğuna görə uşaqlıq, gənclik illərində haqsızlıqlara məruz qalsa da, öz əqidəsindən dönməyib, mübarizə aparıb, daim irəli gedərək ayaqları üstündə dayana bilib. Müsahibimiz ictimai xadim, Azərbaycanın qızlardan ibarət basketbol yığma komandasının keçmiş oyunçusu, Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədri, Ədliyyə Nazirliyində xüsusi muzey kimi qeydiyyata alınan Miniatür Kitab Muzeyinin yaradıcısı, kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilən əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, Prezidentin sərəncamı ilə bir neçə dövlət komissiyasının üzvü, bir çox ölkələrin medal və fəxri diplomları ilə təltif edilən Zərifə Salahovadır. Həmsöhbətimizlə birlikdə İçərişəhərdə yerləşən Miniatür Kitab Muzeyində onun keşməkeşli uşaqlıq və gənclik illərinə boylandıq…

“Son dəfə atamı beş yaşımda gördüm”

1932-ci il fevralın 2-də Bakıda anadan olub. İndiki Zərgər Palan küçəsindəki dördmərtəbəli binanın 4-cü mərtəbəsində 35 kvadrat metrlik ikiotaqlı mənzildə yaşayıblar. Beş uşağın dördüncüsü olan müsahibimizdən sonra daha bir qız övladı dünyaya gəlib. Anası evdar qadın olub, atası isə Kommunist Partiyasının üzvü kimi müxtəlif vəzifələrdə çalışıb. Zərifənin beş yaşına kimi ailələrində hər şey öz axarı ilə gedib. Atası Teymur 1937-ci ildə repressiyaya məruz qalandan sonra onun da, özündən böyük qardaşlarının, özündən kiçik bacısının da uşaqlığı bitib. 1937-ci il sentyabrın 29-da Teymur Salahov həbs ediləndə bacısı iki aylıq olub: “Atam uzanıb qəzet oxuyur, oxuduğu xəbərləri anamla paylaşırdı. Bu zaman qapımız döyüldü və iki qonşumuzla, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki işçisi içəri keçdilər, atamı apardılar. Son dəfə atamı həmin gün gördüm – 5 yaş 8 aylıq idim”.

“Atam Mircəfər Bağırova onu güllələyəcəyini dedi”

Atası həbs olunmamışdan qabaq Laçın rayonunun birinci katibi olub: “Azərbaycan SSR KP MK-nın I katibi Mircəfər Bağırov 1937-ci ilin əvvəlində atamı işdən azad edib, Azərbaycan Meyvə-Tərəvəz Komitəsinə sədr müavini qoydu. Bir neçə aydan sonra onu Kommunist Partiyasından da çıxardılar. Bundan sonra atam partiyadan qanunsuz çıxarılması ilə bağlı dövlət məmurlarına, Bağırova ərizələr yazmağa başladı.

Qeyd edim ki, Bağırov bizim evə gedib-gələn adam olub, hətta anamın xörəklərini tərifləyərdi. Amma atamın ərizələrinə cavab gəlmir. Atam Filarmoniya ilə üzbəüz binada yaşayan Bağırovu işə gedəndə saxlayıb deyir ki, “sən bilmirsən, mən necə firqəçiyəm, əgər partiya biletimi qaytarmasan, səni özüm güllələyəcəm”. Bundan sonra atamı tutdular. Amma biz Mircəfər Bağırovla atamın arasındakı dialoqu illər sonra bildik. Atamla birlikdə Laçında təbliğat şöbəsinin müdiri işləmiş Süleyman Rəhimovu da həbs etmişdilər. Süleyman Rəhimov atamın üzünə durub ki, guya atam terrorçu imiş, hakimiyyət çevrilişi etmək istəyirmiş. Məhkəmə 15 dəqiqə çəkib və atama 10 il iş veriblər. Süleyman Rəhimovu isə azad edib Laçına birinci katib qoyublar”.

“Anam peraşki ilə sup bişirirdi”

Beləliklə, salahovlar ailəsinin əzab-əziyyətli günləri başlayır. Heç vaxt işləməyən anası özünə iş axtarmalı olur. “Azərnəşr”də işə düzəlir. Səhər saat 7-dən 8-ə qədər “Azərnəşr”in zirzəmisində 500 palto qəbul edir, günorta stullar üçün çexol tikir, axşam saat 17.00-dan 18.00-a kimi paltoları sahiblərinə geri verirdi. Ondan sonra isə xalatları yuyurdu. Biz balaca olduğumuza görə səhər anamla işə, oradan məktəbə gedirdik, qardaşlarım dərsdən qayıdandan sonra isə birlikdə evə qayıdırdıq. Anam isə evə gecə 11-12-də gəlirdi”.

“Azərnəşr”də işə gedib-gələnləri qeyd edən dolu bədənli rus qadını heç vaxt unutmadığını, yaddaşında gözəl xatirə kimi saxladığını deyir: “Həmin xanım orada zərərli sexlərdə işləyənlərin hərəsinə bir ətli peraşki alırdı. İşə gələnləri 10 nəfər artıq qeyd edir və bu peraşkilari anama verirdi. Anam hərəmizə bir peraşki verir, qalanı ilə isə sup bişirirdi”.

Müəllimindən nazirliyə şikayət edir

O vaxt uşaqlar məktəbə 8 yaşdan yazıldıqlarından Zərifə də bu yaşa kimi bağçaya gedir. Yaşı çatanda 189 saylı orta məktəbdə oxumağa başlayır. Burada da xeyirxah insanlarla qarşılaşır: “Qardaşım Tahirin ibtidai sinif müəlliməsi Varvara Dmitrevna ikinci sinifdən mənim müəllimim oldu. Müharibə başlamışdı. Müəllimə bilirdi ki, atamızı 1937-ci ildə xalq düşməni kimi tutublar. O, yalandan bizim atamızın müharibədə olduğunu yazırdı ki, bizə də o biri uşaqlar kimi səhərlər bulka versinlər. Üçüncü sinifdə bizi 132 nömrəli məktəbə köçürdülər, köhnə məktəbimizi isə hospital etdilər. Dördüncü sinifdən bizi ayrı-ayrı məktəblərdə rus və Azərbaycan bölməsinə böldüklərinə görə mən 134 saylı məktəbdə rus bölməsində təhsilimə davam etdim. Sonra məni 150 nömrəli məktəbə köçürdülər”.

Hələ balaca vaxtından haqqını tələb edən qızcığaz müəlliminin ona əl qaldırmasını qüruruna sığışdırmır və Təhsil Nazirliyinə şikayət edir: “Beş, ya altıncı sinifdə oxuyanda erməni milliyətinin daşıyıcısı olan riyaziyyat müəllimimiz arxada oturan qızlardan söz soruşduğuma görə məni vurdu. Məktəbdən çıxan kimi o vaxtkı Maarif Şöbəsinə (indiki Təhsil Nazirliyi – L.M.) getdim və müəllimdən şikayət etdim. Nazirlik işçiləri məktəbə gəldilər, direktorla görüşüb tənbeh etdilər. Şikayət etdiyimə görə bundan sonra məktəbdə məni gözümçıxdıya salmağa başladılar. Buna görə 7-ci sinfi qurtaranda təhsilimi texnikumda davam etdirməyə qərar verdim. Sənədlərimi məktəbdən götürüb Maşınqayırma Texnikumuna apardım. İmtahan verdim, qəbul oldum. Dərslər başlayanda məlum oldu ki, qrupda yeganə qız mənəm. Buna görə sənədlərimi götürüb yenidən məktəbə qayıtmalı oldum. Coğrafiya müəlliməmiz çox yaxşı müəllimə idi, yoldaşı Sabir adına Pedaqoji Məktəbdə işləyirdi. Təklif etdi ki, sənədlərimi ora verim. Elə etdim. Qrupda 42 tələbədən bircə mən azərbaycanlı idim. Əksəriyyət Krasnodardan gələn ruslar idi”.

Basketbol üzrə respublika çempionu

Hələ orta məktəbdə təhsil alarkən dərslərini yaxşı oxumaqla yanaşı, idmanla da məşğul olur: “5-ci sinifdə oxuyandan yüngül atletika ilə məşğul olmağa başladım. Məşqçimiz SSRİ-nin əməkdar idman ustası Əfqan Səfərov idi. “Dinamo”nun zalında məşq edirdik. Orada basketbol, voleybol meydançası da var idi. Bir dəfə stadionda yarışlarımız qurtarandan sonra meydançada basketbol oyununun getdiyini gördüm. Oyuna vuruldum və yüngül atletikanı atıb basketbola keçdim. Əfqan Səfərov deyirdi ki, “bilsəydim basketbola keçəcəksən, səni o oyuna baxmağa qoymazdım””.

Onu da qeyd edək ki, evdə nə qardaşları, nə də anası müsahibimizin işlərinə qarışmayıb, nə qatıldığı tədbirlərə, nə məktəbdən çıxıb təhsilini texnikumda davam etdirdiyinə görə ona “gözün üstə qaşın var” deməyib.
1949-cu ildə texnikumda oxuyanda Zərifənin kapitan olduğu komanda respublika çempionu olur. Texnikumda özü komanda yaradıb qızları məşq etdirir, yarışlara qatılırmış.

Bu təhsil ocağında Komsomol Təşkilatının və Həmkarlar İttifaqının üzvlüyünə qəbul edilir. Daha sonra yeganə azərbaycanlı qız kimi Azərbaycanın qızlardan ibarət yığma komandasına daxil olur.

“Atamı neft mədənində tok vurub”

Beləliklə, müsahibimiz 1952-ci ildə texnikumun dördüncü kursuna gəlib çıxır. Dördüncü kursunda oxuyanları bölüşdürür, kimisini ali məktəbə, kimisini hansısa müəssisəyə işləməyə göndərirlər. Qaydalara görə, texnikumu və institutu qurtaranlar 3 il rayonlarda işləməli idi: “Seçim zamanı atamı çox yaxşı tanıyan təhsil nazirinin müavini Sona Aslanova (atamın vaxtında Mərkəzi Komitədə təbliğat şöbəsinin sədr müavini idi – Z.S.), onun arxasında bizim texnikumun direktoru Rəfiqə Axundova, zavuç və sinif rəhbərimiz Dmitrii Semenoviç, həmçinin komsomol təşkilatının katibi oturmuşdu. Məni aktiv tələbə, yaxşı oxuyan, idmanla məşğul olan, rus dilini səlis bilən, komsomolçu, Azərbaycanın yığma komandasının üzvü kimi təqdim etdilər, cəmi iki dördümün olduğunu dedilər. Texnikumu bitirənlərdən iki dördü olanların 5 faizini institutda oxumağa göndərirdilər. Sona Aslanova məndən atamın, babamın adını və harada olduğunu soruşdu. Atamın və babamın adını dedim və əlavə etdim ki, neft mədənlərində işləyəndə tok vurub. Anam bizi öyrətmişdi ki, atamızı soruşan olanda belə deyək. O da qayıtdı ki, bəlkə atan dustaq olub, orada ölüb. Dedim ki, mən balaca idim, anam mənə belə deyib. Rəfiqə xanım arxadan əlini dodaqlarının üstünə qoyub mənə “sus” işarəsini verdi. Bayıra çıxdım. Deməli, Sona Aslanova atamın güllələndiyini bilirmiş. Sadəcə, bizi aldatmışdılar ki, ona on il iş veriblər və məktub yazmağı qadağan ediblər”.

Qeyd edək ki, 1947-ci ildə, atasının tutulmasının 10 il olmasına bir ay qalmış Zərifə xanım bu illər ərzində atasından məktub almaması ilə bağlı anasının adından DTK-ya ərizə yazır: “Məni avqust ayında DTK-nın Oktyabr rayon bölməsinə çağırdılar.
Atamın nə vaxt tutulduğunu soruşdular. 29 sentyabrda həbs edildiyini dedim. Bildirdilər ki, atam 10 ili tamam olandan, yəni bir aydan sonra gələcək. Amma bir aydan sonra atam gəlmədi”.

Yerinə nazir müavininin qızını göndərirlər

Texnikumu bitirən Z.Salahova sənədlərini Moskvadakı ali məktəblərdən birinə göndərmək istəyir. Çünki qardaşı Tahir orada V.Surikov adına İnstitutda oxuyurdu: “Stalin ölənə qədər qorxurduq ki, Tahirin kimin oğlu olduğunu bilib institutdan qovarlar. Çünki texnikumda oxuyanda iki dəfə Mircəfər Bağırov onu qovdurmuşdu, anam gedib yalvarandan sonra bərpa etmişdilər”.

Beləliklə, sənədlərini Moskva Pedaqoji İnstitutunun loqaped ixtisasına verir: “Moskva və Leninqradda oxumaq istəyənlər imtahanı indiki Dövlət Neft və Sənaye Universitetində verirdilər. Yarışa getdiyimə görə iki imtahanı bir gündə vermək üçün mənə şərait yaratdılar. Mümkün 20 baldan 18 bal yığdım. Bu balla Moskva Pedaqoji İnstitutuna düşdüyümü və yığma komanda ilə oyundan qayıdandan sonra Moskvaya getmək üçün göndəriş verəcəklərini dedilər. Avqustun 27-də yarışlardan qayıdanda nazirliyin inspektoru bildirdi ki, vaxtında gəlmədiyimə görə Moskvada oxumaq istəmədiyimi düşünüblər və yerimə başqa adam göndəriblər. Sonra öyrəndim ki, maliyyə nazirinin müavininin qızını yollayıblar. Təklif etdilər ki, məni işə düzəltsinlər, bir ildən sonra yenidən imtahan verim. Razılaşmadım, sənədlərimi geri istədim. Tələsik sənədlərimi verdilər, imtahanın nəticələri ilə bağlı kağızı unudub məndən almadılar. Sənədlərimi və imtahan kağızını götürüb Nazirlər Kabinetinə şikayətə getdim. Nazirlər Kabinetinin işçisi təhsil naziri akademik Mehdizadəyə zəng vurdu. Mehdizadə dedi ki, bu qız Moskvanın hansısa institutunda oxumalıdır. Nazirliyin qəbul otağına getdim, təhsil naziri məni qəbul etdi, Moskvaya zəng vurdu, amma oradakı universitetlərdə yer yox idi. Leninqradda yer var idi, ora da tək getmək istəmirdim, çünki Tahir Moskvada idi. Avqustun axırından oktyabrın 15-ə qədər hər gün nazirin qəbul otağında otururdum. Oktyabrın 15-də nazir məni çağırdı və dedi ki, Pedaqoji İnstitutda rus dili və ədəbiyyatı fakültəsinin dərslərində azad dinləyici kimi oturum, yanvarda kimsə imtahandan kəsilsə, onun yerinə keçim. Elə də etdim”.

Qızların yığma komandasında oynayanda Pedaqoji İnstitutun zalında məşq edirlər. Azad dinləyici kimi dərslərdə oturanda idman kafedrasının müdiri Mirzoyev ailə vəziyyətlərinin ağır olduğunu bildiyindən Z.Salahovanı laborant kimi yarımştat işə götürür. O, səhər saat 8-dən 1-ə kimi işləyir, sonra isə dərslərində iştirak edir.

Noyabrın 27-də institutda Komsomol Komitəsinin Hesabat Seçki Konfransında institutun rəsmi tələbəsi olmasa da, müsahibimizi də Komsomol Komitəsinin institut üzrə üzvü seçirlər: “Bundan sonra məcbur olub əmrimi verdilər və rəsmən tələbə oldum. Həm də institut üzrə idman şurasının sədri idim”.

Milli təhlükəsizlik naziri ilə görüş

Tələbə olduğu illərdə xeyli fəxri fərmana, diploma layiq görülür. Kapitanı olduğu qızlardan ibarət yığma komanda 1949-cu ildə respublika çempionu olur, SSRİ üzrə keçirilən yarışlara qatılır: “Üçüncü kursda oxuyanda – 1955-ci ildə yarışdan qayıdırdım. Eşitdim ki, beynəlxalq vaqonda Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin sədri Quskov da gedir. Qatar fasilə verəndə bələdçiyə Quskovla görüşmək istədiyimi dedim, görüşdürdü. Quskov məni yanında oturtdu və sual-cavab etdi. Özüm, ailəm haqqında hər şeyi danışdım, atamın həbs edildiyini və ondan hələ də xəbər ala bilmədiyimizi dedim. Məni DTK-ya çağırdı. Getdim. Quskov yenə məndən anamın atam haqqında nə dediyini soruşdu, sorğu-sual etdi. Onu da deyim ki, 1938-ci ildə vətən xaininin ailəsi kimi bizi Qazaxıstana sürgün etməli idilər. Yükümüzü qoymaq üçün çemodanımız olmadığından hər şeyi boğçalara yığıb gözləyirdik ki, gəlib aparacaqlar. Amma aparmadılar. Çünki dayım Əhməd, Stalin başda olmaqla bütün rəhbər vəzifələrdə işləyənlərə teleqram göndərdi. Anamın bisavad olduğunu yazıb beş uşaqla onu sürgünə göndərməməyi xahiş edirdi. Gecə saat 12-də DTK-dan gəlib anamı apardılar. Harasa qol çəkdirdilər və evimizdə qaldıq. Qonşular bizdən şikayət edib, “xalq düşməni”nin ailəsini buradan köçürtməyi tələb etsələr də, əlimizdə kağız olduğuna görə bizə toxunan olmadı. 6 nəfər dördüncü mərtəbədə 36 kv. metrlik iki otaqda qalmağa davam etdik. Bu hadisəni də Quskova danışdım. Quskov mənə kağız verdi ki, atamın işini qaldırıb baxmaları üçün anamın adından Hərbi Tribunala ərizə yazım. Növbəti üçüncü gün məni yenə çağırdılar. Quskov məni yenidən sorğu-suala tutdu. Ürək-dirək verdi ki, yaxşı ki, sizi sürgün etməyiblər, qardaşların işləyir və s”.

“Dedi ki, atanı güllələyiblər”

Növbəti, sonuncu dəfə DTK-ya gedəndə zal adamla dolu olur: “Zala daxil olanda ağsaçlı bir kişi atama oxşadığımdan məni tanıdı. Anamı, qardaşlarımı soruşdu. Deməyəsən, bu kişi 17 il həbsdə yatıb, indi Bağırovun işi ilə bağlı istintaqa cəlb olunmuşdu. Atamı da tanıyırmış. Nə üçün bura gəldiyimi soruşdu. Səbəbini dedim. Son dəfə atam üçün nə vaxt həbsxanaya bağlama apardığımızı soruşdu. 1938-ci ilin 3 iyulunda apardığımızı bildirdim. Dedi ki, həmin gün atamı güllələyiblər. Mən ağlamağa başladım. Məni Quskovun müavininin yanına çağırdılar. Quskovla görüşmək istədiyimi dedim, onun kabinetinə apardılar. Quskov 1938-ci ildə – həbs olunduqdan 10 ay sonra atamın güllələndiyini təsdiqlədi. Ərizəmizi Hərbi Tribunalın fövqəladə komissiyasına verdiyini və hər ayın sonunda gedib istintaqın necə aparıldığını öyrənə biləcəyimizi dedi. Hər ay istintaqın gedişatı ilə maraqlanırdım. Bir ildən sonra – 1956-cı il fevralın sonunda Salahovun işini qurtardıqlarını və onun günahsız olduğunu bildirdilər. Bunu deyəndə polkovnik Çesnakov və onun müavinini qucaqlayıb öpdüm. Çesnakov əlavə etdi ki, “yaxşı olardı ki, atan Bağırovu öldürəydi, onsuz da onu güllələdilər, amma minlərlə vətəndaş sağ qalardı”. Yalnız onda bildik ki, atam Mircəfər Bağırovun qarşısını kəsib onu öldürəcəyini deyibmiş.

Bundan sonra işi Moskvaya Ali Məhkəməyə göndərirlər. 5 yaşında olarkən həbs edilən atasının bəraət kağızını 24 yaşında, 1956-cı ilin iyulunda alır. Anası ömrünün axırına, 1984-cü ilə qədər atasına görə fəxri pensiya ilə təmin edilir.

Qeyd edək ki, anası “Azərnəşr”də bir neçə il işlədikdən sonra xəstəxanaya düşdüyündən işdən çıxarılır. Sağalandan sonra uşaq atelyesində işə düzəlir: “Atelyenin müdiri yəhudi Qoda Solomonovna idi. Anamın beş uşağının olduğunu bildiyindən paltarları evdə tikməyə icazə verirdi. Orada işləyən digər yəhudi qadın isə anama şalvar tikməyi öyrədir. Anam biri 30 rubldan hər ay üç şalvar tikir və bizi saxlayırdı. Atelyenin müdiri bir sifarişi qeydiyyata götürmürdü ki, o pulu anama versin. Anama şalvar tikməyi öyrədən yəhudi qadın 90 yaşına qədər yaşadı. Qəzetlərdə Tahir barədə yazı gedəndə anama zəng vurub deyirdi ki, “heç vaxt yadımdan çıxmaz ki, sən uşaqları necə çətinliklə böyütmüsən”.

Oğlanlaın komandasına hakimlik edir

İnstituta “xalq düşməni”nin qızı kimi daxil olsa da, ali məktəbi bitirəndə bu ad üstündən götürülür. Əvvəlcə il yarım Xankəndində müəllim işləyir. Oranın havası səhhətində problem yaratdığına görə Mingəçevirdə dayısıgildə qalaraq işini Xaldanda rus dili müəlliməsi kimi davam etdirir. Mingəçevirdəki məktəblərdən birində də dərs götürür.

Bir dəfə Mingəçevirdə yolla gedəndə cavan oğlan qarşısını kəsib ondan xahiş edir ki, onların basketbol üzrə Zaqatala rayonunun yığma komandası ilə qarşılaşmasında hakimlik etsin. Gənc qız razılaşır. Zaqatala komandası uduzsa da, verilən qərarlardan razı qalırlar. Z.Salahova deyir ki, o vaxt artıq respublika kateqoriyalı hakim idi: “Onda mən başa düşmürdüm ki, balaca şəhərdir, qız uşağının oğlanların oyununa hakimlik etməsi təəccüb doğura bilər”.

Jurnalist fəaliyyəti

Oyundan iki gün sonra şəhərin mərkəzində binalardan birinin qarşısından keçərkən birinci mərtəbədən rus kişi onu redaksiyalarına dəvət edir: “Getdim. “Minqeçaurskiy raboçiy” və “Mingəçevir fəhləsi” qəzetlərinin redaksiyası idi. Məndən xahiş etdilər ki, Mingəçevirdə basketbolun vəziyyəti ilə bağlı məqalə hazırlayım. Razılaşdım və yazdım. Yenidən başqa bir tapşırıq verdilər. Belə-belə tapşırıqların ardı kəsilmədi. 3-4 məqalə yazandan sonra 1960-cı ildə məni işə götürdülər. Əvvəl qəzetin əməkdaşı, sonra şöbə müdiri oldum”.

Mingəçevirdə jurnalistlik fəaliyyətinə başlayan həmsöhbətimiz işini “Sumqayıt kommunisti” qəzetində davam etdirir, qəzet üçün tənqidi yazılar, reportajlar, felyetonlar yazır. “Sumqayıt kommunisti” qəzetində işləyərkən baş redaktorunun təqdimatı ilə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin təlimatçısı vəzifəsinə keçir: “Bir oğlum var idi. Baş redaktorumuz görürdü ki, aldığım maaş yetmir, buna görə məni sözügedən vəzifəyə məsləhət gördü”.

Sumqayıt Şəhər Komitəsində işləyərkən vəzifə pillələrində yavaş-yavaş irəliləyir, Partiya Təşkilat şöbəsində təlimatçı, təbliğat-təşviqat şöbəsində lektor, sözügedən şöbənin müdiri olur. Daha sonra Moskvada Ali Partiya məktəbinə daxil olur, məktəbi bitirməmiş onu Sumqayıtın ikinci katibi seçirlər. Buradan da Azərbaycan KP MK-nin təşkilat-partiya işi şöbəsinin partiya informasiya sektorunun müdiri vəzifəsinə təyin edilir. Daha sonra Könüllü Kitabsevərlər Cəmiyyətinin İdarə Heyəti sədrinin birinci müavini, sədri olur.

“Bilik yoxdursa, irəli getmək çətindir”

Z.Salahova sonda məhrumiyyətlərə, keçdiyi keşməkeşli həyat yoluna baxmayaraq, ayaqda dura, uğur qazana bilməsinin səbəblərindən də danışdı. İlk növbədə bunu aldığı təhsillə əlaqələndirdi: “Bilik olmayandan sonra irəli getmək, nəsə qazanmaq çətindir”.

Z.Salahova ali məktəblərə sənəd verən abituriyentlərin valideynlərinin, qohum-əqrəbasının imtahan zamanı binaların qarşısında durub gözləməsini başa düşmədiyini dedi: “Mənim anam heç vaxt bilməyib ki, mən və qardaşlarım imtahanı necə və harada vermişik”.

Gənclərimizin kompyuterə çox bağlanmasını da bəyənmir: “Biz kitablardan öyrənmişik. Böyük qardaşım Sabir kitabxanadan kitab götürəndə növbə ilə hamımız mütaliə edərdik. Bütün klassikləri oxumuşduq”.

Müsahibimiz bugünkü müəllimlərin biliyindən, dünyagörüşündən də şikayətləndi: “Müəllimə məktəblilərlə İçərişəhərə gəlir, Mirmövsüm ağanın evini soruşur. Siniflə Mirmövsüm ağanın evini ziyarət etmək hansı məntiqə sığar? Yaxud tələbələrin 4 il universitet oxuyan kuratorları gəlib bizdən Şirvanşahlar Sarayının harada olduğunu soruşur. Müəllimlərin, kuratorların səviyyəsinə baxanda təəssüf hissi keçirirəm. Məktəblərdə yaxşı müəllimələr çox azdır. Yaşlı müəllimələri də çıxarıblar. Şirvanşahlar sarayının harada olduğunu bilməyən müəllim şagirdlərə necə dərs deyə, onlara necə örnək ola bilər? Gənclərimiz ölkəmizi irəli aparmaq üçün gərək xalqımızın mədəniyyətini, ədəbiyyatını, tarixini dərindən öyrənsinlər, vətənimizi sevsinlər”.

Lalə MUSAQIZI















Facebook Şərhləndirmə:

Şərhinizi yazın