Menu
Geri İrəli

Aylarla düşmən mühasirəsində qalan azərbaycanlıların acı hekayəti

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2014 • Baxış sayı: 494 dəfə • Şərh yoxdur

selim-mehdiyevSəlim Mehdiyev: “Ərzaq üçün aşağı endiyimiz kəndin içərisində dəfələrlə erməni əsgərləri ilə qarşılaşdıq… Qərara gəldik ki, mühasirədən çıxmağa cəhd edək, ya ermənilər bizi qıracaq, ya da…”

 Son illər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xeyli iş görülüb. Amma müharibə zamanı elə hadisələr, ermənilərin törətdikləri elə vəhşiliklər var ki, onlar nəinki beynəlxalq ictimaiyyətə çatdırılıb, heç Azərbaycan vətəndaşları da bununla bağlı kifayət qədər məlumatlı deyil.

Belə hadisələrdən birinin 21-ci ildönümü məhz bu gündür. Düz 21 il qabaq, 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində Ermənistan silahlı qüvvələri dinc sakinlərə divan tutublar.
Aprelin 2-də Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsinə baxmayaraq rayon mərkəzindən 60 km məsafədə yerləşən, 300-dən yuxarı ev olan Başlıbel kəndini 62 nəfər tərk etməmişdi. İçərisində yaşlılar, uşaqlar və qadınlar da olan 62 kənd sakini dağlara sığınmışdı. Lakin həmin şəxslər cəmi 16 gün kənddən 2 km yüksəlikdəki kahalarda gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və Laçın rayonu ərazisindən bu kəndin ərazisinə keçmiş 8 nəfər azərbaycanlı əsgərdə olan 2 avtomat silahla düşmənə müqavimət göstəriblər. Ermənilər tərəfindən mühasirəyə alınan kənd sakinlərindən 23 nəfər güllələnib, 14 nəfər (qadın, uşaq və qoca) isə girov götürülüb.
Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya müharibəsi iştirakçısı olmuş bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Ruhi xəstə, ahıl yaşda olan kənd sakini Qənaət Ağamirov işgəncə ilə qətlə yetirilib. Düşmən gülləsindən canını qurtara bilən 31 nəfər isə yenidən dağlara çəkilib və daha 103 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalaraq 500 kilometrə yaxın yol qət ediblər. Nəhayət, 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər – II Dünya müharibəsi veteranı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyib orada qalıb. Ələsgər Ələsgərov indiyədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.

Ermənilərin Kəlbəcərin Başlıbel kəndində törətdikləri qətliamdan 21 il ötür 

Qeyd etdiyimiz kimi, ermənilər kahalara sığınan insanları gülləbaran ediblər. Cəmi iki ov tüfəngi olan sakinlər və ermənilərin hücumundan sonra Laçın rayonu ərazisindən Başlıbelə keçən 9 nəfər əsgərdə olan bir neçə avtomatla ermənilərə kahadan müqavimət göstərilib. Əslən Zərdab rayonundan olan əsgər Vüqar Abdullayev bir neçə erməni əsgərini məhv edib. Sakinlərin hamısının məhv edilməsinin qarşısının alınmasında Vüqar Abdullayev əsl qəhrəmanlıq göstərib. Ermənilərin kahaya daxil olmasını xeyli ləngitməyə nail olan Vüqar Abdullayev avtomatının patronu bitənədək döyüşüb, sonra daşla ermənilərə müqavimət göstərib. Hadisə şahidlərinin dediyinə görə, Vüqar ermənilərin onun tutduğu döyüş mövqeyinə bir neçə qumbara atmasından sonra şəhid olub.
Həmin vaxt düşmənə müqavimət göstərən dinc sakinləri qoruyan əsgərlərdən biri də 1974-cü ildə Laçın rayonunda doğulan Səlim Yusifəli oğlu Mehdiyevdir. Səlim Mehdiyev Başlıbeldə 113 gün mühasirədə yaşayanlardan biridir. Hazırda Bakı şəhərində yaşayır. S.Mehdiyev hələ 9-cu sinifdə oxuyarkən Şuşada könüllü batalyonda döyüşüb. 18 yaşında rəsmi olaraq ordu sıralarına götürülüb.
811 saylı hərbi hissədə sıravi əsgər olub. 1992-ci ilin əvvəlindən həmin hərbi hissənin tərkibində Ağdam, Ağdərə, Füzuli və Laçın rayonu ərazilərində düşmənə qarşı döyüşüb. Bir neçə dəfə yaralanıb. 811 saylı batalyon Laçın rayonunun ərazisində döyüşən zaman Kəlbəcərə Ermənistanın genişmiqyaslı hərbi əməliyyatı başlayıb. Erməni silahlı birləşmələri Laçın istiqamətindən də Kəlbəcərə hücuma keçən zaman 811 saylı batalyonun əsgərləri Kəlbəcərin müdafiəsinə istiqamətləniblər. Nəticədə batalyon xeyli itki verib, qalan əsgərlər isə kiçik qruplar şəklində səpələniblər. Səlim Mehdiyev və 8 əsgər yoldaşı aprelin 1-də Kəlbəcərin Başlıbel kəndinə gedib çıxıblar. Kənddə qalan 60-dan yuxarı dinc sakinlə görüşdükdən sonra qərara gəliblər ki, onlarla birlikdə hərəkət etsinlər.
İki övlad atası olan keçmiş döyüşçü Səlim Mehdiyevlə Şəhidlər Xiyabanında şəhidləri yad edərkən görüşdük. Mühasirədə yaşadıqları vəhşəti qısa da olsa xatırlamasını xahiş etdik. Onun xatirələrini ixtisarla təqdim edirik:
“Aprelin 2-də ermənilər bütün Kəlbəcəri işğal etdikdən sonra qərara gəldik ki, kənddən təxminən iki kilometr yuxarıda hündürlükdəki ”Qayabaşı” adlanan kahalara sığınaq. Biz kahalara yerləşdikdən sonra kəndə erməni əsgərləri hərbi texnika ilə daxil oldular. Bir neçə evi yandırdılar. Durbinlə kənddə ermənilərin necə hərəkət etdiklərini izləyirdik. Aprelin 18-dək ermənilər kahada gizlənənlərin olduğundan məlumatsız idilər. Həmin gün “Niva” maşını ilə kahanın yaxınlığına gəldilər. Sanki şübhələnmişdilər və dəqiqləşmə aparırdılar. Bizim orada olduğumuzu görüb atəş açmağa başladılar. 29 yaşlı kənd sakini Elşad Əzizov qolundan yaralandı. Ermənilərə cavab atəşi açdıq və dörd nəfərdən ikisini öldürə bildik. Birini mən vurdum. Digərini Cəllət adlı əsgər yoldaşım vurdu. Sağ qalanlar gəldikləri maşınla sürətlə geri qayıtdılar. Biz artıq kahanı tərk etməyə və yerimizi dəyişməyə macal tapmamış bir də gördük ki, “Ural” maşının üstü dolu erməni əsgərləri kahanın qarşısına gəldilər. Kahanı üç tərəfdən mühasirəyə alıb gülləyə tutdular. Artıq qaranlıq düşürdü və bir neçə saat idi onlara müqavimət göstərirdik. Müqavimət nəticəsində itki vermələri, bir anın içində dəhşətli çovğun və havanın qaralması erməniləri bir qədər çaş-baş saldı. Məhz buna görə onlar kahada olanların hamısını qıra və əsir götürə bilmədilər.
Sağ qalıb ələ keçməyənlər qaçıb pərən-pərən düşdülər. Bir neçə gün sonra toplana bildik və kənddən xeyli aralıda dağların əhatəsində olan “Nəbi” kahası adlanan kahaya yerləşdik. Məşəqqətli uzunmüddətli mühasirə həyatı buradan başladı. Ermənilərin aprelin 18-də qətlə yetirdikləri 20-yə yaxın dinc sakinin və əsgər Vüqar Abdullayevin cəsədini təxminən bir aydan sonra gizlində gəlib dəfn edə bildik. O vaxta qədər oraya yaxınlaşmaq mümkün deyildi. Biz həmin müddətdə faktiki olaraq partizan müharibəsi aparırdıq. Evlərdə qalan ərzaq məhsullarını ələ keçirmək üçün gizlində kəndə düşürdük. Bu işdə ən aktiv və qorxmaz şəxs 25 yaşlı kənd sakini İsmət Əzizov idi. Şəxsən mən İsmət Əzizovla, Mahir Cəfərovla və Qəzənfər adlı daha bir kənd sakini ilə dəfələrlə kəndin içərisində erməni əsgərlərlə qarşılaşmışıq. Onu da deyim ki, hazırda İsmət Əzizov Bakıda yaşayır. Kənd sakinlərinin acından ölməyib sağ qalmasında onun xidmətlərini heç cür unutmaq olmaz. Elə anlar olub ki, bizim yeyəcək əldə etmək üçün daxil olmaq istədiyimiz evdə erməni əsgərlərin toyuq qızardıb yeyib-içdiklərini pəncərədən görmüşük. Ermənilər də bizi gördülər və bizi diri tutmaq üçün kəndin aralarında arxamızca qaçdılar. Kəndin bütün ara küçələrini dəqiq bildiyimizdən onları çaşdırıb aradan çıxa bildik. Ermənilər aprelin 18-də kahaya hücum edən zaman ciddi müqavimətlə qarşılaşdıqları və itkilər verdikləri üçün hiss olunurdu ki, səksəkədədirlər. Görünür, bizim onları pusquya salıb məhv edəcəyimizdən ehtiyatlanıb bizi axtarmaqdan vaz keçdilər. Aclıqdan ölürdük. Bir neçə saat kənddə evlərin birinin damında gizləndik.
Onu da deyim ki, Başlıbel kəndi çox böyük idi. Kəndin ayağından başına qədər 3 kilometrdən artıq məsafə var idi. Ona görə də elə kəndin bir tərəfində ermənilər olanda o biri tərəfində ərzaq üçün kəndə düşən bizlər hərəkət edirdik. Dediyim kimi, bəzən qarşılaşırdıq. Çox vaxt isə elə gizli hərəkət edirdik ki, düşmənlər bizi fərq etmirdilər. Bizi qovan ermənilər toyuq yedikləri evə qayıtmadılar. Ola bilsin ki, yerlərinin müəyyən edildiyini nəzərə alıb belə etdilər. Yerlərini kəndin aşağı hissəsinə dəyişdilər. Biz bu vəziyyətdən istifadə edib erməni əsgərlərin əvvəl yeyib-içdikləri evə qayıtdıq. Evə daxil olub onların qızartdıqları, lakin hamısını yemədikləri toyuğu yedik. Evdə əlimizə keçən digər ərzaq məhsullarını isə götürüb kahadakı kənd sakinləri üçün apardıq. Elə hallar da olurdu ki, biz damında gizləndiyimiz anda həmin evə ermənilər gəliblər və evi qarət edib gediblər. Bəxtimiz gətirib ki, onların başı evləri qarət eləməyə, mal-qoyunu daşımağa qarışıb və dama çıxmayıblar. Onu da deyim ki, Başlıbel kəndinin əhalisi evindən bir stəkanını belə çıxarıb apara bilməmişdi. Bütün evlər dopdolu qalmışdı, əhalinin minlərlə baş qoyunu, mal-qarası yiyəsiz qalıb səpələnmişdi kəndin içinə və ətrafına. Ac itlər körpə heyvanları diri-diri parçalayırdı. Ermənilər isə itlərdən betər acgözlüklə evlərin bütün əşyalarını, çöllərə səpələnən mal-qaranı toplayıb aparırdılar. Bütün faciələr, adamın qanını donduran mənzərə bizim gözlərimizin qarşısında baş verirdi. Bizim o anlarda hansı hissləri keçirdiyimizi o anları yaşamayan insanın tam təsəvvür etməsi mümkünsüzdür. Təsəvvür edirsinizmi ki, gözünün qarşısında düşmən kəndini – mən Başlıbeli də öz kəndim hesab edirəm – el-obanın var-dövlətini talan edir, sən isə mühasirədə olduğun və köməksiz qaldığın üçün heç nə edə bilmirsən. Bu mənəvi iztirabı yaşamaq ölümə bərabər idi. Biz faktiki olaraq 4 ay ərzində hər gün ölüb-dirilirdik. Hər günümüzü son günümüz hesab edirdik. Ermənilərin aprelin 18-də hücumu zamanı yaralananların yarasını dərman olmadığı üçün quzu kəsib dərisinə bükərək sağaldırdıq.
Kənddən apardığımız radio ilə hər gün Azərbaycan radiosunun xəbərlər proqramını dinləyirdik. Aprel ayında BMT-nin Kəlbəcərin qeyd-şərtsiz boşaldılması tələbi ilə qəbul etdiyi 822  saylı qətnamə və may ayında Türkiyə prezidenti Turqut Özalın Azərbaycana səfər edib Ermənistanı Kəlbəcəri azad etməyə məcbur edəcəyini bəyan eləməsini kahada xəbərlərdə eşitdik. Bu xəbər mühasirədə qalanlar arasında sevinclə qarşılandı və Kəlbəcərin azad olunacağına ümidimiz artdı. Biz Azərbaycan dövlətinin Kəlbəcər kimi strateji rayonu mütləq təcili azad edəcəyini düşünürdük. Hər gün qulağımız səsdə idi ki, Azərbaycan ordusu Kəlbəcərin azad olunması üçün əməliyyatlara başlayacaq. Lakin günlər keçdikcə, ümidimiz azalırdı. İyun ayında radiodan eşitdik ki, Surət Hüseynov qiyam qaldırıb, Bakıda hakimiyyət uğrunda savaş gedir. Bu xəbərdən sonra ümidimiz demək olar ki, qırıldı və artıq mühasirədən necə çıxmaq barədə düşünməyə başladıq. Plan qurub bir neçə dəfə cəhd etsək də getdiyimiz hər yerdə ermənilərin olduğunu gördük. Artıq iyul ayı gəlib çatdı və ərzağımız da tükənmişdi.
Kənddə və ərzaq üçün getdiyimiz qonşu kəndlərdə yandırılmayan evlərdə də heç nə qalmamışdı. Demək olar ki, meyvə yeməklə və su ilə yaşayırdıq. Körpə uşaqlar çörəksiz, yeməksiz dözə bilmirdilər. Ona görə də qərara gəldik ki, iyul ayının sonuna kimi mütləq getməliyik, onsuz da mühasirədən çıxmasaq acından qırılacağıq, çıxmağa cəhd edək, ya ermənilər bizi qıracaq, ya da mühasirədən çıxacağıq. İyul ayının 17-də Başlıbelin ərazisini tərk edib yola çıxdıq. Dağlarla, bir çox hallarda çayların içi ilə, meşələrlə yol gəldik. Yolda bir neçə erməni əsgəri camaatı gördü. Tərtər çayının yanı meşəlik ərazi idi. Meşəyə çəkildik. Tərtər çayından keçərkən bir neçə nəfəri çay bir neçə yüz metr aparmışdı. Həmin şəxslər çayın üstünə sallanan ağac budaqlarından yapışıb çıxa bilmişdilər. Onu da deyim ki, gündüzlər əsasən hərəkət etmirdik. Gecələr yol qət edirdik. Bax, bu cür əziyyətlərlə beş gündən sonra Kəlbəcərdən Daşkəsən rayonu ərazisinə keçə bildik. Biz Daşkəsənə keçərkən Azərbaycan əsgərləri postdan bizi görmüşdülər. 4 ay ərzində saç-saqqalı qırxılmayan, çöllərdə, kahada yaşayan insanın görünüşünü yəqin ki, təsəvvür edirsiniz. Azərbaycan əsgərləri də bu sifətdə olan bizləri erməni zənn etmişdilər. Atəş açmaq istəyəndə qışqırıb mühasirədə qalan azərbaycanlılar olduğumuzu bildirdik. Bizi oradan Gəncəyə gətirdilər. Sağ qalıb hələ də yaşadığımıza və artıq mühasirədə olmadığımıza inana bilmirdik”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın