Menu
Geri İrəli

Bacarırsan yaşa, bacarmırsan öl!

Müəllif: sumqayitxeber.com • Tarix: 24 May 2015 • Baxış sayı: 451 dəfə • Şərh yoxdur

Mahir Qabiloğlu

mahir22Sovet ailə modeli 

Yetim oğlanam. Subayam. Evlənmək istəyirəm. O qədər planım, arzularım var ki… Zavodda işə düzəlmişəm. Yarımı da orda tapmışam. Pulumuz yox idi, zavod bizimçün  komsomol toyu elədi. Verilən hədiyyələr isə cehizimiz oldu. Yaşamağa yerimiz yox idi. Ailə yataqxanasında yer verdilər. Qiyabi olaraq  təhsilimi davam etdirdim. Yoldaşım hamilə qaldı. Doğuşa 3 ay qalmış məcburi analıq məzuniyyətinə – dekretə çıxardılar. Üç aylıq maaşını əvvəlcədən tam ödədilər. Arzuma çatdım  - doğum şöbəsində  kim ilk olaraq mənə oğlumun şad xəbərin verdisə, məcburi cibinə 3 rubl muştuluq qoydum. Dostlarımla birlikdə uşağı xəstəxanadan çıxardıq. Həmkarlar təşkilatının xəttiylə bizə gənc ailə kimi yardım ayrıldı. Kolyaska, paltaryuyan maşın hədiyyə etdilər. Yeni tikilən evdə 2 otaqlı təmirli mənzil də ayırdılar. Dövlət həyat yoldaşıma bir il yarım ödənişli, bir il yarım da ödənişsiz dekret hüququ verdi. Arvadım il yarımdan sonra işə çıxdı, uşağı isə bağçaya verdik. Dövlətdən uşaqpulu da almağa başladıq. Üstəlik dövlət tərəfindən məndən və yoldaşımdan tutulan “uşağın olmadığına görə” vergisi də ləğv olundu. Yoldaşım yenidən hamilə qaldı. Bir qızımız dünyaya gəldi. Həmkarların sədri gəldi ki, bəs ərizə yaz. İkiotaqlı mənzili təhvil ver. Sənə üçotaqlı düşür. Axı, uşaqların müxtəlif cinsdəndir. Beləcə onları böyütdüm. Ali təhsil də aldıq. İldə bir dəfə də həmkarlar komitəsinin xəttiylə kurort və sanatoriyaya da gedirdik. Xoşbəxt idik. Xoşbəxt Sovet ailəsi. Hər ay gəlib dəyirdilər. Arvada bir çırtma vursaydım zavodda müzakirəyə çıxarırdılar. Problemlərimizlə maraqlanırdılar. Hərdən əsəbləşib “bəsdirin də qarışdız daxili işimizə. İmkan verin rahat yaşayaq” deyə qışqırırdım zavoddan gələnlərin üstünə. Deyirdilər: “Sən sosializmdə yaşayırsan. Böyük Sovet ailəsinin bir üzvüsən. Biz kommunizmin qurucularıyıq. Sosializmin qanunları belədir: İstəsən də yaşadacağıq səni, istəməsən də…”.

İndiki ailə modeli

Cavan oğlanam. Subayam. Evlənmək istəyirəm. O qədər planım, arzularım var ki… Atamdır, anamdır, bir də bacım.  25 ildir ki, 3 otaqlı mənzildə yaşayırıq. Sovet dövründə atamla, anama vermişdilər -  işlədikləri zavoddan. Mən  özəl firmada işləyirəm, maaşım da azdır. Bir qıza vurulmuşam. O da mənimlə işləyir.  Elçi gediblər. Hərisin də alıblar. Səhəri gün firmanın yiyəsi təbrik əvəzinə nişanlıma nə desə yaxşıdır?

“Ay qızım, bilirsən də, mən işə evli, uşağı olan qadınları götürmürəm.  Bir gün işə gecikirlər, deyirlər ki, “yuxuya qalmışam”. Ertəsi gün “uşaq xəstəydi”. O biri gün “ərimin təzyiqi qalxmışdı”. Ona görə də bütün bunları nəzərə alıb belə qərar vermişəm. İşə girəndə səni də xəbərdar etmişdim. Toyun səhərisi günü ərizəni yaza bilərsən. Bir də ki, bura mənim özəl firmamdır. Dədəmin artıq pulu yoxdur sabah sənə cibimdən “dekretnı” verim”

Nə isə birinci qız evi toy elədi. Yığılan pulun əsas hissəsini verdilər şadlıq evinin müdirinə. Qalan hissəsinə də bir taxt aldılar, bir dənə də televizor. Lap pul çox olsaydı da… ayrıca mənzilim yox idi.  Atam 3 otaqdan birini bizə  ayırmışdı.  İçərisində də köhnə ver-veşi. Sonra biz toy etdik. Yığdığımız pul da qismət oldu şadlıq evinin yiyəsinə. Gəlini evə gətirdim. Səhəri gün  gedib guya ki, öz xahişiylə işdən azad olundu. Aylar keçdi.  Yoldaşım hamilə qaldı. Doğum evinə gec getdim. Xərcini qızın ata-anası çəksin deyə. Əkən mən, qabağa duran onlar. Neyləsinlər, qızlarıdır da. Mən özgə oğluyam. Yiyə durmayacaqlar, Allah eləməmiş ölsə, mənə nə var ki, özgə oğluyam. Gedib başqasını alacağam. Başa düşürlər. Uşağı doğum evindən  çıxartdıq. Getdi atası evinə. 40-ı çıxandan sonra qayıtdı. Maaşım artmadı, yükümün biri isə artdı. Atam, anamın pensiyası gəlirdi köməyimizə. Evimiz, cındır  ”Jiquli”miz olduğuna görə sosial yardım da ala bilmirdim. Uşaq pulu da yox.
Qaynanamın, qaynatamın da bir əli üstümüzdə idi. Uşağın “pampers”i, “smes”i, kaşası nəyi, nəyi  onlara baxırdı. “Kolyaska”, “xodinok”, oyuncaqlar qaynımın  dayılıq borcu idi. Ərindən boşanan bacım isə baldızlığından geri qalmırdı. Qaynananın qahmar çıxmağı da öz yerində.  2-ci uşaq da dünyaya gəlmişdi. Kurort, sanatoriya nədir? Heç bulvara da apara bilmirdim. Kaçelinin bir biletinin qiymətinə 3 dənə çörək alardım da. Dondurma,  şokolada “kıxx” deməkdən yorulmuşdum. Atam, anam da sovet dövründən nostalji hislərlə danışanda əsəbiləşirdim. Cımxırırdım üstlərinə. Fəxrlə deyirdim. “Mən azad, müstəqil bir dövlətin vətəndaşıyam. İndi neyləyək ki, kapitalizmin qanunları belədir: Bacarırsan yaşa, bacarmırsan öl!”

modern.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın