Menu
Geri İrəli

Bir ay davam edən su səyahəti Sumqayıtda möhtəşəm festivalla yekunlaşdı

Müəllif: sumqayitxeber.com • Tarix: 6 May 2017 • Baxış sayı: 1,093 dəfə • Şərh yoxdur

Aprelin 5-dən mayın 5-dək davam edən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin sonuncu ünvanı Sumqayıt şəhəri olub.

AZƏRTAC xəbər verir ki, mayın 5-də axşam saatlarında Bayraq meydanında keçirilən su festivalını minlərlə sakin izləyib.

Festivalın əvvəlində iştirakçılara “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları haqqında məlumat verilib. Bildirilib ki, 50-dən çox İslam ölkəsindən olan üç mindən artıq atlet idmanın 20 növü üzrə on yarış günü ərzində mübarizə aparacaq. Mayın 12-dən 22-dək davam edəcək yarışlar Bakının ən müasir 16 idman meydançasında təşkil olunacaq. İslam Həmrəyliyi Oyunlarının təşkilinin əsas məqsədi İslam ölkələri arasında həmrəylik və əməkdaşlıq ruhunun möhkəmləndirilməsi və müsəlman gəncləri arasında əlaqələrin inkişaf etdirilməsidir.

Daha sonra festival iştirakçıları “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan səhəngi sumqayıtlı uşağa təhvil verməsi görüntülərini izləyiblər. Xəzər dənizindən götürülmüş suyun keçdiyi səyahət yoluna nəzər salınıb.

Oyunların ulduz səfiri, Əməkdar Artist Tünzalə Ağayevanın, ifaçılar Fəhmin Əhmədli və Leyla Məmmədovanın, “Mirvari” rəqs qrupunun ifaları, möhtəşəm su effekti və atəşfəşanlıq sumqayıtlılara və şəhərin qonaqlarına unudulmaz anlar yaşadıb.

Sumqayıtda Almaniyanın Lüdviqshafen şəhəri ilə dostluğun 30, tərəfdaşlıq əlaqələrinin yaradılmasının isə 40 illiyi münasibətilə keçirilən yubiley tədbirlərində iştirak edən alman nümayəndə heyəti də festivalı izləyənlər arasında olub.

Möhtəşəm su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığını bildirən yunan-Roma güləşi üzrə gənclər arasında Avropa çempionu, dünya kubokunun gümüş medal mükafatçısı Nofəl Babayev deyib: “Ölkəmizi təmsil edən hər bir idmançı bu vəzifənin məsuliyyətini hiss edir və əlbəttə ki, yarışlarda yalnız uğur qazanmağı düşünür, bunun üçün gərgin məşqlər edir. İstər idmançılar, istərsə də tamaşaçılar İslam Həmrəyliyi Oyunlarının dəyərlərini yüksək qiymətləndirməli və digər müsəlman ölkələrindən ölkəmizə təşrif buyuracaq hər kəsə bu dəyərləri təbliğ etməlidir”.

Xatırladaq ki, su səyahətinin sonuncu mərhələsinə səhər saatlarında Sumqayıtda Xəzərin sahilindən suyun götürülməsi ilə start verilib.

Prezident təqaüdçüsü, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Məmməd Eyvazov, yunan-Roma güləşi üzrə gənclər arasında Avropa çempionu, dünya kubokunun gümüş medal mükafatçısı Nofəl Babayev və futbol həvəskarı Səlim İmranlı “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Sumqayıtda Xəzərin sahilindən su ilə doldurublar.

Sonra “Domestic Grassroots” proqramı çərçivəsində Sumqayıt Olimpiya İdman Kompleksində “Sport joys – Regional idman tədbiri” keçirilib. IV İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə reallaşan tədbirdə müxtəlif idman müsabiqələri təşkil olunub.

Tədbirin qonaqları arasında Oyunların idmançı səfiri İlham Zəkiyev, ulduz səfirlər Rəfael İsgəndərov, Coşqun Rəhimov, Müşviq Abbasov və Hacı Nuran da var idi.

Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Musiqili-əyləncəli idman tədbiri iştirakçılara xoş anlar yaşadıb. Qaliblərə mükafatlar təqdim olunub.

On beş bölgəni əhatə edən Xəzərdən başlayan su səyahəti 3 min kilometr məsafəni qət etməklə mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Ölkəmizin müxtəlif şəhər və rayonlarından olan uşaqlar və idmançılar göl, çay, şəlalə və bulaqlardan topladıqları Azərbaycanın saf suları ilə gələn həftə Bakıya toplaşacaq İslam dünyasının 50-dən çox dövlətinin nümayəndə heyətlərini salamlayacaqlar.

14940024621571465437_1000x669 14940024622102724934_1000x669 14940024622571713551_1000x669 14940024624529849460_1000x669 1494002462532408261_1000x669 1494002462592801070_1000x669 14940024626186223602_1000x669 14940024626524663349_1000x669 14940024626537447425_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın