Menu
Geri İrəli

«Bizim sənətin ən böyük sirri onu sevməkdir» – Sadə peşə adamı

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Aprel 2014 • Baxış sayı: 410 dəfə • Şərh yoxdur

behruz-memmedov-genclik (1)

Bəhruz Məmmədov: «Valideynlər övladlarını diplom almağa yox, sevdikləri işin arxasınca getməyə məcbur etməlidir»

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) günü-gündən inkişaf etməsi son illər bu sahəyə marağı artırıb. Təsadüfi deyil ki, kompyuter əsri sayılan XXI əsrdə İKT, həqiqətən də, dünya əhalisinin böyük hissəsini öz təsir dairəsinə ala bilib. Biz də «Gənclik qəzeti»nin bu sayında dövrümüzün ən məşhur peşələrindən sayılan informasiya texnologiyaları üzrə mühəndislə söhbətləşmək, sənətinin sirlərini öyrənmək qərarına gəldik. Rubrikamızın İT üzrə mühəndis Bəhruz Məmmədovdur. Bəhruz, bir çox peşə sahibindən fərqli olaraq ali təhsillidir.

“Evdə mühəndis çoxdur, tərcüməçimiz də olsun”

Həmsöhbətimiz Bakı Slavyan Universitetinin tərcümə fakültəsini bitirməsinə baxmayaraq, bu sahəyə marağı olmadığı üçün ali təhsil aldığı sənətinin arxasınca getməyib. Onun sözlərinə görə, mühəndisliyi layiqincə icra etdiyi kimi, tərcüməçilik sənətini də gözəl bilirmiş, lakin universiteti bitirdikdən sonra, diplomundan istifadə etməyib. Bəhruz deyir ki, onun üçün önəmli olan diplom xatirinə oxumaq yox, sevdiyi işin arxasınca gedə bilməkdir:

“Ailəmdə hamı mühəndis olduğu üçün mühəndisliyə böyük həvəsim var idi. Lakin valideynlərim “evdə mühəndis çoxdur, tərcüməçimiz də olsun” deyərək Azərbaycan Dillər Universitetinə sənəd verməyimi istədilər. Ailəmin istədiyini etdim və yüksək balla rus, ingilis dilləri üzrə tərcüməçilik fakültəsinə daxil oldum. Düzdür, ixtisasımın da öhdəsindən layiqincə gələ bilirdim. Amma sənətimi sevmədiyimdən bu sahədə özümü xoşbəxt hiss etməyim mümkün deyildi. Bunu anladığımdan elə universitetdə oxuyarkən informasiya texnologiyaları ilə maraqlanmağa başlamışdım”.

Pul qazanmaq məqsədi güdmürəm

İngilis, rus dillərini mükəmməl səviyyədə bilən həmsöhbətimizin sözlərinə görə, o, sevdiyi peşəni ilk olaraq öz dostundan öyrənib: “Ümumiyyətlə, uşaqlıqdan bütün oğlan uşaqları kimi mən də oyuncaqları söküb yığmağa çalışırdım. Sonra məktəbdə fizika dərslərinə həvəsim var idi. Orada keçdiklərimizi evdə eksperiment edirdim. İnformasiya texnologiyalarına marağım birinci kursdan başladı. Yaxın dostumun bu işlə məşğul olması mənim də diqqətimi çəkdi. Fikirləşdim ki, mən də uşaqlıqdan bu sənəti sevmişəm, amma mənim uşaqlıqda gördüyüm işləri dostum böyüyəndə həyata keçirir. Dostumun da dəstəyi ilə informasiya texnologiyaları ilə maraqlanmağa başladım. Sonra kurslara gedərək özümü daha da təkmilləşdirdim. Tərcüməçilik fakültəsini bitirdiyim üçün uğur qazanmağımda universitetimin də çox faydası oldu. Çünki, İT sahəsində kitablar əsasən ingilis, rus dillərində olurdu. Bu dilləri öyrənməyim də mənim üçün avantaj oldu. Demək olar ki, bu sahədə bütün kitabları oxudum və kurslara getdim”.

26 yaşlı müsahibimiz deyir ki, onun üçün heç vaxt icra etdiyi peşədə nə qədər qazanacağı önəmli olmayıb. Pul onun həyatında həmişə ikinci planda olub: “Bu sənətdə uğur qazanmağımın əsas səbəbi heç bir maddiyyat güdmədən sevdiyim işin arxasınca getməyim olub. Tələbəlik illərində 1 il yarım pulsuz işləmişəm. Üstəlik, qazancımın olmamasına baxmayaraq, işimi sevə-sevə görürdüm. Daha sonra bir sıra şirkətlərdə az maaşla çalışdım və maaşım 100 manatdan başlayaraq artdı. İndi isə Türkiyə şirkəti “Koç” Holdingin tərkibində olan “Koç” sistemdə internet texnologiyaları üzrə mühəndis kimi çalışıram və gəlirimdən razıyam”.

İşimi görməkdən həzz alıram

İşinin incəliklərindən danışan həmsöhbətimiz deyir ki, bu sənəti öyrənməyin sirri ancaq onu sevməkdir: “İnsan həmişə sevdiyi işi görməlidir. Bizim də sənətin ən böyük sirri onu sevməkdir. İT-ni sevməyən, yalnız pul qazanmaq xatirinə gələn insanlar bu sənətdə qabağa gedə bilmirlər. Çünki İT elə bir sahədir ki, daim yenilənir və bu yenilənmənin təqib etmək üçün daim oxumalısan. Heç kim saatlarla sevmədiyi kitabı oxumaz. Heç bir insan yuxusuna haram qatıb gecə sevmədiyi işlə məşğul olmaz. Şəxsən mən hər hansı problemin üzərində saatlarla düşündükdən sonra, həlli yolunu tapanda yorğunluğumu hiss etmirəm. Həmin vaxt elə hisslər keçirirəm ki, onu sözlə ifadə etmək olmur. İşimin üzərində saatlarla, günlərlə işlədikdə problem həll olduqdan sonra aldığım həzzi heç bir şey mənə verə bilmir. İşimi bunun üçün sevirəm. İT elə bir işdir ki, bəzən işin 10 dəqiqə, bəzən saatlarla, bəzən də günlərlə davam edir. İşdən gəldikdən sonra da, ancaq kitab oxuyur, saytlara girir, peşəmin incəliklərini öyrənirdim. Bu iş mənim həyatımdır, bütün həyatımı bu işi öyrənməyə sərf etmişdim və əziyyətimin də bəhrəsini gördüm”.

Diplom önəmli deyil

Həyatda ali təhsilin vacib olmadığını bildirən həmsöhbətimiz deyir ki, valideynlər övladlarını diplom almağa yox, sevdikləri işin arxasınca getmələrinə məcbur etməlidirlər. Müsahibimizin sözlərinə görə, əgər gördüyün iş səni xoşbəxt etmirsə, o işdə heç zaman uğur qazana bilmirsən: “Məncə, həyatda ali təhsil o qədər də vacib deyil. Məsələn, mən yüksək balla universitetə daxil oldum və diplomumu aldım. İndi ondan istifadə etmirəm və gələcəkdə də diplomun məənə lazım olacağını düşünmürəm. İnsan nəyi istəyirsə onun arxasınca getməlidir. Bizim ölkədə hamı ali təhsil almaq istəyir. Sənəti də gəlirə əsasən seçirlər. Gənclər sevdikləri sahəyə yox, gəlir gətirən sahəyə qaçırlar. Valideynlər övladlarına müstəqil qərar verməyi öyrətməlidirlər. Çünki, artıq zəmanə dəyişib. Əvvəl insanlar hər şeyi dövlətdən gözləyirdi. Kapitalist cəmiyyətlərdə insan özü öz bacarığı ilə hansısa səviyyəyə gəlib çatır. Üstəlik, seçim də çoxdur. Nəyi sevdiyini insan vaxtında kəşf etməlidir”.

Sənətin mənfi tərəfi

Azərbaycanda İnformasiya Texnologiya sahəsi üzrə savadlı kadrların olmasından söhbət açan həmsöhbətimiz gələcək planlarından da danışdı. Onun sözlərinə görə, müəyyən yaşdan sonra bu işi atmaq məcburiyyətində qalacaq: “Azərbaycanda İT sahəsinin gələcəyi var. Bu sahədə çalışan savadlı kadrlarımız da az deyil. Hər şey ehtiyacdan doğur. Bu sahəyə nə qədər ehtiyac varsa, o qədər də inkişaf edəcək. Sənətin mənfi tərəfi odur ki, İT elə bir sahədir ki, onunla müəyyən yaşa qədər məşğul olmaq mümkündür. Çünki insan beyni müəyyən yaşdan sonra yeni şeyləri çətin qəbul edir. Mən də müəyyən yaşdan sonra İT üzrə mühəndisliyi buraxıb, menecer kimi çalışmağı düşünürəm”.

Aygün ƏZİZ, kaspi.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın