Menu
Geri İrəli

Bulvarda çay su qiymətinə deyil: “Durun gedin deyə bilmərik…”

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyun 2015 • Baxış sayı: 589 dəfə • Şərh yoxdur
Share Button

cay3- Salam. Biz sadə çay istəyirik.

- Yanında nə olsun?

- Heç nə olmasa, olmaz?

- Yox, mütləq iki əlavə olmalıdır”…

Yəqin ki, bu məzmunda dialoq Dənizkənarı Milli Parkdakı çay evlərinin birində oturub çay içmək istəyən hər kəsə tanışdır. Bu hal əslində müştəri hüquqlarının pozulması sayılsa da hamımız çayın yanındakı məcburi əlavələrə adət etmişik.

Dənizkənarı Milli Park İdarəsinin (qısaca Bulvar İdarəsi) rəis müavini Nazim Məcidov elə bu gün mətbuata açıqlamasında bildirib ki, bulvar ərazisindəki çay evlərində, kafelərdə müştərilərə məcburi heç nə satıla bilməz və çayın qiyməti 2 manat, mürəbbə ilə birgə qiyməti isə 3 manat olmalıdır. Əks halda bunu edənlər cəzalandırılır, yəni işdən qovulur.

Nazim Məcidov qanunun tələbini açıqlayıb. Bəs əslində vəziyyət necədir?

Virtualaz.org saytı da bulvardakı çay evlərində vəziyyətin əslində necə olduğunu öyrənməyə çalışıb. Bu məqsədlə bir neçə çay evində olub qiymətlərlə maraqlandıq.

İlk dayanacağımız “Lalə” çay evidir. Yaxınlaşıb çay içmək istədiyimizi deyirik. Ofisiantın ilk sualı belə olur: “Çayın yanında əlavə nə olacaq?”

“Sadəcə çay içə bilmərikmi” sualımızı isə o, belə cavablandırır:

- Çay dəstimiz var. Əgər dəst istəmirsinizsə, çayın yanında ən azı iki əlavə ilə – yarım dəst verə bilərik. Məsələn, mürəbbə ilə çay alırsınızsa, yanında mütləq

başqa bir şey də olmalıdır.

- Həmin “mütləq əlavə” nədir?

- Ekler, paxlava və s. ola bilər. Misal üçün, ekler, paxlava və bir çay

versək, qiymət 11 manat olur.

- Eklersiz, paxlavasız çay içə bilmərik? - Digər masalara da baxsanız görərsiniz ki, hər stolda çayın yanında ən azı iki əlavə var.

Dialoqumuz ofisianta bizim hüquqlarımızı pozduğunu sübut etmək cəhdlərimizlə davam edir. Amma nəticədə öyrənirik ki, burada bir çaynik çay ən ucuz halda 10-11 manata, ən bahalı halda isə 30 manata başa gəlir. 30 manatlıq çay dəsgahdır və ora iki növ paxlava, ekler, mürəbbə və şokolad daxildir.

Nəhayət, biz Bulvar İdarəsinin “Qaynar xətt”indən söz açıb şikayət etmək hüququmuzun olduğunu deyirik. Maraqlıdır ki, onlar da “Qaynar xətt”lə tanışdır. Və bunu eşidən kimi təkcə mürəbbə ilə, hətta mürəbbəsiz də sadə çay verə biləcəklərini deyirlər.

Sonda isə bizi “Siz şikayət edən adama oxşamırsınız” sözü ilə yola salırlar. Bunun hüquqları pozmağa nə dərəcədə aidiyyətinin olduğunu isə təəssüf ki, yalnız onlar bilir.

Buradan fərqli olaraq “Dəniz” çay evində bizi çayla içə biləcəyimiz əlavələrlə ofisiant yox, menyu tanış elədi. Menyudakı qiymətlərə görə, bir çaynik çay 2 manat, yanında veriləcək hər hansısa mürəbbə isə 5 manatdır. Yəni burada oturub mürəbbə ilə bir çaynik çay içmək 7 manata başa gəlir.

Nəhayət, ofisiant yaxınlaşır və biz mürəbbəsiz çay içə bilib-bilməyəcəyimizi soruşuruq.

Ofisiant bildirir ki, arzumuza uyğun olaraq həm sadə, həm də mürəbbə ilə çay içə bilərik. Yəni müştəriyə heç bir məcburiyyət yoxdur.

“Rast” kafesində də vəziyyət “Dəniz”dəki kimidir. Çay 2 manat, yanında mürəbbə alanda isə 7 manata başa gəlir.

“Çay mütləq mürəbbə, və ya digər əlavə ilə verilirmi” sualımıza isə kafenin işçisi belə cavab verir: “Problem deyil, necə istəyirsinizsə, elə veririk”.

Ard-arda iki çay evində müştərinin “seçim azadlığı” ilə rastlaşmağımız bizi ümidləndirir ki, bəlkə elə yuxarıda adını qeyd etdiyimiz çay evi istisna olmaqla hamısı bu qaydaya əməl edir…

Amma “Delfin” çay evi necə deyərlər, bütün ümidlərimizi alt-üst edir. Belə ki, buranın da işçisi sadəcə çay verilmədiyini, yanında hansısa əlavənin mütləq olduğunu deyir: “Çayın qiyməti 2 manatdır, mürəbbə ilə birlikdə 6 manatdır”.

Burada da “Qaynar xətt”i xatırladan kimi ofisiant sadə çay verə biləcəyini deyir.

Növbəti dayanacağımız isə “Günəşli” kafedir. Burada da öyrənirik ki, həm çay dəsti verilir, həm də müştərinin seçimi ilə mürəbbə, və ya şokoladın daxil olduğu yarım-dəst verilir: “Mürəbbələrin qiyməti 3-5 manat arasında dəyişir. Ağ gilas və qoz mürəbbələri 5 manatdır”.

“Sadəcə çay içmək olmaz?” – deyə soruşuruq.

Cavabları belə olur: “Yox, amma çox məcbur olanda sizə “durun gedin” deyə bilmərik. Bizə dəst verməyi tapşırıblar. Əvvəllər də belə idi, amma indi deyirlər ki, mütləq iki əlavə olsun”.

Reportaj zamanı diqqətimizi çəkən əsas məqam baş çəkdiyimiz çay evlərinin demək olar ki, hamısında onların “Qaynar xətt” barədə məlumatlı olması və çayın yanındakı məcburi əlavələrin xüsusi tapşırıqla verilməsi oldu.

Nazim Məcidov mətbuata dünənki açıqlamasında çay evlərindən şikayətlər barədə statistikanı açıqlayıb və vurğulayıb ki, may ayı ərzində hər gün 1-2 şikayət daxil olub. Çay evlərindəki vəziyyətlə əyani maraqlanandan sonra bu statistik göstəriciyə təəccüblənmək olmur.

Fatimə Kərimli

Fotolar Samirə Həsənovanındır

Virtualaz.org

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın