Menu
Geri İrəli

Daha bir zavodun təməli qoyuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Dekabr 2011 • Baxış sayı: 386 dəfə • 1 şərh

Sumqayıtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin azot gübrəsi – karbamid zavodunun təməlqoyma mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlət başçısı zavodun sxemini və burada inşa olunacaq binaların eskiz layihələrini əks etdirən stendlərə baxdı.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına məlumat verdi ki, ölkəmizdə karbamid zavodunun inşası layihəsi “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən hazırlanmışdır. Zavodun tikintisi üçün “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan ərazidə 24 hektar torpaq sahəsi ayrılmışdır. Müəssisənin tikintisi dövlət investisiyaları hesabına maliyyələşdiriləcək və 2012-2014-cü illərdə həyata keçiriləcəkdir. Zavod ammonyak, maye karbamid və əmtəəlik karbamid istehsalı bölmələrindən ibarət olacaqdır. Gündəlik istehsal gücü 1200 ton ammonyak, 2000 ton karbamid təşkil edəcək müəssisədə əsas xammal kimi təbii qazdan istifadə olunacaqdır.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, layihənin həyata keçirilməsi istiqamətində qısa müddətdə müvafiq tədbirlər görülmüşdür. Ərazi Dövlət Neft Şirkətinin müvafiq struktur bölmələri tərəfindən tikinti işlərinin aparılması üçün təmizlənmiş, burada mövcud olan yararsız köhnə obyekt sökülmüş, yollar çəkilmiş, ətrafda abadlıq işləri görülmüşdür.

Bildirildi ki, zavodun inşası zamanı 3 min nəfər, müəssisə fəaliyyətə başladıqdan sonra isə 500 nəfər işlə təmin olunacaqdır.

Prezident İlham Əliyev metal gilizi bünövrəyə buraxdı, düyməni basaraq beton qarışığı tökən qurğunu işə saldı.

Dövlət başçısı tikinti işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

Facebook Şərhləndirmə:

“Daha bir zavodun təməli qoyuldu” yazısına bir cavab

  1. seide deyir:

    sumqayitlilarin gunahi nedir

Şərhinizi yazın