Menu
Geri İrəli

Devalvasiya alış-veriş xəstələrini “vurdu”

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Fevral 2016 • Baxış sayı: 541 dəfə • Şərh yoxdur

Şoppinq asılılarının bilinməyən cəhətləri və bundan qurtuluş yolları

Məlumdur ki, devalvasiya artıq qapını döyüb. İnsanlar xərclərini ancaq minimal ehtiyaclar üçün müəyyənləşdirirlər. Amma bu arada yeni bahar mövsümü geyimləri də mağazalarda yerini alıb. Ciblərinə və vitrindəki geyimlərə baxanlar bütün hallarda tərəddüd edirlər. 

Lakin bütün hallarda alış-veriş həvəskarları üçün “qırmızı işıq” anlayışı yoxdur. Onlar tərəddüd etmədən mağazalara girir, son qəpiklərinə, kredit kartlarının son limitinə qədər pullarını xərcləyirlər.
Alış-veriş emosional ehtiyacları ödəyir? 
Türkiyənin “Milliyet” qəzetində bununla bağlı ilginc araşdırma yayımlanıb. Məqaləyə görə, alış-veriş vaxtilə insanların öz ehtiyaclarını ödəməsi olduğu halda, hazırda bəzi emosional ehtiyaclarını ödəmələri üçündür. Ona görə də bu işin sentimental bir çərçivəsi var. Yəni insan almaqdan daha çox, almağın yaratdığı həzzi yaşamaq istəyir. Araşdırmalar üzə çıxarır ki, alış-veriş bir çox hallarda hirs və əsəbdən yox, o an üçün hiss etdiyin ağrını azaltmaq ehtiyacından yaranır. Üzüntü duyan insan bir qayda olaraq hislərinə nəzarət edə bilmir. Çünki üzüntü yaşayan insanlar adətən kədərlərinin qaynağını başqaları ilə, ya da şansla açıqlamağa daha meylli olurlar. Bu səbəbdən də alış-veriş də bu itirilən nəzarət hissini yenidən bərpa etmək məqsədi daşıyır.
Beyin kimyası baxımından nəzərə alanda isə alış-veriş zamanı seratonin – xoşbəxtlik hormonunun da miqdarı artır. Maraqlıdır ki, həyatımızda bir çox əməllər əslində bu seratoninin təsiri yaradır. Məsələn, gün işığı, idman, ya da masaj. Amma eyni zamanda qazanmaq, sahib olmaq da buna bənzər təsir göstərir. Depressiya zamanı insanlar daha çox itki hissini yaşayır və alış-veriş o itkini sanki geri qaytarır. Bu səbəblə də bir çox insan, xüsusən də qadınlar darıxanda, ya da depressiyaya düşəndə alış-verişə yönlənirlər.
 
Xəstəliyin səbəbi – sahib olma ehtirası…
Sözügedən xəstəliyin daşıyıcıları böyük əksəriyyətdə qadınlardır. Onların bu xəstəliyi daşımaları cəmiyyətdə normal qəbul olunur. Bu, təxminən kişilərin birdən artıq qadınla eyni vaxtda münasibət qurmasına bənzəyir. Sonuncu variantda “kişidir, edə bilər” deyilirsə, qadınlara da eyni anlayış göstərilir.
Alimlər onu da müəyyənləşdirib ki, bu xəstəliyə düşməyin də xüsusi səbəbləri var. Bunlardan biri sahib olma ehtirasıdır. Bu xəstəliyin daşıyıcıları “pulum var, ya yox. Ehtiyacım var, yoxsa yox” kimi suallar ətrafında düşünmürlər. Onlar gördükləri, bəyəndikləri hər şeyi satın alırlar. Özlərinə yeni bir şey almayanda isə insanlar özlərini pis hiss edir, sıxıntı keçirir, hətta depressiyaya düşürlər.
Xəstəliyi yaradan ikinci səbəb isə insanda yaranan dəyərsizlik hissidir. Daha dəqiq ifadə etsək, dəyərsizlik, yalqızlıq, acıq, yasaqlanma kimi neqativ duyğular da alış-veriş xəstəliyinə yol aça bilər. Məhz bu səbəbdən bəzi insanlar alış-veriş edərək, özlərini dəyərli hiss edirlər. İnsan satın aldıqlarının ona dəyər qatacağına, güclülük hissi verəcəyinə inanır.
Ancaq istədiyi şeyləri aldığı zaman ilk andakı həzz xaricində xəyal etdiyi hissi yaxalaya bilməyəndə dəyərsizlik hissi bu dəfə daha ağır şəkildə geri qayıdır. Bu zaman vəziyyət daha da qəlizləşir. İnsan o ilk andakı alış-veriş həzzini yenidən yaşamaq üçün gedərək artan bir sürətlə mağazalara hücum edir.
Bu məsələdə daha bir diqqətli məqam uşaqlarla bağlıdır. Belə ki, övladı ilə hörmət-izzət səviyyəsində münasibət qura bilməyən, amma maddi durumu yüksək olan valideynlər öz əskikliklərini aldıqları saysız-hesabsız hədiyyələrlə öldürməyə çalışırlar. Bu da həmin uşağın gələcəkdə potensial alış-veriş xəstəsi olmasına gətirib çıxarır. Uşaqlar da hər istədiyinə sahib olmaq istəyirlər. Və bunun qarşısını almaq mümkün olmur.
Evində bir oyuncaq mağazasındakı qədər oyuncağı olan uşaqçün onlar yox, mağaza rəflərindəki oyuncaqlar daha cazibədar və maraqlıdır. Halbuki o oyuncaq rəfdən götürülüb, uşağa alındığı andan etibarən bütün cazibəsini, marağını itirmiş olur. Bu da xəstəliyin ən parlaq nümunəsidir.
Əgər bunu normal sayırsa, müalicədən əlini üzsün… 
Hər dərdin bir dərmanı var, şübhəsiz. Həkimlər müəyyənləşdirir ki, öncə bu davranışın altında yatan səbəblər aradan qaldırılmalıdır. Müalicə üçün ilk addım heç şübhəsiz ki, bunun xəstəlik kimi qəbul edilməsidir. Əgər şəxs bunun xəstəlik yox, normal həyat tərzi, xobbi, zövq olduğunu iddia edirsə, müalicədən əlini üzsün.
Qəbul edən şəxs isə psixoloqa müraciət edə bilər. Sonuncunu özünə rəva bilməyənlər isə praktik məsləhətlərə baş vursun. Bunlardan birincisi bayıra çıxanda kredit kartlarını götürməmək və ya pulqabına az pul qoymaq ola bilər. Bundan başqa, həyatın başqa sahələrində vaxt keçirmək də çıxış yolu ola bilər. Yemək, tikiş, rəsm… kursları ilə maraqlanmaq həm də zövqün kosmetik dəyişikliyi sayıla bilər.
Psixoloqlar alış-veriş xəstələrinə məsləhət görür ki, normadan artıq bazarlıq etdikləri zaman yaşadıqları suçluluq duyğusunu yaddan çıxarmasınlar. Çünki bu da onları narahat edir. Sözügedən duyğunun yaranmasına isə maddi problemlər səbəb olur: sən nə qədər məntiqsiz şəkildə alver edirsənsə, o qədər də büdcənə ziyan vurursan.
Psixoterapiyada sübut edilib ki, əslində alış-veriş etdikdən sonra insanın içində yaranan boşluq dolmur. Bu, müvəqqəti və aldadıcı bir xoşbəxtlik duyğusudur. Əslində bu insanların özlərini yaxşı hiss etmələri üçün iradəyə yox, sözlərə ehtiyacı var. Doğrudur, bu insanlar öz ehtiyaclarını maddi olaraq qarşılaya bilirlər. Amma sonradan çox yeyib, bundan utanan insanlar kimi hiss edirlər özlərini. Çünki heç aldıqları şeylərdən də istifadə etmirlər. Onlar şkafda qalır.
Psixoloqlar yol göstərir – qurtulun
Bəs məsləhətlər nədir? Bu tip xəstələr üçün psixoloqların göstərdikləri yollar aşağıdakılardır:
Bəyəndiyiniz bir malı görəndə almayın. Bir az gözləyin və ona həqiqətən ehtiyacınız olub-olmadığını düşünün. Və ya mağaza işçilərindən bəyəndiyiniz malı sizin üçün ayırıb saxlamalarını xahiş edin. Əgər bir neçə gün sonra o malı hələ də almaq istəyirsinizsə, o zaman alın. 2. Özünüzə hər ay bir alış-veriş büdcəsi hazırlayın və büdcəni əsla zorlamayın, aşmayın. 3. İki həftə içində etdiyiniz bütün alış-veriş xərclərini bir kənara yazın. Bu, sizin alış-verişə nə qədər çox pul xərclədiyinizi görmənizə səbəb olacaq. 5. Kredit karınızın(əgər varsa) limitini aşağı salın.
 
Psixoloqlar düşünür ki, deyilən məsləhətlərə əməl edənlər tez bir zamanda sözügedən xəstəliyin pəncələrindən də qurtula biləcək. Psixoloqlar onu da araşdırıb ki, iri alış-veriş mərkəzləri müştərilərin daha çox cəlb edilməsi üçün xüsusi hiylələr tətbiq edirlər və bu zaman mütəxəssis yardımından istifadə edirlər.
 Sonuncular elmi erqonomiya adlı sahəni təmsil edirlər və insanların alış-veriş zamanı necə düşündüyü, necə reaksiya verdiyi barədə dinamikalar üzərində işləyir. İlk təsbit: İnsanların çoxu solaxay olmadıqları üçün alış-veriş mərkəzlərinə girərkən öncə sağ tərəfə yönəlirlər. Buna görə də böyük mağazaların əksəriyyəti sağ tərəfdə yerləşdirilir. 2. Soyunma kabinələrini qəsdən mağazanın sonunda yerləşdirirlər ki, ora çatana qədər müştəri gözünə dəyən bir neçə qiyafəni də geyinmək üçün götürsün. 3. Market arabaları qəsdən böyük hazırlanır ki, insan hər dəfə ona baxdıqca guya az alver etməsi ilə bağlı təəssürata qapılsın. 4. Mağazalarda iri aynaları həm də ona görə qoyurlar ki, alış-veriş etmək istəməyən insan belə orada özünə və ətrafındakı geyim-gecimli insanlara baxıb kompleksə düşsün, nəticədə isə özünə paltar alsın. 5. Reklam kampaniyalarındakı “fürsəti qaçırmayın”, “70 faiz” endirim kimi çağırışlar da insanı dərhal nəsə almağa təşviq edir.
 
Satıcı “o cür qadınlar mağazaya tək gəlirlər” deyir 
Böyük geyim mağazalarından birində satıcı işləyən Afət Muradova deyir ki, onlar bu cür müştərilərlə tez-tez qarşılaşırlar. Müsahibimizin sözlərinə görə, həmin qadınlar tez-tez səhərlər, işə getməzdən əvvəl mağazaya dəyir və mağazanı öz evlərinin şkafı kimi hiss edirlər: “Bəzən 50 paltar dəyişirlər. Hər biri haqda da satıcıların fikrini soruşurlar. Axırda birini alırlar. Amma növbəti gəlişlərində biz onların əynində heç də həmin aldıqlarını görmürük”.
Müsahibimiz deyir ki, satıcının əsas vəzifəsi mal satdırmaq olduğu üçün onlar həmin qadınlarla dost kimi davranır, alacaqları geyim barədə ancaq müsbət fikirlər söyləyirlər: “Bizim mağazada kameralar var və satış müdirimiz onu ciddi şəkildə izləyir. Biz heç bir müştəriyə ”Bu, sizə yaraşmadı” deyə bilmərik, buna görə cərimələnərik. Biz müştərilərimizə bütün variantları təqdim edirik, onlar arasından birini seçirlər. Bizim vəzifəmiz çoxlu mal satdırmaqdır. Ona görə də həmin qadınlardan razıyıq. O cür müştərilər mağazaya bir qayda olaraq həyat yoldaşları ilə gəlmirlər. Çünki ərləri onları bu addımdan çəkindirməyə çalışır. Onlar isə belə münasibət görəndə çox aqressivləşirlər”.
Tarixdəki ən məşhur alış-veriş xəstələri sırasında Mariya Antuanetta, Jaklin Kennedi, Şahzadə Diana və Meri Todd Linkolnun adı xüsusilə vurğulanır. Amerika prezidenti Con Kennedinin həyat yoldaşı olan Jaklin və Şahzadə Çarlzın həyat yoldaşı olan Diana paltar, ayaqqabı, antik əşya və sənət əsəri alveri asılısı sayılırdılar. Sabiq ABŞ prezidenti Avraam Linkolnun həyat yoldaşı Meri Toddun isə əlcək xəstəsi olduğu deyilirdi.
 
Sevinc TELMANQIZI, musavat.com

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın