Menu
Geri İrəli

“Dövlət səviyyəsində işlər görülməlidir” – İntiharla bağlı SOS

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Yanvar 2017 • Baxış sayı: 376 dəfə • Şərh yoxdur

faz-qenMillət vəkilləri Fazil Mustafa və Qənirə Paşayeva da psixoloq Dəyanət Rzayevin intiharına münasibət bildiriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan Fazil Mustafa bildirib ki, intiharların adiləşməsi cəmiyyətin alt qatlarında çox ciddi problemlərin yaşandığından xəbər verir: “Sosioloji tədqiqatlar aparan, rəy sorğusu keçirən quruluşların fəaliyyəti də ortada yoxdur ki, tendensiya barədə doğru-dürüst bilgilər əldə etmək mümkün olsun. Hər halda intihar motivləri barədə geniş təhlillər aparılmalıdır. Sosial vəziyyətin ağırlaşması məsələnin bir tərəfidir, ancaq təkcə bir motivlə bu faciəli addımın atılması inandırıcı görünmür. Dövlət səviyyəsində də bu tendensiyanın qarşısının alınması üçün ciddi işlər görülməlidir. Milli Məclisin müvafiq komitələrində və plenar iclasda bu mövzuda açıq müzakirəyə ehtiyac var. Çox narahatedici bir durumdur, konkret təkliflər vermək də çətindir. Hər halda səbəbləri və motivləri cəmiyyətdə soyuqqanlı şəkildə müzakirə olunmalıdır ki, bundan sonrakı faciələrin qarşısını almaq mümkün olsun”.

Qənirə Paşayeva isə bildirib edib ki, psixoloq Dəyanət Rzayevin intihar etməsi xəbərini oxuyanda əvvəlcə inanmayıb: “Nə deyəcəyimi bilmirəm. Amma onu bilirəm ki, intiharlar, onların səbəbləri ciddi şəkildə geniş araşdırılmalıdır və təcili çıxış yolları üçün təkliflər hazırlanmalıdır. Bu cür faciələrin artmasının qarşısının alınması üçün cəmiyyətin hər bir üzvü olaraq nə etməliyik mövzusunda maarifləndirici verlişlər artmalıdır. Təəssüf ki bu cür verlişləri, proqramları görə bilmirik.

İntiharların bu cür adiləşməsi bizi ciddi narahat etməlidir və SOS siqnalıdır. Məncə sadəcə sosial problemlər deyil, getdikcə artan laqeydlik, biganəlik, paylaşmaq duyğusunun zəifləməsi, gənclərin həyata psixoloji olaraq güclü hazırlanmaması, ailədaxili problemlər və.s kimi faktorlar da intiharların artmasına ciddi təsir göstərir. Son zamanlar bu mövzuda ciddi araşdırmalar varmı deyə çox axtardım amma heç nə tapa bilmədim. Dövlət səviyyəsində bu tendensiyanın qarşısının alınması üçün ciddi işlər görülməklə yanaşı bir vətəndaş olaraq hər birimiz nələr etməliyik bu məsələ ətrafında da geniş müzakirələrə ehtiyac var”.

Onun sözlərinə görə, intihara hətta cəmiyyətin ən gözləmədiyi və inana bilmədiyi bir insanın, bir psixoloqun əl atması ciddi bir mesajdır: “Bu mövzu ciddi diqqətdə olmalıdır. İntihar edən insanların davranışlarında mütləq dəyişikliklər baş verir və belə halda ətrafda olan insanlar, onu tanıyanlar həssaslıqla, qayğı ilə yanaşmalıdırlar. “Nəyimə lazımdır”, “mənə nə “kimi yanaşmalardan tamamilə uzaq olmalıyıq. Bir az öncə sosial şəbəkələrdə Dəyanət bəyin facebook dostluğunda olmuş bir xanım yazır ki, son zamanlar qəribə paylaşımlar edirdi. Nə qədər doğrudur bilmirəm, amma yaxınlarının agentliklərə son günlər tənhalığa qapılması, işə getməməsi və.s kimi məlumatlar verməsindən görünür ki,onun psixoloji vəziyyətində dəyişikliklərin olmasını hiss edənlər olub. Bütün bunlara diqqət yetirəndə görürük ki, belə vəziyyətlərdə olan insanı yalnız buraxmamaq, onu narahat edən və çıxılmaz gördüyü problemin həllinə kömək etməyə çalışmaq lazımdır”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın