Menu
Geri İrəli

Dünyada yeni dəb – satın alma, kirayələ!

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyul 2015 • Baxış sayı: 449 dəfə • Şərh yoxdur

Müasir dünya insanı nə ev, nə maşın, nə bağ alır – əvəzində səyahət edir, kirayə tutur, təcrübə qazanır

 kiraye2
Müasir dünya daim dəyişiklik içindədir. 10 il əvvəl dəb olanlar indi çox gülməli görünür. İnsanların həyata baxışları, dünyagörüşü, yaşam standartları da həmçinin. İnsanların davranışlarına da təsir edən dəyişikliklərdən biri satınalma qərarına ciddi təsir edib. Belə ki, sahib olma arzusuna qalib gələnlər eyni ərəfədə bir çox fərqli dəyişikliyi təcrübədən keçirə bilir.
Məsələn, biri bağ evi almaq yerinə 10 il boyunca fərqli yerlərdə kirayə bağ tutaraq tətilini keçirir. Çox daha az məsrəflə, daha dəyərli təcrübələr yaşama şansını nəzərə alanda bu, heç də pis perspektiv sayılmaz. Amerikada yaşı 35-ə qədər olan insanları ümumən “arendatorlar nəsli” adlandırırlar. Sosioloqlar əmindilər ki, indiki gənc nəslin payına çoxlu sayda maliyyə kataklizmaları düşüb. Ona görə də insanlar ciddi kredit yükünün altına girməkdən çəkinirlər.
Amma bu da əsas deyil. Məsələ ondadır ki, indiki nəsil özündən əvvəlkilərdən öz dəyərləri ilə fərqlənir. Müasir gənclik indi uğur anlayışına başqa cür yanaşır. Əgər əvvəllər şəxsi mənzili, bağı, maşınları olanlar uğur qazanmışlar hesab olunurdusa, indi təcrübə və təəssüratlarına kapital qoyan, çox şey yaşamış, həyatı hər yöndən öyrənmiş insanlar daha uğurlu hesab olunur.
“Yeni Müsavat” bu dəfə müasir dünya insanının kirayə sevdasının səbəblərini araşdırıb və ortaya ilginc nəticələr çıxıb.
Satınalma fikri
niyə əvvəlki qədər cazibədar deyil?
Keçmişdə insanlar əsasən arzuladıqları hər şeyi satın alaraq yaşayırdılar. Velosipeddən tutmuş maşına, evə qədər hər şeyi satın almaq fikri daha cazibədar idi. Bunun altında yatan ən böyük səbəblərdən biri heç şübhəsiz ki, sahib olma arzusudur. Maraqlıdır ki, daha sonra bu sahib olunan mallar insanların özəl istifadəsindən çıxdı, bəlkə də uzun müddət istifadə olunmadan gözləmə mövqeyinə “göndərildi”. Dəyişən dünyada sahib olmaq yerinə, təcrübə qazanmaq daha önəmlidir. Artıq insanlar onlarla kitaba sahib olmaq yerinə yüzlərlə kitab oxuya bilmənin daha vacib olduğunu düşünürlər. Məhz buna görə kitab “dəyiş-düyüş” edilir, sahib olmaq yerinə təcrübə ön plana çıxa bilir. Və ya maşın satın almaq kimi ciddi bir qərar əvəzinə, uzun müddət nəqliyyat vasitəsi kirayə götürülür. Mütəxəssislər satın alma davranışının əvvəlki qədər cazibədar olmamasının səbəblərini araşdırıb və ortaya bu nəticə çıxıb:
1.Satın almaq bahalı bir aksiyadır və içində vaz keçmə elementlərini daşıyır. Günümüzdə dəyərli bir şeyə – evə, maşına sahib olmaq həqiqətən də çətindir. İllərlə çalışıb bir ev ala bilirsiniz və ya illərlə maşının kreditlərini ödəyirsiniz. Dolayısı ilə sizin satın alma qərarınız eyni zamanda illərlə çalışma məcburiyyətinizi üzə çıxarır. Və əgər bir maşın satın almısızsa, onu bir il sonra dəyişdirmək həqiqətən də çətindir. Səbəbi isə sadədir: o qədər əziyyət çəkib, çalışıb qazanaraq əldə etdiyiniz maşının göz görə-görə dəyər itirdiyini və satanda zərərə uğradığını görəndə kədərlənəcəksiz. Günümüzün şərtlərinə görə, insanlar artıq nəyisə satın alanda ona eyni zamanda kapital kimi baxırlar. Əslində isə əsas olan maşına olan ehtiyacımız və ondan istifadə etməyimizdir.
Eyni qaydada hesab edək ki, bir bağ evi satın aldınız. Onu satıb gələn il yenisini almanız, növbəti il sonuncunu satıb, başqa birini almanız və daim mobil davranmanız mümkün deyil. Praktiki olaraq, bu, baş tutacaq bir iş deyil. Bu da o deməkdir ki, yay fəslini istədiyiniz yerləri doyunca gəzmədən keçirəcəksiz. Ancaq bir bağ evi, eyni dəniz, eyni qonşular, eyni insanlar… Bəzən bir ayaqqabı almaq başqa bir ayaqqabıdan vaz keçmək mənasına gəlir. Vazkeçmələr satınalmanın təbiətində var.
Təcrübələr önəm qazanır
Əvvəllər insanların var-dövləti, pulu ön planda idi. Bir insanın nə qədər çox pulu varsa, o qədər qayğısızdır düşüncəsi hələ də hakimdir. Amma artıq təcrübələrin də sözü keçir. 35 ölkə gəzmiş bir səyyah özünə görə varlı olan birindən daha varlı sayılır. İnsanlar karyerası hesabına riskli qərarlar alır, etmək istədikləri şeylərə yönlənə bilirlər. Bu səbəbdən də, məsələn, bir maşına sahib olmaq yerinə 15 ildə 5,  fərqli maşın sürmək daha vacib hala gələ bilir. Dəyişikliklər insanları təzələyir. Ona görə də bir çox fərqli təcrübəyə sahib olmaq önəm qazandığı üçün satın almaq fikri bundan zərər çəkir. Axı nəyisə satın alanda bu təcrübələrin də çoxundan vaz keçmiş olursunuz.

“Bu, Azərbaycanda mümkündürmü?

Təsəvvür edin ki, 10 il boyunca siz iki maşın sürmüsüz. Amma buna qarşılıq olaraq hər il bir maşın sürmək perspektivi də var. Hansı daha cazibədardır? 
Daha bir psixoloji detala diqqət edək. İnsanları daim varlı olmağa itələyən bir başqa səbəb isə heç şübhəsiz, acgözlüyü və gələcək qorxusudur. Gələcəyi çox düşündüyü üçün indiki gün əhəmiyyətini itirir və hər şeyi gələcək üçün etməyə, düzənləməyə çalışır. Bunun nəticəsi olaraq da özünü sığortalamaq üçün daha çox şeyə sahib olmaq istəyir. Amma günümüzdə bu davranış da qismən dəyişməkdədir. Xüsusən inkişaf etmiş ölkələrdə baş tutan bu dəyişiklik nəticəsində insanlar öz həyatlarından zövq almaq üçün bütün diqqətini bu günə yönəldir. Dediyimiz kimi, insanlar istəyəndə uzun illər sonrasını düşünməyi bir kənara qoya bilir. İndiki anın, içində olduğu günün, mövsümün, dostluqların dadını çıxarır. Bunun nəticəsi olaraq da yuxarıda haqqında danışdığımız təcrübə ön plana çıxır.
 
Dost qazanmaq üçün öncə həyat təcrübəsi… 
Daha bir detal. Artıq insanlar kimin harda nə alması, neçəyə alması, bunu alanda necə əziyyət çəkməsi ilə bağlı hekayələri dinləmək istəmir. Onları kimin həftə sonunu necə maraqlı, macəra dolu keçirməsi hekayəsi cəlb edir. Kornel Universitetinin doktorantı Amir Kumar belə deyir. Necə deyərlər, hətta ən pis təcrübə belə sonucda əla bir hekayəyə çevrilir və sən ondan nəsə qazanırsan.
Günümüzdə insanların xoşbəxtlik anlayışı çevrəsi, dostları ilə daha çox ölçülür. Yəni, sən daha çox danışmalı, daha çox dost əldə etməlisən. Sözsüz ki, indiki zəmanədə də dostluğu ancaq malik olduğun maddi varlıqların çoxluğu ilə qazana bilmirsən. Ağlın, dərrakən, həyat təcrübən səni insanlara daha yaxınlaşdırır. Bunları əldə etməkçünsə çoxlu ölkə görməli, gəzməli, fərqli yerlərdə yaşamalısan.
Heç birimizə sirr deyil ki, valideynlərimiz ucuz və sərfəli şərtlərlə səyahət etmə şansına malik deyildi. Yəni onların zamanında bunlar yox idi. Ona görə də onlar başını aşağı salıb pul qazanmaq, nəsə satın almaq, əldə etmək üçün əllərindən gələni edirdilər. Müasir dünyada isə turizm agentlikləri insanlara ucuz və sərfəli tətil, səyahət şərtləri təqdim edir. Əmlak agentlikləri ən sərfəli şərtlərlə ev kirayələməyi məsləhət görür. Eləcə də digər məqamlar: mebel kirayəsi, maşın kirayəsi və sair.
Amma bu, o demək
deyil ki, heç kim
heç nə almasın… 
Yuxarıda haqqında danışdığımız bütün səbəblərlə paralel, kirayələmə vərdişinin verdiyi ən böyük üstünlük azadlıqdır. Kirayələmək istədiyin zaman atmaq, başqa bir seçim etmək deməkdir. Razı qalmadığın anda fərqli yerlərə gedə bilmə azadlığı insan üzərində pozitiv təsir gücünə malikdir. Bununla yanaşı, insan bir yerə, bir şeyə bağlı olmadığını biləndə də həyatın dadını daha yaxşı çıxarır. Bu, istər maşın kirayələmək olsun, istər gəmi, istər bağ evi, fərq etməz, nəticə eynidir.
Bütün bu səbəblər isə göstərir ki, insanlar daha əvvəlki qədər satın almaq istəmirlər. Bunun əvəzinə vasitə olaraq gördükləri nəsnələri müəyyən bir müddət içində istifadə edib, dəyişdirmək düşüncəsi onlara daha cazibədar görünür. Təbii ki, bu, “hər şeyi kirayələyin, hər hansı bir varlığınız olmasın” mənasını daşımır. Bu dünyada rahat bir şəkildə yaşamanız üçün maliyyəniz olmalıdır. Amma hər şeyə sahib olma instinktini bir kənara atın və kirayələmənin verdiyi azadlığın dadını çıxarın.
Kirayə maşın biznesi – bizdə və Avropada
Yaxşı, Azərbaycanda buna necə nail olmaq olar? Ev kirayələri barədə məlumatımız nisbətən var. Normal evlərin kirayəsi 300 manatdan başlanır. Otaqların sayından, yerləşdiyi rayondan asılı olaraq, qiymət dəyişə də bilir.
Maşın məsələsində isə vəziyyət qəlizdir. Bakıda bu sahə o qədər də populyar sayılmaz. Burada ən ucuz maşınların kirayəsi 50 manatdan başlanır. “Hyundai Accent” sürmək istəyənlər bir gün üçün 50 manat, üstəgəl 300 manat da depozit ödəməlidilər. Maşın sağ-salamat qayıdacaqsa, 300 manat da müştəriyə geri qaytarılacaq. AlJeepA» markalı maşınların günlük kirayəsi də burada da 70-100 manat arası dəyişir. Səfər şəhər içində baş verərsə, sürücünün bir günlük əməkhaqqı 10 manatdır. Şəhər kənarında olarsa, bu, məbləğ ikiqat artır, üstəgəl, sürücünün yemək və gecələmə xərcləri də icarədara aid olur. Bir günlük  “Bentley Continental” 650 manat, “Porsche Panamera” 550manat, “Range Rover Sport”  250 manat, “Porsche Cayenne” 300 manatdır.
Türkiyə avtomobillərin gündəlik kirayə qiyməti ilə Avropa ölkələrini geridə qoyub. Əcnəbi turistlər Türkiyədə maşınların olduqca bahalı qiymətlərlə kirayə verilməsindən şikayət edir. İyul-avqust aylarındakı avtomobillərin kirayə verilməsində artan qiymətlər xarici turistlərin diqqətindən yayınmayıb. Belə ki, İngiltərədə aparılan araşdırma nəticəsində Avropa ölkələri arasında avtomobillərin ən bahalı qiymətlərlə məhz Türkiyədə kirayə verildiyi məlum olub.
Avqust ayında maşınların kirayə verilmə haqqı İtaliyada orta hesabla gündəlik 46 avro, İngiltərə, Amerika, Yunanıstanda 45 avro, Fransa 42, İspaniya 41 avro olduğu halda Türkiyə 48 avro ilə ən bahalı avtomobil xidməti göstərən ölkə çıxıb. Məsələn, Türkiyədə lüks avtomobillər kirayə verən “Thrifty” avtomobil kirayə şirkəti bildirib ki, Almaniyada “BMW” markalı avtomobillər gündəlik olaraq 150 avroya kirayə verilərkən Türkiyədə 250 avroya verilir. Bu fərq isə Türkiyədə vergilərin, eləcə də yanacağın qiymətinin yüksək olması ilə izah edilir.
Siyahı:
 
Türkiyə 48.84 avro
Xorvatiya 46.63 avro
İtaliya 46 avro
İngiltərə 45.37 avro
ABŞ 45.26 avro
Yunanıstan 45.20 avro
Fransa 42.90 avro
İspaniya 41.42 avro
Portuqaliya 33.40 avro
Azərbaycanda bağ kirayəsi… qəliz məsələdir 
Keçək bağ kirayəsinə. Bakı bağlarında kirayə qiymətləri ya çox baha – aylığı ortalama 3000 manata, ya da 400-500 manat civarındadır. Birincilər villa kateqoriyasındadır və daha çox geniş ailələrin tərcihləri sırasındadır. Reyd keçirdiyimiz müddət ərzində bu sayaq bağlara 3-4 potensial namizəd baxmaq üçün getdi. Maklerlərin bildirdiyinə görə, bahalı və yüksək şəraitli villaların müştəriləri əsasən Rusiyada alver edən azərbaycanlı iş adamlarıdır. Onlar yay aylarını ailə üzvləri ilə geniş tərkibdə keçirmək üçün şəraitli villalar tərcih edirlər.
Bundan başqa, müəyyən xəstəlikləri olan, həkim tövsiyəsi ilə dəniz havası, qum qəbul etməli olan şəxslər üçün də Bakı bağları populyar tərcihlər sırasındadır. Amma onlar nisbətən ucuz bağ evlərinin axtarışında olurlar.
Qiymət tendensiyasına gəlincə, ayrı-ayrı bölgələr üzrə reydin nəticəsini təqdim edək:
 
Fatmayi, Novxanı qəsəbələrində, dəniz kənarına yaxın yerlərdə villaların kirayəsi üçün ayda 2500-3500 manat ödəmək lazım gəlir. Dənizdən 500-700 metr aralı 1-2 otaqlı mənzil icarəyə götürmək üçün 800 manat, 3-4 otaqlı, hər şəraitli, dənizdən 500 metr aralı olan mənzildə qalmağa isə 1000-2000 manat xərc çəkmək lazımdır. Amma Fatmayidə aşağı şəraitli, 2 otaqlı bağ evlərinin kirayəsi 500 manatdan başlanır.
Hövsanda şəraitsiz 1 otaqlı bağ evinə 400 manat, şəraiti olanlara isə 600-800 manat pul vermək lazımdır.
Nardaranda, dənizə yaxın ərazidə yerləşən bağ evləri, yaxud villalar 1000 manata, 1-2 otaqlılar isə 700 manata kirayəyə verilir. Bilgəhdə 1-3 otaqlı bağlar 1000 -, musavatşcom2000 manata verilir ki, belə evlər dənizə yaxın yerlərdədir.
Bağ kirayəyə götürmək üçün Zirədə 300-500 manat, Goradildə 1-2 otaq 800 manat, 3-4 otaq 1000 manat, villalara 1500 manat aylıq icarə haqqı ödəmək lazım gəlir.
Şüvəlanda ayda 1 otaqlı bağlara 800 manat, dənizə yaxın villalara 1000 manatdan yuxarı pul ödəmək lazım gəlir.
Zuğulbada 400 metr dənizə yaxın olan bağ evlərinə ayda 700 manat, villalara isə 1000-1500 manat pul vermək lazımdır.
Mərdəkanda, dənizə yaxın villa kirayələmək üçün 3500-4000 manat, 1-5 otaqlı, hər cür şəraiti olan bağ evi tutmağa 1000-2000 manat arası, şəraitsiz tək otaq icarəyə götürməyə isə 500-1000 manat arası xərc çəkməlisən.
 
Sevinc TELMANQIZI 
Facebook Şərhləndirmə:

Şərhinizi yazın