Menu
Geri İrəli

FOTO Məqsəd Quliyevindir

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2014 • Baxış sayı: 843 dəfə • 1 şərh
Share Button

sumqayitxeber.com bu günlərdə dünyasını dəyişmiş qocaman fotoqraf Məqsəd Quliyev haqqında  şair-publisist Əli Nəcəfxanlının yazdığı məqaləni təqdim edir:

Meqsed-quliyev-eOnunla qırx il olar ki, tanışıq. Mən orta məktəbin yuxarı siniflərində ikən qəzet və jurnalları müntəzəm alıb oxuyur və tez-tez şəkillərin altında yazılan “Foto Məqsəd Quliyevindir” ifadəsi ilə rastlaşırdım. Şəxsi tanışlığımız isə “Sumqayıt” qəzetinin redaksiyasında baş verdi. Tezliklə isinişdik bir-birimizə. İndi üstündən illər ötüb. Məqsəd Quliyev artıq yaşının yetmişinə nərdivan söykəsə də, elə həmin mehriban, diqqətcil, həssas adamdır. İllər saçlarını ağardıb, sənəti üzünü ağ eləyib. Sumqayıtda Məqsədi tanımayan yoxdur, – desəm, inanın.

…Dünyaya göz açdığı Ağstafa şəhərindəki dəmir yolu məktəbinin 7-ci sinfini bitirən Məqsəd üç ay yayı işləyib və topladığı pulla qonşu Gürcüstana gedərək özünə “Zorki” fotoaparatı alıb. Şəkil çəkməyi tez öyrənib. Elə o vaxtdan “möcüzəli” aparat Məqsədin həmdəminə çevrilib, hətta onunla birlikdə Rusiyada “əsgərlik çəkib”.

Qaqarin kosmosa uçan ildən taleyini Sumqayıta bağlayan Məqsəd tezliklə şəhər bağındakı foto-kino studiyasına üzv yazıldı və sevdiyi sənətin incəliklərinə daha səylə yiyələndi. Sintetik kauçuk zavodunda fəhlə işləyə-işləyə özü üçün müxtəlif bədii fotolar çəkdi. 1967-ci ildə zavodun çoxtirajlı “Kauçuk”qəzeti təsis olunanda onu redaksiyaya fotomüxbir işləməyə dəvət etdilər. Fəhlə yataqxanasında fotolaboratoriyası üçün yer də ayırdılar.

…Bəzən fotolaboratoriyada sevimli işinə o qədər aludə olurdu ki, bir də görürdü səhər açılıb, gözləri dan yeri kimi qızarıb. Amma çəkdiyi şəkillərə baxdıqca yorğunluğu çəkilir, könlü duyğulanırdı. O, nə vaxtsa fərdi fotosərgisinin açılmasını arzulayırdı. (Bu ictək ötən illərdə dəfələrlə gerçəkləşib). “Məqsəd Quliyev” imzalı şəkillər şəhər və respublika qəzetlərinin də səhifələrini bəzəyir, “bəh-bəh”lə qarşılanırdı. Çünki onun reportajlarında özəl dinamika olurdu, şəkilləri işıq və kölgənin, ağ və qaranın qəribə uyarlığı ilə seçilirdi. Təbii ki, indi də elədir.
1971-ci ildə, Məqsədin öz məqsədinə doğru inamla irəlilədiyi vaxt respublika foto-müsabiqəsində “Ananın sevinci” şəklinə görə 1-ci yerə layiq görülməsi onu çox sevindirmişdi.

Məqsəd Quliyev 1974-cü ildə “Sumqayıt” qəzetinin redaksiyasına dəvət olundu. Bu redaksiyada mənim hər zaman həvəslə açdığım bir qapı olub: Məqsədin ikinci mərtəbədəki yarıqaranlıq, sirli-sehirli təsir bağışlayan fotolaboratoriyası. Onun iplərdən asdığı lentlərə, şüşələrə yapışdırıb qurutduğu şəkillərə, şövqlə elədiyi söhbətlərə marağım səngiməyib. Bir neçə il öncə “Lider” televiziyasının “Azərbaycan” redaksiyasında istehsal edilmiş “Usta” cənədli filminə baxdıqca mən Məqsədin əsl sənətkar ömrünün hekayətindən bir daha həmin mənaları duymuşam. Film boyu səslənən monoloqunda Məqsəd Quliyev sevimli sənətinin daim ona fərəh gətirdiyini çox səmimi vurğulayır.

Çoxumuzun görə bilmədiyi, ya da görüb önəm vermədiyi heyrətamiz, qeyri-adi anları “tutub” özününküləşdirə ( həm də biizimkiləşdirə) bilir. Bu məziyyəti heyranlıq yaradır.

…Bir dəfə axşamüstü Sumqayıtdakı parklardan birində gəzirdik. Birdən Məqsəd fotokamerasını gözünə tutub “Sindibad” gəmi-karuselinin göyə millənmiş uc hissəsinə tuşladı və düyməni ard-arda bir neçə dəfə şaqqıldatdı. Mənim təəccübümü görüncə kameranın ekranına gətirdiyi şəklə işarə ilə dilləndi: “Bax, bir parça bulud elə forma alıb ki, sanki əli çənəsində nurani bir kişi gəminin yuxarı başında oturub”. Doğrudan, nadir tapıntı idi. Əhsən! Belə bir mənzərəni yalnız onun kimi duyğusal, itigözlü foto ustaları, ya da əsl zövq sahibi olan rəssamlar müşahidə edə bilərdi.Bir dəqiqə sonra səmada həmin mənzərədən əsər-əlamət qalmamışdı.Amma Məqsəd qaçan anı artıq özünün qənimətinə çevirə bilmişdi. Məhz belə cəhətlərinə görə mən onu “mahir an ovçusu” adlandırıram.

Məqsəd Quliyev 1976-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.İllərlə yığdığı nadir fotolardan zəngin bir arxiv yaradıb. Albom-ekspozisiyalarında görkəmli ictimai-siyasi xadimlərin, elm və mədəniyyət adamlarının, qəhrəmanların, idmançıların ömrünün fotoobyektivə düşüb əbədiləşmiş anları toplanıb.Ona məxsus məhsulların ayrıca ştrix-koda ehtiyacı yoxdur.
Sevinirəm ki, həmin şəkillərdən biri də mənimlə, daha doğrusu, mənim ustad dirijor Niyazidən qəzet üçün avtoqraf almağımla bağlıdır. Keçən əsrin 80-ci illərinin əvvəlləri idi. Gənclik şəhərinin Səməd Vurğun adına mədəniyyət sarayında verilən möhtəşəm konsert proqramından sonra mayestroya yaxınlaşaraq qısa müsahibə istədim. Etiraz etmədi… və Məqsəd də bu vaxt fürsəti qaçırmayıb böyük sənətkarla mənim şəklimi lentin yaddaşına köçürtdü.

Məqsəd Quliyevin hər zaman qürur hissi ilə vurğuladığı bir fakt xüsusilə maraqlıdır: “Ulu öndər Heydər Əliyev Sumqayıta 16 dəfə gəlib. Hər dəfə fotokameramla mən də unudulmaz görüşlərin, tarixi anların iştirakçısı, canlı şahidi olmuşam…”

Yetmişinci illərdə hələ yeniyetmə ikən mən də ulu öndəri ilk dəfə lap yaxından gördüyümü indiki kimi xatırlayıram. Sumqayıtın dənizkənarı parkında camaat bir qırağa toplaşıb Heydər Əliyevin ordan keçən maşın karvanına baxırdı. Birdən onun mindiyi maşın dayandı və rəhbərin maşından düşərək bizə yaxınlaşması mühafizə xidmətini lap çaş-baş qoydu. Axı, belə bir görüş protokolda nəzərdə tutulmamışdı. Heydər Əliyev adamlarla mehriban görüşüb vəziyyətləri ilə maraqlandı, respublikada hər şeyin yaxşılığa doğru dəyişiləcəyini bildirdi. Fotomüxbir Məqsəd Quliyev orada

ulu öndərin bir neçə şəklini çəkə bildi…

Ötən ilin noyabrında Sumqayıtın 60 illik yubileyinə həsr olunmuş “Şəhər günü”ndə Heydər Əliyev parkında Məqsəd Quliyevin ayrıca fotosərgisi nümayiş etdirilirdi. Mən də orada idim və onun öz foto-əsərləri barədə şəhər rəhbərliyinə, qonaqlara necə böyük həvəslə məlumat verdiyinin şahidiyəm. Sərgi ilə tanışlıqdan sonra icra hakimiyyətinin başçısı Vaqif Əliyev Məqsədə:

- Çox sağ ol, – dedi. – Sən Sumqayıtın canlı tarixini, salnaməsini yaratmısan…

Tanınmış foto-jurnalist təvazökarlıqla təşəkkürünü bildirsə də, əlavə heç nə demədi. Mənsə dostumun könlündən nələr keçdiyini gözəl duyurdum. Vaqif müəllimin yanında dilinə gətirmədi, ancaq o, həmin “canlı tarix”in Sumqayıtın hər hansı bir guşəsində daimi ekspozisiyada təqdim olunmasını və nəfis bir fotoalbom kimi çap edilməsini arzylayır. Hərdən öz aramızda söz düşəndə deyir: “Heyfim gəlir bu şəkillərə. Axı, illərcə gözümün işığını, qəlbimin hərarətini qoyub hasilə yetirdiyim qənimət şəkillər qaldıqca saralıb-solur, nadir lentlər xarab olur…”

Bu da yazım üçün ənənəvi, amma fərəhli sonluq: bu il 70 yaşı tamam olan Məqsəd Quliyevin oğlu Mübariz ata sənətinin davamçısıdır. Artıq onun şəkilləri, fotoetüdləri də qəzet-jurnal səhifələrinə, internet saytlarına yol tapıb. “Mübariz Məqsədoğlu” imzası sənət üfüqlərindən boy göstərir.

 ”Xalq qəzeti”, 11 aprel 2010-cu il

Facebook Şərhləndirmə:
Share Button

“FOTO Məqsəd Quliyevindir” yazısına bir cavab

  1. Rəhman ORXAN deyir:

    Məqsəd mğəllim Sumqayıtın yarım əsrlik fotosalnaməsini yaradıb. Həm də əsl, böyük sənətkarlıqla! Sumqayıt və biz dostlar Məqsəd mğəllimsiz qaldıq. Heyf ondan! Cox heyf! ALLAH rəhmət eləsin! Qəbri nurla dolsun! Mübariz, möhkəm dur və atanın yolunu, sənətini uğurla davam etdir!   Rəhman Orxan

Şərhinizi yazın