Menu
Geri İrəli

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda “dəyirmi masa” təşkil edib

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2017 • Baxış sayı: 386 dəfə • Şərh yoxdur

DSC_0042

Mayın 18-də Sumqayıtın Heydər Əliyev Mərkəzində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin əməkdaşları ilə mətbuat nümayəndələri arasında “Fövqəladə hallarla bağlı əhalinin maarifləndirilməsində mətbuatın rolu” mövzusunda geniş diskussiya keçirilib.

Tədbir başlamazdan əvvəl Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlı qonaqları salamlayaraq, onları Mərkəzin birinci mərtəbəsindəki geniş foyedə Ulu öndərin həyat və fəaliyyətini əks etdirən tarixi foto-şəkillərlə, böyük həyatın ayrı-ayrı yüksəliş məqamlarına aid arxiv sənədləri ilə tanış etmiş, 34 illik hakimiyyəti dövründə Azərbaycanın inkişafı, dövlət müstəqilliyi əldə etdikdən sonra isə onun bütün dünyada tanınması və hərtərəfli tərəqqisi üçün gördüyü ölçüyəgəlməz, irimiqyaslı fəaliyyətindən danışmış, dahi rəhbərin başladığı işləri Prezident İlham Əliyevin böyük uğurla davam etdirməsindən söhbət açmışdır.

Dəyirmi masa arxasında keçirilən görüşdə tədbir iştirakçıları ilk olaraq Laçının işğalının 25 illiyini yada salaraq, Azərbaycan torpaqlarının azadlığı uğrunda həlak olmuş döyüşçülərin xatirəsini bir dəqiqəlik sükutla, ehtiramla yad etmişlər.

Sumqayıt şəhər İcra hakimiyyətinin məsul əməkdaşı  Eyvaz Qocayev tədbiri açaraq qeyd etmişdir ki, iri sənaye müəssisələrinin, o cümlədən kimya zavodlarının yerləşdiyi Sumqayıt kimi böyük sənaye zonasında müxtəlif təhlükəli halların və yanğınların, digər istehsalat qəzalarının qarşısının alınmasında Sumqayıt Regional Fövqəladə Hallar Mərkəzinin böyük rolu vardır. O, təhlükəli hadisələrin başvermə hallarının minimuma endirilməsi məqsədilə əhalinin bu sahədə maarifləndirilməsinin vaciblyini, bu mühüm təbliğat işində isə mətbuat və televiziyanın xüsusi rolu olduğunu qeyd edib.

Məhz bu məqsədlə – FHN -nin Sumqayıt Regional Mərkəzi ilə mətbuat işçilərinin qarşılıqlı əməkdaşlığının təmin edilməsi, təhlükəli hallarda əhali, həmçinin istehsalat sahələrində çalışan işçilər arasında əsassız olaraq narahatlıq və həyəcan yaranmasına yol verilməməsi üçün müvafiq xəbərlərin obyektiv olaraq, düzgün və süni sensasiya yaratmadan çatdırılması məqsədilə belə bir tədbirin keçirilməsi mühüm hesab edilmişdir.

Regional Mərkəzin operativ məlumat İdarəsinin rəisi mayor Rafiq Həsənov ulu öndər Heydər Əliyevin belə bir fikrini diqqətə çatdırmışdır ki, “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır!”.

R.Həsənov son zamanlar – Sumqayıta yeni İcra başçısı təyin edildikdən sonra mülki əhalinin və istehsalat sahələrində çalışanların təhlükəsizliyinin, qurğu və avadanlıqların yanğından və digər təhlükəli hallardan qorunmasının təmin edilməsinə diqqətin artırıldığını məmnunluqla qeyd etmişdir.

Mərkəzin İctimaiyyətlə əlaqə və təbliğat sektorunun baş məsləhətçisi Emin Ramazanov mətbuat nümayəndələrini qarşılıqlı əməkdaşlığı genişləndirməyə çağıraraq, qəzet və saytlarda əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi üçün bu sahədə təbliğat-təşviqat xarakterli yazılara daha geniş yer verməyin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Tədbirdə iştirak edən mətbuat nümayəndələri – “Sumqayıt” qəzetinin baş redaktoru, respublikanın Əməkdar jurnalisti Qüdrət Məlikov, “Xalq qəzeti”nin və “Azərbaycan” qəzetinin Sumqayıt üzrə bölgə müxbirləri Əli Nəcəfxanlı və Akif İsmayıl, “Xeberle.com” saytının əməkdaşı Kamal Almuradlı və digərləri çıxış edərək, bir-neçə il əvvəl şəhərin “Karvan” ticarət mərkəzində baş vermiş dəhşətli yanğının bir müddət sonra yenidən təkrarlanmasını yada salmış, orda yanğının ikinci dəfə baş verməsinin əsas səbəbi kimi ilk yanğından sonra müvafiq profilaktik tədbirlər görülməməsindən və hələ bugünədək də yanğınsöndürən maşınların ticarət mərkəzinə daxil olmasına  maneçilik törədən tikililərin oradan götürülməməsindən, bəzi binalarda yanğın pilləkənlərinin sakinlər tərəfindən qanunsuz olaraq sökülüb-çıxarılmasından, bunun isə Regional Mərkəz əməkdaşlarının diqqətindən kənarda qalmasından, yay mövsümündə çimərlik zonalarında xilasedicilərin daha sayıq və çevik olmasının labüdlüyündən, onların xilasetmə vasitələrinin və qayıqlarının yay mövsümünə tam hazır vəziyyətə gətirilməsinin vacibliyindən söhbət açmışlar.

Dialoq-diskussiya şəklində keçən görüşdə Regional Mərkəzin müxtəlif şöbə və bölmələrinin zabitləri təhlükəli halların operativ və tez bir zamanda aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin xətti ilə görülmüş tədbirlər barədə mətbuat nümayəndələrini məlumatlandırmış, onların təkliflərini dinləmiş və çoxsaylı suallarına cavab vermişlər.

 Rəhman ORXAN.

  DSC_0023 DSC_0029 DSC_0030 DSC_0033 DSC_0034 DSC_0035 DSC_0036 DSC_0040 DSC_0043 DSC_0046 DSC_0051 DSC_0055 DSC_0057 DSC_0061 DSC_0063 DSC_0065 DSC_0068 DSC_0071 DSC_0072 DSC_0074 DSC_0076 DSC_0078 DSC_0082

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın