Menu
Geri İrəli

Günəş bizi necə idarə edir, qanımız göylərlə necə bağlıdı? – Astrofizik alimin heyrətamiz izahı

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2017 • Baxış sayı: 173 dəfə • Şərh yoxdur
Share Button

Kosmosun sirləri ilə məşğul olan bir astrofiziklə söhbət etmək, zənnimizcə, hamı üçün maraqlıdır. Onlar bizim hər gün yerdə yaşadıqlarımızın, necə deyərlər, göydəki köklərini araşdırırlar. Günəşdəki aktivliyin yerdəki insana necə təsir etdiyinin, zəlzələlərin, yerin 7 qat altında və üstündə nələr olduğunun izahını verirlər. Hər birimiz göy üzünə baxandan sonra xeyli suallar qarşısında cavabsız qalırıq.

31de2a3f2f79e7346a1eebb63cf22209

Elə ona görə də astrofizik alimlə söhbətə kifayət qədər həyəcanla gedirdim…

 

Görüş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında baş tutdu. Bizi qarşılayan əməkdaşla liftə daxil oluruq. Qalx ki, qalxasan. Binanın ən axırıncı mərtəbəsinə çıxdıq. “Çatdıqmı” deyə soruşmuşdum ki, “yox, hələ iki mərtəbə də piyada qalxacağıq” dedi. Dedim, yəqin özləri qəsdən astrofizikləri ən son qatda, göylərə yaxın yerdə yerləşdiriblər. Sən demə, mən işin romantikasındayam, onlar isə…

 

Lent.az-ın müsahibi kosmik plazma fizikası sahəsində tanınmış alim, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovdur.

 

 

- Ən sonuncu qatı özünüz seçdiniz? Göylərə yaxın olmaq…

 

- İlk sualdan yaralı yerə toxundunuz ki… Elə bilirsiniz bu sonuncu qatı biz seçmişik? Yox. Bura texniki mərtəbədir, iş yeri deyil. Biz sadəcə burda oturmağa məcbur olmuşuq. Təsəvvür edin ki, nə su var, nə kanalizasiya.  Bizim üçün mütləq ayrıca institut açılmalıdır.

 

- Sizin ofisiniz Şamaxıdakı Rəsədxanada yerləşir?

 

- Daima qalıb Rəsədxanada işləmək sovetlər dövrünə məxsus bir məsələ idi. Məlum oldu ki, vaxt keçdikcə dağ şəraitində olan rəsədxana əməkdaşlarının səhhətində problem yaranır. Axı alimlərin də sosial problemləri var, daima orada otura bilməzlər. Rəsədxana əməkdaşları əslində meqapolislərdə yaşamalı, müşahidələr isə rəsədxanalarda aparılmalıdır. Qərbdə həmişə belə olub. Profilə uyğun olaraq, ölkədə bir çox yerlərdə rəsədxananın olması mümkündür. Amma alimlər paytaxtda da effektli fəaliyyət göstərə bilər.

 

- Günəşin sirrini açmağa çalışırsınız. Bu, kənardan sehrli, romantik bir iş kimi görünür. Fəaliyyətiniz dövründə sizi ən çox həyəcanlandıran hansı iş olub?

 

- Biizim sahəmiz elədir ki, ideyalarımızı, kəşflərimizi birbaşa tətbiq edə bilmirik. Amma bu sahədə möcüzə kimi işləri olan alimlərimiz var. Heç də təsadüfi deyil ki, son illərdə fizika sahəsində verilən Nobel mükafatlarının bir çoxu da astrofiziklərin payına düşüb. Kainatda bilmədiyimiz hələ xeyli şey var ki, onlar öz kəşflərini gözləyirlər. Əslində bu sahədəki hər bir kəşf məni həyəcanlandırır. Amma son illərdə məlum olan bir məsələ xüsusilə diqqətimi çəkdi. Bizim gördüyümüz bütün materiyanın əsasında protonlar, elektronlar, neytronlar durur. Bu vaxta kimi biz belə bilmişik. İndi isə məlum olub ki, bunlar yalnızca materiyanın 15 faizə qədəridir. Bəs qalan 85 faiz nədən ibarətdir? Bu, hələ bilinmir. Bilmədiyimiz bu hissəyə “qara maddə” deyirik. Və təsəvvür edin ki, bu “qara maddə” böyük təcillə genişlənir. Buna deyirlər qara enerji ionu genişlənməsi. Qravitasiyanın əleyhinə işləyən hansısa bir qüvvə var.

 

Biz “Böyük Partlayış” modelini qəbul etsək, kainat əslində genişlənməliydi. 15 milyard il bundan əvvəl meydana gələn kainatımız yavaş-yavaş sürətini azaltmalı və sonda bir nöqtəyə qayıtmalı idi. Amma biz təcillə genişlənən kainatı müşahidə edirik. Bəs bu nədir? Məlum deyil. Qarşımıza çıxan bu kimi suallar, problemlərin həlli şəxsən məni çox həyəcanlandırır, cəlbedici gəlir.

 

- Bəs heç bu işlərlə bağlı “adrenalin partlaması” deyilən bir an yaşamısınız?

 

- Çox olub. Bizdə bir foto var, siz də ona baxsanız, adrenalininiz xeyli yüksələcək. Şəkil sanki sehrlidir. Bir tərəfdən ay işığı, bir tərəfdən süd yolu, ulduz yağışı və s. Necə heyran olmayasan? Bu işin bir maraqlı məqamı da odur ki, kosmosa baxanda yerlə bağlı bütün problemləri, şəxsi dərdlərini unudursan. Kainatdakı əsrarəngizliklər dartıb səni özü ilə aparır göylərə.

 

- Kainatı kəşf edildikcə, insanın nə qədər xırda, zərrə boyda olması düşüncəsi ağlınızdan keçib?

 

- Miqyasa baxanda nəinki biz, Yer kürəsinin özü çox kiçikdir. Lakin bu, prosesə çox adi bir baxış olardı. İnsan çox nəhəngdir. Onun böyüklüyü və üstünlüyü zehni ilə bağlıdır. Məşhur astrofiziklərin əksəriyyəti ilahi qüvvənin mövcudluğuna daha çox inanırlar. Bu o demək deyil ki, məsələləri dinlə bağlayırlar. Yox. Məsələyə iki cür yanaşma var. Mən özüm uzun illər Rusiyada, Almaniyada işləmişəm. Xeyli astronomla rastlaşmışıq. Onlar ilahi qüvvəyə nə üçün inandıqlarının səbəbini də açıqlayırlar. Məsələn, deyirlər ki, kainatın sirlərini yalnız bir yerə qədər başa düşmək olur.

 

- Bəlkə, başa düşmədikləri prosesləri ilahi qüvvə ilə bağlayırlar, daha artıq baş sındırmırlar?

 

- Xeyir. Bu alimlər daxilən buna inanırlar. Çünki bu prosesləri yaradan bir qüvvə olmalıdır, səbəbsiz mümkün deyil. Çoxlarının görmədiyi halları biz böyük teleskoplarla müşahidə edirik və insanın qarşısında çox möcüzəli aləm açılır. Bu öz-özünə necə yarana bilər? Təsəvvür edin ki, biz deyirik ki, protonun kütləsi 10 üstü mənfi 24 qramdır. İşığın sürəti saniyədə 300 min kilometrə bərabərdir. Elektronun yükü filan qədərdir və s. Bu rəqəmlərin bircəciyini milyonda bir faiz dəyişsələr, tamam başqa dünya alarıq. Deməli, bu öz-özünə, belə dəqiqliklə yarana bilməzdi.

 

- Başqa dünya? Belə dünyalar var yəni?

 

- Bəli. Başqa dünyalar da mövcuddur. Hətta onlardan bir-birinə keçidlər belə var. Hazırda astrofizikanın ən dərin problemlərindən biri də qara dəliklərin fizikasını öyrənməkdir. Bütün qalaktikanın mərkəzində böyüklü-kiçikli qara dəliklər var. Onlar o qədər böyük cazibə qüvvəsinə malikdirlər ki, ulduzları bir göz qırpımında udurlar. Qara dəliklərdən şüalanma yoxdur. Onlar dibi bilinməyən dərin quyuya bənzəyirlər. Fərz olunur ki, bir-birinə keçidi olan dünyalar kitab şəklində düzülüb və onlar məhz bu qara dəliklərin vasitəsilə bir-birinə keçid edə bilirlər. Təbii ki, bu bir fərziyədir. Amma çox inandırıcıdır. Müasir texnologiyalar imkan vermir ki, biz bunu elmi şəkildə təsdiqləyə bilək. Qara dəliyə yaxınlaşıb, onun fizikasını öyrənə bilmirik. Çünki həmin dəlik özü ilə bağlı heç bir informasiya vermir. Yalnız ətrafını təhqiq edirik. İstənilən böyük kütləni, fotonu, işığı udur, amma özündən heç nə şüalandırmır ki, ondan hər hansı bir informasiya əldə edək.

 

- İlahi qüvvədən danışdınız. Müsahibələrinizin birində demişdiniz ki, Qurani-Kərim özündən əvvəlki sivilizasiyaların toplusudur, göylərdən gəlməyib…

 

- Mən hər yerdə bunu deyirəm ki, fiziklərdən, riyaziyyatçılardan, filosoflardan və başqa sahənin alimlərindən ibarət böyük bir qrup yaradaq və Quranı dəqiq öyrənək. Quranda xeyli elmi məqamlar var. Bunların bəziləri artıq aydındır. Amma bir çoxu hələ izah oluna bilmir. Məsələn, inanıram ki, alimlərin araşdırmasından sonra Quranda elmlə bağlı çox məqamlarla rastlaşacağıq. Quran böyük miqyasda bilgilərin sıxılmış formasıdır. Ona görə də bunu hər oxuyan başa düşmür və düşə də bilməz. Bunun üçün mütləq müəyyən bilik səviyyən olmalıdır. Bu zaman da sən yalnız öz bildiyin sahə ilə bağlı nələrinsə dəqiq izahını tapa bilərsən. Və ya öz bildiyin sahə ilə bağlı sənə yeni həqiqətlər məlum ola bilər. Məsələn, mən oxuyanda görürəm ki, orada astrofizikadan çoxlu biliklər var. Mən onların hamısını dərk edə bilmirəm. Yer üzündə insanın əmələgəlmə yaşı təqribən 60 milyon ildən çoxdur. Son sivilizasiyanın yaşı isə 60 milyon ildən qat-qat azdır. Yer üzündə xeyli sivilizasiyalar yaranıb və məhv olub. Onların biliyi yoxa çıxmayıb. Hansısa bir yolla özündən sonra gələn sivilizasiyalara ötürülüb. Ona görə deyirəm ki, Quranda olan biliklər bizdən əvvəlki sivilizasiyalar zamanı əldə olunmuş biliklərin sıxılmış formasıdır. Bu səbəbdən də biz onu asanlıqla oxuyub başa düşə bilmərik, hazırkı səviyyəmiz buna imkan vermir. Quranın göydən gəlməsi və ya başqa bir formada bizə ötürülməsi ilə bağlı əlimizdə heç bir sübut yoxdur. Kimsə inanır ki, onu bizə Allah göndərib, qoy elə də inansın. Və bu fikirlərə də hörmət edirəm. Bir məsələni də diqqətinizə çatdırım ki, indiyə kimi dindarlar əsasən, Quranda olan davranış qaydalarını üzə çıxarıblar. Necə oturmalı, davranmalı, geyinməli və s. Amma orada elm oturub. Bu elmi ortaya çıxarmaq lazımdır.

 

- Son günlərdə zəlzələlərin sayı xeyli artdı. Bunun astrofiziki səbəbləri varmı?

 

- Zəlzələnin də Günəşdə gedən proseslərlə əlaqəsi var. Mən Günəş fizikası ilə məşğul olmuşam. 25 il Rusiyada əsas bu istiqamətdə təhqiqatlar aparmışam. Hazırda Günəş və Yer əlaqələri fizikasını inkişaf etdiririk. Günəş yeri idarə edən əsas qüvvədir. Orada gedən proseslər istər-istəməz Yerdə öz əksini tapmalıdır. Hazırda dünyada iqlim dəyişir. Bunu yalnız Yerdəki səbəblərlə izah etmək çətindir. Geofiziklər hesab edir ki, bu qlobal dəyişmələr, olsun ki, Günəşlə bağlıdır. Günəşdə gedən irimiqyaslı burulğan hərəkətləri oradakı nüvə reaksiyasının sürətini dəyişdirir. Və bunlar min illərlə baş verən proseslərdi. Oradakı dəyişikliklər Yerdə də hiss olunur.

 

- 150 milyon km məsafədəyik, orada baş verən proseslər bizə hansı müddətə təsir edə bilir?

 

- Yerin enerji mənbəyi Günəşdir. Və bu enerjinin artıb-azalması iqlimə mütləq təsir edir. Məsələn, buzlaşma dövrü uzun müddət davam edib. Amma qurtarıb, son 10 min ildə isə  kəskin istiləşmə halları olub. Hazırda da kəskin istiləşmə halları olur. Zəlzələnin də Günəşdə gedən proseslərlə bağlılığının müəyyən izahı var. Hər 11 ildən bir Günəşdə Yer və hətta ondan da böyük ölçüdə qara ləkələr əmələ gəlir. Ona görə ki, orada güclü maqnit sahəsi olur. Konveksiya aşağıdan çıxan istiliyi azaltdığına görə, biz onu yerdən qara kimi müşahidə edirik. Və hər 11 ildən bir bu qara ləkələrin sayı maksimuma çatır, sonra minimuma enir. Hazırda biz minimumu yaşayırıq. Maksimum dövrdə yerə tərəf, ətrafa çox böyük həcmli plazma kütlələri atılır. 150 milyon kim məsafə olsa da atılan o top atəşləri Yerə dəyə bilər. Bizi bunlardan qoruyan maqnit sferasıdır. Elə bilin ki, biz maqnit torbasının içərisində yaşayırıq. Bu torba həm qalaktikadan, həm də Günəşdən gələn plazma atıntılarından bizi qoruyur. Bu sfera qaynar plazmaları kənara axıdır. Bəzən gələn plazma topları o qədər güclü olur ki, həmin sfera xeyli silkələnir və biz buna maqnit qasırğaları deyirik. Bu zaman ürək-damar xəstəliyi olan insanlar bu prosesi hiss edirlər. Ona görə belə qasırğaların olacağı ilə bağlı əvvəlcədən xəbərdarlıq olunur.

 

- Qasırğaların olacağı necə müəyyən edilir?

 

- NASA-nın iki peyki Günəşi hər iki tərəfdən fasiləsiz müşahidə edir. Oradan gələn məlumatlar analiz edilir. O cümlədən də zəlzələlər. Hazırda zəlzələlər aktivləşib. Bilmək lazımdır ki, istər zəlzələ, istərsə də püskürmə zamanı onun enerjisi yerin mərkəzindədir. Yerin ən mərkəzi hissəsi bərkdir. Mərkəzlə səth arasında olan material plazma şəklindədir. Həmin plazma orada diferensial fırlandığından maqnit sahəsi əmələ gəlir. Ona görə də bu maqnit sahəsinin dünyanı əhatə edən maqnit sferası ilə birbaşa bağlantısı var. Günəş Yerin xaricindəki maqnit sahəsinə təsir edəndə o, istər-istəməz Yerin daxilindəki fiziki proseslərə təsir edir. Və artıq orada dayanaqsızlıq hadisəsi yetişibsə, Günəş zərbəsi onu partlada, hərəkətə gətirə bilər. Ona görə deyirəm ki, təkcə zəlzələlər zamanı deyil, ümumiyyətlə, Yerin aktivliyi ilə Günəşdə gedən proseslərin birbaşa asılılığı var.

 

- Günəşin müəyyən dövrlə aktivləşdiyi də bildirilir. Hazırkı vəziyyət necədir?

 

- Ən son 2013-cü ildə Günəşin aktiv vaxtı idi. Bayaq bəhs etdiyimiz kimi, 11 ildən bir bütövlükdə qara ləkə adlandırdığımız maqnit sahəsi pik nöqtəsinə çatır. Hərdən elə olur ki, bu dövr 12 ilə yaxınlaşır. Yəni bu müddət dəyişir və nə üçün belə olmasının da izahı hələlik yoxdur. Hazırda bu qara ləkələr minimuma doğru gedir. İki ildən sonra isə artıma doğru inkişaf edəcək.

 

- Bəs necə oldu ki, bu ilin sentyabr ayında Günəşdə ən böyük partlayış qeydə alındı?

 

- Günəşin qütblərində tac dəlikləri var. Tac dəliklərindən həmişə ətrafa plazma axır. Bir də Günəşin ekvator zonasından plazma axır. İki cür Günəş küləyi var. Onların birinə yavaş, digərinə bərk deyirlər. Minimum dövrdə bu tac dəliklərindən axan plazma diskin ortasına tərəf hərəkət edir və oradan da yayılır. Diskin ortasında hər hansı bir hadisə baş verirsə, o birbaşa bizə yönəlir. Qütblərdən axan plazma kütləsi diskin ortasına gələndə birbaşa Yerə çırpılır. Ən son və ən bərk çırpılma, maqnit təlatümü də bu ilin sentyabr ayında müşahidə edilib.

 

- Qayıdaq yerə. Azərbaycan və Türkiyənin zəlzələ ilə bağlı vəziyyəti necədir? Təhlükəli zonada hesab edilirikmi?

 

-  Zəlzələni Yerin bərk qatının sınıqları verir. Zəlzələ zonaları da hamısı bu sınıqlar boyunda olanlardı. Bu sınığın biri də bizdə Xəzərdən keçir. Xəzərdə arası kəsilmədən zəlzələlər olur, xırdalı-böyüklü. Bizim bəxtimiz onda gətirib ki, Xəzər bu gərginliyin qarşısını alır. Təbii ki, bəzən quruya qədər gəlib çıxır, hiss olunur, hətta kifayət qədər güclüsü də baş verir. Amma əsas gərginliyi Xəzər öz üzərinə götürür. Türkiyədə də vəziyyət təxminən eynidir. Amma bu sahədə gözlənilməzliklər çox olur. Ən güclü inkişaf etmiş bir ölkədə belə zəlzələnin proqnozunu vermək mümkün deyil.

 

- Günəşin yerdəki fiziki proseslərə necə birbaşa təsir etdiyini təxminən anladıq. Bəs necə hesab edirsiniz, Günəş yerdəki ictimai proseslərə, insan şüuruna da təsir edə bilirmi?

 

- Bu sahədə çoxlu sayda tədqiqatlar mövcuddur. Günəşin aktivliyi ilə dünyada baş verən ictimai-siyasi hadisələri, məsələn müharibələr, inqilablar, üsyanların tarixini müqayisə edirlər. Hətta kütləvi şəkildə yayılan xəstəliklərin tarixi araşdırılır. Sizə deyim ki, bəzi tədqiqatçılar yollarda baş verən güclü qəzaların belə Günəşlə əlaqəsini araşdırıblar. Sadaladığım proseslərlə Günəş aktivliyi arasında asılılıq axtarılıb və bildirilib ki, birbaşa asılılıq var. Günəşdə elə proseslər baş verir ki, bu yerdəki insanın zehninə təsir edir. Onu da bilin ki, insan özü balaca bir kainatdır. Onun sirlər öyrənməklə bitmir. Biz heç özümüzü axıracan kəşf edə bilməmişik. Günəşdəki maqnit sahəsinin təlatümü, plazmaların axını insanın damarlarında axan qanın hərəkətinə təsir edir. Qanımızdakı plazmada da axan yüklü ionlar var. Bildiyimiz qədər, Günəş də məhz bu ionlar vasitəsilə qanın hərəkətinə təsir edir. Bu isə qan təzyiqi yarada bilər, beynin qidalanmasına təsir edər və s. Plazma adi qazdan ona görə fərqlənir ki, o ionlaşıb. Yəni qanımızdakı plazmaya maqnit sahəsi birbaşa təsir edir.

 

- Bəs bizim bilmədiyimiz başqa təsirlərin olması mümkündürmü? Məsələn, insan zehnində dəyişikliklər olması kimi…

 

- Təbii ki, mümkündür. Biz demək olar ki, heç nə bilmirik. Bu sahəni öyrəndikcə problemlərin sayı artır, görürsən ki, əslində sənin bildiklərin bilmədiklərinin yanında heç nədir. Aleksandr Çijevskinin Günəş aktivliyi və bunun yerdə yaşayan insanın sosial həyatına təsiri barədə məşhur nəzəriyyəsi var. Bu məsələlər, yəni Günəşin yerdəki ictimai proseslərə təsiri orda öz əksini tapıb.

 

- Biz hələ də kosmosda birbaşa müşahidə apara bilmirik?

 

- Astrofizikada ən maraqlı hadisələr Yerdən kənarda baş verir. Yerin atmosferi bizim üçün bir süzgəcdir. Ancaq görünən şüaları bizə göndərir. Bir də bir balaca radio diapazonda nələrsə buraxır. Maraqlı hadisələr isə qamma, rentgen və sair oblastlarda baş verir. Amma bu siqnalların heç biri Yerə buraxılmır. Ona görə də biz məcburuq ki, Yerdən kənara süni peyk qaldıraq, orada teleskop qoyaq və müşahidələr aparaq. Bütün əsas kəşflərin hamısı Yerətrafı müşahidələr nəticəsində əldə edilib. Əsasən atmosferdən yuxarıda aparılan müşahidələr effektli ola bilir. Hazırda çox bahalı proseslər vasitəsilə müşahidələr aparılır ki, bu da bir ölkənin işi deyil. Məsələn, desək ki, Azərbaycan özü təkcə kosmosda astofiziki eksperimentlər edəcək, bu ağla batan olmaz. Bu məsələdə ən azından kimlərləsə birləşmək lazımdır. Heç olmasa, ideyanı biz verib, eksperimentin vacibliyini sübut etməliyik. Hazırda Kanada ilə paralel apardığımız işlər var. Biz yerüstü, onlar da kosmosdan müşahidələr aparırlar. Bizim də süni peykimiz var. Amma hələlik onların vasitəsilə müşahidələr aparmamışıq.

 

- Gələcəkdə kosmosda müşahidə aparmaq üçün birbaşa kosmonavt göndərmək kimi planlarımız varmı?

 

- Bunu böyük dövlətlər edə bilirlər. Biz hələ o səviyyəyə çatmamışıq. Amma prosesin iştirakçısı ola bilərik. Kosmonavt göndərmək üçün ən birincisi bunun məktəbini yaratmalıyıq. Burada isə xeyli iş var. Hazırda bu sahədə ən güclü struktur NASA-dır. Onlarla birbaşa əlaqəmiz olmasa da Kanada ilə var. Onlar da NASA ilə əməkdaşlıq edirlər.

 

- Aşağı mərtəbədə kosmosdakı görüntülərlə bağlı maraqlı bir sərgi gördük. Bu kimin ideyası idi?

 

- Bilirsiniz, həvəskar astroloqlar elmin inkişafına heç də az töhfə verməyiblər. 15-ə yaxın ekzoplanetlər barədə fərziyyələr var. Bu planetlərdə yaşayışın olması fərz edilir. Bunlar isə əsasən həvəskar astroloqlar tərəfindən kəşf olunub. Bu həvəskarlar kosmosdakı gözəl görüntülərin arxasınca gedir, amma bu yolda özləri də bilmədən hansısa elmi kəşfə səbəb olurlar. İdeya bizimdi. Bütün dünyaya elan etdik ki, həvəskarların səma ilə bağlı fotolarını yığıb sərgi keçiririk. Sərgidə iştirak etmək üçün hətta bir neçə xarici ölkədən də müraciətlər oldu. Xeyli foto yığıldı. Müsabiqə keçirib, 3-nü qalib elan etdik. Və onlara vəsiqə verdik ki, Şamaxı rəsədxanasında gedib müşahidə etsinlər. Bilirsiniz, daima eyni rəsədxanada müşahidə aparmaqla, həvəskarların işi bir deyil. Onlar teleskoplarını əllərinə alıb, dünyanın hər bir yerinə səpələnə bilirlər. Özü də onlar dayanmadan müşahidə aparırlar. Hətta hansısa obyekti müşahidə edərkən estafeti bir-birlərinə belə ötürürlər. Beləliklə, onlar maraqlı məqamları tapıb astrofiziklərə verirlər və alimlər üçün də bu yeni bir kəşf olur. Həvəskarla bağlı hərəkat Azərbaycanda yeni başlanılır. Hesab edirəm ki, bizdə də belə maraqlı kəşflər ola bilər.

 

***

 

Təkcə bu söhbət göylərə heyranlığımı xeyli artırdı. Liftlə aşağı düşəndə isə qəribə bir fikir gəldi ağlıma: istəyirsən lap 100-cü mərtəbəyə qalx, əgər atmosferdən çıxmırsansa,  Yerdə sayılırsan. Ona görə də alimlərimizə aşağı qatlardan rahat otaq versələr, daha yaxşı kəşflər edə bilər.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın