Menu
Geri İrəli

Həmyaşıdlarıma – keçid mərhələsinin uşaqlarına MƏKTUB

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Avqust 2017 • Baxış sayı: 1,593 dəfə • Şərh yoxdur
1500977439_1Əminəm ki, hər kəsin valideyni “Sovetin dönəmini” təriflədiyi vaxtları olub. Onların uşaqlığının, gəncliyinin keçdiyi o Sovet rejimi zamanlarının xoş xatirələrini çox yad ediblər. Məktəb illərini, kitabxanada keçdiyi günlərini, gəncliyini və səyahətlərini… Anam danışırdı ki, qar yağardı, düşərdik qartopu oynamağa, əlcəklərimiz islananda bloka gələrdik ki, qızdırıcılarda əlcəklərimizi qurudub, əllərimizi isidib yenidən oynamağa gedək. Atam həmişə bizi kitab oxumağa motivasiya edərdi. Deyərdi mən bütün Azərbaycan ədəbiyyatını naxıra gedəndə oxumuşam. Məktəb illərində ədəbiyyata və tarixə marağım olmayanda, Koroğlu dastanını can çəkə-çəkə oxuyanda atam bütün ədəbiyyatdan xəbərdar idi. Fizikadan da mənə bir az öyrədirdi. Sürət, at gücü, porşenlər… Yalnız məktəb bilikləri ilə elektriki, fizikanın digər bölmələrini əla bilirdi. Kitab oxumaq demişkən, xalam da dərs kitablarının cildliyini arada bədii əsər kitabının üzünə keçirirmiş, oturub bədii kitab oxuyurmuş evdə.
 Bu əhvalatları mən uşaqlıqda, 90-cı illərin əvvəllərində nənəmlə oturub şəhid xəbərlərini, Milli Məclisdəki mübahisələri, hər gün xəbərlərdə bir rayonumuzu itirdiyimizi izlədiyim vaxtlarda eşidirdim. Biz keçid mərhələsinin uşaqlarıyıq. Bəzimiz müharibənin canlı şahidi, bəzimiz isə könüllü əsgərlərin, ya da müharibədən qaçan əsgərləri görüb, qorxu içində yatan uşaqlardıq. Ən qorxduğum isə atamı əsgər aparmaqları olardı uşaqlıqda. Heç yaşı çatmırdı. Amma içimdə hər zaman qorxu olurdu nə isə… Yuxularımı qarışdırardım tez-tez..
  Biz nə Soveti gördük, nə tələbəlik illərində ən azı Polşa, Slovakiya, Ukrayna, Rusiya, Türkiyə və s. kimi ölkələrə səyahət edib, mədəniyyətini tanıdıq. Biz sadəcə Sovetden azad Azərbaycana keçidi seyr etdik. Gözəl gələcək gözlədik, işıqlı, azad olmağa ümid etdik.
  Böyüdük, birtəhər… Kimsə uşaqlığını çadırlarda, kimsə məktəbin sinif otaqlarındakı “evlərdə” keçirdi. Yadıma məktəbimzidə yaşayan məcburi köçkün ailəsi düşdü. Çox pis olurdum. Adını çəkməyəcəm, amma indi kənardan baxanda fəxr edirəm. Hal hazırda çox savadlı və dürüst hüquqşünasdır.
 Böyüdük, birtəhər … Atam gecəsini gündüzünə qatdı… 7 gün, hər gün 12 saatdan çox işləyirdi ki, bizi dolandırsın. Bizi böyütmək üçün çox əziyyət çəkdi, amma heç vaxt şikayətlənmədi. Hələ də əziyyətdədir. Gördüyü isə Sovetin vaxtı, kənddəki naxırçılığı oldu.
 Böyüdük, birtəhər … Universitetdə oxuduq. Arzularıma da çatdım. Gələcək yaşayışımı Azərbaycanda davam etdirmək istəmirdim. Məqsədimə də çatdım. Artıq 5 ildir ki, Belçikada yaşayıram. Arzu etdiyim həyatı yaşayıram deyərdim, amma həsrət olmasaydı… Uşaqlıqda bayatılar öyrənərdik, ilk qürbət sözü eşitdiyim, anladığım o gündən azı 20 il keçir. Amma qürbətin nə olduğunu bu gün anlayıram. Bilirəm deyəcəksiniz ki, hər kəs anlayır. Amma əmin olun ki, qürbəti dadmayınca anlamazsan. Anlaya bilməzsən. Nə qədər çətin olduğunu hətta təssəvvür etsən də, hiss edə bilməzsən. Düşün ətrafında bütün gözəlliklər var, xoşbəxtsən, amma bir gün yıxılsan, əlini uzatmağa kimsə yox… Çalış ki, yıxılmayasan. Məqsəd qoyduğun və nail olduğun bu arzularınla sadəcə acı bir hisslə, həsrətlə bərabər addımlayırsan.
 Böyüdük, birtəhər… Amma anlamıram günahımız nəydi?! Niyə biz yaşadıq bunları? Niyə ölkəmizi hələ də arzuladığımız səviyyədə görə bilmədik. Düşünürəm ki, valideynlərimin yaşadığı və nisbətən razı qaldığı Soveti, Azərbaycanı və Belçikanı. Fərqlərini düşünürəm, inkişafını düşünürəm. Müqayisə edə bilmirəm…Amma böyük fərq ondadır ki, biz Sovetdən ayrıldıq, amma, onun yaratdığı yaxşı qaydaları qoruyub saxlaya bilmədik. Məsələn, Sovetin vaxtındakı növbəyə dayanıb ev almaq, poçt sistemi, istilik sistemi, səyahət, sanatoriya hüqüqü və s. bu kimi kiçik və çox vacib olanlar qalıb inkişaf etməkdənsə, itirdik. Biz sadəcə sıfırdan başladıq, amma müsbət istiqamətə yox, bəzən mənfiyə tərəf inkişafa başladıq.
 Təsirlənirəm… Biz əslində kiçik şeylərlə xoşbəxt olan millətik. Amma biz valideynləri Sovet təsirində, amma, buna baxmayaraq xoş xatirələri olan, uşaqlığımız müharibə həyəcanında, gəncliyi isə rüşvətlə, haqsızlıqla yaşayan və nəhayət hələ də arzuladığı həyatı yaşaya bilməyən, kimlərsə mənim kimi kənardan baxıb kədərlənən, kimlərsə o həyatı yaşayıb, hər gün ümidsiz gələcəyinə yenə də pozitiv hisslərlə baxıb, hər şeyin bir gün çox yaxşı olacağına inanan insanlara çevrildik…
 Hər kəsə arzuladığı həyatı və yaşamı arzu edirəm, dostlar. Uzaqda olsam da, dərdlərinizə şərikəm, çünki biz o günləri birgə yaşamışıq, biz eyni illəri, eyni problemləri birlikdə yaşadıq. Biz güclüyük.
Biz yıxılmadıq, yıxılmayacağıq da!
Nahilə Hüseynova Belçikadan
Facebook Şərhləndirmə:

Şərhinizi yazın