Menu
Geri İrəli

Kəmaləddin Heydərov necə tələbə olub? – Müəllimləri danışır + FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 16 İyul 2015 • Baxış sayı: 738 dəfə • 1 şərh

kemaleddin heyderov telebelik plBu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik, Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərovun doğum günüdür.

AzVision.az bununla bağlı K.Heydərovun məzunu olduğu Bakı Dövlət Universitetində onun müəllimlərilə görüşüb.

K.Heydərovun diplom layihəsinə elmi rəhbərlik etmiş BDU-nun Faydalı Qazıntılar kafedrasının müdiri, akademik, əməkdar elm xadimi Vasif Babazadə 60-cı illərin əvvələrindən universitetdə dərs deyir.

- İndiyə kimi yadımdadır, “Parağaçay yatağının geologiyası”ından ona diplom mövzusu vermişdim. O, diplomunu çox yaxşı müdafiə elədi. O zaman mən Geologiya-coğrafiya fakültəsinin dekanı işləyirdim. Həmin fakültə isə çox böyük idi, indi iki yerə bölünüb. Həmin vaxtlarda fakültədə1500-ə yaxın tələbə təhsil alırdı. 15-ə yaxın ölkədən 300-ə yaxın xarici tələbəmiz vardı. 1500-ə yaxın tələbənin içərisindən seçilənlərdən biri də Kəmaləddin idi. Düşünməsinlər ki, bu gün Kəmaləddin nazir işlədiyi üçün belə fikirlər səsləndirirəm. Həmişə çalışmışam ki, tələbə-müəllim münasibətlərində müəyyən izlər qoyulsun. Elə olsun ki, sabah həmin tələbə məzun olduqdan sonra müəllimlərilə mehriban münasibətlərini saxlasınlar. Kəmaləddin isə müəllimlərilə çox yaxın olub. O, mehriban tələbə idi. Bəzən mən onu evimə də dəvət edirdim. Mən dekan, elmlər doktoru və proffessor idim, o isə adi bir tələbə. Qiyabi təhsil alırdı. Onunla evimdə söhbətlərimiz olurdu. Bu münasibətlər illər keçməsinə baxmayaraq, soyumadı,- deyir Vasif müəllim.

Onun sözlərinə görə, Kəmaləddin Heydərov tələbə olarkən atası Fəttah müəllim Ordubad rayonunda birinci katib işləyirdi: “Buna baxmayaraq, Kəmaləddin heç nədən qaçmırdı. O, çox yaxşı oxuyurdu. Geologiyada diplom müdafiəsi üçün gərək riyaziyyat, fizika, həndəsə biləsən. Ona `beş`i mən yazmamışdım, özü alımışdı. O, universitetdə təhsil aldığı müddətdə həmişə əlaçı olub. Fəttah müəllim də həmişə bizə zəng edib, Kəmaləddinin dərslərilə maraqlanırdı”.

Daha sonra V. Babazadə tələbəsinin ailə həyatı qurmasından söhbət açdı:

- Kəmaləddin özünə layiq olan həyat yoldaşı Ruhəngiz xanımla da bu universitetdə tanış olub. Onların toylarında bizim qiyabı şöbənin bütün tələbələri və müəllimləri iştirak ediblər. Ruhəngiz coğrafiya üzrə, Kəmaləddin isə geologiya üzrə ixtisaslaşırdı. Sonralar xanım bizim fakültənin işçisi oldu. Mən onu işə götürdüm. O, çox yüksək əxalqi keyfiyyətlərə malik olan bir xanımdır. Ruhəngizin atası da elmlər doktoru, professor idi. Torpaqşünaslıq İnsititutunda direktor müavini işləyirdi. Onların indi çox yüksək tərbiyə görmüş iki oğlanları var. Tərbiyə isə ata, ana və kökdən gəlir.

Müəllimi deyir ki, indi keçmiş tələbəsilə çox az-az görüşür: “Çünki o, dövlət adamıdır, mən isə müəlliməm. Mən indi ona rəsmi dövlət adamı olduğu üçün `Kəmaləddin müəllim` deyirəm. Görüşəndə birinci növbədə qucaqlaşıb öpüşürük, hal-əhval soruşuruq. Kəmaləddin məndən soruşur ki, nəyə ehtiyacım var? Düşünən, dərk edən adama bundan artıq heç nə lazım deyil.

Vasif Babazadə həmçinin nazir tələbəsinin musiqi qabiliyyətindən də danışdı. Qeyd etdi ki, K.Heydərov tələbəlik illərində də musiqiyə meyilli olub: “O, gitarada və pianoda çox yaxşı ifa edir. Bəstələdiyi gözəl musiqiləri var. Ulu öndərimizə həsr etdiyi mahnı yüksək səviyyədədir. Kəmaləddin həddindən artıq təvəzökardır. Bu, hərdən utancaqlığa da gətirib çıxarır”.

Bakı Dövlət Universitetinin Geologiya Fakültəsinin dekan müavini Bahadur Qələndərov da bir zamanlar tələbəsi olmuş K.Heydərovla bağlı xatirələrini bölüşdü:

- Kəmaləddin unversitetə daxil olanda mən gənc mütəxəssis kimi çalışırdım, fakültənin Həmkarlar Təşkilatının sədri idim. Kəmaləddin ilk gün universitetə daxil olmaqla bağlı sənədlərini mənə təqdim etdi. O zamandan aramızda çox mehriban münasibətlər quruldu. O, dərslərini yaxşı oxuyurdu. Bizim xahişimizlə Kəmaləddin sinif nümayəndəsi təyin olundu. Həmin gündən Kəmaləddinlə dekanlıq arasında yaxın ünsiyyət yarandı. Diplom tərtib olunarkən ixtisasımıza uyğun olaraq çöl materialları toplamaq lazım idi. O, həmin dövrdə fakültəmizin aparıcı müəllimlərindən olan Vaqif Ramazanlı ilə birlikdə çöl materialları toplamışdı. Bunların nəticəsi olaraq ən yüksək səviyyədə diplom müdafiə edə bilmişdi.

Onların “son zəng”ləri ərəfəsində Kəmaləddin qrup yoldaşları ilə birlikdə mənim otağıma gəldi. Mənə dedilər ki, müəllimlərinin bir neçəsinin son zəng tədbirində iştirak etmələrini istəyirlər. Həmin “Son zəng”də unversitetin hörmətli müəllimləri Sübhi Bektaşi , Vasif Babazədə və mən də iştirak elədim. Kəmaləddin çıxışı zamanı dedi ki, böyüdüyü ailədə gördüyü səmimiyyəti burada görüb.

Fakültədə o vaxtlar Nadir Zəlimxanov adlı bir müəllim işləyirdi. O, tədris işini çox ciddi aparırdı. Yaxşı qiyməti də çox çətin verirdi. Kəmaləddin qrupun adından mənə dedi ki, o müəllim tələbələrə qiymət yazmır. Mən də dedim ki, Nadir müəllimdən xahiş edəcəyik ki, həmin qrupa 3 gün dalbadal mühazirə keçsin. Onların qrupları çox sağlam idi. Qrupun sağlam və möhkəm olması sinif nümayəndəsindən aslıdır. Bizim Kamal da çox yaxşı sinif nümayəndəsi idi.

Kəmaləddin o zamanlar səmimiyyəti, mehribanlığı ilə fərqlənirdi. Bütün qızlar ona “nə qəşəng oğlandır” deyirdilər. (gülür)

Universitetdə Heydər Əliyev Məktəbi var. Dövlət qulluqçuları mütəmadi olaraq orada öz fəaliyyətləri barəsində çıxışlar edirlər. Kəmaləddin müəllim də həmin məktəbdə çıxış edib. Biz də onu dinləməyə getmişdik. Abel müəllim ona söz verəndə, Kəmaləddin dedi ki, danışmağa çətinlik çəkir, çünki müəllimləri həmin auditoriyada oturublar.

Bir zamanlar K.Heydərovun sevimli müəllimi olmuş professor Sübhi Bektaşi isə təəssüf ki, indi həyatda yoxdur. Mərhum professorun həyat yoldaşı Həbibə xanım AzVision.az-a bildirdi ki, onlar birlikdə kitab yazmışdılar. Kitab “Qızıl, gümüş və platin” adlanır.

- Sübhi həmişə Kəmaləddinlə fəxr edirdi. Dünyasını dəyişməmişdən öncə o, bir kitab yazmışdı. Əlyazma halında idi. Sübhi onu çap etdirə bilmədi. Mənə vəsiyyət etmişdi ki, həmin kitabın adını “Minerallar” qoyum və çap etdirim. O, kitabı universitetin dəstəyilə çap etdirə biləcəyimi söyləmişdi. Mən həmin əlyazmanı universitetə apardım. Amma illər keçməsinə baxmayaraq, hələ də Sübhinin kitabı çap edilməyib. O, dəfələrlə yuxuma girib. Kəmaləddin müəllim öz müəlliminin kitabının çap olumasında bizə yardım etsə, çox şad olarıq. Kəmaləddin müəllimi görməyi çox istəyirəm. Və bir daha təbrik edirəm.

Hafiz Əhmədov
Fotolar: Nuron Məmmədov

AzVision.az

Facebook Şərhləndirmə:

“Kəmaləddin Heydərov necə tələbə olub? – Müəllimləri danışır + FOTOLAR” yazısına bir cavab

  1. Şəmiyev Ruslan Əmrah oğlu, BDU-nun Geologiya fakültəsinin disertsntı deyir:

    Həyatda hər insana müəllimləri tərəfindən belə gözəl sözlər eşitmək qismət olmur doğrudan da Kəmaləddin müəllim dahi insandır.Gənc nəslin dövlətə və dövlətçiliyə sədaqətli böyüməsində, səmimi və məsuliyyətli tərbiyyə almasında Kəmaləddin müəllimin bütün addımları biz gəncərə bir örnək olub.Biz də bu xoş gündə Kəmaləddin müəllimə möhkəm can saqlıqı və uzun ömür arzu edirik.Onun bütün addımları biz gəncləri ruhlandırır və vətənə olan sevgimizi dahada gücləndirir.

Şərhinizi yazın