Menu
Geri İrəli

Kondisioneri neçə dərəcəyə qoyaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyul 2016 • Baxış sayı: 743 dəfə • Şərh yoxdur

Otaqla bayırdakı kəskin temperatur fərqi üzü qırışdırır, bronxit, ağciyər xəstəliklərinin yaranmasına səbəb olur
Kondisioner
Çoxlarımız yayda otaq temperaturumuzun və şəxsi avtomobillərimizin salonunun çöldə 40-45 dərəcə olduğu halda 18 dərəcədə saxlamağı xoşlayırıq. Qışda isə əksinə, bayırda 1-2 dərəcə istilik olanda evdə və avtomobilin salonunda tepmeraturu 30 dərəcəyədək yüksəldirik. Mütəxəssislər necə düşünür, gün ərzində kəskin temperatur fərqi insan orqanizmind hansısa fəsadlar yaratmır ki?

Temperatur fərqində immun sistemi zəifləyir

Terapevt Məlahət Abbasova bildirdi ki, bayır temperaturu ilə otaq temperaturu arasında çox fərq olmamalıdır: “Məsələn, bayırda yay vaxtlarında 40 dərəcə isti olanda otaqda temperaturu 18 dərəcəyə endirmək olmaz. Bu zaman otaqda temperatur ən azı 24-26 dərəcə olmalıdır ki, bayıra çıxanda temperatur fərqi çox hiss olunmasın. Yayda insanlar qripin yayılmasından, tez-tez soyuqlamalarından, daxili orqanlarında problem yarandığını, “yayda istidə mənə necə soyuq ola bilər”,- deyib şikayətlənirlər. Əslində isə temperatur fərqi olanda bədənin immun sistemi dəyişir, bədən dəyişilmiş temperatura öyrəşə, adaptasiya ola bilmir. Adaptasiya getməyəndə isə immun sistemi zəif olan insanların buna daha güclü reaksiya verməsi gözləniləndir. Temperatur fərqinə xüsusilə, uşaqların və yaşlıların reaksiyası daha güclü olur”.

M.Abbasova bildirdi ki, qış aylarında da otağın temperaturunu bayırdakı temperatura uyğun tənzimləmək lazımdır: “Yəni bayırda çox soyuq olanda içəriidə yüksək temperatur yaratmaq düzgün deyil. Bu temperatur fərqi insan orqanizminə pis təsir edir. Az adam olar ki, immun sistemi möhkəm olduğundan temperatur fərqində səhhəti ilə bağlı heç bir problem yaşamasın”.

Fəsadlar

Həkimin sözlərinə görə, məhz temperatur fərqinə görə qış aylarında ağ ciyər, pnevmoniya, sətəlcəm, bronxit xəstəlikləri çoxalır: “Çünki insan bayırda soyuq temperaturla, hətta mənfi dərəcədə, otaqda isə otuz dərəcə nəfəs alır. Buna adaptasiya oluna bilməyən bədənin immun sistemi zəifləyir və ağ ciyərlər kəskin dəyişilmiş temperatura uyğunlaşa bilmir. Xüsusilə dəri temperatur fərqinə uyğunlaşa bilmir və güclü reaksiya verir”.
M.Abbasova məsləhət görür ki, qışda evdən bayıra çıxanda o dərəcədə isti geyinmək lazımdır ki, otaq temperaturunu saxlasın və bədən fərqli temperatura güclü reaksiya verməsin.

12 dərəcə fərq normaldır

Beynıəlxalq Ekoenergetika Akademiyasının professoru Nurməmməd Məmmədov məsləhət gördü ki, yayda evdə və avtomobilin salonunda temperaturu 24 dərəcədən aşağıya salmaq məsləhət deyil: “Təsəvvür edin, bayırda temperatur 40 dərəcə, otaqda kondisionerin sayəsuində 18 dərəcədirsə, 22 dərəcə fərq yaranır. Bu zaman insan fərqli temperaturlara çətin adaptasiya olunur. Nəticədə vaxtından əvvəl qocalma prosesi gedir, üzdə qırışlar əmələ gəlir. Çünki orqanizm fərqli havaya adaptasiya olunarkən müqavimət göstərməkdə çətinlik çəkir. Qışda soyuğa, yayda da istiyə müqavimət göstəririk. Çöldə 40 dərəcə, içəridə 24 dərəcə olanda bu zaman temperatur fərqi 16 dərəcə olur. Bir var orqanizm 16 dərəcəyə, bir də var 22 dərəcəyə müqavimət göstərsin. Ümumiyyətlə, yaxşı olar ki, bayırla içərinin temperaturu arasında fərq 12 dərəcə olsun”.
N.Məmmədovun sözlərinə görə, qışda da havanın temperaturunu 24 dərəcədən yuxarı qaldırmaq məsləhət deyil: “Çünki temperatur 24 dərəcədən yuxarı olanda bakteriyalar baş qaldırır. Xüsusən də yataq otağının temperaturu aşağı olmalıdır. Almaniya normalarında yataq otağının temperaturu 16, Azərbaycanda isə 19 dərəcədir. Çünki otaq sərin olduqda insan daha rahat yatır, bakteriyaların fəallığı azalır”.

Lalə Musaqızı, kaspi.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın