Menu
Geri İrəli

MÜDRİKLİYƏ ATILAN ADDIMLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Fevral 2017 • Baxış sayı: 193 dəfə • Şərh yoxdur

16468698_1118442361615949_674973059_nVə yaxud dostum haqqında kiçik ştrixlər

 50 illik jurnalistik fəaliyyətimdə bəlkə yüzlərlə, ola bilsin minlərlə insanlarla ünsiyyətdə olmuşam, onlardan müsahibə almışam. Aralarında elələri olub ki, öz maraq dairəsi, dünyagörüşü, intelektual səviyyəsi ilə mən valeh edib, ruhuma yeni qida verib, sənətimə olan məhəbbəti artırıb.

Cəmiyyətdə, həyatda özünə layiq mövqe tutan, ictimaiyyət arasında hörmət sahibi olan dostlarım haqqında nədənsə yazı yazmaqdan çox vaxt çəkinmişəm. Əvvəllər bunu “dostbazlıq” kimi qiymətləndirməsinlər deyə, məqalə yazıb, kiminsə qınağına səbəb olacağından ehtiyat edirdim. Lakin illər keçdikcə, hiss edirəm ki, həyatda gözəl və səmimi insanlar olduqca çoxdur. Və onlar hər cür tərifə layiqdirlər. Belə insanlardan biri də mənim 30 illik dostumdur. Kimdir bu adam? Bu haqda bəzi telekanallar adətən belə deyirlər: “az sonra”. Mən isə başqa cürə deyirəm, tələsməyin, icazə verin, qəlbimdə yer tapan, ürəyimdə toplanan sözləri sizə çatdırım.

Dostlarım haqqında məqalə yazanda istər-istəməz çox düşünür, çox götür-qoy edirəm. Bunun da öz səbəbi var. Görəsən həmin adamın bədii portretini canlı şəkildə yarada bilərəmmi? Bu, oxucuları razı sala biləcəkmi? Bax, bu məsuliyyət hissi həmişə məni izləyib, tələsik, sönük, yarımçıq yazılardan çəkindirməyə sövq edib. Hər dəfə qələmi əlimə alanda həmin insanın həyat yolu kino-lenti kimi gözlərim qarşısından gəlib keçir. Kimdir bu kiçik yazımın qəhrəmanı?

Gəlin tələsməyək…

Onun haqqında böyük bir kitab da yazmaq olar. Ancaq mənə elə gəlir ki, bu artıqdandır. Həm də, bunu onun özü heç istəməz. Təvazökar, səmimi, istiqanlı yoldaşdır. Tanıyanlar sözlərimi təsdiq edərlər. Onun həyat kitabçasını vərəqləyirəm. Keçdiyi ömür yolu zəngin, mənalı, günləri bənzərsiz olub. Düzdür, bu həyatda hər şey hamar olmayıb. Çətinliklərin, problemlərin mövcud olan vaxtı özünü itirməyib, büdrəməyib, kiminsə arxasında gizlənməyib. Dostluqda sədaqətli olmasını həyat artıq sübut edib. İndi gəlin görək yaşadığımız bu dünyada bir çoxları, qarşı tərəfə sadiq çıxırmı? Çoxları kiminsə vəzifəsinə, rütbəsinə, var-dövlətinə sədaqətlə qulluq etməyə çalışır. Bütün bu rütbələrdən məhrum olanda isə, həmin insanları çıraqla da axtarsan tapa bilməzsən. Yunan filisovlarından biri deyib: “Dost kölgə kimidir, günəş vaxtı səndən əl çıkmir, kölgəyə çəkiləndə isə yox olurlar”. Mənim dostum isə sədaqətli və vəfalıdır. Heç bir vaxt etibarsız çıxmayıb. Dar gündə kölgəyə çəkilməyib, əksinə, dostlarının ağır günlərində həmişə yanında olub, arxasında dağ kimi dayanıb. Bunun dəfələrlə çahidi olmuşam. Kimdir bu etibarlı insan?

Tələsməyin, tanıyacaqsınız….

Bu insanın qəribə xasiyyəti var, ola bilsin, bu önəmlidir, deyə bilmərəm. Hər halda bu xasiyyət qəlbinin içindən gəlir, qulağına nəsə pıçıldayır, bu da onun həyat prinsipinə çevrilir. Bəlkə də yalnış düşünürəım. Deyə bilmərəm. Lakin uzun illər onu tanıdığımdan bunu deməyə əsasım var. İnsanlarla münasibətdə çox səmimi və səbrlidir. Ona şad və yaxud bəd xəbər çatdıranda emosiyaya qapılmır, özünü təmkinli aparır, hər hansı bir hadisəyə tələsik qərar verməyi xoşlamır. Hər şeyi yüz ölçüb-biçəndən sonra qərarını verir. Bu, insanın böyüklüyünü göstərir. Onun bu keyfiyyətlərinə görə onu sevir, hörmət edirik. O, buna layiqdir. Bu insanın ən böyük keyfiyyətlərindən biri də sözü bütöv olmasıdır. Əgər kiməsə söz verdisə, mütləq yerinə yetirməlidir. Problem həll olunmasa belə, kiminsə vasitəsilə onu həll etməyə çalışar və buna nail olar.

Onu Sumqayıtda, Bakıda yaxşı tanıyırlar. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, bir neçə kitabı nəşr olunub. Onun hekayələrinə tez-tez kütləvi informasiya vasitələrində rast gəlmək olar. Yığcam və lakonik dəsti-xətti var. Onu uzunçuluda, söz yığınında qınamaq olmaz, əksinə, yazdığı hekayələr canlı həyatdan götürülür, süjet xətti düzgün qurulur, dialoqlar inandırıcı verilir. Hərdən onu “hekayələr ustası” adlandırıram. Çox təvazökar olduğundan məndən xahiş edir ki, onu belə qələmə verməyim.

“Mən hekayələr ustası deyiləm, – deyir: – Cəlil Məmmədquluzadə, Anton Çexov, İvan Bunin, Əziz Nesin, Vasili Şukşin kimi hekayələr ustası yanında mən kiməm? Onlar uca dağın zirvəsində dayanıblar və bütün dünyaya öz yaradıcılıqları ilə işıq saçırlar. Bəs mən? Həvəskar yazıçıyam. Püxtələşməyimə, tanınmağıma hələ çox var. Əsası odur ki, yuxarıda adlarını çəkdiyim və başqa klassik ədəbiyyat nümunələrini oxuduqca sanki böyük bir məktəb keçmiş oluram. Bundan son dərəcə qürur duyuram. Dediyim kimi, hər bir klassikin əsəri bir məktəbdir, örnəkdir. Onlardan öyrənmək isə biz yazarların borcudur”.

Bu, onun sözləridir. Səmimiliyinə inanıram. Dünya klassik ədəbiyyatına bələd olmadan kiçik, maraqlı, oxucunu düşündürən hekayə yazmaq olarmı? Yox!

Yaxşı, bəs kimdir, mən tərəfdən adlandırılan bu “hekayələr ustası”. Qətiyyən tələsməyin…

Bu insanın yaradıcılığında tərcüməçilik peşəsi xüsusi yer tutur. Mən 20 il rusdilli qəzetə rəhbərlik etmişəm. Rus dilində ssenarilər yazmışam, məqalələrim Bakıda, Rusiyada nəşr olunan kütləvi informasiya vasitələrində geniş çap olunub. Bununla belə, hər hansı bədii ədəbiyyatı Azərbaycan dilinə çevirməkdə çətinlik çəkmişəm. Bakıda fəaliyyət göstərən nəşriyyatlar bir neçə dəfə mənə Balzakın, Qolsuorsinin, Markovun, Simonovun, Rasputinin əsərlərini tərcümə etməyi xahiş ediblər, mən isə imtina etmişəm. Dostum isə bu işdə səriştəlidir. O, bu yaxınlarda böyük fransız yazıçısı Emil Zolyanın “Tereza Raken” romanına, “Naturalizm” elmi-publisistik əsərinə, ingilis yazıçısı Karlos Kastonedonun “Учение Дон Хуана» əsərinə böyük məsuliyyətlə yanaşmış, peşəkarcasına Azərbaycan dilinə tərcümə etmişdir. Bunu onun uğuru sayıram. Onu da deyim ki, dostumun tərcümə üzərində necə işlədiyinin canlı şahidi olmuşam. Hər bir söz, ifadə, cümlə quruluşu istədiyi kimi alınmayanda, ona yenidən qayıdırdı, hətta lüğətdə tapmadığı sözlərin tərcüməsini ədəbiyyatşünaslardan soruşar, onlarla məsləhətləşərdi. Hal-hazırda Emil Zolyanın “Жерминал»  romanının tərcüməsi üzərində çalışır.

Mütaliə onun xobbisidir. Hər dəfə ya evlərində, ya da iş yerində olanda stolun üstündə müxtəlif yazıçıların əsərlərini görmək mümkündür. Maraqlanan kimi, nə oxuduğunu, kimi bəyəndiyini söyləyər, tərəf müqabillə polemikaya girməyi xoşlayandır. Mütaliəsiz inkişaf yoxdur. Bu, aksiomadır. A.Gertsen yaxşı deyib: “Bəşəriyyətin bütün həyatı, tədricən kitablarda məskən salmışdır: nəsillər, adamlar, dövlətlər gəlib getmiş, kitab isə qalmışdır”.

Yəqin bu tərcüməçinin və kitab həvəskarının kim olduğu ilə maraqlanırsınız?  Sizi başa düşürəm, bir az səbr edin və tələsməyin…

İnsan yaşa dolduqca onun ömür kitabı da zənginləşir. Bu kitabda xoş xatirələrlə yanaşı, ibratəmiz hadisələri, ailəyə, uşaqlara, nəvələrə olan diqqət və qayğının, dostlara olan isti münasibətin izlərini görmək mümkündür. Nə edək ki, zaman insanın arzularına dəstək vermir. O, öz axarı ilə gedir. Mən deyərdim, insanın yanından keçib getmir, biz vaxtın yanından səssiz-səmirsiz ötüb keçirik, ayılanda isə ahıl yaşında olduğumuzu görürük. Geriyə boylanada səndən zəngin xatirələr qalıbsa, deməli, maraqlı və şərəfli bur həyat yolu keçmisən. Dostumun da həyat yoli zəngin, mənalı və rəngarəngdir. Bu gün onun 55 yaşı tamam olur. Müdrikliyə ilk addımlarını atır. Bu yolda ona uğurlar diləyirəm. Bu uğurların sevincinə qatılmaq istəyirəm. İnanıram ki, dünənki gərgin əməyin, halal zəhmətin nəticəsində hər sabah onun həyat yoluna daima işıq saçacaq. Buna tam əminəm.

Dostumun gözəl ailəsi, iki ağıllı, tərbiyəli övladı, iki şirin-şəkər nəvəsi var. Mənə elə gəlir ki, onların sifətlərində olan şirin təbəssüm, dodaqlarında olan məsum gülüş, gözlərində parlaq işıq dostuma ən böyük hədiyyədir.

Nə isə. Yazımı yekunlaşdırmaq istəyirəm. Oxucuları intizarda saxlasam da, kimin haqqında söhbət getdiyini yəqin ki, artıq bilirsiniz. Bu, cəfakeş, istiqanlı, gözəl insan, yazıçı-şair Arif Ərşaddır.

Dost arzusunu Azərbaycan şairlərindən birinin bir beyti ilə bitirmək istəyirəm:

Dostluqdan min kitab yazılsa azdır,

Onun al bayrağı götürməz ləkə,

Dostluq könüllərdə səslənən sazdır,

Ucalır onunla bu el, bu oba.

Eyruz Məmmədov,

Respublikanın əməkdar jurnalisti

(06.02.2017)

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın