Menu
Geri İrəli

Novruz süfrəsi neçəyə başa gələcək?

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Fevral 2016 • Baxış sayı: 446 dəfə • Şərh yoxdur

Novruz bayramı ərəfəsində çərşənbələrlə yanaşı Novruz günü süfrəsinə də hazırlıq prosesi gedir. Belə ki, bayrama sayılı günlər qalanda qiymətlərin kəllə-çarxa çıxacağını bilən əhali əlinə pul keçər-keçməz bazarlara, mağazalara üz tutur və bayram süfrəsi üçün lazım olan ləvazimatları indidən almağa başlayır. Xarici ölkələrdə isə əhali bu təlaşla yaşamır. Çünki onlarda qiymətlər bayram qabağı qalxmır, əksinə, endirilir.

Bir neçə marketdə aparılan müşahidələr hələ Novruz bayramının gəlməsinə həftələr qalmasına baxmayaraq, onsuz da yüksək olan qiymətlərin daha da əl yandıran səviyyədə olduğunu deməyə əsas verir. Bəs bu bahalıqla bayram süfrəsi bizə neçəyə başa gələcək? Ümumiyyətlə, insanlar ürəklərincə olan bayram süfrəsi hazırlaya biləcəklərmi?

Qiymətlərə baxanda bu sualın cavabı hər kəsə məlum olacaq. Belə ki, süfrəsini yeməklərin şahı sayılan plovla bəzəmək istəyənlər xeyli pul xərcləməli olacaq. Plov üçün lazım olan ərzaqların qiyməti belə deməyə əsas verir: Düyülərin qiyməti 3 manat 35 qəpik, 5 manat 95 qəpik, 5 kiloluq torbada olan düyülər isə 13 manat 90 qəpiyə, ət 7 manat, soğan 70 qəpiyə, “Vestgold” yağı 9 manat 80 qəpik, “Gerda” yağı 10 manat 57 qəpik, “Anchor” 10 manat 55 qəpik, “Doyaruşka” yağı 11 manat 50 qəpiyə, kişmiş 6 manat 70 qəpik – 14 manat 50 qəpik arasında, qaysı 11 manat 70 qəpik – 14 manat 90 qəpik arası, şabalıd 8 manat, zəncəfil 1 manat 20 qəpiyə satılırdı. “Milla” qatıqları 1 manat 95 qəpik, “Sab” qatıqları 1 manat 54 qəpik, “Atena” qatıqları 1 manat 85 qəpiyə idi. “Palsüd”ün ev qatıqları 1 manat 20 qəpik, “Azərsüd”ün 3,25 kiloqramlıq bankada olan “kənd” qatıqları 4 manat 15 qəpiyə idi.

Novruz süfrəsini şəkərbura, paxlava ilə bəzəmək istəyənlər isə ciblərini bir az da boşaltmalı olacaq. Şirniyyatları bişirmək üçün istifadə olunan məhsulların qiyməti mağazaya görə dəyişirdi. Un 1 manat 75 qəpik, şəkər tozu 1 manat 20 qəpik, Zirə kənd yumurtası 15 qəpik, Dəvəçi yumurtası 10 qəpik, iri yumurta 9 qəpik, xırda yumurta 8 qəpiyə, süd 1 manat 50 qəpiyə, qoz ləpəsi 16 manat 50 qəpik – 23 manat 25 qəpik arasında satılırdı. Həmçinin şirniyyatların bişirilməsi üçün lazım olan əvvəllər 5 qəpiyə satılan vanil, qabartma tozu indi 10 qəpiyə, keşniş toxumu 85 qəpik, çörəkotu 95 qəpik, mixək 55 qəpik, hil 30 qəpik, maya 60 qəpiyə satılırdı.

Xonçanın bəzənməsi üçün çərəzlərə gəlincə isə qiymətlər bu cür idi: badam 26 manat 83 qəpik – 33 manat arası, qovurulmuş fındıq 23 manat 25 qəpiyə, adi fındıq 15 manat 90 qəpik, püstə 21-27 manat arası, iydə 7 manat 50 qəpik, innab 11 manat 75 qəpik. Meyvə qurularından isə ananas 15 manat 75 qəpiyə, yemiş qurusu 4 manat 35 qəpiyə satılırdı. Meyvələrdən alma 1 manat 65 qəpiyə, portağal 1 manat 75 qəpik,  armud 1 manat 85 qəpik, banan 2 manat 15 qəpik, ananas 6 manat 15 qəpik, mandarin 3 manat 5 qəpik idi. Mayonezlər 2 manat 30 qəpikdən başlayıb 4 manat arasında dəyişirdi. Yaşıl noxudun qiyməti isə 3 manat 45 qəpiyə satılırdı. Turşu xiyarlar 1 manat 75 qəpik və 3 manat 15 qəpik arasında idi.

Təxmini hesablamamıza görə,  4 nəfərlik orta səviyyədə yaşayan bir ailənin bayram süfrəsi 1 plov və bir cür ət yeməyi, 2 cür salat, şəkərbura, paxlava da daxil olmaqla, hazırkı qiymətlərlə bir neçə yüz manat arasında başa gələ bilər.

Qeyd edək ki, təqdim etdiyimiz qiymətlər müxtəlif marketlərdə olan qiymətlərdi. Bazarlarda sadaladığımız ərzaq məhsullarının qiymətində artım olsa da, mağazaya nisbətən ucuzdur. Maraqlıdır, nəyə görə Azərbaycanda da xarici ölkələrdə olduğu kimi bayram qabağı ərzaq məhsullarını ucuzlaşdırmırlar?

İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, monopolistlər bayram ərəfəsində nəinki qiyməti aşağı salmaq, əksinə, yalnız necə gəlir əldə edə biləcəkləri haqda düşünürlər: “Bir sıra ölkələrdə bayramlara ənənəvi yanaşma var. Bu ölkələrdə bayramın gözəlliyinin bütün ailələrdə yaşanmasına şərait yaradılması ənənəsi mövcuddur. Buna şərait yaratmaq üçün də ərzaq məhsullarını ucuzlaşdırırlar. Bəzi ölkələrdə isə bunu iqtisadi baxımdan təmin edirlər. Yəni əgər bayram ərəfəsidirsə, bu zaman tələb olunan məhsulların bolluğunun yaradılması təmin olunur. Düşünürəm ki, Azərbaycanda da bu bolluq təmin edilərsə, bu kimi ucuzlaşmaya və yaxud qiymət artımlarının qarşısını almağa nail ola bilərik. Amma bu günə qədər iqtisadiyyat inhisar şəklində idarə edildiyindən, monopoliya mövcud olduğundan bu, baş vermir.

Əksinə, bəhs etdiyimiz bazar iştirakçıları, monopolistlər bu bayram dövründə vəziyyətdən istifadə edərək daha çox gəlir əldə etmək məqsədi güdürlər. Əgər bundan sonrakı liberallaşma ilə bağlı iddialar gerçəkləşərsə, biz növbəti dövrlərdə əhalinin arzuladığı halları müşahidə edə biləcəyik. Azərbaycanda kifayət qədər ticarət yanaşması ortaya qoya bilən insan, sahibkar var.

Hətta sıradan vətəndaşlar belə hansısa məhsullara nə qədər tələbatın yaranacağı və buradan gəlir əldə etməyin mümkün olduğunu bilir və bu istiqamətdə addım atmağa cəhd göstərir. Bu özü də məhsul bolluğunu yarada biləcək əsas səbəblərdəndir. Lakin ortada olan maneələrdən bu, baş vermir və təbii ki, tələbat da artır. Tələbat artdıqca da qiymətlər qalxır”.

Musavat.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın