Menu
Geri İrəli

Payız başlamayıb, paltarlar isə 100 faiz bahalaşıb – REPORTAJ, FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Avqust 2017 • Baxış sayı: 408 dəfə • Şərh yoxdur
Share Button

028c5116893dc319627bd05ac52a550fBu ilin dəbi olan ziyafət geyimlərinin qiyməti 150 manatdan başlayır

Payız fəslinin gəlişinə artıq az müddət qalıb. Bu isə o deməkdir ki, qarderobumuzdakı yay paltarlarını yavaş-yavaş payız-qış paltarları ilə əvəz etməliyik. Demək olar ki, bütün geyim mağazalarında yay paltarlarına endirimlər edilib. Çünki artıq onların yerini payız paltarları alır. Təbii ki, qarderobunu yeniləyən hər bir qadın və kişi öncə bu fəsildə hansı paltarların, rənglərin dəbdə olacağı ilə maraqlanır.

2017-2018 payız-qış kolleksiyası artıq dünya modelyerləri tərəfindən açıqlanıb və satışda bu ilin dəbi olan paltarlar yer almaqdadır. Ölkəmizdə artıq bir ənənədir ki, yeni sezon başlayanda qiymətlər də elə “ceyran belinə” çıxır. Biz də bu ilin dəbi olan paltarların qiymətini öyrənmək üçün bir neçə geyim mağazasına üz tutduq.

İlk olaraq “Torqovı” adlanan Nizami küçəsində yerləşən geyim mağazalarına baş çəkdik. Burada bu ilin dəbi sayılan bir- birindən gözəl gündəlik və ziyafət geyimləri vardı. Ancaq iki rəqəmli bir qiymətə rast gəlmədik. Burada gündəlik geyimlər 100 manatdan, ziyafət geyimləri isə 150 manatdan başlayırdı. 60-70 manata şalvarlar almaq mümkündür. Bu ərazi bahalı hesab olunduğu üçün «Neftçilər» metrosu yaxınlığındakı mağazalara da baş çəkdik. “X Lady” qadın geyimləri mağazasında yay paltarlarına 50 faiz endirim olsa da, payız paltarlarında qiymətlər olduqca baha idi. Sadə bir don 13, köynəklər isə 80-90 manata yaxındır. Bu ilin dəbi olan ziyafət geyimlərinin isə qiyməti 150 manatdan başlayaraq artırdı. Digər mağazalarda isə bu ilin dəbi olan işgüzar xanım geyimi qara klassik şalvar və ağ kofta dəsti 135 manata satılırdı.

Alıcılar payız paltarlarını indi almaq istəsələr də, qiymətlər buna imkan vermir. Onlar yeni dəb olduğu üçün qiymətlərin bu qədər baha olduqları düşüncəsində idilər. Alıcı Lalə Quliyeva deyir ki, bir aydan sonra qiymətlər enəcək: “Həmişə belə olur. Sezon başlayanda qiymətlər baha olur. Bir müddət sonra enir. Həm də indi düşünürlər ki, tələbələrin, istirahətə gedənlərin qayıdan vaxtıdır. Ona görə bahadır. Kimdir bu bahalıqda paltar alan”.

Digər alıcı Cəmilə Məmmədova isə yayın paltarını payızda, payızınıkını da yayda aldığını dedi: “Gördüyünüz bu gözəl yay donu bir ay əvvəl 102 manat idi, indi isə 51 manata qoyublar. Mən bunu alacam və gələn yay geyinəcəyəm. Bu, gələn yayda qoyulacaq baha qiymətə. Ən yaxşısı endirimə düşən kimi paltar almaqdır. Payız paltarlarını da elə edirəm. Xanımlara da belə etməyi tövsiyə edərdim, çünki sərfəli olur”.

Satıcı Nigar İbrahimova bu ilin dəbinin mağazalara tam olaraq sentyabrın ilk ongünlüyündə gələcəyini dedi: “Payız geyimləri indi də mağazamızda yer alır. Ancaq bu ilin dəbi olan pencəklər, dəri gödəkcələr, plaşlar sentyabrdan mağazalarda olacaq. İndi ancaq koftalar, şalvarlar, donlar və az sayda da çantalardır”.

Payız-qış kolleksiyasında hansı tip geyimlərin və rənglərin dəbdə olacağına gəlincə isə modelyerlər öz kolleksiyalarında gülməxmər, ötən ildə olduğu kimi velyur, cins, dəri parçalardan məharətlə istifadə ediblər. Geyimlərdə istifadə edilən məxmər, krujeva, dəri və xəz detallarının birləşdiyi obraz sanki orta əsrlərin geyimləri ilə müasir dövrün elementlərini eyni “look”da birləşdirir.

Bu il geyimlərdə ən çox neytral tonlardan istifadə olunacaq. Boz rəng hər zaman olduğu kimi öz gözəlliyini, eyni zamanda yumşaq olduğunu geyimlərdə nümayiş etdirəcək. Parlaq günəş sarısı və yaşıl rəngli çalarlar payız mövsümünün ən dəbli rənglərindən olacaq. Bu il dinamik qırmızı rəng də dəbdə olacaq. Bu rəng canlı və diqqət çəkən bir rəng olmaqla fəsilə bir hərəkətlilik qatacaq. Bu rəng Nyu-York moda həftəsində sıxlıqla istifadə edilib. Payıza ən çox yaraşan, tonunu təbiətdən almış olan payız yarpaq rəngi bu payız-qış kolleksiyasında yer alıb. Yaşıl, tünd qırmızı, ebru və qara kimi bir çox rənglə kombinə edilə bilən rəng olma xüsusiyyətini daşıyır. Gözü yormayan, əksinə, yumşaq bir rəng olan payız rəngi stilistlər tərəfindən trend rənglər arasında göstərilir.

Tünd yaşıl və okean tündlüyü olan rənglər isə kürklərdə və gödəkçələrdə çox istifadə olunub. Bundan başqa, əsasən çox yüksək olmayan şəffaf dabanlar, fərqli rənglərin qarışımı bu il dəbdə olacaq.

Günel MANAFLI,
Fotolar müəllifindir

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın