Menu
Geri İrəli

Pensiyaçılara şad xəbər

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Dekabr 2012 • Baxış sayı: 318 dəfə • Şərh yoxdur

Səlim Müslümov: “Bayrama qədər bütün pensiyalar veriləcək”

Bu il üçün pensiyaların maliyyələşdirilməsi yekunlaşdırılıb.

Lent.az-ın verdiyi məlumata görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Səlim Müslümov bildirib ki, dekabr ayı üzrə pensiyaların maliyyələşməsi üçün DSMF-nin mərkəzi xəzinə hesabından tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi dekabrın 28-də başa çatdırılıb. Artıq bayrama qədər bütün pensiyaçılar öz pensiyalarını ala bilərlər: “İl ərzində əmək pensiyalarının maliyyələşdirilməsi vaxtında həyata keçirilib, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin olunub”.

DSMF sədri il ərzində görülən işlər barədə də məlumat verib. Səlim Müslümov qeyd edib ki, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, davamlı pensiya islahatları siyasəti uğurla gerçəkləşdirilib. Cari ilin arxada qalan dövrü ərzində DSMF tərəfindən gəlirlərin icrası, maliyyə dayanıqlığının qorunması son nəticədə pensiyaçıların sosial müdafiəsinə xidmət edib. İl ərzində Azərbaycan Respublikası Prezidentinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən 2 sərəncamı uğurla icra olunub. Prezidentin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunub və əvvəlki illərdən fərqli olaraq bu artım daha böyük kontingenti əhatə edib. 2011-ci ildə həyata keçirilmiş islahat nəticəsində əvvəllər yalnız pensiyaların baza hissəsini alan və buna görə də indeksləşmədən kənarda qalan 482 min nəfərin də pensiyasının islahatdan sonra yaranmış sığorta hissəsi indeksləşdirilib. Nəticədə, pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi artırılıb.

Səlim Müslümov diqqətə çatdırıb ki, görülən bütün bu tədbirlər nəticəsində 2012-ci ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 152 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 168 manat təşkil edib: “Ümumilikdə son illər həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97%-nin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın