Menu
Geri İrəli

Rasim Eminbəyli Sumqayıta ürəyi ilə gəlmişdi, onu da burda qoyub, əliboş getdi…

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Avqust 2017 • Baxış sayı: 1,071 dəfə • Şərh yoxdur

20525868_694141014120957_8001401070676759835_n  1991-ci ilin 18 oktyabrında Azərbaycanın suverenlik aktını qəbul edən Respublika Parlamentinin deputatı olmuş Rasim Eminbəylinin 75 illik yubileyi qarşısında

 Eminbəylilər qədim Gəncənin sayılıb-seçilən nəsillərindən olub. Həmin nəslin nüfuzlu nümayəndələrindən biri də Rasim Eminbəylidir. 1942-ci ildə dünyaya gəlib. Babası və Hidayət, İbrahim əmiləri Sovet rejiminə qarşı Gəncə üsyanının fəal iştirakçılarından olub.

Orta təhsilini doğma şəhərdə alan Rasim hələ məktəbdə oxuyarkən riyazi-texniki fənnlərə yüksək marağı ilə, həm də Gəncənin Bağmanlar məhəlləsinin uşağı kimi diribaşlığı, fəallığı ilə seçilib. Leninqradın nüfuzlu Politexnik İnstitutunun metallurgiya fakültəsində  oxuyarkən də həm təhsildə, həm də ali məktəbin ictimai həyatında lider olmağı bacarıb. Məhz bu keyfiyyətlər onun sonrakı həyatında mühüm, aparıcı amillər olub.

 Metallurgiyadan başlanan qiyabi tanışlıq

Rasim Eminbəyli ilə 35 il əvvəl – 1982-ci ildə, mən «Vışka» qəzetinin sənaye şöbəsində müxbir işləyərkən qiyabi olaraq tanış olmuşdum. O zaman keçmiş SSRİ-də və dünyanın bir çox ölkələrində kosmik tədqiqatlar və hərbi məqsədlər üçün böyük maraq doğuran, geniş perspektivlər vəd edən, qədim Misirdə hələ eramızdan 300 il əvvəl tətbiq edilən «poroşok» metallurgiyası (o zaman qiymətli metalların tozlarından bəzək məmulatları və başqa artefaktlar hazırlanırdı) həm elm, həm də istehsalat mütəxəssislərinin xüsusi diqqət mərkəzində idi. Çox əmək sərf edilən və baha başa gələn yeni metallurgiya sahəsinin  perspektivini və gələcək tətbiq sahələrini, onun səmərəliliyini müəyyən etmək, toz halında olan metaldan xüsusi texnologiya üzrə ən yüksək dəqiqliklə  hazırlanmış detal və məmulatların öz fiziki-kimyəvi xüsusiyyətlərinə görə digər metallardan olan analoqlarına nisbətən üstünlüklərini öyrənmək məqsədilə Bakıda Azərbaycan Əlvan Metallurgiya İdarəsinin tərkibinə daxil olan xüsusi Təcrübi-eksperimental Poroşok zavodu yaradılmışdı.

Geniş analitik yazı hazırlamaq məqsədilə müəssisənin direktoru, metallurgiya sahəsində o dövr üçün inqilab sayılan yeni yexnologiya haqda həvəslə danışaraq, maraqlı məlumatlar verən Oqtay müəllimlə görüşüb, xeyli söhbət etdik. Ancaq poroşok metallurgiyası tamamilə yeni bir sahə olduğundan və mən 1967-71-ci illərdə – hələ tələbə ikən gələcək mühəndis-mexanik kimi akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri Elmi-Tədqiqat İnstitutunun Sumqayıt  filialında kosmik sahədə tətbiqi nəzərdə tutulan kimyəvi bir maddənin tədqiqində iştirak etdiyimdən və 10 ilə yaxın Azərbaycan Boru-prokat zavodunda mühəndis-konsrtuktor kimi çalışdığımdan bu sahə mənim üçün də xüsusi maraq doğururdu. Həm də oxucuların diqqətini cəlb edəcək bir məqalə hazırlamaq istədiyimdən həmin sahə ilə bağlı əlavə məlumat almaq üçün bəzi elmi-texniki mənbələrlə də tanış olmuşdum. Və yazı prosesində müəyyən suallar ortalığa çıxdığından Əlvan Metallurgiya İdarəsinin mütəxəssisləri ilə məsləhətləşmək, onların da rəyini öyrənmək üçün ora zəng edərkən mənə bildirdilər ki, “yaxşı olar ki, siz Mərkəzi elmi-tədqiqat laboratotiyasının rəisi Rasim Eminbəyli ilə əlaqə saxlayasınız.  O sizə daha geniş və ətraflı məlumat verər”.

Düzü, o vaxtlar redaksiyada cəmi il yarım idi ki işləyirdim və artıq bilirdim ki, az-çox vəzifə sahibi olan bəziləri jurnalistlərdən tez “yaxa qurtarmağa” çalışır, suallara tələm-tələsik, qısa, ötəri və həvəssiz cavab verməklə kifayətlənirlər. Yenə bu cür halla üzləşəcəyimi  istisna etmirdim. Lakin “risq” edib zəng etməyimə, ilk dəfə olaraq, həm də qiyabi tanışlığımıza baxmayaraq, Rasim Eminbəylinin gözlədiyimin əksinə olaraq suallarıma həvəslə,  çox dolğun və konkret, elmi cəhətdən əsaslandırılmış şəkildə, tam təfsilatı ilə cavab verməsi, rəhbərlik etdiyi sahəni dərindən, mükəmməl bilməsi və məsələyə fərdi baxışı diqqətimi cəlb etdi və məndə xoş təəssürat yaratdı. Bir jurnalist kimi mənim bu günə qədər də ən çox yadımda qalan məhz o olmuşdur ki, Rasim müəllim bəzi müəssisə və təşkilat rəhbərləri kimi nəinki jurnalistin suallarından qaçmağa çalışmadı, əksinə – metallurgiyada tamamilə yeni olan bir sahə haqqında hazırlayacağım materialın daha sanballı və məzmunlu olması, oxucuda maraq doğurması üçün dəyərli fikirlər irəli sürdü, təkliflərini bildirdi.

Material hazırlanıb qəzetdə dərc edildikdən sonra da biz bir müddət əlaqə saxladıq, fikir mübadiləsi apardıq. Daha doğrusu, mən mövzuya yenidən qayıtmaq məqsədilə yenə də suallar verirdim və Rasim müəllimin fikir və mülahizələri poroşok metallurgiyasının gələcəyi haqqında mənim təsəvvürlərimi daha da genişləndirir, marağımı daha artırırdı.

Lakin bilmirəm nədənsə mən o dərin elmi-nəzəri və praktiki biliyə malik adamla görüşmək istəsəm də, onu işdən ayıra biləcəyimi düşünərək və bunu yersiz bir cəhd hesab edərək, bu addımı atmadım. Və sonralar həmin mövzuya qayıtmadığımdan o maraqlı adamla əlaqələrimiz tamamilə kəsildi.

 Sadə adamlarla, fəhlələrlə “oturub-duran” direktor

30

 Bizim “telefon tanışlığı”mızdan iki il sonra – 1984-ci ilin noyabrında 42 yaşlı Rasim Eminbəyli respublikanın Əlvan Metallurgiya İdarəsinin xətti ilə Sumqayıt Alüminium zavoduna direktor təyin olundu. O, ilk günlərdən fəhlələrin iş və sosial şəraitini yaxşılaşdırmaq üçün mühüm tədbirlər görür, əvvəlki  müəssisə rəhbərlərindən fərqli olaraq çox zaman fəhlələrin yanında olur, onların problem və qayğıları ilə şəxsən maraqlanırdı. Yeni direktor hətta ən zəhərli sex olan elektroliz sexinə girərək, nəfəs alınması çətin olan, havası alüminium toz-torpağına qərq  olmuş sexdə fəhlələrlə görüşməklə onların vəziyyəti ilə bilavasitə iş yerində tanış olmaqdan çəkinmirdi. R.Eminbəylinin bu cür sadəliyi, səmimiyyəti və əlbəttə ki, ilk növbədə yüksək rəhbər təşkilatçılığı, işgüzarlığı, mütəxəssis kimi zəngin biliyə, həmçinin yüksək mədəniyyətə malik olması onu həm alüminiumçulara, həm də onu tanıyıb-tanımayan şəhər sakinlərinə sevdirə bilmişdi. Direktor olsa da, digər həmkarlarından fərqli olaraq kabinet adamı deyildi. Və yolum zavoda düşəndə onu bəzən toz-torpaqlı, palçıqlı uzunboğaz rezin çəkmədə zavodu dolaşan, lazım gələndə fəhlələrlə birgə çirkli su yığılmış texnoloji-kommunikasiya xəttinə (çalasına) düşüb, vəziyyəti operativ araşdıraraq, təxirəsalınmaz tapşırıqlar  verdiyini görəndə bir daxili rahatlıq duymuşdum ki, axır ki fəhlələrlə qaynayıb-qarışan bir direktora rast gəldim. Məhz onun dövründə mühəndis və fəhlələrin texniki-səmərələşdirmə fəallığının artırılmasına, elektroliz sexində ağır şəraitdə çalışanların əmək haqqlarının yüksəldilməsinə, zəhərlənmə hallarına yol verilməməsi üçün süd məhsulları ilə müntəzəm təmin edilməsinə xüsusi diqqət yetirilirdi. Alüminumçuların iş zamanı pulsuz və keyfiyyətli yeməklə təmin olunması da ciddi nəzarətə götürülmüşdü və bütün bunlar onları daha yaxşı işləməyə ruhlandırırdı. Bu, məhz həmin nadir bir hal idi ki, fəhlələr də, mühəndislər də olduqca işgüzar, təşəbbüskar və qayğıkeş olan direktorun başına and içirdilər.

Onunla həqiqi tanışlığımız da elə zavodun həyətində olmuşdu. Ayağındakı palçıqlı rezin çəkmə və “spesovka” paltarı ilə fəhlələrdən seçilmədiyindən ilk baxışda onun briqadir, ya da sex rəisi olduğunu zənn etmişdim. Ancaq bir qədər sonra ciddi, işgüzar görkəmidən hiss etdim ki, bir vaxtlar məni poroşok metallurgiyası sahəsində “maarifləndirən”, çoxsaylı suallarıma məmnuniyyətlə, qətiyyən bezmədən cavab verən, çoxdan görmək istədiyim Eminbəyli elə bu adam imiş. Təsəvvür etdiyimdən fərqli olaraq, idmançı cüssəli, çox çevik, bir az da zabitəli idi.

Rasim müəllimlə həmin günlərdə görüşlərimiz zamanı məni ən çox qane edən,  ürəyimcə olan o idi ki, bir direktor kimi o, istehsalatla bağlı müxbirin fikirlərini, müəyyən iradları inciksiz qəbul edərək, heç bir halda mövcud nöqsanları inkar etməmiş, mənim kimi “tərsməssəb” (məzhəb!) jurmalisti “nə yollasa” ipə-sapa yatırtmağa, “dinə-imana” gətirməyə zərrəcə də səy göstərmək istəməmişdi. Söhbətlərimiz, müzakirələrimiz mərdi-mərdanə idi. Və çox təbii ki, onun rəhbərlik etdiyi müəssisə ilə bağlı qəzetdə ilk vaxtlar tənqidi yazı verməyimə və s.-ə baxmayaraq, bizim münasibətlərimiz məhz obyektiv və səmimi, hər cür təmənnadan uzaq bir təməl üzərində qurulduğundan, öz möhkəmliyini sonralar da saxladı.

fgdf

 Sumqayıtda “oturub”, SSRİ nazirini İttifaq müşavirəsindən məcburi çıxartdıraraq, ona təcili “tapşırıq” verən zavod direktoru

 1988-ci ilin fevralında Ermənistandan – dədə-baba yurdları Göyçə və Zəngəzurdan ev-eşikləri qarət edilərək, döyülərək qovulan, respublikamızın bir çox şəhər və kəndləri ilə yanaşı Sumqayıta da pənah gətirən həmvətənlərimizin faciəli taleyi ilə barışmaq istəməyən gənclər küçə və meydanlarda erməni vəhşiliklərinə qarşı yürüş keçirib, öz etirazlarını bildirirdilər. Həmin günlərdə yaranmış qarışıqlıqdan istifadə edən daşnakların qabaqcadan hazırlanmış plan-ssenarisi üzrə Azərbaycanı gözdən salmaq, xalqımızı bütün dünyaya vəhşi xalq kimi tanıtdırmaq məqsədilə özünü dəliqanlı, coşqun ruhlu gənclərimizə azərbaycanlı Paşa kimi təqdim edən Edik Qriqoryanın şəhərdəki erməniləri qırmaq çağırışı faciələrə səbəb olmuşdu.  Lakin törədilmiş qanlı hadisələrdən sonra SSRİ-nin Sumqayıtda asayişi təmin etmək üçün göndərilən qoşun dəstələri əllərindəki silahlarla hərəkətsiz dayanaraq, ixtişaş törədənlərə qarşı heç bir tədbir görməyərək, seyrçi mövqe tutmuşdular. Bunun qəsdən, bilərəkdən, erməni sifarişi, Qorbaçov təlimatı üzrə edildiyini başa düşən İttifaq əhəmiyyətli zavodun direktoru Rasim Eminbəyli əsəbini cilovlaya bilməyərək, kabinetindəki hökumət telefonu ilə bilavasitə tabe olduğu SSRİ Əlvan Metallurgiya naziri Vladimir Durasova zəng edir.  Nazirin telefonuna onun qadın referenti cavab verərək bildirir ki, Durasov müşavirə aparır, onunla yalnız 2-3 saatdan sonra danışmaq olar, indi mümkün deyil. R.Eminbəyli sərt şəkildə tələb edir ki, naziri telefona çağırsın. Referent nazirin İttifaq müşavirəsini saxlayıb, telefona gələ bilməyəcəyini bir daha desə də, Rasim müəllim israrla tələb edir ki, Durasova təcili məlumat verilsin, təxirəsalınmaz bir məsələ ilə bağlı təcili danışmalıdır. R.Eminbəylinin həyəcanlı, qəzəbli danışığından təşvişə düşən qadın referent yalnız bundan sonra naziri müşavirədən ayırmağa cəsarət edir. Nazir əvvəlcə elə başa düşür ki, sumqayıtlı direktor planı yerinə yetirə bilmədiyinə görə özünü sığortalamaq üçün zəng edir. Lakin R.Eminbəyli istehsalatda yox, Sumqayıtda nələr baş verdiyini qısaca bildirərək kəskin, az qala amiranə şəkildə deyir:

Untitled-6d

- Mən Sizə bir nazir kimi yox, SSRİ hökumətinin səlahiyyətli üzvü kimi müraciət edirəm və tələb edirəm: Sumqayıtda vəziyyət çox ağırdır, qoşun dəstələri isə sakitcə dayanaraq, baş verənlərə laqeydliklə baxır, asayişi təmin etmirlər. Bəs, onlar bura nə üçün göndərilib? Hökumət rəhbərliyinə çatdırın ki, təcili tədbirlər görsünlər!

Artıq bir saat sonra hərbçilərin dəstələri vəziyyətə nəzarət edərək, asayişi bərpa etməyə başlamışdılar.

Təsadüfi deyil ki, dəfələrlə R.Eminbəylinin vətənpərvərlik mövqeyinin, onun bəzən qorxu bilmədən, cəsarətlə hərbçilərə haqlı iradlarını bildirməsinin, hətta onlara məsləhətlər verməsinin şahidi olan, çox sərt vətəndaşlıq qətiyyəti ilə üzləşən o vaxtkı generallardan biri söhbətlərinin birində Sumqayıtın meri haqqında demişdi: “Bu adam çox az hallarda rastıma çıxan nadir, əsl kişilərdən biridir.”

O, “heç nə” etmədi… Sadəcə əmək adamına diqqət və qayğısı, səmimiliyi, obyektivliyi ilə zavodu böhrandan çıxartdı

 Rasim Eminbəylinin direktor olduğu müddətdə zavodda aparılan gərgin və səmərəli tədbirlər nəticəsində müəssisədə yüksək istehsalat nəticələrinə nail olunmuş, alüminiumçuların maddi və məişət şəraiti əvvəlki illərə nisbətdə kifayət qədər yaxşılaşmışdı. Əsas olan isə ilk növbədə əmək adamına olan böyük diqqət və qayğı idi. Bunu alüminiumçular hər addımda hiss edirdilər. Onlar üçün xoş olan həm də o idi ki, Rasim Eminbəyli özündən əvvəlkilərdən fərqli olaraq rəsmiyyətçilikdən uzaq, çox sadə və səmimi, işinin-əməlinin sahibi, bütün qərarlarında obyektiv, vədinə-sözünə sadiq adam idi. Konkretliyi, hər bir işçini səbrlə, diqqətlə dinləməyi bacarması, onların dərdinə-sərinə laqeyd olmaması, bir ailənin üzvü kimi xeyir-şərlərində iştirakı və s. keyfiyyətləri də onu zavod işçilərinə sevdirmiş və o, az qala hamının ərk edib yaxınlaşa biləcəyi bir dosta çevrilmişdi. Təsadüfi deyildi ki, onun səsi-sorağı bütün şəhərə yayılmışdı. Hətta bəzi zavodların işçiləri alüminiumçulara həsədlə baxır, öz aralarında deyirdilər ki, “eşitmisən, Alüminium zavodunun direktoru işçiləri üçün necə şəraitlər yaradıb, nələr eləyib?..”

“Nələr etdiyinin” ən inandırıcı sübutu isə o idi ki, illərlə geridə qalan, maliyyə gərginlikləri olan zavod məhz R.Eminbəylinin sayəsində iqtisadi böhrandan azad ola bilmişdi. O, sonralar direktorluqdan  çıxıb, şəhər rəhbərliyinə irəli çəkiləndə zavodun anbarında aviasiya və digər sənaye sahələri üçün çox mühüm əhəmiyyət kəsb edən 5000 tondan artıq alümüinium külçəsi qalmışdı (nəzərə almaq lazımdır ki, alüminiumu polad kimi tonlarla yox, kiloqramlarla istehsal etmək mümkündür). Rasim müəllimdən sonra o həcmdə metalı öz xeyirlərinə odsuz-alovsuz elə tez “əridənlər” tapılmışdı ki…

 Moskvalı nazir onu təbrik etmək üçün elə səhərisi günü Azərbaycana gəlmişdi

 Yalnız zavodda deyil, bütünlükdə Sumqayıtda nüfuz və hörmətinin artması, yüksək təşkilatçılıq-rəhbərlik istedadı, adamlarla səmimi, mehriban ünsiyyət qurmaq bacarığı çox keçmədən onu labüd olaraq şəhər Sovetinin deputatı seçilməsinə səbəb oldu və şəhər rəhbərliyinə gətirdi – sumqayıtlılar Rasim Eminbəyliyə yüksək etimad göstərərək, 16 mart 1988-ci ildə onu şəhərin Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, eyni zamanda həm də respublika Ali sovetinin deputatı seçdilər.

Özünün tabeliyində olan zavod diektorunun yüksək vəzifəyə seçilməsindən xəbər tutan SSRİ əlvan metallurgiya sənayesi naziri Vladimir Durasov elə səhərisi günü Sumqayıta gələrək, sevincini gizlətməyib, bir vaxt onunla “cəngi-cidala” çıxan Rasim müəllimi ürəkdən təbrik etmişdi. Vaxtilə oxuduğu Leninqrad Politexnik İnstitutunda isə R.Eminbəylinin iri portreti asılmış və altında iftixarla yazılmışdı: “Наш выпускник – мэр города Сумгаита! Поздравляем!”

Onun İcraiyyə Komitəsinin (İcrakom) sədri seçilməsi çox ağır bir dövrə – ermənilərin Sumqayıtda törətdikləri təxribat və vəhşiliklərdən sonrakı günlərə təsadüf edirdi. 350 minlik əhalisi olan, eyni zamanda Göyçə və Zəngəzur mahallarından minlərlə qaçqın həmvətənimizin pənah gətirdiyi bir şəhərin sosial-iqtisadi problemlərini və digər məsələləri həll etmək o qədər də asan deyildi. Yeni postunda işə başladığı ilk günlərdən etibarən qaçqın-köçkün həmvətənlərimizin Sarıqaya ərazisindəki pioner düşərgələrində yerləşdirilməsi, onlara diqqət və qayğı göstərilməsi, Coratın yaxınlığında onlar üçün ilk ikimərtəbəli yaşayış evləri kompleksinin tikilməsi, işlə, ərzaq və sairlə təmini Rasim Eminbəylinin gündəlik fəaliyyətinin əsasını təşkil edirdi.

857ce

Təbiətən kabinet adamı olmayan Rasim müəllimin iş yeri əslində tikinti meydançaları, problemli mikrorayon və məhəllələr, nəqliyyat və digər infrastruktur sahələri idi. Məhz onun təşəbbüsü, bilavasitə rəhbərliyi və təşkilatçılığı ilə doğma yurdlarından didərgin düşmüş həmvətənlərimiz üçün tikilən 2-3 mərtəbəli evlərin, ucqar mikrorayonların sakinlərinin illərlə arzusunda olduğu “Şərq bazarı”nın, “Sarıqaya” ərazisində 5-mərtəbəli yeni 400 yerlik xəstəxananın tikilib istifadəyə verilməsi, texniki qurğuları da daxil olmaqla tikintisi və abadlaşdırılması illərlə yubadılan, gənc idmançıların “katok” adlandırdıqları, həsrətlə gözlədikləri buz meydançası olan idman kompleksinin inşasının başa çatdırılması və s. Rasim müəllimin səyləri, tikinti-inşaat qüvvələrini görüləcək işlərə maksimum səfərbər edə bilməsi, onları düzgün istiqamətləndirmək bacarığı sayəsində, bilavasitə iştirakı ilə mümkün olmuşdu.

İndi bəzilərinin kimlərinsə adı ilə bağlamaq istədiklıri “xeir-şər evlərinin” təşəbbüskarı da başqası yox, məhz R.Eminbəylidir. Belə ki, bir dəfə 17-ci mikrorayonda sakinlərlə görüşərkən o vaxtın “qırmızı guşəsinə” 15-20 adamın güclə yerləşdiyini, sıxlıq üzündən  otaqda nəfəs almağın çətin olduğunu görən Rasim müəllim ağsaqqallara üzünü tutub demişdi ki, həyətdə birmərtəbəli geniş bir bina inşa etmək lazımdır ki, camaat orda həm istirahət edə bilsin, həm də dərd-sərlərini bölüşsünlər, birgə tədbirlər keçirsinlər. “İspolkom”un köməkliyi ilə tezliklə layihə işlənərək, şəhərdə ilk “xeyir-şər evi” inşa edilib hazır oldu. Düzdür, ilk vaxtlar şəhərin bəzi vəzifəli adamları bunun əleyhinə çıxırdılar. Arqumentləri də bu idi ki, guya camaat ora toplaşıb, hökumət əleyhinə hansısa mitinq və s. tədbirlər hazırlaya bilər (1988-ci ilin çaxnaşıqlı dövrü idi…). Lakin Rasim müəllimin təşəbbüsü sonradan şəhərin Partiya Komitəsinin birinci katibi Zülfü Hacıyev tərəfindən də bəyənilmiş və belə evlərin Sumqayıtın bütün iri məhəllə və mikrorayonlarında da tikilməsi tövsiyə edilmişdi. Binaların yeri müəyyənləşdirilərək, onların layihəsi hazırlanıb, təsdiq edilir və bilavasitə sakinlərin özlərinin iştirakı ilə, onların zəhməti, əməyi sayəsində inşa edilirdi. Bu, adamlara həm kollektivçilik hissi aşılayır, həm də mehriban, səmimi qonşuluq münasibətlərinin yaranmasına səbəb olurdu. Və uzun illər sakinlər öz toy-nişan şənliklərini, ad günlərini, övladlarının hərbi xidmətə yola salınması və s. tədbir və mərasimləri həmin “xeyir-şər evlərində” keçirirdirlər. Onlardan bu gün də istifadə edilməkdədir – təşəbbüskarına xeyir-dua səsləndirilməklə.

 İldə ən azı iki məktəb, iki uşaq baxçası Yeni “ispolkom” sədrini  mikrorayonlarda məktəb və uşaq baxçalarının çatışmazlığı da çox narahat edirdi. Odur ki, o, şəhərin tikinti təşkilatları qarşısında çox vacib bir məsələ kimi ciddi tələb qoymuşdu ki, hər il mikrorayonlarda ən azı iki məktəb və iki uşaq baxçası inşa edilməlidir.

Yadımdadır ki, Rasim müəllimin sosial planlarından təfərrüatı ilə xəbərim olmadan bir dəfə tanışlığımızdan “sui-istifadə” edərək, ondan Sumqayıtın SSRİ hüdudlarından da kənarda tanınan ilk laureat şairi, Respublika Ədəbi Birliyinin rəhbəri, dəhşətli bitr avtoqəza nəticəsində dünyadan vaxtsız köçmüş istedadlı şair Vaqif İbrahimin xatirəsinin əbədiləşdirilməsi üçün onun adının vaxtilə daha çox əlaqələrinin olduğu 15 N-li məktəbə verilməsini xahiş etmişdim. Mənə diqqətlə qulaq assa da, nədənsə bu təklifə onun bir qədər laqeyd yanaşacağını düşünmüşdüm. Lakin o, məni dinlədikdən sonra dedi:

- Yaxşı, onun bioqrafiyası və ədəbi fəaliyyəti haqqında yaz gətir, baxaq, görək neyləyirik. Əgər sən dediyin kimi – mən isə sənə inanıram – onun bu cür böyük xidmətləri varsa, niyə də olmasın? Əlbəttə, lazımdır, həm də belə adamların adlarının əbədiləşdirilməsi şəhərimiz üçün, xüsusilə də gələcək nəsil üçün çox vacibdir.

Aradan təxminən 10 gün keçəndən sonra Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi,  işgüzarlığı və təşkilatçılığı ilə seçilən, çox qayğıkeş və mülayim bir qadın olan Mələk xanım Bayramova məni yanına dəvət etdi. Təşəkkürünü bildirdi ki, mən onun tələbə yoldaşı (bunu bilmirdim, ilk dəfə ondan eşitdim) Vaqif İbrahimin adının məktəbə verilməsini təklif etmişəm. Ancaq dedi ki, “Vaqifin dostu kimi etiraz etmirsənsə, onun adını 15 N-li məktəbə yox, 12-ci mikrorayonda yeni inşa edilmiş 35 N-li məktəbə verək”. Lakin mən şairin adının neçə vaxt idi ki fikrimdə tutduğum məktəbə verilməsində israr etdim. “Başqa məktəbə heç cür!” deyib, dediyimdən dönmək fikrində deyildim. Məsələnin mənim istədiyim kimi həll olunmasına nail olmaq üçün Rasim müəllimin yanına qalxmaq niyyətimi sanki hiss etmişdi.

- Bilirsən, Rəhman, Vaqif sənin üçün, bütün dostları-doğmaları, Sumqayıt üçün əziz olduğu kimi mənə də əzizdir, – deyə Mələk xanım fikrini əsaslandırmağa çalışdı. – Onun adı gələndə həmişə kövrəlirəm, beş il institutda – AZİ-də bir yerdə oxumuşuq. Şairliyi ilə yanaşı o qədər mehriban, qayğıkeş bir oğlan idi ki, bütün institut, hətta rektorumuz da onun xətrini çox istəyirdi… Heyf ki, dünyadan çox cavan getdi. Odur ki, bilirsən, Rasim müəllimlə belə fikirləşdik ki, şəhərimizdə bu il yeni tikilmiş iki məktəbə – 34 və 35 N-li məktəblərə həyatdan nakam getmiş iki şairimizin – Mikayıl Müşfiqin və Vaqif İbrahimin adını verək.

02

Hələ gənclik illərimdən çox sevdiyim nakam şairimiz, məşhur “Yenə o bağ olaydı…” şeirinin coşqun ilhamlı, unudulmaz müəllifi M.Müşfiqin adını eşidəndə, onunla eyni vaxtda Vaqif İbrahimin də adının yeni məktəbə verilməsi ilə razılaşmaya bilmədim (15 N-li məktəbə sonradan “ispolkom”un qərarı ilə dahi şairimiz M.Füzulinin adı verilmişdi). Və çox keçmədən, yeni dərs ilinin ilk günündə biz Rasim Eminbəyli və şəhər ictimaiyyəti ilə birgə hər iki şairin adını daşıyan, mikrorayon uşaqlarının və valideynlərin böyük sevincinə səbəb olmuş məktəblərin təntənəli açılışında iştirak etdik.

“Bazar olsun!” və… oldu. O vaxtlar Sumqayıtın yalnız bir bazarı – şəhərin mərkəzində yerləşən “Kolxoz bazarı” var idi. O da həmin ətrafda yaşayan şəhər əhalisi üçün əlverişli olsa da, uzaq mikrorayonların sakinlərinə əl vermirdi. Şəhər avtobuslarının az olduğu, çox vaxt sərnişinlərin avtobusun qapısı ağzında təhlükəli vəziyyətdə – “asılı halda”, sallanaraq getdiyi bir şəraitdə mikrorayonlardan şəhərin bu biri başına gəlib, bazarlıq edərək, ağır yüklə geri qayıtmaq böyük narahatlığa, narazılıqlara səbəb olurdu. Sakinlərin uzun illər mikrorayonlar ərazisində yeni bir bazarın tikintisinə ehtiyac olduğu haqda şəhər rəhbərlərinə müraciətləri, respublika mətbuatına yazdıqları məktublar cavabsız qalırdı. Bu məsələ ilə bağlı “ora-bura” ən çox yazan, həyəcan qaldıran isə şəhərin tanınmış ziyalılarından olan şair Zülfüqar Əliyev idi. Bir gün o, geniş, bir az da sərt və tələbkarlıqla yazdığı məktubla mənim o vaxt çalışdığım “Vışka” qəzeti redaksiyasına gəlmişdi. Dedi ki, heç bir redaksiyada şikayətimizə baxan yoxdur, məktubumuzu dərc etmirlər.  Zülfüqar müəllimin kiçik qardaşları Ağəddin müəllimlə, Nurəddinlə dost olduğuma, həm də özünü yaxşı tanıdığıma  görə onu diqqətlə dinləyib, məktubunu ruscaya tərcümə edərək, qəzetimizdə dərc etdik. Onun qaldırdığı problem “yuxarıların” da diqqətini cəlb etmişdi.  Lakin adını da özünün verdiyi “Şərq bazarı”nın layihə sənədləri bir müddət sonra hazırlanıb, başa çatdırılsa da, hətta 9-cu mikrorayonda tikintisnə başlanılsa da, işlər çox ləng gedirdi.

Onun mühüm bir sosial obyekt kimi vacibliyini bilən Rasim Eminbəyli şəhər rəhbərliyinə gəldiyi ilk günlərdən “Şərq bazarı”nın tikintisini şəxsi nəzarətinə götürdü. Və artıq bir-neçə aydan sonra mikrorayon sakinlərinin uzun illər  gözlədiyi, onların böyük sevincinə səbəb olan, narahatlıqlarına son qoyan, görkəmi ilə şəhərə daha bir gözəllik verən yeni, o dövrdə bütün Sumqayıt üçün mühüm bir hadisə olan bazar “səssiz-küysüz” (ağır günlər idi, təntənəli açılışa ehtiyac yox idi) istifadəyə verildi. Bununla da həm “kolxoz bazarı”nda olan alış-veriş gərginliyi aradan qaldırıldı, həm də mikrorayon sakinlərinin çoxdan arzusunda olduqları daha bir “sosial rahatlıq”ları təmin edildi.

 Coratın problemlərini həll etmək nə asan imiş… R.Eminbəylinin əlində. Bir dəfə Corat qəsəbə Sovetinin sədri İsgəndər Qasımovla (Allah ona rəhmət eləsin, abadlıq-yaşıllıq, təmizlik sevən, olduqca yaxşı adam idi) qəsəbədəki vəziyyətlə tanış olarkən məktəblilərin narahatlıqla ora-bura qaçışdıqlarını görən R.Eminbəyli soruşur ki, nə olub, nədir bu qaçhaqaç? Biləndə ki, köhnə Corat məktəbi yararsız hala düşüb, ona görə də məktəblilər məcbur olub, uzaq yol qət edərək, qışın soyuğunda-sazağında dərsə yaxın mikrorayonlardakı məktəblərə gedirlər, Rasim müəllim sessiyanı, büdcə müzakirəsini, rəsmi plana salınmanı, müvafiq qərar və s. gözləmədən elə oradaca məktəb üçün münasib yer seçib, onun tikintisinə başlamağı,  maliyyələşmənin isə  şəhər Sovetinin vəsaiti hesabına aparmağı  tapşırmışdı. Və artıq növbəti dərs ilində qəsəbənin uşaqları təhsillərini özlərinin Coratda müasir üslubda inşa edilmiş 400 yerlik yeni, geniş və işıqlı məktəblərində davam etdirdilər.

Həmin gün R.Eminbəyli Corat sakinləri ilə, adi adamlarla söhbət zamanı qəsəbədəki acınacaqlı bir vəziyyətdən də xəbər tutmuşdu. Belə ki, şəhərin bəzi rəhbər işçilərinin bürokratik, təmənnalı münasibətlərinin nəticəsi olaraq uzun illər bəzi qəsəbə sakinlərinin yaşadıqları evlər, həyət-baca üçün müvafiq sənədlər verilmir, bu səbəbdən də onlar hüquq-mühafiz orqanları tərəfindən get-gələ salınır, incidilir, hətta olurdu ki, həbsxanaya salınırdılar. Bu qeyri-insani münasibətin qəsəbə əhalisinə necə maddi və mənəvi zərbə vurduğunu başa düşən Rasim müəllim “yuxarılar”la razılaşmaya lüzum görməyərək, elə həmin gündən etibarən bütün sənədsiz evlərin, həyətyanı sahələrin sənədləşdirilməsi barədə göstəriş vermiş və bu iş bir-neçə ay ərzində tamamilə başa çatdırılmışdı. Buna görə də qəsəbənin daha çox din-iman əhli olan sakinləri Rasim müəllimin xeyirxahlığını, insanpərvərliyini yüksək dəyərləndirərək, məscidə cümə namazına yığışarkən onun üçün uca Allah qarşısında dualar edirdilər. Axı, illərlə əlac olunmayan bir məsələni yeni sədr heç bir çətinlik, süni baryer, problem yaratmadan asanlıqla həll edə bilmişdi…

 O zaman çoxları ilk dəfə şahidi olurdular və təəccüblənirdilər ki, Rasim müəllim əvvəlki şəhər rəhbərlərindən fərqli olaraq çox demokratik adamdır, formallığı, rəsmiçiliyi xoşlamır. Onun “ispolkom”  sədri olduğu vaxtlarda hansısa işə əncam çəkilməsi üçün heç də həmişə rəsmi-yazılı müraciətə ehtiyac yox idi. Əgər ona hər hansı bir “siqnal” çatırdısa, Rasim müəllim kağız-kuğuz bürokratiyasına yol vermədən bu və ya digər məsələnin operativ olaraq yoluna qoyulmasına çalışırdı. Onun üçün əsas məsələ rəsmi “kağız-kuğuz” yox, yerlərdə sakinləri narahat edən problemərin təxirə salınmadan həlli idi.

Məsələni bu cür operativ həll edərlər …Bir dəfə axşamdan xeyli keçmiş Bakıdan, redaksiyadakı işimdən qayıdarkən evimizin yaxınlıqdakı gediş-gəliş yolunun üstündə “kubik” daşların düzüldüyünü, nəyinsə bünövrəsinin qoyulduğunu gördüm. Qonşularımız dedilər ki, bunu həyətimizdəkilərdən biri (hansısa bir qudurğan!) edib – düz səkinin üstündə özü üçün qaraj tikmək istəyir. Özü də təhqiranə şəkildə, söyüşlə bildirib ki, kimin hünəri var, ona mane olsun.

Səhər Rasim müəllimə zəng edib bu özbaşınalıq barədə məlumat verdim. Qısaca olaraq soruşdu ki, “hardasan?” və əlavə etdi: “həyətdə ol, gəlirəm”. Düzü, mən belə bir operativlik gözləmirdim. Həm də düşünürdüm ki, o, məsələnin araşdırılması üçün müavinlərindən birini və ya memarlıq şöbəsinin nümayəndəsini göndərər. Ancaq bilavasitə özü işə qarışdı (yəqin bilirdi ki, başqaları məhəllə sakinlərini narahat edən bu işi yarıtmayacaq. Həm də axı, prinsip məsələsi vardı. Digərləri də həmin azğın adamın “nümunəsindən” istifadə edib, harda istədi nəsə tikməyə cəhd edəcəkdi).

Rasim müəllim nə yazılı şikayət məktubu tələb etdi, nə də başqa bir “dəlil-sübut”. Heç 10 dəqiqə keçməmişdi ki, JEK işçiləri ilə birgə “hadisə yerinə” gəldi. “Kimdir bu qarajın sahibi?” deyə soruşsa da, qudurğan “sahib” üzə çıxmadı. “Heç kəsin ixtiyarı yoxdur camaatın gediş-gəliş yolunu kəsib, onun üstündə nəsə tiksin!”. Sonra da qətiyyətlə göstəriş verdi: “sökün!”. Və bir az da dayanıb, işin başa çatmasını gözləyərək, məsələyə operativ olaraq şəxsən müdaxilə etdiyinə görə ona təşəkkür edən sakinlərlə sağollaşıb getdi.

 Tabeliyində olan müdiri niyə işdən çıxartmadı?  Şəhərin meri təyin olunanda demişdi ki, “Rəhman, mən Sumqayıtda adamların hamısını, həm də yaxşı tanımıram. Ona görə də lazım gələndə sən bəzi məqamlarda mənə fikrini bildirməyə çəkinmə. Çünki ola bilər ki, adamları yaxşı tanımadığıma görə bağışlanmaz səhvə yol verə bilərəm, sonra vicdan əzabı çəkərəm”.

Deyəsən, 90-cı ilin payızı idi. Bir gün eşitdim ki, şəhər təsərrüfatının yaxşı tanıdığım  rəhbərlərindən biri bərk xəstələnib, işə çıxmır. Bu, bir aya yaxın davam etdi. O, çox işgüzar, işinin peşəkarı olan, həm də çox sağlam bir adam idi. İşlədiyi 6-7 il ərzində ona həvalə olunmuş sahədə özündən əvvəlkilərin 15-20 il ərzində gördükləri (əslində demək olar ki, görmədikləri) işdən dəfələrlə çox həcmdə işlər görmüşdü. Bunu mən yaxşı bilirdim və onun bəzən yeri gələndə fəhlə işini də özünün gördüyünün də şahidi olmuşdum. İşgüzarlığına və sadəliyinə görə mənim ona xüsusi rəğbətim vardı. Bilirdim ki, ona tapşırılmış sahənin işindən heç bir şəhər rəhbərinin narazılığı yox idi. Lakin bir gün təsadüfən onun işçilərindən birindən müdirinin səhhəti barədə soruşanda “öz aramızda” olmaqla dedi ki, o adamın heç bir xəstəliyi yoxdur, lakin onu işdən çıxartmaq istəyirlər, ona görə də işə gəlmir, “bolniçni” götürüb. Bunu öyrənib, axşama yaxın Rasim müəllimin yanına getdim. Qəbul vaxtı təzəcə qurtarmışdı. Mənim gəldiyimi bilib, içəri dəvət etdi. “Xoş-beş”dən sonra həmin adamla bağlı məsələni açdım, onun necə peşəkar, zəhmətkeş bir adam olduğunu, sakinlərin xahiş və tələblərini yerinə yetirmək üçün gecə-gündüz çalışdığını, bəzi müdirlər kimi yekəxana,  təmənnalı, “murdar xasiyyət”li olmadığını bildirdim. Həm də onu diqqətə çatdırdım ki, şəhərdə onun sahəsini ondan yaxşı bilən və son illər ərzində ondan çox iş görən heç bir müdir olmayıb. Ona görə də həmin adamın işdən çıxarılması özündən daha çox şəhər üçün ziyan olacaq.

Onun işə çıxmamasının səbəbini də Rasim müəllimdən gizlətmədim. Bəlkə də başqa bir mer olsaydı, məni dinləməklə kifayətlənərək deyərdi ki, “çox sağ ol informasiyaya görə, ancaq məsələni mən özüm həll edəcəyəm”. Ya da məni arxayın salmaq üçün deyərdi ki, “yaxşı, baxarıq”. Ancaq Rasim müəllim məni diqqətlə dinlədikdən sonra həqiqətən o adamın işdən çıxarılması ilə bağlı ona kiminsə təsiri olduğunu, lakin özünün də tabeliyində olan həmin müdirdən heç bir narazılığı olmadığını və məsələni araşdırmağı nəzərdə tutduğunu da bildirdi və sonda qısaca olaraq dedi ki, “yaxşı, xəbər elə, qoy işini davam eləsin”.  Və elə sabahısı günü həmin adam “sağalıb”, yenidən öz işinə qayıtdı – heç bir təmənna güdülmədən, “hədiyyəsiz-filansız”…

 “20 yanvar” günlərində Sumqayıtda “fövqəladə rejim”in tətbiqinin qarşısı məhz R.Eminbəylinin risqi, fədakarlığı sayəsində alınmışdı

 Həmin ağır, dəhşətli günlərdə Qorbaçov rejimi Azərbaycanın haqq səsini boğmaq üçün  Bakının “iki addımlığında” olan, hər zaman paytaxtın harayına çata biləcək Sumqayıtdan, onun qorxubilməz, cəsur adamlarından ehtiyat edərək, bu şəhərdə də “fövqəladə rejim” tətbiq etmək niyyətində idi. Bunu öz “kanalları” ilə öyrənən R.Eminbəyli artıq səhər alaqaranlıqdan sürücüsü ilə Sumqayıtın girəcəyində dayanıb, şəhərə girmək istəyən Sovet Ordusunun hərbi texnikasını gözləyirdi. Ürəyində 20 yanvar şəhidlərinin kədərini gəzdirən və hərbçilərin hər cür vəhşilik, qudurğanlıq edə biləcəyinə şübhə etməyən Rasim müəllim uzaqdan tankların, BTR-lərin gurultulu səsini eşidib, sürücüsünə maşından düşməyi əmr edib, sükan arxasına keçdi.

- Rasim müəllim, siz neyləmək istəyirsiz? – sürücü Faiq narahatlıqla soruşdu.

- Sən cavansan, otur yolun qırağında, bu it uşağından hər cür vəhşilik gözləmək olar. Mən getdim onlarla “haqq-hesab” çürütməyə, – deyib maşını sürətlə qarşıdan gələn tank kalonunun qarşısına doğru sürdü. Faiq müdirinin arxasıyca həyəcanla qışqıra-qışqıra qaldı…

Hərbi kalona çatmağa 100-120 metr qalmış cəld maşını saxlayıb, yerə düşərək, qollarını “olmaz!” işarəsilə çarpazlayıb havada hərəkət etdirməyə başladı. Kalonun önündə şığıyan tanklar ona yaxınlaşaraq, sürəti azaltdı. Baxmayaraq ki quduzlaşmış Yazov hərbçiləri onun maşınını da Bakıda olduğu kimi əzib keçə bilərdi, bu, Rasim müəllimi qorxutmamışdı. Çünki onu daha çox özünün yox, qoca-cavan 350 minlik şəhərin taleyi narahat edirdi. Tank kalonunun komandiri olan general özününkülərə dayanmaq əmri verərək, hərbi maşından düşüb, onların “yolunu kəsən” adama yaxınlaşıb, onun risqli hərəkətinə narazılığını bildirmək istədikdə R.Eminbəyli generala tanışlıq verərək, sərt şəkildə bildirdi:

- Я – Расим Эминбейли, мэр города Сумгаита и в полном курсе ваших намерений. Своим полномочием категорично заявляю, что никакой надобности о введении чрезвычайного положения в нашем городе нет. У нас все тихо и спокойно…

Və məlum olmuşdu ki, həmin general R.Eminbəylini Sumqayıtda 1988-ci ilin fevralında baş vermiş hadisələrdən sonrakı günlərdən yaxşı tanıyırmış. Elə magistralın ortasındaca qısa dialoqdan sonra şəhərin merinin “kişi sözü”nə inanan rus generalı tank kalonuna geri dönmək əmri vermişdi.

Bəli, məhz R.Eminbəylinin vətənpərvərliyi, qətiyyəti, cəsarətli prinsipiallığı, vəziyyəti talenin ümidinə buraxmaq istəməməsi Sumqayıtı növbəti dəfə fövqəladə rejim şəraitində  yaşamaqdan, bəlkə də neçə-neçə dəliqanlı sumqayıtlını xəsarət almaqdan, ölümdən xilas etmişdi. Və o, inanılmaz olaraq generalı “yola gətirə” bilməsindən özü də böyük məmnunluq duyaraq, maşını ilə Boru-prokat zavodunun yanından ötərək, öz iş otağına qayıdanda şəhər hələ yuxudan oyanmamışdı – hələ səhər saat 6-nın yarısı idi…

 Haya-haraya tələsən, köməyə çatan adam

 1989-cu ilin payızı, oktyabrın ortaları idi. Bakıdan avtobusla Sumqayıta gəlib avtovağzaldan yenicə aralanmışdım ki, birdən göy üzündə – Nasoslunun (o vaxt belə adlanırdı) üzərində alov qarışıq güclü partlayışın baş verdiyini gördüm. Ani olaraq heç nə anlaya bilmədim. Ermənilərlə müharibə şəraitində olduğumuzdan ilk fikrimə gələn bunun Sumqayıtı hədəfə alan düşmən təxribatının olması idi. Bundan əvvəl də Sumqayıt bazarında kimsə xətrinə dəydiyindən bir rus hərbçisi qırıcı təyyarəyə oturub, şəhər üzərində çox təhlükəli manevrlər edib, lap alçaqdan uçaraq, şəhər sakinlərini xeyli müddət qorxu-həyəcan içərisində saxlamış, çox gərgin şok vəziyyəti yaratmışdı. Səhərisi günü məlum olmuşdu ki, qırıcının müharibə qorxusu yaradan dəhşətli səslə uçuşu həyətdə dincələn yaşlı bir qadının ürəkgetməsinə, ölümünə səbəb olmuşdu. Lakin şəhərin o vaxtkı partiya rəhbərlyi öz “dərisinin”, kreslosunun qeydinə qalaraq, həmin hərbçinin cəzalandırılması ilə bağlı onun komandanlığına heç müraciət də etməmişdi. Ancaq belə bir hadisə Ermənistnda baş versəydi (ruslar bunu orda edə bilməzdilər!), daşnaklar səsi lap okeanın o tayına – amerikan qardaşlarına çatan böyük bir ağlaşma qurub, həmin hərbçinin tribunala verilməsinə, “içəri” salınmasına nail olmayınca əl çəkməzdilər…

…Axşama doğru idi – saat 7-yə işləyirdi. Birdən səmada bir təyyarənin dəhşətli partlayışla yanaraq dənizə düşməsi şəhərdə böyük həyəcana səbəb olmuşdu. Bəlkə də kiməsə xilas olmaqda köməyim dəyə bilər deyə sadəlövh fikirlə cəld taksiyə oturub hadisə yerinə tələsdim. Uzaqdan dənizin sahilə yaxın hissəsində təyyarənin dalğalar üzərində dikəlmiş bir qanadı görünürdü. Hadisə yerinə çoxlu adam axışıb gəlmişdi. Havanın get-gedə qaralmasına və bir qədər soyuq olmasına baxmayaraq, gənclər vaxt itirməmək üçün paltarlı halda təyyarənin qanadı üzərinə doğru üzmək istəsələr də, bu, mümkün olmurdu. Yalnız yaxşı üzməyi bacaran iki nəfər qanada çatıb, onun üzərinə qalxmağa çalışırdı. Birdən qəsəbənin həyəcanla sahilə axışıb gəlmiş adamları arasında Rasim Eminbəylini görüb, təəccübləndim (mən yol boyu düşünürdüm ki, hadisə barədə ona necə məlumat çatdırım, ancaq sən demə, o, özünü bura məndən də tez çatdırmışdı…). Artıq onun göstərişi ilə xilasedicilər, dalğıclar da, təcili tibbi yardım maşınları da gəlməkdə idi. Axtarış gecədən xeyli keçənədək, səhərəcən davam etdi. Təəssüf ki, hərbi İL-76 təyyarəsi hələ göydə ikən yanıb parçalandığından onun yanan hissələri bir-birindən yüzlərlə metr aralıda dənizin dərinliklərinə atılmışdı. Nasosludakı aviasiya hərbi hissəsinin hadisə yerinə gələn komandir müavini, mayor Nikolay Qonçar sarsıntı içində, qəmli-qəmli bildirmişdi ki, təyyarədə hərbi pilotlarla birlikdə 57 nəfər olub. Onlar Yerevanda erməni azğınlıqlarının qarşısını almaq, sakitliyi təmin etmək üçün 288 günlük növbətçilikdən sonra özlərinin daimi dislokasiya yerlərinə qayıdan, müxtəlif millətlərdən olan gənc zabit və əsgərlər idi. Əksəriyyəti müsəlman respublikalarından – Özbəkistandan, Türkmənistandan, Tatarıstandan, Başqırdıstandan, Çeçenistandan, İnquşetiyadan, az bir hissəsi isə Ukraynadan, Gürcüstandan və Krasnodar vilayətindən olan əsgərlər bir-neçə aydan sonra ordudan tərxis olunub, evlərinə qayıtmalı idilər. Ancaq onlar nəinki evlərinə qayıda bilmədilər, hətta gərgin, gecəli-gündüzlü aparılan axtarışlara baxmayaraq, onların yalnız 7 nəfərinin cəsədini tapmaq mümkün olmuşdu.

Həmin günlərdə Rasim müəllim həlak olanların, o cümlədən müsəlman oğullarının tapılması məqsədilə hərbçilərlə birgə bütün qüvvələrin səfərbərliyə alınması üçün rahatlıq, dinclik bilmədən çalışmışdı. Ancaq bir-neçə gün davam edən xilasedici-dalğıc axtarışları daha heç bir nəticə vermədi – dəniz 50 nəfər gənc əsgər və zabiti əbədilik olaraq qoynuna almışdı…

O günlərdə mənim üçün əsas diqqət çəkən o idi ki, Rasim müəllim Sumqayıt şəhərinin rəhbərlərindən biri (o vaxt hələ partiya sistemi və rəhbərliyi qalmaqda idi) və sadəcə bir insan kimi milliyyətindən asılı olmayaraq hərbi desantçıların tapılması üçün imkanı daxilində olan hər bir şeyi etmiş, öz mənəvi borcunu bacardığı qədər yerinə yetirə bilmişdi. Lap az da olsa, yeganə mənəvi rahatlığı bunda tapırdı.

O narahat, gərgin günlərdə ilk növbədə ağlıma gələn bu idi ki, yəqin həmin faciə erməni diversiyasını nəticəsidir. Çox güman ki, onlar Qarabağa görə Sovetlərdən, onlara əl-ayaq açmağa imkan verməyən desantçılardan qisas almaq məqsədilə hələ Yerevanda ikən təyyarəyə gizlincə mina qoymuşdular. Axı, belə xəyanətkar, alçaq işləri onlar yaxşı bacarırlar. Yoxsa, necə ola bilərdi ki, təcrübəli, yüksək dərəcəli hərbi pilot olan polkovnik Aleksandr Kalmıkov təyyarəni havaya qaldırdıqdan cəmi 1-2 dəqiqə sonra belə bir faciə baş versin? Qısa bir vaxt ərzində (özü də artıq təyyarə havaya qalxmışdı və sürət götürməkdə idi) texniki nasazlığın baş verməsi və ya pilotun səhvi burda tamamilə istisna idi. Mən bu barədə fikrimi – desantçıların erməni diversiyasının qurbanı olduqlarını o vaxt Rasim müəllimə bildirmişdim və o, mənim fikrimin əsassız olmadığı ilə razılaşmışdı. O fikirdə də həmrəy idik ki, yəqin təyyarənin komandiri son ana kimi çalışmışdı ki, onu qəsəbə üzərindən uzaqlaşdırsın, çoxsaylı insan tələfatı olmasın, daha böyük faciə baş verməsin. Sonradan “qara qutu”nun səs yazılışından da aydın olmuşdu ki, komandir hamıya təyyarəni tərk etmək əmri vermişdi, lakin bunun üçün cəmi yarım dəqiqə, hətta 15-20 saniyə çatmamışdı.

Hər halda pilot təyyarəni qəsəbənin üzərindən uzaqlaşdırıb, daha böyük faciənin qarşısını ala bilmişdisə, bunun özü belə əsl qəhrəmanlıq idi. Təsadüfi deyildi ki, həlak olanların “qırx”ı günü o da, döyüş dostları da ölümlərindən sonra “Şəxsi igidliyə görə” medalına layiq görülmüşdülər.

Həmin gün – 1989-cu ilin 26 noyabrında, soyuq və küləkli bir gündə, həlak olanların 200-dən artıq əzizlərini-doğmalarını Sumqayıta gətirməli olan təyyarənin Moskvadan uçuşu xeyli ləngiyirdi. Bu, gələnlərin layiqli qarşılanıb, yola salınması üçün hərbi hissə komandanlığı ilə birgə geniş hazırlıq-tədarük işləri görmüş şəhərin meri Rasim Eminbəylini çox narahat edirdi. Özünü sakit göstərməyə çalışsa da, bir-birinə caladığı siqaretlər onun daxili gərginliyini açıq-aydın büruzə verirdi.

Ötən 40 gün ərzində həlak olanların şərəfinə hərbi hissənin girəcəyində 57 nəfərin hər birinin adı həkk olunmuş obelisk ucaldılmışdı. Onların doğmaları üçün rahat avtobuslar ayrılmış, yadetmə – xatirə mərasimi üçün lazımi hazırlıq görülmüş, 200-dən çox gül dəstəsi, hədiyyələr alınmışdı.

Nəhayət, çətin hava şəraitində Moskvadan Sumqayıta uçan hərbi təyyarə yerə enmiş, SSRİ-nin Hava-Desant Qüvvələrinin komandanı general-polkovnik V.Açalov, Hərbi-nəqliyyat Aviasiyasının komandanı general-polkovnik V.Yefanov, Hərbi-desant Qoşunlarının Hərbi Şurasının üzvü, general-mayor V.Polevik və Ukraynanın Bolqrad şəhərinin rəhbəri A.Makedonski başda olmaqla matəm tədbirinə gələnləri Sumqayıtın meri R.Eminbəyli və hərbi hissənin komandanlığı qarşılamışdı.

Obeilsk qarşısında keçirilən matəm tədbirində əzizlərini – oğullarını, atalarını, ərlərini və qardaşlarını faciəli şəkildə itirmiş qəmli-qüssəli adamlara generallarla yanaşı Rasim Eminbəyli də müraciət edərək, onların hər birinə başsağlığı verdi və həlak olan hərbçilərin unudulmayacağını bildirdi. Obelisk önünə gül dəstələri düzüldü. R.Eminbəyli şəhər rəhbərliyi və bütün sumqayıtlılar adından faciə qurbanlarının ailələrinə başsağlığı verdi. Hiss olunurdu ki, nə qədər iradəli olsa da, Rasim müəllim o günahsız adamların onları heç vaxt tərk etməyəcək qüssə-kədərinə sakit baxa bilmir…

Sonra hamı avtobuslara əyləşərək, Xəzərin sahilinə, faciənin baş verdiyi yerə yollandı. Dənizə göz yaşları içində yüzlərlə qərənfil dəstələri atıldı. Dalğalar onları tədricən sahildən aralayıb, dənizin içərilərinə doğru apardılar. Sanki dəniz o güllərin hara aparılmalı, harda və kimlərə çatdırılmalı olduğunu bilirdi…

 Görkəmli kinorejissor  Davud İmanova və kinossenaist Eyruz Məmmədova dönə-dönə tapşırmışdı ki, “ağsaqqalımızı – Heydər Əliyevi də Moskvada hökmən tapın və ondan müsahibə alın! Bu, tarixdir!”

 Azərbaycanın tarixi-sənədli filmləri sırasında müstəsna əhəmiyyəti olan, Dağlıq Qarabağla, Sumqayıt və 20 Yanvar hadisələri ilə bağlı Qorbaçov rejiminin ifşa edilməsinin nəzərdə tutulduğu “Sumqayıtın əks-sədası” filminin çəkilişlərinə hazırlıq mərhələsi gizli aparılırdı. Şəhərin bəzi müəssisə rəhbərləri vətənpərvərlik nümunəsi göstərərək, filmi maliyyələşdirməyə hazır olduqlarını bildirsələr də, son anda “ehtiyat” edərək, yaxalarını kənara çəkirdilər. Məhz belə həlledici, vacib məqamda R.Eminbəyli ilə görüşən D.İmanov və E.Məmmədov şəhərin merinin razılığını almış və məhz onun ilkin maliyyə dəstəyi ilə filmin çəkilişinə başlamışdılar. Xalqımızın qanına susamış cəlladların – SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov, marşal Dmitri Yazov, KQB-nin başçısı Vladimir Kryuçkov və digərlərinin Moskvada danışdırılması, xalqımızı narahat edən Dağlıq Qarabağ, Sumqayıt və 20 Yanvar hadisələrinə münasibətlərinin öyrənilməsi başlıca məqsəd idi.

Azərbaycan tarixində mühüm yer tutacaq həmin film ətrafında geniş söhbət və müzakirələrdən sonra çəkiliş qrupuna uğur diləyərək, onları yola salan R.Eminbəyli Davud İmanova və Eyruz Məmmədova dönə-dönə tapşırmışdı ki, “hörmətli ağsaqqalımız Heydər Əliyevi Moskvada hökmən tapın, ondan müsahibə götürüb, filmə çəkməyi unutmayın!” Bu, o dövr idi ki, Azərbaycan xalqının görkəmli oğluna, dünya şöhrətli dahi siyasətçiyə həm SSRİ, həm də Azərbaycan miqyasında qadağalar qoyulmuşdu. Və bu gün biz həm Rasim müəllimə, həm də Davud İmanova və Eyruz Məmmədova minnətdarıq ki, onlar qarşıya qoyulan məqsədə bütünlüklə nail ola bilmiş, kino-kadrlarda Ulu öndərə xüsusi diqqət yetirməklə ona əsas yer verərək, əsrlərlə yaşayacaq unikal bir tarixi-sənədli film yaratmışlar.

Rasim müəllimin müstəsna xidməti həm də onda idi ki, çəkliş qrupu Sumqayıt hadisələrinin təşkilatçılarından biri olmuş Edik Qriqoryandan Stavropoldakı (artıq çoxdan ermənilərin kök saldığı, “ata-baba” yurdu olmuş diyarda) cəzaçəkmə məntəqəsində müsahibə götürdüyü zaman onların tam təhlükəsizliyini təmin edə bilmişdi. Belə ki, Sovetin KQB agentləri Azərbaycandan gəlmiş çəkiliş qrupunu izləyərək, onları ermənilərin sifarişi ilə məhv etməyi planlaşdırmışdılar. Lakin onları ölümdən başqa bir KQB rəisi xilas edə bilmişdi. Bu, o dövrdə Sumqayıt şəhər DTK-sının rəisi, milliyyətcə rus olan polkovnik V.Lebedev idi.  R.Eminbəyli ona möhkəm-möhkəm tapşırmışdı ki, necə edirsən, et, ancaq mənim adamlarım ordan sağ-salamat qayıtmalıdırlar.  Və o da öz növbəsində ermənilərin sifarişini yerinə yetirməyə hazırlaşan “kolleqalarına” tapşırmışdı ki, başınızın ağrımasını istəmirsinizsə, yerinizdə farağat oturun, mənim rəisim tapşırıb ki, o “uşaqların” başından bir tük də əskik olmamalıdır. Buna təkcə mən yox, siz də başınızla cavabdehsiniz.

Və çəkiliş qrupumuz təhlükəsiz şəkildə, sağ-salamat vətənə qayıtmışdılar. Sözsüz ki, burda Rasim müəllimin yalnız rəis hökmü yox, həm də şəxsi nüfuzu və hörməti xüsusi rol oynamışdı.

 Eminbəyliyə görə Zabratdan havaya təcili vertolyot qalxdı, Nefçi Qurbanın kateri dənizi şırım-şırım etdi…

 Dənizlə bağlı daha bir müdhiş, faciəli hadisə heç vaxt yadımdan çıxmır… 1990-cı il, iyulun 10-da Sumqayıt məktəbliləri Müşfiq İsgəndərov və Nəriman Rzayev dənizdə boğulmaqda olan dostları Məlik Məlikovu xilas edərək, özləri sərt dalğaların qurbanı olmuşdular. Onlar bizim 1-ci məhəllənin əziz, sevimli uşaqları idilər. Cəmi 15 yaşları vardı. Onların dəhşət doğuran faciəsi bütün qonşuları, tanıyıb-bilən hamını sarsıtmışdı.

Həmin gün redaksiyamızın tapşırığı ilə mən minlərlə adamın ölümünə səbəb olmuş güclü zəlzələnin baş verdiyi İranda ezamiyyətdə idim. Ertəsi gün – iyulun 11-də yenicə Sumqayıta qayıtmışdım. Evdəkilərin məni anlaşılmaz sükutla, həm də nigarançılığı aydın duyulan baxışlarla qarşılamasından nəsə bir xoşagəlməz hadisə baş verdiyini hiss etdim. Uzaq yoldan gəldiyimi nəzərə alıb, stolun üstünə gətirilən çaydan narahatlıqla bir-iki qurtum içdikdən sonra baş vermiş faciə barədə mənə ehtiyatla xəbər verdilər. Ehtiyatla ona görə ki, məhəlləmizdə hamıya qarşı çox diqqəytli, qağıkeş uşaq olan, gülərüz sifətli Müşfiqin xətrini ailəmizdə hamımız çox istəyirdik. Mən gözlənilməz xəbərdən dəhşətə gələrək, dərhal evdən çıxıb, hadisə yerinə tələsdim. Faciə bir gün əvvəl baş versə də, Müşfiqin ölümünə inanmaq istəmir, möcüzə baş verəcəyini, onu sağ-salamat tapacağımıza ümid edirdim. Lakin gecədən xeyli  keçənədək davam edən axtarışlarımız heç bir nəticə vermədi.

…Onların üçü də – Müşfiq, Nəriman və Məlik məhəlləmizdəki 12 N-li məktəbdə oxuyurdular. İmtahanları yenicə başa vurub, məktəb qayğılarından qurtararaq, istirahət etmək, “beş addımlığında” yaşadıqları, evlərindəm baxarkən mavi-dalğalı panoramı ilə aydın görünərək göz oxşayan və yayın qızmarında adamı istər-istəməz özünə cəlb edən Xəzərin qoynunda dincəlmək, artıq arxada qalmış növbəti dərs ilinin yorgunluğunu unutmaq istəyirdilər.

O gün dənizin bir qədər “şıltaq”, dalğalı olmasına baxmayaraq, o boy-buxunlu üç məktəbli dost, bir də son anda onların dəstəsinə qoşulan, yaşca bir az kiçik olan Oqtay bir-neçə il əvvəl dənizin içərisinə doğru salınmış, “damba” kimi tanınan bəndin yaxınlığında, o qədər də dərin olmayan bir yerdə sevinc-fərəhlə mavi sulara atılmışdılar. Lakin bir müddət sonra hava qəflətən dəyişmiş, şiddətli küləyin təsirindən dalğalar güclənərək şahə qalxmağa başlamışdı. Dənizdə qopan tufan bir andaca suları coşduraraq, dalğaları sürətlə sahilə çırpır və eyni sürətlə də geriyə, dərinliklərə doğru sovururdu.

Dənizin sahilində və bəndin üstündə dayanan adamlar həyəcanla qışqırışa­raq gəncləri dərhal sahilə çıxmağa çağırır, onları dalğaların əlindən qurtarmağa çalışırdılar. Müşfiqlə Nəriman isə qışqırıqlara  məhəl qoymayaraq, dənizin bir qədər dərin yerində dalğalar arasında çırpınan dostları Məliki xilas etmək üçün həyatlarını təhlükə altında qoyaraq, özlərini çox çətinliklə Məlikə yetirib, onu nöbbəti dalğa ilə birlikdə sahilə tərəf itələməyə nai olurlar. Sahilə daha yaxın olan Oqtay isə böyüklərin köməyi ilə canını dalğalardan birtəhər xilas edə bilir. İlk yardım göstərilən Məlik çətinliklə də olsa həyata qaytarılır. Lakin fırtınalı dənizin qoynunda bir-birindən aralı düşərək, sərt dalğalarla çarpışan və birdən  görünməz olan Müşfiq və Nərimana çox təəssüf ki, heç bir kömək yetmir. Bir müddət sonra dalğalar ailənin yeganə oğul övladı olan Nərimanın artıq cansız bədənini sahilə atır. Müşfiqdən isə bir nişanə də tapılmır. Şəhərin yaxşı üzgüçülük bacarığına və bir idmançi kimi möhkəm fiziki hazırlığa malik baş memarı Rza Rzayevin fədakarcasına, dönə-dönə dənizin dərinliklərinə baş vurması, həmçinin hadisə yerinə gecikmiş dalğıcların həm sahilə yaxın bütün ətrafda, həm də vaxtilə dəniz gəzintisi üçün nəzərdə tutulmuş, lakin artıq çürüməkdə olan gəminin sular altındakı otseklərində gecə yarısınadək davam edən axtarışları da heç bir nəticə vermir.

Müşfiqin baş vermiş faciədən üzülüb əldən düşmüş atası Zakir İsgəndərov və böyük qardaşları evin istəkli sonbeşiyinin dalğalar tərəfindən dənizin içərilərinə doğru uzaqlaşdırıldığını güman edirdilər. Əlimiz heç yana çatmadığından səhər tezdən Rasim Eminbəylinin yanına gedərək, faciə barədə ona məlumat verərək, kömək etməsini xahiş etdim. Çətin vəziyyətdə əli qoynunda qalan bəzi çarəsiz məmurlardan fərqli olaraq, o, təcili olaraq Bakı ilə əlaqə saxladı. Məhz onun təşəbbüsü və xahişi ilə, hörməti-nüfuzu sayəsində çox keçmədən Zabratdan havaya vertolyot qaldırıldı, “Azneft”in o vaxtkı rəhbəri, məşhur Neftçi Qurban isə  geniş akvatoriya üzrə axtarışlar aparmaq üçün Xəzərin Sumqayıt sahilinə xüsusi kater göndərdi. Zakir müəllimin, oğlanları Cavanşir və Cahangirin iştirakı ilə dənizin dərinliklərinə doğru həm vertolyotla, həm də katerlə bir-neçə saat axtarış aparıldı. Öz həyatını düşünmədən dostunu ölümdən xilas etməyə çalışmış Müşfiqin cəsədi hadisə yerindən bir-neçə kilometr aralıda, dənizin şimal hissəsində tapıldı…

 Xızıda yeni həyat başlayırdı…

 Dağlıq Qarabağda vəziyyət son dərəcə kəskinləşdikdən sonra Qərbi Azərbaycandan –Göyçə və Zəngəzur mahallarından on minlərlə qaçqın-köçkün ailəsi erməni faşistlərindən canlarını güclə qurtararaq, respublikamızın müxtəlif bölgələrinə pənah gətirənlərin dərdlərinə dözmək çox çətin idi.  Həmin günlərdə öz yurdlarından didərgin salınmış minlərlə ailə həm də Sumqayıtın fəhlə yataqxanalarına, pioner düşərgələrinə, yaşayış üçün heç bir şəraiti olmayan yarımçıq tikililərə sığınmışdılar…

Qaçqın həmvətənlərimizin dözülməz vəziyyətini, olduqca ağır yaşayış şəraitini heç olmasa müəyyən qədər yüngülləşdirmək, bir zamanlar Göyçə, Zəngəzur ellərindəki dədə-baba yurdlarından, səfalı ab-havası olan dağlar, buz bulaqlı meşələr qoynundan qovularaq, indi nağıla, əlçatmaz xəyallara dönmüş obaların iqlimi-havası ilə qətiyyən uyuşmayan Sumqayıtda müvəqqəti yerləşənlərin bir qisminin dağlar diyarı olan, uzun illərdən sonra inzibati rayon kimi yenidən bərpa olunmuş Xızı rayonunun boş qalmış kəndlərinə, yeni inşa edilməkdə olan qaçqın qəsəbəsinə köçürülməsi nəzərdə tutulmuşdu.

Sumqayıtın təşəbbüsü ilə Xızıda qaçqın ailələri üçün yaradılmaqda olan yeni yaşayış məskəni üçün ora ilk tikinti materiallarının daşındığı vaxtlardan şəhərin tikinti təşkilatlarının bilavasitə iştirakı ilə evlərin inşa olunub başa çatdırıldığı günlərə qədər mən də «Vışka» qəzetinin Sumqayıt-Quba zonası üzrə xüsusi müxbiri kimi o zaman Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədri olan Rasim Eminbəyli ilə birgə yeni salınan qəsəbənin inşasının gedişi ilə tanış olmaq üçün vaxtaşırı Xızıya gedirdim.

Fiziki cəhətdən möhkəm, sağlam olsa da və qaçqın həmyerlilərinin faciələri, dərdləri ilə bağlı narahatlıqlarını, göynərtilərini büruzə verməməyə çalışsa da, bütün bunlar onun üçün ürək ağrılarsız ötüşmürdü (özü ilə ürək dərmanı gəzdirirdi). O günlər onun fəaliyyətinin başlıca mahiyyəti qaçqın həmvətənlərimizlə, onların taleyi ilə bağlı idi. Bir də görürdün ki, 3-4 gün əvvəl Xızıdan qayıtmağımıza baxmayaraq, zəng edib soruşurdu: «Rəhman, hardasan? Nə işlə məşğulsan?». Cavab verirdim ki, «qəzet üçün material hazırlayıram, nə olub ki?»

- Dur gəl, getdik Xızıya, görək orda işlər necə gedir? – deyib yarım saatdan sonra yola düşəcəyimizi bildirirdi. Əlbəttə, bir halda ki, Rasim Eminbəyli çağırırdı və bu dəvət qaçqınlarımızla bağlı idi, etiraz edə bilməzdim.

Sumqayıtdan Xızıya yollanarkən yolun sol və sağ hissələrində susuzluqdan od tutub yanan, diqqətsiz-nəzərsiz, boş qalan sahələrə baxdıqca onu da od götürürdü: «Buralara su çəkə bilsəydik, böyük bir yaşayış məskəni salmaq, bütün qaçqınlarımızı yerləşdirmək olardı», – deyirdi. Yolüstü susuzluqdan od tutub yanan, yaxınlığında heç bir yaşayış məskəninin olmadığı çöllükdə, uzanıb gedən geniş bir vadidə xalqımızın unudulmaz şairi Mikayıl Müşfiqin abidəsini, dahi dramaturqumuz Cəfər Cabbarlının ev-muzeyini ehtiramla ziyarət etdikdən sonra Xızıya çatar, qaçqın həmvətənlərimiz üçün salınan şəhərcikdəki vəziyyətlə tanış olardıq. Rasim Eminbəyli inşaatçılarla görüşüb onlara öz tapşırıqlarını verər, soyuqlar düşənədək işlərin tamamlanmasının vacibliyini bildirər, onları ruhlandırar, həm də tələsdirərdi. Təzə yaşayış yerlərinə köçmüş ilk ailələrlə görüşüb, onların dolanışıq şəraiti, problemləri ilə maraqlanardı. O, tikilməkdə olan evləri bir-bir gəzmədən, vəziyyətlə yerindəcə tanış olmadan, problemləri aradan qaldırmaq üçün operativ tədbirlər görmədən geri dönməzdi.

   Yalnız axşama yaxın tikinti sahəsindən ayrılıb, Xızının girişindəki sərin sulu bulağın başına gələrək, orada qəzetlərdən süfrə açıb, təmiz havada böyük iştahla pomidor-xiyarla pendir-çörək yedikdən sonra Sumqayıtda tapılması mümkün olmayan büllur kimi təmiz bulaq suyundan doyunca içərək və yolumuz üçün götürərək, qaş qaralana yaxın Sumqayıta qayıdardıq. Bir dəfə isə didərgin həmvətənlərimizlə görüşlər, onların qayğıları ilə bağlı söhbətlər, problemlərlə bilavasitə, yerindəcə tanışlıq xeyli vaxt apardığından və çox gec olduğundan elə Xızıdaca, didərginlərlə birgə onların sığındıqları daxmalarda gecələməli olmuşduq.

Sonralar o səfərlərimiz zamanı Xızı rayonunun İcra başçısı, uzun illər mərkəzi televiziyada çalışmış gözəl insan, Azərbaycanın Əməkdar jurnalisti, indi haqq dünyasına qovuşmuş, əslən o yerlərin oğlu olan Firuz Əhmədli bizi qarşılayar və müşayiət edərək, Xızını, Altıağacı və o zaman atılmış olan digər kəndləri bir-bir göstərərək, bu yerlərdə məskunlaşmaq və sağlam yaşayış üçün böyük potensiallar olduğunu bildirərdi. Bir dəfə isə o, Rasim müəllimə təklif etdi ki, orda – Xızı rayonunda yüzlərlə hektar illərlə əkilməmiş münbit torpaqlar var, “gəlin, nə qədər istəyirsiniz, torpaq sahələri götürün, əkin, becərin, ev tikin, dağların bu səfalı qoynunda yaşayın. Qoy sumqayıtlılar burda özləri üçün əkin-biçin sahələri, maldarlıq, qoyun-quzu fermaları yaratsınlar”.

Xızıya səfərlərimizin biri zamanı Firuz müəllim yenidən yaranmaqda olan bu dağ rayonunun füsunkar guşələri ilə bizi daha çox tanış etmək, bu yerlərə cəlb etmək üçün çox nadir hallarda ayaq dəyən əfsanəvi meşəliklərə, cəngəlliklərə qədər aparmışdı. O yerlərdə, çox sərin bir bulaq başında yaxşı bir qonaqlıq da təşkil etmişdi. Onun bütün ciddi-cəhdində məqsəd Rasim müəllimi, bütün sumqayıtlıları bu yerlərə bağlamaq idi. Hətta Firuz müəllim Giləzi yaxınlığındakı bir-neçə uçulub-dağılmaqda olan ferma binalarını da sumqayıtlılara bağışlaya biləcəyini də bildirmişdi. Təki Sumqayıtla Xızının, şəhərlə kəndin əlaqələri möhkəmlənsin…

 Necə oldu ki, Nasoslu qəsəbəsinə el ağsaqqalı,

böyük vətənpərvər və maarifpərvər Hacı Zeynalabdin Tağıyevin adı verildi?

 Hər dəfə Rasim müəllimlə Xızıya gedərkən,  birinin cəmi 35, digərinin isə daha az – 27 il ömür sürdükləri Cəfər Cabbarlının və Mikayıl Müşfiqin gəzib-dolaşdıqları, xüsusilə də «Bu gözəl dünyadan necə əl çəkim?», «Yenə o bağ olaydı…» şeirləri ilə hələ erkən gənclik illərindən mənim üçün son dərəcə doğmalaşmış, müqəddəs sandığım şairin dağlar arasında, uzun bir çöllükdə tənha qalmış, sanki sağlığında olduğu kimi elindən-obasından ayrı düşmüş Mikayıl Müşfiqin abidəsi önündən keçərkən ağır xəyallara dalar, romantik  poeziyası ilə nəfəs aldığım bəxtsiz şairimizin nakam, faciəli taleyinə acıyar, için-için yanardım.

Və bir dəfə Xızıya növbəti səfərdən qayıdarkən keçmiş «Nasoslu» qəsəbəsinə yaxınlaşdıqda Mikayıl Müşfiqə olan dərin və sonsuz bir ehtiramla fikrimə gələni Rasim müəllimə bildirdim:

- Rasim müəllim, necə bilirsiniz, bəlkə Nasoslu qəsəbəsinin adının dəyişdirilib ona Müşfiqin adının verilməsi daha münasib olardı?.. Hər dəfə burdan gəlib keçənlər Müşfiqi yad edər, bu qəsəbəyə onun adını verənlərə min rəhmət oxuyardı.

- Müşfiqin?.. – deyə o, bir qədər fikrə dalaraq, dilləndi. – Etirazım yoxdur, ancaq…

Bəlkə də daxili təbəddülatlarımı, M.Müşfiqlə, onun poeziyası ilə bağlı hisslərimi, ona olan oxucu sevgimi başa düşərək, dedi:

- Əlbəttə, yaxşı olar. Amma bir məsələ var ki, Müşfiqin adı artıq Bakı-Şamaxı yolunun kənarında yeni salınmaqda olan qəsəbəyə verilib. Bəlkə bura Hacı Zeynalabdin Tağıyevin adı verilsin?..

Doğrusu, qəsəbənin adının vaxtilə məhz Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü üzrə paytaxta Şollar su kəmərinin çəkilməsi və qəsəbənin indi yerləşdiyi ərazidə suyun bir qədər yüksəklikdə yerləşən Bakıya təzyiqlə vurulması üçün burada nasos stansiyasının yaradılması ilə bilavasitə bağlı olduğunu bilsəm də, M.Müşfiqlə bağlı təklifimdən keçmək istəmirdim..

- Rəhman, sənin Müşfiq poeziyasına və şairin poeziyasına olan sevgini və rəğbətini başa düşürəm. Müşfiq hamımız üçün, bütün xalqımız üçün əziz və doğmadır. Onun dünyadan çox erkən – 27 yaşında köçməsi hamımız üçün ürək ağrısıdır, heç vaxt unudulmayacaq bir ağrıdır. Ancaq daha ədalətli olardı ki, bu yerə məhz Hacı Zeynalabdin Tağıyevin adı verilsin. Bu, ədalətli olmaqdan əlavə Hacının ruhunu da çox şad edərdi.  Axı, Şollar su kəməri bilavasitə onun ideyası, onun təşəbbüsünün bəhrəsidir.

Müşfiqlə bağlı təklifimdən geri çəkilmək istəməsəm də, Azərbaycanın böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xidmətlərinin bundan mühüm və əlverişli bir şəkildə əbədiləşdirilməsinin mümkün olmayacağını, qəsəbəyə başqa bir adamın adının verilməsinin Hacının xidmətlərinə böyük bir saymazyanlıq olacağını düşünərək, Rasim müəllimlə razılaşmalı oldum.  Bu razılığın əlaməti olaraq soruşdum:

- Yaxşı, bəs onda qəsəbə rəsmi olaraq necə adlandırılacaq? Hacı Zeynalabdin Tağıyev qəsəbəsi? Axı, bu üç sözdən ibarətdir və ağır səslənəcək. Bəlkə, Hacı Zeynalabdin, ya da  – Zeynalabdin Tağıyev qəsəbəsi?

Rasim Eminbəyli onunla artıq razılaşdığımı hiss edərək, gülərək dedi:

- Buna İspolkomun yığıncağında baxarıq. Əsas odur ki, qəsəbəyə Hacının adı verilsin.

Mən sanki böyük bir razılaşmaya imza ataraq, belə bir ideyanın yaranmasına təkanverici olduğumdan daxili bir rahatlıq duyaraq, qəzet işində birincilik şansımı əldən verməmək üçün dedim: «Rasim müəllim, danışdıq, sabah, ya birisi gün mən bu barədə qəzetimizdə informasiya verəcəyəm».

- Yox, tələsmə, hələ tezdir. Qoy biz qərarımızı çıxardaq, sonra verərsən…

1-12

Rasim müəllimə «yaxşı» deyib, səhərisi günü qəsəbənin adının dəyişdirilərək, ona Zeynalabdin Tağıyevin adının verilməsi barədə informasiyanı redaksiyaya təqdim etdim.

Bu, Azərbaycanın köhnəliyə, sovet dövrünün simvolları sayılan, şüurlara işləmiş sovetizm qalıqlarına qarşı atılan, milliləşmə və yeniləşmə ab-havasını hiss elətdirən daha bir addım olduğu üçün informasiya redaksiyada razılıqla qarşılandı və səhərisi günü xalqımızın vətənpərvər oğlu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdinin adı ilə adlandırılması barədə informasiya qəzetin birinci səhifəsində, özü də lap yuxarı başda dərc olundu.

Qəzet səhər tezdən satışa getdikdən sonra Rasim Eminbəyli mənə zəng vurdu:

- Rəhman, sən neynəmisən? Belə partizanlıq olmaz axı… Biz hələ İspolkomun qərarını çıxartmamışıq, amma sən götürüb qəzetin yuxarı başında informasiya vermisən. Axı, ispolkomun qərarından sonra hələ Ali Sovet də bu barədə qərar çıxartmalıdır…

- Rasim müəllim, mən və redaksiyamız artıq qərarımızı vermişik. Formal olaraq qalan bütün işlər sizlikdir… Sizə uğurlar arzulayıram! – deyə Rasim müəllimlə gülə-gülə sağollaşdım.

Bəli, artıq «qatar getmişdi» – «Nasoslu» qəsəbəsinə xalqımızın müdrik ağsaqqalının, böyük xeyriyyəçinin adının verilməsi xəbəri «Vışka» qəzetinin bütün oxucularına, xüsusilə də Bakı və Sumqayıt sakinlərinə artıq çatdırılmışdı. Qəzetin məlumatından bir neçə gün sonra – 29 sentyabr 1989-cu ildə Sumqayıt şəhər Soveti bu barədə qərar çıxartdı, Ali Sovet isə onu yalnız  həmin ilin dekabr ayında təsdiq etdi.

Əsas isə o idi ki, qəsəbəyə buna hamıdan çox haqqı olan Hacı  Zeynalabdin Tağıyevin adı verilmişdi. Bu ideyanın təşəbbüskarı isə, əlbəttə ki, xalqımızın ziyalı, vətənpərvər oğlu Rasim Eminbəylidir. Bu haqqı danmaq olmaz…

O, demokratik icrakom sədri olub, xalqdan gizlin heç bir iş görmədiyi üçün kabinetinin qapıları həmişə mətbuat işçilərinin üzünə açıq idi

 R.Eminbəylinin həm şəhər miqyasında gördüyü genişmiqyaslı işlər, təşəbbüskarlığı, həm Azərbaycanın  Ali Sovetinin deputatı kimi fəaliyyəti, rəhbər işçi kimi qeyri-adiliyi, dərin erudisiyası, dünya görüşü böyük marağa səbəb olduğundan mətbuat və radio-televiziya işçiləri daim onunla görüşməyə, müsahibə almağa can atırdı.

Respublikanın tanınmış jurnalistləri  Mais Səfərov (“Vışka” qəzetinin xüsusi müxbiri, sonradan Milli Məclisin deputatı olmuşdu, hazırda “Yurddaş” partiyasının sədri), Xanlar Əliyev (“Xalq qəzeti”), Ətrabə Rzayeva (“AzərTAc”),  Viktoriya Dolinskaya (AzTV), Eyruz Məmmədov, Qalina Vinokurova, Alla Əmirova (“Kommunist Sumqaita”) və digərləri bir maraqlı, dərin erudisiyalı və dünya görüşlü həmsöhbət, yeni ideyalar, təşəbbüslər müəllifi kimi onun Azərbaycanın yaxın gələcəyi, Sumqayıtın gələcək sosial-iqtisadi inkişafı ilə bağlı fikirlərini oxuculara çatdırmağa böyük həvəs göstərirdilər.

  R.Eminbəyli  o ağır illərdə nələr etdi və nələri etmədi?

 Onun taleyinə ağır illər düşmüşdü – Sumqayıtda ermənilərin 1988-ci il təxribatları, həmvətənlərimizin qaçqınlıq-didərginlik dərdləri, evsizlik-sığınacaqsızlıq sarsıntıları, 20 Yanvar, 20 noyabr faciələri, iqtisadi böhran, ərzaq çatışmazlığı – bütünlükdə süqut etməkdə olan SSRİ-nin çaxnaşıqlı dövrünün çıxılmazlıq doğuran fəsadları… Belə bir şəraitdə R.Eminbəylinin bilavasitə rəhbərliyi ilə yüzlərlə qaçqın-köçkün ailəsi Sumqayıtın yataqxana, pansionat və düşərgələri ilə yanaşı Xızıda tikilən qaçqın şəhərciyində yerləşdirilir, maddi problemlərinin həllinə kömək göstərilirdi. Onların üzləşdikləri çətinliklərin diqqətlə araşdırlması və aradan qaldırılması üçün Rasim müəllimin təşəbbüsü ilə respublikada ilk dəfə olaraq məhz Sumqayıtda, İcraiyyə Komitəsinin tərkibində ştatları da müəyyən edilməklə Qaçqınlar şöbəsi yaradıldı, 120-dən artıq Qarabağ və 20 Yanvar şəhidinin hər birinin ailəsinə 5000 rubl həcmində yardım göstərildi. R.Eminbəylinin nüfuzu sayəsində Sumqayıtla qardaşlaşmış Lüdviqshafendən birbaşa aviareyslə şəhərimizə humanitar yardım olaraq 1 milyon dollarlıq ərzaq məhsulları, tibbi ləvazimat və dava-dərman göndərildi. Şəhər sakinlərinin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə 20 Yanvar şəhidlərinin xatirəsinə respublikada ilk abidə də (parçalanmış ürək şəklində) məhz Sumqayıtda ucaldıldı.

Həyatının əsas illəri, bütün əmək fəaliyyəti Sovet ictimai sistemi ilə bağlı olsa da, vətənpərvərlik, millilik hissi hələ Gəncədə keçən uşaqlıq illərində formalaşdığından məhz R.Eminbəylinin radikal, qətiyyətli göstərişi ilə (həm də o vaxtkı şəhər partiya Komitəsi ilə razılaşdırmadan. Əslində şəhərin partiya rəhbərlyi “xəbərimiz yoxdur” prinsipi ilə özlərini “görməməzliyə” qoymuşdu) Sovetlərin “dahi rəhbəri” V.Leninin heykəli hamının təəccüblü, heyrətli baxışları altında şəhərin mərkəzi meydanından götürülmüşdü. Bu, Azərbaycanda “tarixdə görünməmiş” ilk belə hadisə idi. Ona kimi respublikada bu cür analoji hal olmadığından belə bir qətiyyətli addım bütün şəhərə səs salmışdı. Hətta bu işi icra etməli olanlar “sonrası necə olar?” düşüncəsi ilə ilk anlarda risq eləməyərək, qorxu, narahatlıq keçirmişdilər. Vəziyyəti belə görən R.Eminbəyli heykəlin meydandan götürülməsinə, postamentin uçurulmasına şəxsən özü rəhbərlik etməli olmuşdu. Şəhərin partiya rəhbəri guya “məsələyə qarışmaq” istəsə də, artıq gec idi – boğazına dəmir tros keçirilmiş Lenin artıq üzüqoylu yerə uzadılmışdı.

Həmin dövrdə Rasim müəllimin eləyə bilmədiyi, nail olmadığı yalnız iki məsələ qalırdı, biri – ictimai, digəri isə – şəxsi. Belə ki, heç bir qüsur tutulmadan sonradan işdən azad edildiyinə görə Sumqayıt onun alman dostlarla razılaşdırdığı, şəhərin sosial-iqtisadi inkişafı üçün Almaniya tərəfinin nəzərdə tutduğu 5 milyon dollar məbləğində investisiyadan məhrum olmuşdu.

Ancaq yerinə yetirilməyən, özünün bilərəkdən qarşısını aldığı digər bir məsələ isə şəxsən özü ilə bağlı idi. Belə ki, o, şəhərin qayğıları, işin gərginliyi ilə bağlı hərdən yaşadığı Bakıya qayıtmayıb, kabinetində gecələməli olsa da, bu şəhərdə özünə hətta bir otaqlı mənzil də və ümumiyyətlə, heç nə götürmədi. Sadəcə, şəhərdə minlərlə didərginin, evsiz ailələlərin olduğu bir vaxtda bunun özünə rəva görmədi, qıymadı. Bir dəfə tabeliyində olan işçilərdən biri ona deyəndə ki, Rasim müəllim, siz onsuz da gecəli-gündüzlü Sumqayıtdasınız, bəlkə özünüzə heç olmasa, bir otaqlı mənzil götürəsiniz?.. O, işçisinə tərs-tərs baxıb demişdi ki, o bir otaqlı mənzili mən bir evsiz-eşiksizə, bir qaçqın ailəsinə verib, bir problemimi azaltsam, yaxşı olmazmı?

…İlk baxışda zahirən bəlkə də soyuqqanlı görünən Rasim Eminbəyli əslində çox istiqanlı, səmimi, xeyirxah bir adamdır və bu gün də o cür qalmaqdadır, baxmayaraq ki, onun hələ 20-25 il əvvəl də respublikanın Nazirlər Kabinetinin çox işgüzar, bacarıqlı, təşəbbüskar və yenilikçi sədri olmaq potensialı olsa da, illər boyu unudulmuş, müxtəlif  bəhanələrlə heç bir iş təklif edilməmişdir.

Bəli, təəssüflər ki, Vətən üçün, xalq üçün gördüyü işlərin müqabilində Rasim Eminbəyli özünə qarşı edilən gözlənilməz haqsızlıqlarla qarşılaşmalı olmuşdur. Həm də tamamilə paradoksal, çox ziddiyyətli bir haldır ki, 18 oktyabr 1991-ci ildə ölkə Parlamentinin deputatı kimi Azərbaycanın suverenlik aktınının – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi tarixi bir gündə o, Ayaz Mütəllibovun fərmanı ilə Sumqayıt Şəhər Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsindən azad edilmişdi. Heç bir başqa vəzifə təklif edilmədən, özü də son dərəcə əhəmiyyətli tarixi bir gündə (bunu bir gün əvvəl, ya da bir gün sonra etmək kiminsə ağlına gəlməmişdi…). Yəqin ona görə ki, hədsiz təşəbbüskar və hədsiz işgüzar bir adam olan R.Eminbəyli həmin dövrdə kimlər üçünsə o qədər də münasib deyildi, başqalarına çox “mane olurdu”.

 Rasim Eminbəli Xızıda niyə mal-mülk sahibi, binesmen ola bilmədi?

Sumqayıtın meri Rasim Eminbəyli və mən 1989-90-cı illərin yayında-qışında, günün qızmarında, payızın yağışında, qışın şaxtasında çətin, palçıqlı (yayda tozlu), sürüşkən, təhlükəli yollarla Xızıya, Altıağaca gedib-gələndə ora hələ Bakıdan, Sumqayıtdan çoxlarının ayağı dəyməmişdi, indiki villaların, böyük-böyük malikanələrin sahiblərinin o yerlər barədə heç təsəvvürləri də yox idi…

Və o zaman Xızı rayonunun İcra başçısı, bütün həyatı boyu hər işində təmənnasız olan unudulmaz gözəl insan, Azərbaycanın tanınmış əsl ziyalısı, Əməkdar jurnalist (əslən Xızıdan olan məşhur telejurnalist)  Firuz Əhmədli Rasim müəllimə və mənə deyəndə ki, gəlin bu yerlərdən torpaq götürün, Altıağacdan ev alın (onda həyət evləri 300-500 manata satılırdı), burda yaz-yay istirahətiniz üçün ev-eşiyiniz olsun, özünüz üçün bağ-bağça düzəldin, onun məsləhətini, sözlərini qəribçiliyə saldıq. Onun təkidlərinə baxmayaraq, nə Rasim müəllim, nə də mən – “Vışka” qəzetinin bilavasitə həmin zona üzrə xüsusi müxbiri, o ucsuz-bucaqsız Xızı çöllərində nə istirahət üçün ev-eşik, nə də biznes qurmaq üçün bir qarış da olsa yer götürmədik, buna heç bir istək, təşəbbüs göstərmədik (imkan ola-ola bunu etmədik. Rasim müəllimi bilmirəm, ancaq mən buna indi çox təəssüf edirəm…). Halbuki biz o yerlərin ilk “mülkiyyətçi”lərindən, ilk biznesmenlərindən ola bilərdik.

Biz bunu etmədik. Çünki  Rasim müəllimin də, mənim də gözümüz-könlümüz tox idi, o vaxtlar, həmişə olduğu kimi və çoxlarından fərqli olaraq biz özümüz haqqında yox, yurdundan-yuvasından didərgin düşmüş həmvətənlərimiz haqqında düşünürdük…

 P.S.  Çox təəssüf ki, candan artıq sevdiyi Vətəni, doğma xalqı, xüsusən də Sumqayıt əhalisi qarşısında danılmaz xidmətləri olmuş Rasim Eminbəyli uzun illər diqqətdən kənarda qalmış, onun zəngin potensialından istifadə edilməmişdir. Öz gərgin əmək fəaliyyətinə, xidmətlərinə görə isə heç bir təltifə, mükafata da layiq görülməmişdir (düzü, özünün bilavasitə iştirakı olan ixtiraların işlənməsinə, tətbiqinə görə Dövlət mükafatları alanlar sırasına daxil edilməsi iki dəfə təklif edilsə də, o, bundan təvazökarlıqla imtina etmişdi). Hətta Azərbaycan Ali Sovetinin iki çağırış üzrə deputatı olsa da, təqaüdə çıxanda da sabiq deputat kimi imtiyazları nəzərə alınmamışdır.

Ancaq bütün bunlara baxmayaraq, Rasim müəllim bu gün heç də sarsılmır, onunla fəxr edir ki, doğma Azərbaycanın, Sumqayıtın inkişafında onun da az-çox xidmətləri olmuşdur. Və fəxr edir ki, özünün 75 illik yubileyini alnı açıq, üzü ağ qarşılayır.

Odur ki, bütün sumqayıtlılar adından deyirik: yubileyiniz mübarək, Rasim müəllim!

 Rəhman ORXAN,

Azərbaycanın Əməkdar jurnalisti,

Osman Mirzəyev adına Respublika mükafatı laureatı.

 

 

 

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın