Menu
Geri İrəli

Şəhərimizdə qiymətlər necə dəyişir?

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2009 • Baxış sayı: 442 dəfə • Şərh yoxdur

magaza1Şəhərimizin ticarət müəssisələri qiymətlərin cüzi qalxdığını, alıcılıq qabiliyyətinin isə xeyli aşağı düşdüyünü bildirir

Bu ilin yanvar – oktyabr aylarında ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 13,9 faiz artaraq 296,3 manat təşkil edib. Hər halda, bu, Dövlət Statistika Komitəsindən verilən məlumatdır.
Əslində isə insanların yaşayış səviyyəsi dükan-bazarlarda daha çox hiss olunur. Bazarda adam çoxdursa, deməli, pul var. Pul varsa, deməli alış-veriş var və yaşayış səviyyəsi pis deyil. Adətən əhalinin yaşayış səviyyəsinin necə dəyişdiyini maliyyəçi-statistikilər əməkhaqlarının və infliyasiyanın səviyyəsi ilə müəyyən edirlər. İqtisadiyyatın məhz bu iki elementi əhalinin rifahını müəyyən edir. Əgər inflyasiya əməkhaqqını üstələyirsə və ya başqa sözlə, əməkhaqqı inflyasiya ilə ayaqlaşa bilmirsə, dərhal bu, özünü bazarda hiss etdirir.
Xülasə, əməkdaşlarımız bazarda vəziyyətin necə dəyişdiyini, qiymətlərdə və alıcılıq qabiliyyətində nə kimi dəyişikliklər baş verdiyini öyrənmək üçün şəhərimizdəki ticarət mağazalarında, marketlərdə sorğu – araşdırma aparıblar. Məlum olub ki, son aylar ərzində ölkədə əməkhaqlarında artım müşahidə olunsa da alıcılıq qabiliyyəti nəinki yüksəlməyib, əksinə aşağı düşüb. Beləliklə, sorğunu təqdim edirik:
45-ci məhəllədə yerləşən “Şirvan” marketin inzibatçısı Həşim Əsədov:
- Qiymətlərdə elə bir dəyişiklik yoxdur, bir neçə məhsulda, məsələn toyuqda cüzi qiymət artımı var. Alıcılıq qabiliyyəti isə olduqca aşağıdır, getdikcə də zəifləyir. Odur ki, mağazanın xərci borcunu ödəmir və artıq yanvar ayından fəaliyyətimizi dayandıracağıq.
Əməkhaqqılar gec alınır, həmin o vaxt ərzində də alış-veriş bir qədər də zəifləyir. Alıcılıq qabiliyyəti ötən ayla bu ay arasında 30-40 faiz aşağı düşüb.
Əsasən ucuz məhsullar satılır. Əvvələr ay ərzində 500-600 manat alış-veriş olurdusa, indi 150-200 manatlıq dövriyyə olur.
4-cü məhəllədə yerləşən “Fidan” marketin satıcısı:
- Son bir ay ərzində qiymətlərdə cüzi artım qeydə alınıb. Amma ciddi bir dəyişiklik yoxdur. Alıcılıq qabiliyyəti də 1 ay öncə olduğu kimidir.
18-ci mikrorayonda yerləşən “Elmar” matketin satıcısı:
- Qiymətlər son aylarda qalxıb. Bu, demək olar ki, bütün ərzaq məhsullarında hiss olunur – xüsusilə şirniyyatlarda və yağ məhsullarında qiymət artımı var. Əhalinin alıcılıq qabiliyyəti isə aşağı düşüb. Böhrandan sonra vəziyyət düzəlmir. Əgər bayramlarda normal alış-veriş olursa, bundan sonra bir neçə həftə, hətta ay ərzində alıcılıq qabiliyyəti aşağı olaraq qalır.
12-ci mikrorayonda yerləşən “Çinar” marketin işçisi Aytən Abbasova:
- Qiymətlərdə 5-10% artım müşahidə olunur. Alıcılıq qabiliyyəti isə artıq aylardır ki, aşağıdır.
Mərkəzi bazarın yaxınlığında yerləşən ərzaq mağazasının sahibi Telman Mürsəliyev:
- Qiymətlərdə son aylar ərzində nisbi artım müşahidə olunur. Xüsusilə yağ məhsullarında qiymət artımı var. Əhalinin alıcılıq qabiliyyəti isə getdikcə zəifləyir. Hətta deyərdim ki, sanki krizis ölkəmizə indi təsir etməyə başlayır. Demək olar ki, bütün mağazalarda alış-veriş aşağıdır.
7-8-12-ci məhəllədə yerləşən “Fəxri” marketin inzibatçısı Vüqar Hüseynov:
- Son aylar ərzində qiymətlərdə müəyyən artım müşahidə olunur, xüsusilə yağ məhsullarında. Alıcılıq qabiliyyəti isə orta səviyyədədir. Bayrama görə isə bir az yüksəlmişdi. Əhalinin pensiyaları aldığı vaxtlarda da alış-verişdə canlanma hiss olunur.
29-cu məhəllədə yerləşən “Şirvan-99” ticarət mağazasının sahibi Əziz Süleymanov:
- Bəzi məhsulların qiyməti artıb, bəziləri isə düşüb. Məsələn, yağ məhsullarında artım var. Alıcılıq qabiliyyəti isə 30%-ə qədər aşağı düşüb. Yalnız təqaüdlər alınanda alış-veriş 3-4 gün yaxşı olur, sonra yenə sürətlə aşağı düşür. Sumqayıt fəhlə şəhəridir, şəhərdəki zavodların, müəssisələrin isə çoxu fəaliyyətini dondurub. Əhalinin böyük bir hissəsi işsiz qalıb. Alıcılıq qabiliyyətinin aşağı düşməsi də məhz bununla bağlıdır.
Tural  Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın