Menu
Geri İrəli

Şəhərin qurumları bir-birini təkzib edir

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2009 • Baxış sayı: 368 dəfə • Şərh yoxdur

Dəm qazı problem olaraq qalır

tc999bii-qazQış gələr-gəlməz özü ilə dəm qazının başağrısını da gətirib. Ölkənin ayrı-ayrı yerlərindən dəmi qazı üzündən baş verən bədbəxt hadisələrlə bağlı xəbərlər yenidən gəlməyə başlayıb.Artıq paytaxda və ölkənin bir neçə başqa regionunda dəmi qazı ilə ələqədar zəhərlənmə və partlayış hadisələri qeydə alınıb.
Sumqayıta gəldikdə isə… Bir neçə gün öncə şəhərin mərkəzi prospektlərindən biri ilə – Heydər Əliyev prospekti ilə sürətlə, xəbərdarlıq siqnalı ilə hərəkət edən yanğınsöndürmə maşını yəqin ki, çoxlarını həyacanlandırdı və ötən ilin dəm qazı səbəbindən baş verən bədbəxt hadisələrini yenidən xatırlatdı. Ancaq sonradan məlum oldu ki, bu, yanğın hadisəsi olsa da dəm qazı ilə bağlı hadisə deyilmiş. Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, hadisə dənizkənarı bağ evində baş verib və 300 m2-ə yaxın ərazidə quru otun yanması ilə bağlı olub.
Dəm qazı ilə bağlı baş verən hadisələrə gəlincə isə, ötən ay ərzində Sumqayıtda bir neçə belə hadisə baş verib. Baş vermiş hadisələrlə bağlı statistik dəqiqləşdirmələr aparmaq istəyimiz isə bəzi ziddiyyətlər ortaya çıxardı. Belə ki, şəhərin 3 idarəsindən dəm qazı ilə bağlı baş vermiş hadisələrlə bağlı fərqli məlumatlar verildi. Hətta bu ziddiyyət ölüm faktı ilə bağlı hadisədə də özünü göstərdi. Beləliklə, Sumqayıt şəhər Qaz İstismar İdarəsindən, Təcili Tibbi Yardım Stansiyasından və Şəhər polis İdarəsindən verilən məlumatları təqdim edirik. Müqayisəni isə sizin ixtiyarınıza buraxırıq.
- Sumqayıt şəhər Qaz İstismar İdarəsindən verilən məlumata görə noyabr ayı ərzində 5 belə hadisə baş verib. “21-ci mikrorayonda, Kotejdə, 13-cü mikrorayonda, İnşaatçılar qəsəbəsində və Beton Zavod ərazisindəki gecə qonduda baş verən hadisələr dəm qazından zəhərlənmə ilə bağlı olub. Ölüm faktı isə yoxdur” – deyə idarədən bildirilib.
İdarənin baş mühəndisi Teymur Baliyevin sözlərinə görə, hadisələr əhalinin ehtiyatsızlığı üzündən baş verib. Bununla bağlı əhali arasında maarifləndirmə işləri davam etdirilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilə bu cür hadisələrin sayı 2-3 dəfə azdır.
- Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, noyabr ayı ərzində dəm qazı ilə bağlı 10 zəhərlənmə hadisəsi baş verib.
Stansiyanın baş həkimi Arif Yusifovun “168 saat”a verdiyi məlumata görə, zəhərlənənlər arasında bir nəfər dünyasını dəyişib: “Ölüm həkim hadisə yerinə yetişməmiş baş verib. Hadisə Saray qəsəbəsində olub”.
- Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata isə noyabr ayı ərzində İdarəyə dəm qazı ilə bağlı baş verən yalnız 3 hadisə barədə məlumat daxil olub. Bunlardan biri ölüm faktıdır. Hadisə noyabr 9-da şəhərin 13-cü mikrorayonunda baş verib. 1983-cü il təvəllüdlü Aida Əhmədova vanna otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Noyabrın 30-da isə iki hadisə baş verib. Yenə 13-cü mikrorayonda 1989-cu il təvəllüdlü Niyaməddin Ağayev və Kotejdə 1969-cu il təvəllüdlü Almaz İsayeva dəm qazından zəhərlənib. Yenə hər iki hadisə vanna otağında baş verib.
168 saat

Facebook Şərhləndirmə:

Şərhinizi yazın