Menu
Geri İrəli

Şahidin ürəkpərçalayan xatirələri… – Foto/16+

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Fevral 2014 • Baxış sayı: 401 dəfə • Şərh yoxdur

xocali-huseynagaOnu 22 ildir ki, ürəkparçalayan şəkillərindən tanıyırıq. Düz 26 günlük erməni əsirliyində qalmış Hüseynağa Quliyev bu gün də o hadisələri ağrı-acı ilə xatırlayır. 

H.Quliyev 1992-ci il, fevralın 26-da anası və əkiz uşaqları ilə birlikdə əsir düşüb. Xocalı soyqırımının şahidi və qurbanı olan H.Quliyev yaşadıqlarını “Axar.az”la bölüşdü.

Özümü dərəyə atdım

O, 1992-ci ildə Xocalının müdafiəsində iştirak edən və Tofiq Hüseynovun rəhbərlik etdiyi könüllülərdən ibarət 18-ci batalyonda döyüşüb. Evin tək oğlu olub. Həmin dövrdə evin bir oğlu cəbhəyə aparılmırdı. Amma ürəyi dözməyib, təhsilini yarımçıq qoyub, könüllü batalyona yazılıb. Yaxşı döyüşdüyü üçün onu post komandiri təyin edirlər.

“Tərslikdən həmin gecə qar da yağmışdı. Mən döyüş üçün dağa qalxmışdım. Yaşlıları və uşaqları şəhərdən çıxarmaq istəyirdik. Amma mümkün olmadı. Düşmən ətraf kəndləri də nəzarətə götürmüşdü.

Biz Naxçıvanik kəndinə çatanda ermənilər dinc əhalini mühasirəyə almışdı. Dedilər, silahı yerə qoyun. Mənsə silahı yerə qoymayıb, geriyə baxanda gördüm arxada dərə var.

Qar yağmışdı deyə, heç nə görmədiyimdən özümü dərəyə atdım. Elə bilirdim ki, o qədər də dərin dərə olmaz. Amma yerdəki qarın çoxluğu hesabına sağ qaldım. Sən demə, özümü üstündən atdığım qayanın 200 metr hündürlüyü varmış”,- deyə H.Quliyev danışır.

Armaturu ağzından salıb… 

Müsahibimiz necə əsir düşməsini danışır:

“Yanımda Məhəmməd kişi var idi. Ona dedim çıxma, amma çıxan kim onu güllələdilər. Cəsədini götürməyə gedəndə ermənilər BMP-dən atəş açıb məni yaraladılar. Huşum getmişdi, ayılanda Naxçıvanikin yaxınlığındakı donuz fermasında özümü gördüm. Donuz fermasına gətirən kimi məni vəhşicəsinə döydülər. O qədər döyülürdük ki, huşumuz gedirdi. Saatlarla özümə gələ bilmirdim ağrılardan.

Məni yanan ocağa da atırdılar. Ağrıdan qışqıranda onlar gülürdü. Paltarlarım, əlim, ayaqlarım yanmışdı. Əllərinə daş götürüb sifətimə çırpırdılar. Döyürdülər, buzun üstə qoyurdular, ayılanda bir də döyürdülər. İnsanın diri-diri sinəsini yarmaq, armaturu ağzından salıb boynundan çıxarmaq ermənilərdən ötrü adi işgəncə üsulu idi”.

Çingizin kadrlarındakı ağsaqqal kişi babamdır

H.Quliyev deyir ki, gözlərinin qabağında diri-diri insanların başını kəsirdilər: “Məni döyə-döyə çənəmi, burnumu, qabırğamı, ayaq barmaqlarımı sındırmışdılar. Sadəcə, hərbçi olduğum üçün bunlara dözürdüm.
Gözümüzün qabağında kiminsə başını kəsəndə huşumuzu itirirdik. Qayınatamın başına zərbə vurmuşdular.
Cavan adlı 16 yaşlı qaynım necə oldu, onun taleyi hələ də məlum deyil. Sonra babamı da öldürdülər. Çingiz Mustafayevin çəkdiyi kadrlarda görünən yerdə uzanmış, başında papaq olan ağsaqqal, nurani kişi mənim babamdır.

26 gün əsirlikdə qalan H. Quliyevi Ağdam döyüşlərində Azərbaycan tərəfə əsir düşmüş Suriyadan olan erməni ilə dəyişiblər: “Əsirlər dəyişdiriləndə 20 metr gedib yıxılmışdım. Məni götürüb Ağdamda meyitxanaya qoydular. Öldüyümü zənn etmişdilər. Dayım gəlib üzümə verilmiş mələfəni qaldıranda görüb ki, ölməmişəm. Düz 22 il keçir o dəhşətli günlərdən. Hələ də müalicə olunuram”.

Müsahibimizin bu gün üçün ən böyük arzusu nə ola bilər? 

- Xocalıya qayıtmaq, qələbə üçün…
AzNews.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın