Menu
Geri İrəli

Şəbnəm Tovuzlu: “Başımı bağlayıb, sənətdən gedəcəm” – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Oktyabr 2017 • Baxış sayı: 120 dəfə • Şərh yoxdur
Share Button

4332ac03d520df8222e9cb0d344755cbOnlar daim efirlərdə, el şənliklərindədirlər. Hər zaman da özlərini formada saxlamağa çalışırlar. Bunun üçün min yola əl atmaqları da öz yerində. Plastik əməliyyat yolu ilə bədən ölçülərini kiçildənlər də var, idmana üz tutanlar da. Bizim əməliyyatla işimiz yox. İdmanı seçənlərdən danışacağıq. Tədbirdən, efirdən başı ayılıb idmana da vaxt ayıranlardan. Lent.az-ın “Ulduzların idman saatı” layihəsində sizi onlarla idman zallarında görüşdürəcəyik.

Bu dəfəki “idmançımız” müğənni Şəbnəm Tovuzlu (Əsədova) oldu.

Layihədə iştiraka dərhal razılıq verdi: “Problem yoxdur, sabah saat 12-də idman edəcəyim zala gələrsiniz”.

- Mövsüm yorğunluğu hələ təzə-təzə canımızdan çıxır. İndi idmana gəlmişəm ki, bir balaca özümə fikir verim. Nə qədər iş olar? Ona görə də dostum idman müəllimi Anar Heydərov məni zorla tutdu ki, gəl məşq elə. Özünə fikir ver.

Həftədə neçə dəfə məşq edirsiz?

- Sözün açığı, indi məhərrəmlik olduğuna görə həftədə 2-3 dəfə gəlirəm.

- Ən sevdiyiniz idman növü hansıdır?

- Voleybolu və qaçışı çox sevirəm. Elə idmana gələndən də daha çox qaçıram.

- İkinci dəfə ana olandan sonra xeyli kökəlmişdiz…

- 23 yaşımdan 28 yaşıma qədər 63 kilo olmuşam. Boyum isə 1.55-dir. Yəni stabil çəkim olub. Amma ana olmağa hazırlaşanda çəkim artdı və 73 kilo oldum. Oğlum olandan sonra isə 68 kiloya düşdüm. İndi də məqsədim odur ki, 8 kilonu atım. 60 kilo tam mənim istədiyim çəkidir. Ondan aşağı mənə yaraşmaz. Çünki sifətim batır.

- İdmandan əlavə arıqlamaq üçün nələr edirsiz?

- Yeməyimə diqqət edirəm. Çörəkdən az istifadə eləyirəm. Yəni normalda yeməklə mübarizə aparıram. Yeməyi görürəmsə, görməməzliyə vururam.

- Arıqlamaq üçün və ya gözəl görsənmək üçün plastik əməliyyat etdirmisiniz?

- Plastik əməliyyatdan qorxuram. Heç vaxt eləmərəm. 35 yaşdan sonra xanımların bir çoxu üzlərində mezo-terapiya elətdirirlər. Amma mən ondan qorxuram. Yəni canımı çox istəyirəm. Bu günə qədər heç bir yerimdə əməliyyat olmayıb.

Şəbnəm Tovuzlunun necə məşq etməsini idman müəllimi Anar Heydərovdan soruşuruq…

- Şəbnəm xanım xeyli vaxt idi ki, məşqlərə gəlmirdi. Bunun da səbəbi o idi ki, ana olmuşdu. Amma indi yavaş-yavaş məşqlərə başlayıb. 6-7 kilo çəkisi artıb. Onu təxminən 2 aya əridəcək.

- Deyirlər ki, ulduzların kaprizi olur. Şəbnəm Tovuzlu tapşırıqlarınızı yerinə yetirəndə kapriz göstərmir ki?

- Şəbnəm xanımın kaprizləri yoxdur. Amma elə müğənnilər var ki, onlarla işləmək çətin olur. Mən də elə tanınmışlarla işləməmək üçün bəhanələr edirəm.

Daha sonra Şəbnəm Tovuzluya idmandan kənar suallarımızı da ünvanladıq.

- Bayaq məhərrəmlikdən danışdınız. Özünüzü dinə bağlı insan sayırsız?

- Bəli, mən hər zaman deyirəm ki, biz müğənni olsaq da hər zaman o Quran kitabını, “Ayətül Kürsi”ni oxumalıyıq. Son 5 ildə mən dinə daha da yaxınlaşmışam. Çünki evdə yoldaşım hər gün namaz qılır. Bu aylarda bizim evdə ancaq Yusif Peyğəmbərin seriallarına baxırıq.

- Həcc ziyarətinə getmək istərdinizmi?

- Bunu mən çox arzu edirəm. Ən birinci arzum Kərbəla ziyarətinə getməkdir. Bunu həyat yoldaşım mənə söz verib ki, mən deyənləri yerinə yetirsən, gələn il aparacam. 40 yaşımda da məni həcc ziyarətinə aparacaq.

- Həcc ziyarətinə gedəndən sonra hicaba keçmək fikriniz varmı?

- Bu söhbət dünən bizim evdə oldu. Müğənni Zemfira İbrahimova bizdə idi. Yoldaşıma dedi ki, Şəbnəmin hicaba keçməyini istəyərsənmi? O da cavab olaraq dedi ki, mən onu məcbur edə bilmərəm. Bu, onun öz qəlbindən gəlməlidir. Dində məcbur nəsə yoxdur. Amma mən söz vermişəm, Allahdan istəmişəm ki, onu qəlbimə salsın, namaz qılım.

- Şou aləmində məşhurlarımızın bir çoxu hicaba keçdikləri üçün tənqid olundular. Siz də bu tənqidlərdən qorxmursuz ki? 

- O tənqid edənlər aşağı səviyyənin adamlarıdır. Xanımın başını bağlamağının nəyi pisdi? Əslində xanım elə başı örtülü olmalıdır. Bizik başımızı açmışıq, hər cür gəzirik. Evdə bəzən yoldaşım elə dini sözlər danışır ki, mən utanıram. Özü bilərəkdən belə şeyləri mənə danışır ki, qəlbim dinə bağlansın. Deyir ki, sən namaza gəldiyin gün mən daha da xoşbəxt olaram. Əslində mənim sənətdə olmağım da düzgün deyil. Hacı xanım olsam, sənətdən gedəcəm.

- Ailənizi dağıtmaq istəyənlər olub?

- Bəli, amma bunu bacara bilməzlər. Çünki bizim bir-birimizə sonsuz məhəbbətimiz var.

- Belə deyək, nə üstündə ayrıla bilərsiz?

- Yalnız xəyanət. Amma bunu heç düşünmək istəmirəm.

- Bir müddət öncə saytlarda keçmiş həyat yoldaşınızla şəkliniz yayılmışdı…

- O şəkildəki adam mənim keçmiş həyat yoldaşım olub. Həyatımı yaşamışam. Şəkli də özüm çəkmişdim. O mənim 1-2 gün tanıdığım insan deyildi ki. Mən başqaları kimi kofe içdiyim adamla çəkdirsəydim, utanardım. Amma o şəkil normal divanda oturduğum yerdə çəkilib. Burada pis nəsə yox idi.

İdman hərəkətlərini təxminən 40 dəqiqə ərzində həyata keçirən Ş.Tovuzlu sonra Lent.az-la sağollaşır: “Məni bu layihəyə dəvət etdiyiniz üçün çox təşəkkür edirəm”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın