Menu
Geri İrəli

Şəhidin anasına dediyi son söz: “Şəhid anası olacaqsan” – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Aprel 2016 • Baxış sayı: 363 dəfə • Şərh yoxdur

428296sumqayitxeber.com modern.az-a istinadən Aida Eyvazovanın yazısını təqdim edir:

Bilirəm… Bilirəm ki, üzərimə götürdüyüm yük ağırdır. Hər döydüyüm qapının arxasında bir övlad acısı, bir sönmüş tale, bir qırılmış ömrün laylaları, xatirələri və  ən əsası da bu dərdi çəkməyi bacaran və  çəkə bilməyən valideynlər, bacılar, qardaşlar, gəlinlər və uşaqlar var. Və hərdən özümü inandırmaq istəyirəm ki, onlar yenidən qayıdıb gələcəklər. Mənə elə gəlir ki:

“Mənə elə gəlir, qanlı döyüşdən
Geri qayıtmayan bütün əsgərlər
Bəlkə bu torpaqlarda can verməyiblər,
Ağ durnaya dönüb uçub gediblər.”
(Rəsul Həmzətov)

O bahar günlərində  durna səflərinin  uzaq ellərdən isti Vətənimizə  döndüyü vaxtda, bizim Vətənin azadlığı uğrunda canından keçən əsgərlərimiz durnaya dönüb, uçub getdilər. 23 illik sükutdan sonra, bizim üçün bir OYANIŞ mahnısı da oxudular.  O mahnının  yadda qalan sözlərindən  biri də “Şəhidlər ölməz, Vətən bölünməz!” sətri oldu.

“Ana, şəhid olmaq bilirsən nə gözəldir…”

Ağdaşın Şəkili kəndində dünyaya göz açan Ömər Cəbrayılovun evini axtarıram. Tozlu-torpaqlı,  yollardan keçib, kənd adamlarının  göstərdiyi ünvanı tapıram.  Qapılarını ehtiyatla döyürəm.  Açıq olduğundan göy darvazanı açıb həyətə keçirəm. Birmərtəbəli, yarımtikili evin  həyətində bir neçə qadın oturub, biş-düşlə məşğuldurlar. Sabah cümə axşamı olduğundan, bu günlərdə 93 evdə şəhidlərə cümə axşamı mərasimi keçirilir.

Bu evin sahibəsi Nüşabə İsmayılova da 19 yaşlı oğlunu yad etməyə gələn qonaqları  layiqli qarşılamaq üçün tədarükdəydi. Bizdə belə bir misal var: “Kasıb mərd olar”.  Nüşabə İsmayılova  qapıya çıxıb, bizi qarşılayır. Oğlunun həyat hekayətini yazmaq istədiyimi deyəndə, qəmli-qəmli gülümsəyib “oğlum  açılmamış çiçək idi, nə yaşadı ki, həyat hekayəti də olsun…”, -deyə cavab verdi. Heç  ikinci sualımı gözləmədən davam etdi:

- Neyləyə bilərik. Yerdə qalan övladlarımız üçün yaşamalıyıq. Barı onları qoruya bilək. Gördüyünüz kimi, bu balaca həyətdə, çalışmışıq ki, güzəranımızı quraq.  Vəziyyətimiz həmişə ağır olub. 1996-ci ildə ailə həyatı qurmuşuq. Toyumuzdan bir az sonra getdik Rusiyaya. Oradan qazandığımız pulla bu birmərtəbəli evi başa gətirdik. Onu da 1999-cu ildən bəri tikib qurtara bilmirik. Hələ döşməsini vurmamışıq. Üç oğlum var. Ömər ilkimiz idi. O biri iki oğlum hələ balacadırlar.  Yanvar ayının 4-ü oğlumu əsgər yola saldıq. İnanın Allaha ki, elə qürurlanırdım ki… Bulaq başına su gətirməyə gedəndə, qonşu qız-gəlinlər “oğlun necədir, özün necəsən?” deyib, soruşanda, cavab verirdim ki, “əladır! Əsgər anası necə olar ki?”.

Fikirləşirdim ki, əgər əsgər gedibsə, daha böyüyüb oğlum, daha köməyimizə çatacaq, zəhmətkeş atasına dayaq olacaq. Füzuli  bölgəsində xidmət edirdi. Bu il martın 20-si görüşünə getdik. Dedi ki, “ay ana bizə elə yaxşı baxırlar ki… Ancaq elə yeyib-içib yatırıq. Bu necə əsgərlikdir, qabağa aparmırlar ki, gedib orda  erməni öldürüm”. Elə bil söz məni tutdu. Qayıdıb ona dedim ki, “ay bala, elə bir şey olsa, erməniyə atma, onunda anası var”.  Ömər dedi ki: “Mən atmasam, o mənə atacaq, o məni öldürəcək”.

Və bu söhbəti  uzatmağa başladılar. Əsgər yoldaşı Sübhan da yanında idi. Sübhan dedi ki, “qardaş  biz şəhid olarıq”. Mən bu sözünü eşidib, üstünə acıqlandım. Qayıdıb gülə-gülə mənə nə desə yaxşıdır?! – Ana, şəhid olmaq bilirsən nə gözəldir, qəhrəman şəhid anası olacaqsan. Ana, sən şəhidin nə olduğunu bilmirsən…

Birtəhər həmin söhbətin mövzusunu dəyişdik. Bilsəm balamı çox oxşayar, çox öpərdim. Arzularını soruşardım…
Yuxusu çin olan analar…

Aprel ayının əvvəlindən başlanan Vətən torpaqlarının azadlığı savaşının nəticələrini, səs-sorağını gecə-gündüz gözləyənlərdən biri də  Cəbrayılovlar ailəsi idi. Düz iki gecə ana Nüşabənin, ata Məzahirin gözlərinə yuxu getmədi. 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə Ömər Cəbrayılovun  qoşunların təmas xəttində düşmən təxribatlarının qarşısını alarkən şücaət göstərərək, şəhid olmasından hələ xəbərləri yox idi. Aprelin 3-dən 4-nə keçən gecə də, nə Nüşabənin, nə də Məzahirin gözünə yuxu getdi. Gecə Məzahir kənd yolundakı səs-küyə çıxıb. Baxıb ki, gecəylə projektor işığını qoşub kəndin yoluna qum-daş döşəyirlər. Fəhlələrdən nə baş verdiyini soruşub. Fəhlələr də onun fikrini yayındırmaq üçün deyiblər ki, qonşu kənddən kiminsə evinə şəhid  gətirəcəklər.  Gəlib başqa bir dostuna zəng edib, oğlundan bir xəbər bilmədiyi üçün narahat olduğunu deyib. Dostu da ona ürək-dirək verib, sakitləşdirib…

Səhər o başdan Nüşabə də su gətirmək üçün yenə bulağa gedir. Bulaq başında qonşu Gülnar ondan soruşur ki, oğlundan nə xəbər var? Nüşabə cavab verir ki, “vallah iki gündür heç bir xəbər öyrənə bilmirik, ancaq ki, kürəyim yanır. Bilmirəm canımı hara qoyum. Ürəyim köksümə sığmır”.

Ana söhbətinə davam edir:

- Səhərə yaxın bir-iki dəqiqəlik huşa getdim, yuxuda gördüm ki, Qoşa qovaq kəndinə şəhid tabutu gətiriblər, özü də bayrağa büküblər. Qonşuya deyirəm ki, gəl gedək şəhidə baxaq.  Birdən  tabutu açırlar, baxıram ki, içərisinə uzatdıqları bir qara bığlı oğlandır… Yuxunun təsirindən, qışqırıb oyandım. Heç yatmamışam ki, gecə… bir anlığa mürgülədim, onda da belə  qarışıq  yuxu gördüm.
Yuxumu suya danışıb, gəldim evə. Cəbhə bölgəsində atılan topların səsi həyətimizdə eşidilirdi. Elə bil ki, dünya dağılırdı.  Ancaq baxdım ki, küşədə adamlar yaman var-gəl edir, bizim alaqapının qabağına da daş-kəsək töküb hamarlayırlar.  Evdə otura bilmədim. Küçənin aşağı başına gedəndə, gördüm ki,   kəndin adamları qapımıza yığışır… Nə baş verdiyini söruşdum. Dedilər Ömər yaralanıb…”.
Ayılanda onu gördüm ki, balamın tabutunu həyətə gətirdilər… Açdılar… Oğlumun üzündən-gözündən öpdüm. Buz kimi idi… Üzündə bir yaradan ləkə qalmışdı… O xalın üstündən öpdüm.. Ömər deyərdi ki, “mən itəndə bu xalımla tapacaqsınız…”.   Oğlumun tabutunu gətirən əsgərin biri də diqqətimi çəkdi. Bu yuxuda tabutda gördüyüm həmin bığlı oğlan idi… Allah ona dəyməsin. Ömrü uzun olsun.

Mənim 19 yaşlı, çiçək balamın həyat hekayəti bundan ibarətdir. Bir də onu dedilər ki,  Lələ təpə döyüşlərində qəhrəmanlıqla həlak olub… Aprelin 4-də oğlumu  dəfn etmişik… Həyat isə davam edir… Mən yaşayıram… … Hadisələrin o qızğın vaxtında, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva şəhid ailələrinin qadınları ilə görüşdü. O görüşdə mən də var idim. Elə ağlayırdı ki… Əlimdən tutdu, mənə ürək-dirək, təssəli verdi… Əlimin içində əllərinin titrəyişini hiss etdim.  Həmin anda mən ondan ürəkli idim. O qədər qadının dərdinə şərik olmaq istəyirdi, təsəlli vermək istəyirdi… O da anadır, o da qadındır. Bizim nə çəkdiyimizi yaxşı anlayır.
Oğlu Vətən torpağı  uğrunda şəhid olan ailənin torpaq problemi

Mehriban  xanlmla görüşə gedərkən, özümlə ona yazdığım məktubu, şəhərimizin İcra Hakimiyyətindən aldığım cavabı da aparmışdım. Bizim ailədə heç kim işləmir. Üç il bundan əvvəl sosial yardım almaq üçün bələdiyyəyə, rayon İcra Hakimiyyətinə müraciət etdik. Bizi get-gələ saldılar. Ağdaş rayon Sosial Müdafiə İdarəsindən bizə dedilər ki, torpaq aktımız olmadığından bizə sosial yardım düşmür. Mən də həmin görüşdə, rayondan mənə verilən cavab məktubunu Mehriban xanım Əliyevanın köməkçisinə verdim, məktubumu nəzarətə götürdülər.
İndi gedəcəm, bizə o torpaq vermək istəməyənlərin yanına, bir ovuc torpaq da aparacam, deyəcəm ki, tökün gözünüzə, bəlkə gözünüz doya.  Deyəcəm ki, bu Vətən torpağından yaşamaq üçün mənə torpaq vermirsən, ancaq mənim oğlum gedib Vətən  torpağının azadlığı  uğrunda həlak olur. Mənim oğlum erməni kimi, özgə torpağında deyil, öz Vətəninin azadlığı uğrunda həlak olub. Yenə də qan töküb  düşmən tapdağında qalan torpaqlarımızı almaq lazımdır. Ancaq qoy bilməyənlər bilsin ki, bu torpaqda yaşamağa mənim də hər zaman haqqım var.

Cəbrayilovlar ailəsinin torpaq probleminin haradan başlaması məsələsinə, evin kişisi Məzahir  aydınlıq gətirdi:

- 200 ildir ki, əslim-nəslim bu  həyətdə yaşayır. Bu həyətin ümumi sahəsi 39 sotdur. Bir güc-bəla ilə ata-baba yurdum olan bu torpağın 15 sotunu öz təsərrüfatımıza yazdıra bilmişik. 10 il olar ki, rayona yenidən qeydiyyata düşmüşəm. Çünki, ömrüm boyu çörək, qazanc dalınca Rusiyanın şəhərlərində  işləmişəm. Rusiyadan mənim kimi gedib-gələnlər çoxdur bu kənddə, hətta qeydiyyatı olmayanlar belə  pay torpağı alıb, mənim artıq qazancım, lazımi yerlərə verməyə pulum olmadığından,  onlar istəyən pulu verib, pay torpağına sahib ola bilməmişəm.  Bu balaca həyətdə əkdiyimiz göy-göyərtini aparıb Yevlax bazarında satıram, kafelərdə, çayxanalarda günü 6-7 manata iş olanda işləyib, ailəmi dolandırmağa çalışıram.  Əziyyətlə bala böyütdüm, bir paltarını tapanda, birini tapmadıq,  bütün əziyyətim də hədər getdi. Gələn il də ortancıl oğlum Səxavət əsgər gedəcək. Əgər mənim oğlanlarımı əsgər aparırsınızsa, o zaman mənə torpaq hüququmdan istifadə etməyə də imkan yaradın. Ancaq indi inanıram ki, Mehriban xanım Əliyeva problemimizi həll edilməsinə nail olacaq.

Şəhid ailəsinin dərdinə şərik olduq, bu ailənin başçılarının necə böyük səbirli və təmkinli olmalarına heyran qaldım. Dərdə sinə gərməyi, əsl qəhrəman anası və atası kimi dayanmağı bacarmışdılar. Tanrının yazdığı bu qismətlə də artıq barışmışdılar. Ağdaşın Şəkili kəndində darvazasından üşrəngli Azərbaycan bayrağı asılmış  evdən ayrılanda, günəş qüruba enirdi.
Şəkili kəndinin şəhidləri…

Kəndin çıxacağında bizim maşına iki nəfər kənd adamı da əyləşib, magistral yolda  düşəcəklərini dedilər. 10 dəqiqəlik yol boyu Cəbrayılovlar ailəsindən, kəndin ab-havasından danışdıq. Kənd sakini Tarverdi Yolçu oğlu Nəsirov dedi ki, bu kəndin  indi dörd şəhidi var. 1992-94-cü ildə onun doğma qardaşı Sahib Nəsirov və əmisi oğlu Şükür Nəsirov, kəndçiləri Kamil Məmmədov Qarabağ torpaqlarını işğaldan azad etmək uğrunda döyüşlərdə şəhid olublar. Özü isə müharibədə iştirak edib.  Bu günə qədər şəhid ailəsi kimi onlarla bir maraqlanan olmayıb, döyüşçü və şəhid ailələrinə çatacaq sığortapulunu, şəhid ailələrinə aid olan təqaüdü ala bilməyiblər. Şəhid qardaşının qəbrüstü  abidəsi belə, götürlməyib. Bu günə qədər məzarın üstü götürülməyib. Nəsirovlar kasıb ailə olduqlarından,  məzarı abadlaşdırmağa maddi imkanları çatmır. ..

Ağdaşın Şəklil kəndinin qədim məzarlığında üzünü görmədiyi şəhid qohum-əqrabasına qoşuldu aslan ürəkli, qəhrəman Ömərimiz. O müharibə dövrünün övladı idi. Dünyada çox az məkan var ki, onun müharibəsi 23-24 il davam etsin. Bizim Azərbaycan haqqı tapdalanan, haqq səsi qulaq ardına vurulan kiçik, lakin gözəlliyi ilə göz yandıran ölkələrdən oldu. Vətənin Ömər, Şükür, Kamil, Sahib kimi şir ürəkli oğlanlarına qalsaydı, bu müharibəni  elə başladığı vaxt Vətənimizin xeyrinə bitirmək olardı. O vaxt durnalar bizim tərəfdə mahnı oxumurdular. İndi isə, elə deyil, Ömər Cəbrayılovun, onunla birlikdə şəhidlik məqamında şəhadət edən onlarla oğullarımızın qəhrəmanlığı artıq dünyaya çağırış oldu. İndi hamımız inanırıq ki, tez bir zamanda  24 il ərzində tökülən qanlarımız yerdə qalmayacaq.  O torpaqlar tezliklə geri alınacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın