Menu
Geri İrəli

Sevgililər günündə gül sifarişləri azalıb

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2017 • Baxış sayı: 242 dəfə • Şərh yoxdur
gul1Hər il 14 fevral dünya ölkələrində olduğu kimi Azərbaycanda da sevgililər günü kimi qeyd olunur. Şəhərin gül mağazaları, hədiyyə dükanları dünəndən dolub, daşır, gənclər hədiyyələrini seçirlər. Amma ötən illə nisbətən qiymətlərin xeyli dəyişməsi, hədiyyə çeşidlərinin azlığı diqqətimizi çəkir. Bəs bu il hədiyyələrin qiyməti nə qədərdir?
Gül mağazasının sahibi Mahir bəy deyir ki, keçən ilə nisbətdə bu il gül sifarişi edənlərin sayında azalma var: “Hər il bir neçə gün əvvəldən sifarişlər qəbul edirdik. Belə olduqda gülün qiyməti daha ucuz başa gəlirdi. Adi günlərdə qızıl gülün bir ədədi 5 manat olursa, bu 14 fevralda, 8 martda 8-10 manat arasında dəyişir. Bir də son zamanlar gənc qızların daha çox sevdiyi peonyalar var ki, onların qiyməti 15 manatdır. Düzdür, bunu çox adam sifariş edə bilmir. Çünki balaca bir buketə elə 4 dənən peonya gedir, bu da 60 manat edir, yanına da başqa gül qoyduqda gül buketinin qiyməti 100 manatı keçir. Bir də son zamanlar səbət şəklində olan güllər dəbdədir. Düzdür, bizdəki səbətlər elə də baha deyil, 30-40 manat arasındadır. Ancaq bahalı, brend mağazalara bu səbətlərin minimal qiyməti 90 manatdan başlayır. Elə çox adam da ora üz tutur”.
Qızların sevimlisi olan yumşaq oyuncaqlar müxtəlif qiymətlərə satılır. Ayıların balacası 15 manatdan 200, 300, hətta 400 manata qədər qalxır. Təbii ki, qiymətin yüksəlməsində oyuncağın böyüklüyü və hansı formada olması rol oynayır. “Panda”lara üstünlük verənlər bu oyuncaqları daha baha qiymətə almalı olurlar.
Ətir mağazalarında isə 9 fevraldan başlayaraq endirimlər var. Ən məşhur ətir mağazaları olan «Sabina» və «İdeal» parfumeriya dükanlarında seçilmiş məhsullar 50 faizə qədər endirim edirlər. Mağazalara baş çəkdikdə hədiyyə alanların elə də az olmadığı diqqətimizi çəkir. Ancaq əvvəlki illərə nisbətdə çox bahalı ətirlər bir o qədər satılmır. Alıcılar daha çox endirimdən yararlanmaq istəyirlər.
Əgər sevgilinizə sürpriz etmək üçün xüsusi komanda tərəfindən restoranda bəzədilmiş şam yeməyi istəyirsinizsə, bunun üçün 160-350 manatı gözdən çıxarmalı olacaqsınız. Xüsusi ilə tədbirlər, romantik yeməklər hazırlayan şirkətlər 14 fevral üçün endirimlər edərək belə qiymətlər təklif edirlər. Onlar hər hansı bir retoranda sizin üçün süfrəni qızıl güllərlə bəzəyir, skripka ifası və şam yeməyini təşkil edirlər. Bu xidmətdən də yararlanan gənclər az deyil.
Şəhərdə gənclərin sevimli məkanlarından olan «Papa Johns Pizza» gənclərə sevgililər günü münasibəti ilə 10 manata ürək şəklində pizzalar təklif edir. 14 fevralda «Papa Johnsa» baş çəkən cütlüklər bu kampaniyadan da yararlana bilərlər.
Bizimyol.info-nun “Facebook” səhifəsində də izləyicilərimizin sevgililər günü ilə bağlı fikirlərini öyrəndik. Sualımız bu şəkildə idi:
“Azərbaycanda 30 iyunun sevgililər günü kimi qeyd olunması təklif olunur. Həmçinin 14 fevral da gənclər arasında sevgililər günü kimi bilinir. Bəs siz hansı tarixdə sevgililər gününü qeyd edirsiniz? Sevdiyiniz şəxsə hansı hədiyyəni almağı düşünürsünüz?”
Babək Həmidov adlı izləyicimiz deyir ki, «bu 14 fevralı, ANS dəb saldı ölkəmizdə. Bayramlar, xoş günlər gözəldir əlbətdə. Sadəcə biz hər şeyi ifrata çeviririk. Adi elə toylarımız iyrənc “pul yığımı” tədbirinə çevrilib. Toya çağrılan şənlikdə iştirak edəcəyinə sevinmir, ora salınacaq pulu düşünüb üzülür”.
Səbinə Həsənzadə adlı izləyicimiz düşünür ki, sevginin günü olmur. O həmişə ürəkdədir: “İldə bir dəfə yada salmaqla sevgini uca göstərmək olmaz. Bunu hər dəfə sözlə, hisslə hiss etdirməlisən. Hər maaşda nəsə alsa fevral, mart aylarını niyə gözləyirəm ki? Əsas odur canı sağ olsun. Amin”.
Mehriban Tağısoy da deyir ki, sevginin günü yoxdur: “Sevən üçün hər gün sevgi günüdür. Qarşılıqlı sevgi yəqin çox gözəl olar. Balaca iki yaşında körpəm var. Mən körpəmi çox sevirəm. Mənim üçün sevgililər günü yoxdur. 14 fevral yaxşıdır, illərdir belə qeyd edilir”.
Emin Ələkbərzadə deyir ki, əsl sevən üçün məncə hər gün sevgililər günüdür: “Yoxsa ildə bir gün kiminsə kimisə sevməyini xatırlaması sevgi deyil. Məncə, hər bir qadın hər gün sevilməyə layiqdi. Sabah Bakıda «mişka günüdür». Baxırsan qıza, 1.50 sm boyu var, 2 metrlik «mişka» gəzdirir qucağında. Uzaqdan gələndə elə bilirsən hansısa «mişka»dı, yəqin darıxıb vitrində, çıxıb şəhərə hava almağa”.
Eşqin Həmidov deyir ki, deyəsən Azərbaycanda sevgili olan yoxdur: “Ətir satıram, gözümü sevgililər gününə dikmişəm ki, gəlib ətir alacaqlar. Onu da soruşan yoxdur. Deyəsən 14 fevral qara bayramdı”.
Digər rəy yazan izləyicilərimizin bir qismi sevgilisinin olmadığından şikayətlənir, digərləri sevgi üçün xüsusi günün lazımsız olduğunu qeyd ediblər.
Qeyd edək ki, 14 fevral Sevgilər gününün başlanğıc tarixi köhnə Roma İmperatorluğu zamanına uzanır. Qədim Romada 14 fevral günü bütün Roma xalqı üçün əhəmiyyətli bir gün idi. Çünki həmin gün Roma tanrılarının və ilahələrin kraliçası olan Junonun şərəfinə tətil edilirdi. Juno ayrıca Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq da bilinirdi. 15 fevralda isə “Lupercalia Bayramı” başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə o idi ki, həyatları kəskin qaydalarla məhdudlaşdırılmış gənclər bir-birilərini yalnız bu bayram müddətində bəyənib özlərinə tərəf müqabili seçə bilirdilər. İllər keçdikcə yavaş-yavaş fevralın 14-ü sevgililərin, aşiqlərin bir-birilərinə eşq mesajları göndərdiyi bir gün halına gəldi. Buna paralel olaraq Valentin də bütün sevənlərin qoruyucusu halına gəlib belə xatırlanmağa başlandı. Sevgililər gününün klassik emblemi qırmızı qızılgül hesab olunur. Qırmızı qızılgül Yunanıstanın sevgi və gözəllik ilahəsi Afrodita ilə bağlıdır. Belə ki, sevgilisi ilə görüşə tələsən Afrodita ağ qızılgül koluna ilişir və onun qanı güllərin üzərinə yayılır. Elə o vaxtdan qırmızı qızılgül məhəbbət rəmzi hesab olunur. 14 fevralı bayram kimi qeyd edən ölkələrlə yanaşı qadağan edən ölkələr də var. Bunu hətta rəsmiləşdirən ölkələr də az deyil. İranda 14 fevralın bayram kimi qeyd edilməsi ənənəsi yoxdur. Üstəlik, din adamları bunu haram hesab edir. Malayziyada da Dini İşlər İdarəsi 14 fevralı islam əxlaqına zidd olduğuna görə haram adlandırıb. Amma gizli şəkildə bu günü qeyd edənlər var. Səudiyyə Ərəbistanının din xadimləri də 14 fevralın zinaya yol açdığı qənaətindədir. Məhz bu səbəbdən də həmin günün bayram kimi qeyd edilməsi ənənəsi yoxdur.
Aysel İsgəndərli, bizimyol.info
Facebook Şərhləndirmə:

Şərhinizi yazın