Menu
Geri İrəli

Şou-biznes nümayəndələrinin “Son zəng”xatirələri: “Sumqayıtda avtobusdan düşən kimi…”

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyun 2016 • Baxış sayı: 759 dəfə • Şərh yoxdur

Bu gün Azərbaycanda 2015/2016-cı dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalındı.

Məktəb illəri hər kəsin həyatında önəmli yerlərdən birini tutur. Kimisi o illəri üzülərək, kimisi də xoş xatirələrlə xatırlayır.
Gün.Az-a məktəb xatirələrini danışan əməkdar artist Ədalət Şükürov 1983-cü ildə məzun olduğunu deyir.
Ədalət Şükürov: “Günəşin doğuşunu izlədik”
edalet
“Bizdə “Son zəng” fərqli idi. Səhər hamımız birgə günəşin doğuşunu izlədik. Daha sonra da həmin günümüzü restoranda təmtəraqlı şəkildə qeyd etdik. Mənim üçün həmin illər yaddaqalan oldu” – deyə, müğənni bildirib:
“Bu gün də Binəqədi rayonunda yerləşən məktəblərdən birində “Son zəng”də çıxış etdim. Onu da deyim ki, mənim sinif yoldaşlarımın 80 faizi Azərbaycandan kənarda yaşayır. Mən son 5 il ərzində çox çalışdım ki, onların hamısını Bakıda toplayım, “Son zəng”i qeyd edək. Amma təəssüflər olsun ki, mən onları bir araya yığa bilmədim”.
 
Dilarə Əliyeva: “Anam məni iki gün ac saxladı”
Əməkdar artist Dilarə Əliyeva bu gün Sumqayıtda yerləşən 21 saylı orta məktəbdə olub:
dilare]“Bu gün bacımın oğlu və qızı 11-ci sinfi bitirir. Bu gün təhsil aldığım məktəbdə keçirilən tədbirdə iştirak etdim. Orada sinif yoldaşımı gördüm. Onun da qızı 11-ci sinfi bitirirdi. Mən onu zorla tanıdım. Sinif yoldaşlarımın əksəriyyəti həkim kimi çalışır. 32 şagird idik, onlardan 15-i həkim idi. Hər zaman “Son zəng”də qəribə hislər keçirirəm. Çox həssas oluram. Çünki “Son zəng”lə bağlı unudulmaz xatirəm var. Bəlkə də bu xatirəni çox adam bilir. Çünki bu haqda çox danışmışam.
Deməli, Sumqayıtda 21 saylı məktəbin 8-ci sinfini bitirirdim. Son zəng günüydü. Əvvəlcədən uşaqlarla və biologiya müəlliməmizlə danışmışdıq ki, tədbirdən sonra Bakıya gəzməyə gedəcəyik. Valideynlərimiz də bir şərtlə razılıq vermişdi ki, müəlliməmiz də bizimlə gedəcək. Məktəbdə tədbirdən sonra müəlliməmiz dedi ki o, bizi Bakıya apara bilməyəcək. Belə ki, direktor icazə vermir. Uşaqlarla belə qərara gəldik ki, özümüz müəllimsiz Bakıya gedək. Dəmiryolu vağzalı da bizə çox yaxın idi. 24 nəfər ayaqla vağzala tərəf yollandıq ki, Bakıya elektrik qatarı ilə gedək. Mən beləcə fikirlər burulğanındaykən ayıldım ki, qatar tərpənib. Nə sağımda, nə də solumda uşaqlardan kimsəni görmədim. Bir hala qaldım ki… Bilmədim, nə edim. Növbəti gələn qatara minib, uşaqları axtarmağa başladım. Heç kimi görməyincə, özümü saxlaya bilməyib, hönkürtü ilə ağladım. Yaxınlaşıb, məni sakitləşdirməyə çalışdılar. Qatar dayananda düşdüm, yenə ətrafa ümidlə boylandım ki, kimisə görəcəyəm. Görməyincə yenə ağlamağa başladım. Mənə üç qız, bir oğlan yaxınlaşdı, ağlamağımın səbəbini soruşdular, izah elədim. Onlar da dedilər, yəqin uşaqlar Bulvara gediblər. Biz də ora gedirik, gedək, əgər orda olmasalar, biz səni Sumqayıt yola salarıq. Tibb Texnikumunun tələbələri idilər. Mən də onlara qoşuldum. Metrodan çıxdıq, sonra yenidən metroya qayıtdıq. Metroya girəndə bir də gördüm ki, sinif yoldaşım. Ay aman! Sevindiyimdən necə qışqırdımsa… O da qaçdı yanıma, dedi, uşaqlarla bayaqdan məni axtarırlar. Gətirdi qızların yanına. Uşaqlar hamısı necə ağlayırdılar. Məni görəndə sevincdən elə qışqırdılar ki, metronun işçiləri yaxınlaşıb üstümüzə acıqlandılar. Bu boyda olanlardan sonra, tənbəllik eləməyib, Bulvara gəzməyə getdik. Evə qayıdanda Sumqayıtda avtobusdan düşən kimi 24 şagird hamımız bir yerdə gedirdik. Baxdıq ki, camaat bizi qəribə baxışlarla süzür. Bir neçəsi bizə tez-tez yaxınlaşıb soruşur ki, Bakıya gedən uşaqlar sizsiniz? Dedik, necə məgər?
Məlum oldu ki, valideynlərimiz bütün şəhərə küy salıblar ki, uşaqlar müəllimsiz Bakıya gedib, birdən başlarına iş gələr. Mən artıq günümə ağlayırdım. Həyətə girəndə qonşularımız dedilər ki, ay Dilarə, anan səni öldürəcək, qoy biz də səninlə gələk, döyməsin. Onların gəlməsinə razı olmadım. Qapını bacım açdı. Məni görən kimi dərindən ah çəkib, başını aşağı saldı. Atam içəri çağırıb, sorğu-sual etməyə başladı. Anam hələ ki, dinmirdi. Atam əlini qaldırdı ki, məni vursun, rəngim ağardı. Bükülüb yumağa döndüm. Təsəvvür edin, nə günə düşdümsə, əlini saldı aşağı, vurmadı. Otaqdan çıxmağımı istədi. Qulağım eşidə-eşidə anama dedi ki, ona əlini vurmayasan və evdən çıxıb harasa getdi. Atam evdən çıxan kimi anam məni o qədər döydü ki, nə qardaşım, nə də bacım əlindən ala bilmədi. Düz iki gün ac saxladı. Qonşuluqdakı rəfiqəm anamdan xəlvətcə mənə kolbasa-çörək gətirmişdi, arada gizlicə onu yeyirdim. İki gün sonra məktəbə buraxılış imtahanına getməliydim. Getdim ki, sinfimizin bütün qızları elə mənim günümdədir. O günün yaddaqalan, unudulmaz olmasını çox istəyirdik. Elə alındı ki, həmin gün yaddaşımızda nə gəzməyimiz, nə əylənməyimiz, nə də gülməyimizlə qaldı. Qalan ancaq ağrı-acımız oldu…”
Sevda Ələkbərzadə: “Pilləkənlər gül ləçəkləri ilə bəzədilmişdi”
Əməkdar artist Sevda Ələkbərzadə isə “Son zəng”ini olduqca xoş hislərlə xatırlayır:
“Bizim son zəngimiz çox maraqlı keçmişdi. Xatirimdədir ki, hətta məktəbdə bütün pilləkənlərin üstü gül ləçəkləri ilə bəzədilmişdi.  Biz “Son zəng”i restoranda deyil, məktəbin “Akt zalı”nda qeyd etdik. 1994-cü il idi… Daha sonra isə uşaqlarla yığıncaq oldu. Oynamaq, demək, gülmək, əylənmək… Hətta keçirdiyim hislər də yadımdadır. Mən bir neçə orta məktəb dəyişdiyim üçün çox az adamla münasibətim qalıb”.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın