Menu
Geri İrəli

Su haqqının ödənişi niyə aşağıdır?

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Dekabr 2010 • Baxış sayı: 295 dəfə • 1 şərh

Və ya əhalidən işlətdiyi suya görə ödənişi tələb etmək niyə problemə çevrilib?

Şəhərimizdə əhaliyə satılan işıq və qaza görə ödənişlər ölkə üzrə ən yaxşı səviyyədədir. Rəsmi rəqəmlərə görə, Sumqayıt sakinləri enerji haqlarını 100 faiz ödəyir. Amma təəssüf ki, eyni sözləri istifadə olunmuş içməli su barədə demək olmaz. Əhali kateqoriyasına aid olan abonentlər istifadə etdikləri su haqqını, doğrudanmı, ödəmək istəmirlər. Bir qədər qəribə səslənir – işıq və qaza görə 100 faiz ödəniş edən abonent, bəs içməli suya görə niyə xəsislik etsin?!

Yenə rəsmi rəqəmlərə istinad edərək deyə bilərik ki, 2010-cu ilin 9 ayı ərzində əhali kateqoriyası üzrə su haqqının ümumi ödəniş faizi cəmi 60 rəqəmi ilə ifadə olunub. Məsələnin ciddiliyi ilin 9 ayının yekunları ilə bağlı şəhər icra hakimiyyəti başçısı Vaqif Əliyevin sədrliyi ilə keçirilən toplantıda da ifadə olunmuşdu. Yerli icra aparatının rəhbəri bildirmişdi ki, payız qış mövsümünə hazırlıqla əlaqədar şəhərin kanalizasiya şəbəkələri və yağışqəbuledici quyuları tam təmizlənmiş və profilaktik təmir işləri aparılmışdır, lakin içməli su təsərrüfatında işlədilən suyun dəyərinin ödənişində arzuolunmaz vəziyyət hələ də qalmaqdadır: “2010-cu ilin 9 ayında əhali kateqoriyası üzrə su haqqının ümumi ödəniş faizi 60 faiz təşkil etmişdir ki, bu nəticə qənaətbəxş hesab edilə bilməz”.

Ödəniş fazinin bu qədər aşağı (işıq və qaza nisbətdə!) olmasının səbəbinə gəldikdə isə, məlum olur ki, problemin kökündə sayğaclaşdırmanın istənilən səviyyədə aparılması durur. Elə rəsmi məlumat da bunu deyir: şəhər üzrə sayğaclaşdırma faizi cari ilin 9 ayında 65,4%-ə bərabərdir.

“Hazırda şəhərin əhali abonentlərinin cəmi 65,4 faizi sayğacla təmin olunub və bu da problemin başlıca səbəblərindən biri hesab olunmalıdır” – deyə şəhər icra hakimiyyətinin rəhbəri 9 ayın yekunları ilə bağlı toplantıda bildirmişdi.

Bəs sayğaclaşdırma prosesi niyə ləng aparılır? Bunu dəqiqləşdirmək üçün isə “Azərsu” SC-nin su satışı müəssisəsinin Sumqayıt filialı ilə əlaqə saxladıq. Filial rəisi Elşən Həsənzadə məsələyə bu cür aydınlıq gətirdi:

- Sayğacları quraşdırmaq üçün mənzillərə daxil olmalıyıq. Amma təəssüf ki, bəzi vətəndaşlar buna mane olur. Eyni zamanda, sayğaclaşdırma aparmaq üçün su xətləri normal vəziyyətdə olmalıdır. Təəssüf ki, bəzi binalarda bu problem də var. Xətlər keyfiyyətsizdirsə, sayğac qoymağın mənası yoxdur. Bununla belə, hazırda bu istiqamətdə işlər aparırıq. Sayğaclaşdırma faizi artıq 66 faizə çatıb.

Bax belə. Deməli, problem zəncirvari xarakter daşıyır. Ümid edək ki, şəhərimiz içməli suya görə ödənişdə də ən yaxşı göstəriciyə tezliklə nail ola biləcək. Sayğaclaşdırmanın aparılması daha çox ona görə vacib, aktual məsələdir ki, yalnız bu halda su israfçılığına yol verilməz… Etiraf edək ki, ölkəmiz içməli su ehtiyatları ilə hər halda sərhədsiz zənginliyə malik deyil.

Vüsal, “168saat”

Facebook Şərhləndirmə:

“Su haqqının ödənişi niyə aşağıdır?” yazısına bir cavab

  1. Azer deyir:

    bu cox duzgun cavabdi…men shahidiyem abonent menzile girmeye imkan yaratmir xettler berbad veziyyetdedi ya da ki kafelin altindadi…
    men ozum bu sahede usta ishlemishem ve bu veziyyeti gorub ishden cixdim cunki gun erzinde 2-3 sayqac qoymaq mene serf elemirdi…
    SAQ OLUN!!!

Şərhinizi yazın