Menu
Geri İrəli

Su qiymətinə dünyanı gəzən azərbaycanlı cütlük- FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 16 İyul 2015 • Baxış sayı: 469 dəfə • Şərh yoxdur

34222“Dünyanın 200 min şəhərində pulsuz qala bilərlər”.

Gənc ər-arvad Gülərlə Bəxtiyar elə təcrübəli səyyahdırlar ki, bu ilin martında Polşadan Norveçə təyyarə bileti üçün adama cəmi 7,5 manat ödəyiblər…

sumqayitxeber.com  Azadliq Radiosuna istinadən xəbər verir ki, hətta Bakı-Zaqatala avtobusu bundan 50 qəpik bahadır – 8 manatdır.

Gülər deyir ki, dünyanı gəzmək üçün milyonçu olmaq lazım deyil:

“Səfəri əvvəlcədən yaxşı planlaşdırmaq kifayətdir. Biz həmin bileti uçuşdan 10 ay əvvəl almışdıq. Uçuş günü həmin bilet 300 manat idi. Elə olur ki, bir il əvvəldən alırıq biletləri”.

27 yaşlı Gülərlə 32 yaşlı Bəxtiyar kiçik ailə büdcəsi ilə son dörd ildə azı 20 ölkədə səfərdə olublar.

Uçuş biletini bir il əvvəl aldılar

Onlar artıq gələn ilin mayı üçün uçuş biletlərini alıb saxlayıblar: “Bileti əvvəlcədən almaq qiymətdə böyük fərq edir”.

Xərclərə qənaət etmək üçün Gülərlə Bəxtiyar dünyaya qonşu Gürcüstandan çıxırlar. Əşyalarını toplayıb dəmiryolu ilə Tbilisi aeroportuna yollanırlar, ordan isə az xərcli (lou-cost) hava yollarının xidmətindən istifadə edirlər.

Gürcüstanın Kutaisi aeroportu başqa azərbaycanlı səyyahlar kimi bu cütlük üçün də sərfəli uçuş nöqtəsinə çevrilib. Burdan Avropaya uçan az xərcli şirkət – WizzAir Bakıya uçuşlarını dayandırıb.

Türkiyəyə gedən sürücülər onları Kutaisi aeroportunda düşürdü

Gənclər Tbilisidən Türkiyəyə gedən avtobuslarla Kutaisi aeroportuna yollanır:

“Türkiyə avtobusları Kutaisi aeroportunun qarşısından keçir, adama beş manat ödəməklə bu aeroporta getmək mümkündür”.

Bakı və Kutaisidən uçuşların qiymətləri arasında azı səkkiz dəfə fərq var.

Ucuz şirkət tapıb, 8 dəfə qənaət etdilər

Sentyabrın 16-23-ü tarixlərində Budapeştə səfər etmək istəsən, qiymətlər aşağıdakı kimi olacaq:

Gürcüstanın Kutaisi şəhərindən WizzAir ilə 8.5 dəfə ucuz – 89 avro

Hərçənd, WizzAir və AZAL-ı müqayisə etmək o qədər də düz deyil. Bu iki şirkətin fərqi budur ki, birinci şirkət aşağı xərclidir – yemək, içki üçün ayrıca ödəniş etmək lazımdır. Baqaj imkanları azdır. Nisbətən az komfortludur. Azərbaycan hökuməti bu şirkəti ölkəyə buraxmadığına görə tənqid olunur.

Gənc səyyahlar da aşağı xərcli şirkətə üstünlük verib, Kutaisiyə yol alırlar.

Gülər deyir ki, Avropaya 7-10 günlük səyahətə iki nəfərə maksimum 1000 manat xərcləyirlər.

Hosteldə qaldılar, qəsəbə kəşf etdilər

Gənclər oteldə, yox hostellərdə gecələməyə üstünlük verirlər. Gülər deyir ki, hostellər otellərdən daha az komfortlu olsa da (yataq otağı, hamam və mətbəx ümumi istifadə üçündür), hostellərdə yeni tanışlar qazanılır:

“Biz Amsterdamın ətrafındakı gözəl qəsəbələr haqqında hosteldəki tanışlarımızdan öyrəndik. Həmin qəsəbələr çox xoşuma gəldi, ora yenidən qayıtmağı düşünürük. Hostellər yeni təcrübə, yeni dostlar qazanmaq baxımından faydalıdır”, deyə Gülər bildirir.

Dünyanın 200 min şəhərində pulsuz yaşa!

2003-cü ildə dünya səyyahları üçün internetdə “Couchsurfing” (divan-divan, ev- ev gəzmək mənasına gəlir) adlanan iicma yaradılıb – bir-birinin evində pulsuz qalırlar.

“Couchsurfing”in 10 milyon üzvü dünyanın 200 min şəhərində pulsuz qala bilərlər. Bununçün saytda profil yaratmaq, maraqlarına uyğun məntəqəni, ev sahibini seçmək lazımdır.

İctimai fəal Ruslan Əsəd azı 20 dəfə Couchsurfing-lə qonaq qalıb, bir neçə dəfə Bakıdakı evinə qonaq qəbul edib: “Mən nəinki bu şəhərlərdə pulsuz qala bilirəm, bu mənimçün səfər etdiyim icmanı yaxından tanımaq, mədəniyyəti daha yaxşı öyrənmək baxımından dəyərlidir”.

Bəs tanımadığım adamın evində necə yaşayım?

Ruslan Əsəd deyir ki, icmanın üzvləri səfər bitəndən sonra təəssüratlarını saytda bölüşürlər. Həmin məlumatlar əsasında qonaq gedəcəyin evi daha tez seçmək olur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın