Menu
Geri İrəli

Sumqayıt baxçalarından

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Mart 2014 • Baxış sayı: 589 dəfə • Şərh yoxdur

IMG_0582Son 10-15 ildə sumqayıtlı abituriyentlərin ali məktəblərə qəbul göstəricisinin respublikada ən yüksək olmasının, məzunların imtahanlarda dərin elmi bilik nümayiş etdirməsinin səbəblərini, qəribə də olsa, Sumqayıtda zərərli istehsalatların ləğvindən sonra şəhərdə ekoloji mühitin xeyli dərəcədə yaxşılaşması, bunun isə bioloji və fizioloji amillərə, nəticə olaraq isə uşaqların fiziki və zehni sağlamlığına, inkişafına müsbət təsir etməsi ilə əlaqələndirənlər az deyil. Heç şübhəsiz ki, sumqayıtlı gənclərin yüksək bilik və erudisiyaya malik olmalarında ekoloji təmizlik amilinin də müəyyən rolu istisna olunmasa da, bu başlıca və mühüm səbəb deyil.  Əsas olan isə son dövrlərda şəhərdə təhsilə kompleks yanaşılması, uşaqların əqli, zehni inkişafına hələ erkən yaşlarından, baxça dövründən başlanılmasıdır.

Ölkə rəhbərinin gənc nəslin hərtərəfli inkişafı, gələcəyin elmli-bilikli, istedadlı qurucuları kimi yetişməsi üçün göstərdiyi diqqət və qayğının nəticəsi olaraq respublikanın, o cümlədən Sumqayıtın təhsil sistemində aparılan geniş reforma və yeniliklər körpə balaların həyatla, cəmiyyətlə ilk təmasda olduqları uşaq baxçalarından da yan ötməmişdir. Bunu uzun illər Bakının və Sumqayıtın təhsil sistemində çalışaraq, məktəblərdə ingilis dilini tədris etmiş təcrübəli pedaqoq Zöhrə Kərimovanın müdir olduğu, aprel ayında  açılışının 50 illiyini qeyd edəcək 20 N-li körpələr evi – uşaq  baxçasının timsalında da aydın görmək mümkündür.

Burda körpə balaların həvəslə qoşulduqları maraqlı səhər idmanından tutmuş onların baxçadan ayrılmaq istəmədikləri axşam saatlarına qədər davam edən “baxça vaxtı” uşaqların fiziki və zehni inkişafına, sağlamlığına xidmət edir. Şəhərin 14-cü məhəlləsində yerləşən 110 yerlik bu baxçanın 6 müxtəlif yaş qrupunda öz peşələrini və körpə balaları ürəkdən sevən 12 tərbiyəçi-müəllimə olmaqla 36 nəfər işçi uşaqların gündəlik qayğısına qalır, nəvazişini çəkir. Qruplardan biri fasiləsiz olaraq – gecə-gündüz fəaliyyət göstərir ki, orada da valideynləri gecə növbələrində işləyən 3-6 yaşlı balalar bir ailənin uşaqları kimi məhəbbət və qayğı ilə əhatə olunmuşlar.

…2 yaşından 5 yaşınadək uşaqların tərbiyə aldıqları qrupların birində fidan balalar yumşaq xalı-xalçaların üzərində dövrələmə oturaraq, maraqla tərbiyəçi-müəllimənin danışdığı nağıllara qulaq asır, özlərinə məxsus şirin uşaq ləhcəsi ilə şeir söyləyir, bir-birinə aman verməyərək, tapmacaların cavabını daha tez  deməyə cəhd göstərir,  digər bir qrupda isə balaca “kişilər” oyuncaq ayı və şirlərlə “vuruşur”, “kubik”lərlə “ev” tikir, maşın sürür, gəlinciklərlə oynayan qızcığazlar isə onlara “ay uzunsaç, qaragöz…” mahnısını oxuyaraq, əzizləyib-oxşayır, “laylay” deyirlər. Bir-neçə müddət sonra isə (adətən – nahardan, günorta yuxusundan sonra) uşaqların hamısı özlərinin kiçik masaları arxasına keçərək, televizorda göstərilən multiplikasiya filmlərinə tamaşa edir, müəllimənin yeri düşdükcə izahat verdikləri uşaq kinolarına baxırlar.

Burada 30 ildən artıq çalışaraq, uşaqlara göstərdikləri əsl ana qayğısı və nəvazişi ilə yalnız balacaların deyil, onların valideynlərinin də rəğbətini qazanmış tərbiyəçi-müəllimə Fəridə Rzayeva, onun həmkarı, kiçik qrupun müəlliməsi Nailə Qəhrəmanova uşaqlara ata-anaları işdə olduğu bütün gün ərzində elə diqqət və qayğı gostərirlər ki, onların bəziləri günün sonunda belə baxçadan getmək, müəllimələrindən ayrılmaq istəmirlər.

- Hər yerdə olduğu kimi, bizim baxçamızda da sevimli balalarımız olan bu uşaqların hər biri ilk dəfə bura ayaq açanda ağlayırlar – təbii ki, valideynlərinin dalınca, – deyə Fəridə müəllimə uşaqlardan söhbət açır.

– Çünki gözünü açıb ata-ananı görmüş 1-2 yaşlı uşaq onun üçün yad olan mühiti, valideynlərindən ayrı düşməsini qəbul edə bilmir. Ancaq bu hal iki-üç gündən artıq davam etmir. Düşündüyünün əksinə olaraq, ata-anasının onu “həmişəlik baxçada qoyub” getmədiklərinə, hər gün axşam onu yenə evə apardıqlarına əmin olduğu sonrakı günlərdə uşaq yaşıdları ilə birgə olmaq, birgə oynamaq sevinci ilə baxçaya can atır.

Həqiqətən də, valideynlərin də razılıqla bildirdiklərinə görə, burda hər səhər uşaqlar baxçaya həvəslə, sevinə-sevinə gəlirlər – bilirlər ki, onları burda özləri kimi balaca yaşıdları və sevimli, qayğıkeş müəllimələri gözləyirlər.

Baxçadakı müxtəlif yaş qruplarına baş çəkərək, özlərinin nağılabənzər uşaq dünyalarına qapılmış uşaqların burada şən və sevincli olduqlarını görmək istər-istəməz adamda xoş ovqat, xoş təəssürat yaradır, hətta uşaq olub onlara qoşulmaq istəyirsən. (Bu,  nostalji duyğularla yanaşı bəlkə də bir qədər qibtə hissi ilə də baglıdır. Axı, mən və yaşıdlarım baxçaya gedərkən bu qədər çox maraqlı oyun-oyuncaq, yumşaq çarpayılar, mult-filmlərin və uşaq kinolarının göstərildiyı televizor, maraqlı tədbirlərin keçirilməsi, ən əsası – bu cür diqqət və qayğı olmayıb).

Digər qruplardan fərqli olaraq məktəbə hazırlıq qrupunda uşaqlar artıq oyuncaqlardan daha çox interaktiv oyunlara meyl edirlər. Bu isə təbiidir – innovativ texnologiyalar dövrünün uşaqları olan balacalar indi kompüterə, mobil telefonlara xüsusi maraq göstərir, sanki böyüklərdən geri qalmaq istəməyərək, onların idarə edilməsini daha tez öyrənməyə can atırlar. Burada sabahın məktəbliləri ilə işini və uşaqlarla ünsiyyəti çox sevən təcrübəli tərbiyəçi müəllimə Məryəm Əsgərova məşğul olur. Torpaqlarımızın işğalından əvvəl 10 il Cəbrayıl rayonunda baxça müəlliməsi işləmiş Məryəm xanım ikiqat məsuliyyət daşıdığını (həm uşaqlar və valideynlər, həm də baxçanın “məzunları”nın ilk dəfə gedəcəkləri məktəbin müəllimləri qarşısında) çox yaxşı başa düşərək, hazırlıq qrupunun uşaqları ilə ciddi məşğul olmaqla onları 1-ci sinif proqramlarını mənimsəməyə səylə hazırlaşdırır. Burada günortaya qədər uşaqların nitq inkişafı üçün məşğələlər aparılaraq, nağıllar danışılır, xalqımızın dahi  şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Səməd Vurğun, Mikayıl Müşfiq və digərləri ilə onların divardan asılmış şəkilləri üzrə ilk tanışlıq aparılır, ana və Vətən haqqında kiçik şeirlər oxunub-əzbərlənir, həvəslə gözlənilən dadlı günorta naharından sonra isə gələcək məktəblilər Azərbaycan hərflərini və sözlərini öyrənir, riyaziyyatın “əlifbası” ilə tanış olurlar. Maraqlıdır ki, bir zamanlar məktəblilərin yalnız 3-4-cü siniflərdə ilk təsəvvür aldıqları həndəsi elementləri – düzbucağı, üçbucağı, dairəni və s. baxça uşaqları artıq 5-6 yaşından tanıyır və fərqləndirməyi bacarırlar.

Baxçada olarkən biz bunun bilavasitə şahidi olduq. Uşaqlar nəinki rəngləri ayırd edir, hərfləri və rəqəmləri tanıyır, sadə hesablamaları yerinə yetirir, hətta stol üzərinə qoyulmuş xüsusi monitorun oyun və məşğələ proqramlarını sərbəst işə salıb, sevinc və maraqla əylənir, müəllimənin verdiyi tapşırıqları səylə yerinə yetirməyə çalışırlar.

Məryəm müəllimə ötən il digər baxçalardan olan tərbiyəçi həmkarları ilə birgə məktəbəqədər təhsil kurikulumu üzrə təlim kursu keçmişdir və indi həmin təlimi uğurla tətbiq edərək, uşaqlara oynayıb-əylənməkdə, təlim-tərbiyədə daha çox sərbəstlik verən, uşaq fantaziyasının genişlənməsinin və təşəbbüskarlığının vacibliyini əsas tutan,  fəallığının artmasını şərtləndirən həmin təlimin daha səmərəli olduğunu uşaqların zehni, intellektual inkişafında daha aydın müşahidə edir və bundan xoş bir məmnunluq duyur.

-      Uşaqların sensor tərbiyəsinin təməlinin mükəmməl olması,  interaktiv kurikulum təlimi onların zehni inkişafının və gələcək həyatının uğurla davam etməsində mühüm rol oynayır, – deyə baxçanın müdirəsi Zöhrə Kərimova balacaların həyatda formalaşmasında sensor amilinin əhəmiyyətindən danışır. -  Uşaqların sensor inkişafı onların ətrafda gördüklərinin xaricı əlamət və xüsusiyyətlərini – rəngini, formasını, ölçüsünü, iyini, dadını qavrayıb qəbuletmə bacarığının və onlar haqqında təsəvvürlərinin inkişaf etdirilməsinin, formalaşdırılmasınin əsasını təşkil edir. Dünyanın məktəbəqədər pedaqoqika və psixologiya üzrə görkəmli alimləri   uşaqların şüurunun inkişafının onların ətraf aləmi dərketmə xüsusiyyətindən asılı olduğunu əsas tutaraq, onların intellektual inkişafına xidmət edən sensor tərbiyəsinin erkən yaşlarından başlanılmasını vacib saymış və yüksək dəyərləndirmişlər. Çünki şüurun bütün digər əsas formaları – yadda saxlama, fikirləşmə, təsəvvüretmə məhz  ətrafdakı obrazları dərketmə əsasında yaranaraq inkişaf edir. Bu səbəbdən də, Sumqayıtın əksər baxçalarında olduğu kimi, bizim baxçada da uşaqların sensor tərbiyəsinə, onların sərbəstlik və fəallıqlarının artmasına xidmət edən kurikulum təliminə xüsusi diqqət yetirilir.

Baxça ilə tanışlıqdan sonra məndə burada təlim-tərbiyə alan uşaqların zehni inkişaf etdiyini, hər şeyi dərk etməyə necə həvəs və maraqla səy göstərdiklərini görmək, bundan fərəh duymaq üçün burada tez-tez olmaq istəyi yarandı. Ancaq yaxşı olardı ki, övladlarının təlim-tərbiyəsini uşaqlara böyük məhəbbət və qayğı bəslənilən bu cür qabaqcıl baxçalara etibar etmiş valideynlər də belə bir istəklə uşaqlarının tərbiyə aldıqları qruplarda hərdən heç olmasa yarım saat, bir saat olaydılar ki, həm övladlarının necə gözəl şəraitdə böyüyüb, boy atdığını, inkişaf etdiyini bilavasitə görəydilər və balalarının evdəki təlim-tərbiyəsini baxçadakına uyğun şəkildə davam etdirəydilər. Bu olduqca mühüm əhəmiyyət kəsb etmiş olardı.

Bu arzuya bir təbrik də əlavə etmək istərdik: 20 N-li baxçanın timsalında şəhərimizin bütün baxçalarında ömrünü-gününü körpə balaların təlim-tərbiyəsi kimi müqəddəs bir işə həsr edən bütün tərbiyəçi-müəllimələri, baxçaların bütün qadın kollektivlərini 8 Mart Beynəlxalq Qadınlar bayramı günü münasibətilə təbrik edir, onlara doğma Vətənimizin   gələcək qurucuları olan uşaqların kamil bir insan və vətəndaş kimi yetişməsinin ilk təməlinin qoyulması işində uğurlar diləyirik!

 Orxan Rəhmanoğlu.

 Fotolar Ömürtay Şükürlünündür.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın