Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsi veteranı 80 illik yubileyi münasibətilə təbrik etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Noyabr 2014 • Baxış sayı: 495 dəfə • Şərh yoxdur

sumqayit_belediyyesi_metall (1)Bu günlərdə Sumqayıt Bələdiyyəsinin kollektivi Azərbaycan metallurgiyasının veteranı, uzun illər Sumqayıt Alüminium zavodunda çalışaraq, adi fəhləlikdən müəssisə direktoru vəzifəsinədək yüksəlmiş, sonralar isə respublikanın “Metallurgiya” Dövlət Şirkətinə rəhbərlik etmiş Tofiq Həsənovu 80 illik yubileyi münasibətilə təbrik etmişdir.
Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev Sumqayıtın qara və əlvan metallurgiyasının inkişafında Tofiq Həsənovun xidmətlərini yüksək qiymətləndirərək, onun son illərdə Sumqayıt Bələdiyyəsində də öz zəngin təcrübəsi ilə səmərəli fəaliyyət göstərdiyini, əməksevərliyi, işgüzarlığı ilə gənclərə nümunə olduğunu vurğulamış və 80 illik yubileyi ilə bağlı onu Bələdiyyənin Fəxri fərmanı ilə təltif etmişdir. Yarım əsrə yaxın əmək fəaliyyəti göstərərək, Sumqayıt sənayesinin inkişafı naminə yorulmadan çalışmış veteran metallurqa kollektiv adından hədiyyə təqdim edilmişdir.
…1934-cü ildə Gəncə şəhərində dünyaya gəlmiş Tofiq Həsənov 1952-ci ildə 20 N-li Gəncə dəmiryol məktəbini gümüş medalla bitirərək, elə həmin il Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Neft Akademiyasının) neft-mədən fakültəsinə daxil olmuşdur. 1958-ci ildə ali təhsilli gənc mühəndis kimi təyinatla o vaxtkı “Artyomneft”ə göndərilmiş və orada fəhlə-qazmaçı kimi əmək fəaliyyətinə başlamışdır. 1960-cı ildə Sumqayıta gələrək, Alüminium zavoduna işə düzəlmiş və ən çətin istehsalatda – elektroliz sexində usta köməkçisi kimi çalışmışdır. Sonralar o, nümunəvi işinə, əlvan metal istehsalatını kifayət qədər yaxşı mənimsədiyinə görə usta, baş usta təyin edilmiş və artıq 1969-cu ildə zavodun texniki şöbəsinə rəhbərlik ona həvalə olunmuşdu.
Tofiq müəllimin mühəndis kimi istedadı və işgüzarlığı həmin illərdə şəhər rəhbərliyinin də diqqətini cəlb etmiş və ona 1972-ci ildə – 38 yaşında etimad göstərilərək, Sumqayıt şəhər Partiya Komitəsinin sənaye və nəqliyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdi. Sonrakı illərdə Tofiq Həsənov Sumqayıt Alüminium zavodunun direktoru, “Əlvanmetallurgiya” İstehsalat İdarəsinin rəis müavini vəzifələrində səmərəli fəaliyyət göstərmiş, 1994-cü ildən isə respublikanın “Metallurgiya” Dövlət Şirkətinə rəhbərlik etmişdir. Məhz onun yüksək idarəçilik və təşkilatçılıq bacarığı, prinsipiallığı sayəsində Azərbaycan metallurgiya sənayesi ötən əsrin 90-cı illərində Moskvanın məruz qoymağa çalışdığı dərin maliyyə böhranı və inflyasiyadan xilas ola bilmişdi.
Tofiq Həsənovun gərgin və səmərəli əmək fəaliyyəti 1980-ci ildə respublika rəhbəri Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş və o, “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.
Bir oğul və iki qız atası, həm də artıq sevimli baba olan Tofiq Həsənov 1998-ci ilin oktyabrından təqaüddə olsa da, yarım əsrdən artıq qoynunda yaşayaraq, bütün mənalı həyatını həsr etdiyi Sumqayıtda bu gün yenə də təcrübəli bir metallurq, əsl ziyalı, gözəl və vətənpərvər insan kimi dərin hörmət və nüfuza malikdir.

Rəhman ORXAN.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın