Menu
Geri İrəli

Sumqayıt Cümə məscidinin axundu Ərdoğanın kürəkəninin hərəkətindən danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 23 May 2016 • Baxış sayı: 514 dəfə • Şərh yoxdur

beratsalamlashTürkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dünən keçirilən fövqəladə qurultayında prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrağın etdiyi hərəkət ciddi müzakirə mövzusuna çevrilib.

AzNews.az-ın məlumatına görə, onun keçmiş baş nazir Əhməd Davudoğlunun xanımının uzatdığı əli tutmaması hörmətsizlik kimi qəbul edilib. Berat Albayrağın xanımın əlini havada saxlamasını şəriət qanunları ilə əsaslandıranlar da var.

Sumqayıt şəhər Cümə məscidinin axundu Hacı Rauf AzNews.az-a açıqlama verərək, Ərdoğanın kürəkəninin etdiyi hərəkətin şəriətlə doğru olduğunu bildirib. Onun sözlərinə görə, harada olmasından asılı olmayaraq naməhrəm kişi ilə qadın əl verərək görüşə bilməz: “İslam şəriətiylə həmin şəxs düzgün edib. Sadəcə Azərbaycanda müəyyən adət-ənənələr var, şəriəti qırağa qoyub, insanlar bəzən öpüşüb-görüşürlər. Bu, şəriətlə düzgün deyil. Əgər hansısa qadın kişinin əlini və ya kişi qadının əlini geri qaytarıbsa, düzgün eləyib.

Düzdür, hər ölkənin öz qayda-qanunu var, milli mentaliteti var, dini kriteriyaları var. Bunlar da yazılmamış qanunlardır. Lakin din elədir ki, burada istər siyasi tədbir olsun, istər dövlət tədbiri olsun. Fərq etməz. Naməhrəm qadınla kişi əl tutuşub görüşə bilməz”.

Hacı Rauf istisna halların olduğunu bildirib: “Əsas məsələ dəri təmasının olmamasıdır. Əgər tərəflərdən birinin əlində əlcək varsa, o zaman görüşməyə icazə verilir. Bir də əgər kimsə boğulursa, yaxud fövqəladə bir haldırsa, o zaman əlini uzatmağa, dəri təmasının olmasına icazə var”.

Türkiyənin Dəyanət İşləri Başkanlığının səlahiyyətli şəxsləri də əl-ələ salamlaşmağın haram olduğunu, lakin istisnaların da mövcudluğunu bildiriblər: “İslama zərər verə biləcək bəzi hallarda bu icazələr var. Elə hallar var ki, qadınla əl verib görüşməyin dinə faydası ola bilər. Lakin fətva vermək düzgün deyil”.

Şəriət qanunlarıyla əl-ələ görüşməyin haram olduğunu din adamları bir ağızdan təsdiqləyirlər. Lakin Berat Albayrağın məhz islami qaydalara riayət etdiyi üçün Sara Davudoğlunun əlini havada saxlaması iddiası həqiqəti əks etdirmir. Belə ki, AzNews.az-ın araşdırması nəticəsində bəlli olub ki, Ərdoğanın kürəkəni bu zamana kimi bəzi görüşlərdə qadınlarla əl-ələ salamlaşıb.


Bundan əlavə, AKP-nin 2015-ci ilin sentyabr ayının 12-də keçirilən 5-ci qurultayında Berat Albayraq Sara Davudoğlunun uzatdığı əli havada buraxmayıb, onunla əl-ələ salamlaşmışdı.

Sözügedən tədbirdə Ərdoğanın qızı, Berat Albayrağın həyat yoldaşı Əsra Albayraq da ona naməhrəm olan, o vaxtkı baş nazir Əhməd Davudoğlunun uzatdığı əli tutmuşdu.

Sumqayıt şəhər Cümə məscidinin axundu bir tədbirdə hansısa qadınla əl-ələ salamlaşıb, digərində əl uzadan qadının salamanının alınmamasını səhv addım kimi dəyərləndirib:“Hər bir halda bu, doğru hərəkət deyil. Əgər şəriət qanunlarına riayət edirsə, o zaman mütləqdir ki, naməhrəmlə dəri təması olmasın. Bir yerdə əllə salamlaşıb, digərində əli geri qaytarırsansa, bu, düzgün deyil”.

Kulturoloq Aydınxan Əbilov isə AzNews.az-a bildirib ki, Berat Albayrağın hərəkəti siyasi tədbirlər zamanı qəbul olunmuş beynəlxalq etiket normalarına ziddir: “İslam şəriətinə görə qadın kişiyə əl verməməlidir. Amma bu, islami, yaxud da məsciddə olan tədbir deyildi. Bu, siyasi tədbir idi. Siyasi etikaya görə, vəzifədən getmiş hər hansı xadim öz xanımı ilə gəlib partiyanın iclasında partiyadaşları ilə görüşürsə, ən azından mənəvi cəhətdən istənilən şəxs əl uzadan xanımın əlini tutmalıdır. Özü də o xanım əli öz həyat yoldaşının yanında uzadırsa… Kimsə sadaladığım hallarda əl uzadan xanımın əlini tutmursa, mərifətsiz, ədalətsiz və etikadan kənar hərəkət etmiş olur. Bu, nə ictimai-siyasi, nə də etik qaydalara sığır. Sözügedən hadisə hansısa ərəb ölkəsində olsaydı, o zaman başa düşmək olardı. Çünki onların milli-mənəvi dəyərlərinə görə, dini ehkamlara görə kişi ilə qadının hər hansı təması qadağandır və qəbul olunmur. Əgər yeni seçilmiş baş nazir keçmiş baş nazirin xanımının əlini sıxırsa, hər hansı digər şəxsin medianın qarşısında özünü göstərmək məqsədilə etdiyi bu hərəkət qəbul olunmazdır.

Ümumilikdə isə istər siyasi tədbir olsun, istərsə də məişətdə olsun, etiket qaydaları icazə verir ki, hər hansı xanım həyat yoldaşının yanında ondan sonra kiməsə əl uzadırsa, onun əlini sıxsın. Bu, beynəlxalq etiket normasıdır və bunu heç kim poza bilməz”.

Nigar ETİBAR
AzNews.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın