Menu
Geri İrəli

Sumqayıt Təlim Tədris Mərkəzi – sabaha açılan pəncərə

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Noyabr 2013 • Baxış sayı: 627 dəfə • 1 şərh

Ölkənin neft-kimya sənayesi üçün ixtisaslı fəhlə kadrların hazırlanması məqsədilə «Azəri­kimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodu ərazisində ARDNŞ-in Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən Sumqayıtda ilk dəfə olaraq yüksək stan­dartlar səviyyəsində ikimərtəbəli tədris korpusuna, geniş, işıqlı, ixtisaslaşmış auditori­yalara malik, peşə təhsili üzrə müasir tədris vasitələri və texniki avadanlıqlarla – müxtəlif ixtisaslar üzrə maşın-mexanizmlər, qurğu və dəzgahlarla təchiz edilmiş yeni Təlim Tədris Mərkəzi  yaradılmışdır.

10 aylıq təhsil zamanı şagirdlər STTM-in ixtisaslaşmış emalatxanaları ilə yanaşı mütəmadi olaraq «Azərikimya» İB-nin sex və istehsalatlarında əmək təcrübəsi keçirlər. Bu təhsil-zavod əlaqələrinin güclənməsi ilə yanaşı, gələcək fəhlə kadrların istehsalata daha tez alışmasında, seçdikləri peşələr üzrə elə ilk günlərdən təcrübə qazanmalarında, əmək vərdişlərinə daha səylə yiyələnmələrində mühüm rol oynayır.

Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına sürətlə inteqrasiya etdiyi və gələcəkdə bu prosesdə gənc mütəxəssislərin də fəal iştirak edəcəyi əsas götürülərək, gələcək mütəxəssislərə kompüter proqramları və xarici dil də tədris olunur. Peşəsindən asılı olmayaraq Təlim Tədris Mərkəzində fəhlə kadrların hər birinin əmə­yin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını mükəmməl öyrənməsi üçün xüsusi təd­ris otağı da fəaliyyət göstərir ki, burada da gələcək peşə sahiblərinə bu mühüm sahə­lər üzrə, həmçinin ilk tibbi yardım üsulları ilə bağlı geniş və dolğun təlimatlar verilir.

Zəngin elmi-texniki ədəbiyyata malik kitabxana, müşavirə otağı, təlim ustaları və nəzəri tədris mütəxəssisləri üçün xüsusi otaqlarla təmin edilmiş Təlim Tədris Mərkəzində təhsil aldıqları müddətdə şagirdlər xüsusi tələbə geyimləri, aylıq təqaüd və pulsuz yeməklə təmin olunurlar.

Artıq Sumqayıt  Təlim-tədris Mərkəzində 2011-2012-ci tədris ilində müxtəlif peşələr – elektrik qaz qaynaqçısı, kompressor qurğusu maşinisti, aparatçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər, tornaçı, təmirçi-çilingər peşələri üzrə təhsillərini uğurla başa vurmuş 100 nəfər gənc üç aydır ki, «Azərikimya» İstehsalat Birliyinin müxtəlif idarə və müəssisələrində neftçilər ailəsinin bərabərhüquqlu üzvü kimi sərbəst əmək fəaliyyətlərinə başlamışdır.

Bu gündən etibarən «Azərikimya» İstehsalat Birliyi bu gənclərin ictimaiyyətə daha yaxından tanıdılması və peşə seçməkdə çətinlik çəkən sumqayıtlı gənclərə dəstək kampaniyasına start verir. Kampaniya çərçivəsində hər həftə üç gəncin qısa tərcümeyi-halı ilə birgə tədris və iş təəssüratları oxuculara təqdim olunacaqdır.

1. Amanov Elvin Ramiz oğlu

Elvin 6

10 fevral 1988-ci ildə Sumqayıt şəhərində anadan olub.

Orta təhsilini Sumqayıt şəhər 31 saylı orta məktəbdə alıb. Sənədlərini ali məktəbə ve­rərək, iqtisadiyyat üzrə ali təhsil almaq istəsə də istəyinə nail ola bilməyib. Hərbi xid­mə­tini başa vurduqdan sonra özünü müxtəlif sahələrdə sınayıb. Amma peşə təhsili və hər hansı bir ixtisasa sahib olmadığın­dan, daimi işlə təmin olunmaqda problemlər yaşayıb.

 

Elvin Amanovun ürək sözləri:

- Sumqayıt Təlim Tədris Mərkəzinin yaranma xəbərini qonşumdan aldım. Sonra özüm təşəbbüs göstərərək SOCAR-ın internet səhifəsindəki elanla tanış oldum. Şərtlərlə tanış olanda düzü bir az narahatçılıq hissi keçirdim. Test imtahanları, sonra müsahibədən keçmə kimi tələblər istər-istəməz adamın gözünü qorxudurdu. Sumqayıtdakı peşə məktəblərinin vəziyyətindən xəbərdar olduğumdan, belə bir məktəbin mövcudluğu nəsə qəribə gəlirdi mənə.

Qəbul olunandan sonra özüm hər şeyin şahidi oldum və doğma şəhərimizdə bu formatda Təlim Tədris Mərkəzinin olmasına çox sevindim. Təhsilə başlayandan sonra, buranı seçdiyimə görə ürəyimdə özümə bir “sağ ol” da dedim. Müasir texnoloji yeniliklər və avadanlıqlarla təchiz olunmuş tədris otaqları, peşəkar müəllim və səriştəli istehsalat təlimi ustaları, nəzəriyyə ilə praktikanın vəhdəti, təhsil müddətində kompüter biliklərinə yiyələnmə, ingilis dilinin məktəbin tələbatına uyğun qaydada öyrədilməsi – bunlar ilk vaxtlar adama yuxu kimi gəlirdi. Ancaq tədricəh hər şey öz yerini aldı.

Artıq üç aydır ki, Etilen-polietilen zavodunun qazayırma sexində sərbəst əmək fəaliy­yətinə başlamışam. Soyutma aparatı üzrə 4-cü dərəcəli aparatçı vəzifəsində işləyirəm. İşlə bağlı heç bir çətinliyim yoxdur. Birincisi ona görə ki, zəhmətkeş bir ailədə böyümü­şəm. Atam qaynaqçıdır. Uzun illərdir ki, özəl sektorda çalışır. Qardaşım çətin və məsuliyyətli bir sənətlə məşğul olur – dəmirçidir. İkinci tərəfdən çalışdığım kollektivdən özümə qarşı daim diqqət və qayğı görürəm. Buna görə istehsalat rəisi Adil Cəfərova, sex  rəisi Rasim Məmmədova, bilik və təcrübələrini bizdən əsirgəməyən digər insanlara dərin minnətdarlığımı bildirirəm.

Növbəli rejimlə işlədiyimdən zəhmət haqqım 450-500 manat arası dəyişir. Yeni ailə qurmuşam.  Bu zəhməthaqqı bu gün üçün normal sayıla bilər. Ancaq mən gələcəkdə istehsalatdan ayrılmadan ali təhsil almaq, öz sahəm üzrə müəyyən mövqeyə sahib olmaq və zəhmətimin də bəhrəsini görmək istəyirəm.

 

2. İsrafilov Fərid Atamoğlan oğlu

Ferid 3jpg7 may 1986-cı il  Sumqayıt şəhərində anadan olub.

Sumqayıt şəhər 22 saylı orta məktəbi 2004-cü ildə bitirib. Hərbi xidməti başa vurduqdan sonra mebel firmalarının birində çalışmağa başlayıb və Təlim Tədris Mər­kəzinə qəbul olan günə qədər mebel ustası kimi fəaliyyət göstərib.

Atası Atamoğlan İsrafilov 35 ildir ki, taleyini kimya sənayesi ilə bağlayıb. Hazırda Etilen-polietilen zavodunun polimer istehsalatında elektrik montyoru vəzifəsində çalışır. Sum­qa­yıtda Təlim Tədris Mərkəzinin yaranmasını Fərid elə atasından öyrənib. Atasının məsləhəti ilə də sənədlərini bu Mərkəzə təqdim edib. On aylıq təhsil və təcrübədən sonra elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru ixtisasına yiyələnib.

Ailəlidir, üç oğlu var.

 

Fərid İsrafilovun dediklərindən:

- Üç aydır ki, «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunun buxar və elektrik enerjisi istehsalatında çalışıram. Müəssisəni buxar və elektrik enerjisi ilə təmin edən bu möhtəşəm qurğu haqqında atamın dediklərindən müəyyən təsəvvürüm var idi. Onu da bilirdim ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yapon mütəxəssisləri ilə birgə inşa olunub. Həm təməlqoyma, həm də açılış mərasimlərində ümummilli lider Heydər Əliyevin özü iştirak edib.

İşə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 4-cü dərəcəli elektrik montyoru kimi qəbul olunmuşam. Hələlik zəhməthaqqım 350 manatdır. Bu 5 nəfərlik gənc ailə üçün çox sayılmaz.  Amma narazılığım da yoxdur.  Hələ hər şey qarşıdadır. İnaniram ki, Aydın Əliyev və Füzuli Məlikov başda olmaqla bizə bu peşənin sirlərini öyrədənlərin, diqqət və qayğı göstərənlərin sayəsində çox şeyə nail ola biləcəm.

Qismət olsa, ali təhsil almaq niyyətindəyəm. Gələcəkdə hansı vəzifəni daşıya­cağımdan asılı olmayaraq, daim Sumqayıt şəhərində yaşamaq niyyətindəyəm. Çünki Sumqayıt mənə çox doğmadır. Burada özümü çox rahat və əmin-amanlıqda hiss edirəm. Ata-baba yurdumuz Qəbələ rayonudur. Bu gün Qəbələ Azərbaycanın ən inkişaf etmiş və ən gözəl rayonlarından biridir. Hərdən yolumuzu ora salırıq. Nə qədər gözəl və füsunkar olmasından asılı olmayaraq, qısa müddətdən sonra ürəyimiz və ayaqlarımız bizi Sumqa­yıta çəkir. Hər birimizin tale şəhəri olan Sumqayıta.

3. Əhmədov Nüsrət Faiq oğlu

Nusret 123 fevral 1991-ci ildə Sumqayıt şəhərində anadan olub.

2008-ci ildə 15 saylı tam orta məktəbi bitirib. Ali məktəbə qəbul ola bilmədiyinə görə hərbi xidmətə çağrılıb. Hərbi xidmətini şərəflə başa vurduqdan sonra doğma Sumqayıta qayıdıb. Sumqayıt Təlim Tədris Mərkəzinə qəbul olana qədər kiçik bizneslə – ticarət işləri ilə məşğul olub. Atası Faiq Əhmədov zəhmətkeş insan olduğundan Sumqayıt Təlim Tədris Mərkəzində təhsil almağı da Nüsrətə o məsləhət görüb.

 

Nüsrət Əhmədovun dediklərindən:

- Atam mənə Sumqayıtda, «Azərikimya» İstehsalat Birliyinin nəzdində Təlim Tədris Mərkəzinin yaradıldığını deyəndə və mənim də ora sənəd verməyimi məsləhət görəndə öncə tərəddüd etdim. Çünki bu ixtisasların heç biri haqqında təsəvvürüm belə yox idi. Ancaq fikirləşəndə ki, atam da uzun illərdir neft sənayesində çalışır və bu sahənin halal çörəyini yeyirik, onda bir az ürəkləndim. Sənədləri təqdim etdim,  hər şey də uğulu alındı – beləcə qəbul prosesi, təhsil müddəti və istehsalat təcrübəsi dövrü arxada qaldı. Artıq mən nəzarət-ölçü cihazları və avtomatika üzrə 4-cü dərəcəli çilingər kimi üç aydır ki, «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunda sərbəst əmək fəaliyyətinə başlamışam. 350 manat əməkhaqqı alıram. Yəqin ki, gələcəkdə dərəcələrimiz artdıqca, zəhməthaqlarımız da yüksələcək.

Təlim Tədris Mərkəzində əldə etdiyim təcrübə istehsalatda mənim çox köməyimə çatır. Ətrafımdakı təcrübəli işçilərin məsləhətlərindən də yetərincə faydalanıram. Bizim üçün burada normal, təmiz və təhlükəsiz iş şəraiti yaradılıb. Ən əsası isə tibbi sığorta ilə təmin olunmuşuq. ARDNŞ-nin diqqət və qayğısı sayəsində «Azərikimya» İstehsalat Birliyinin hər bir işçisinin ildə 50 min manat dəyərində müalicə almaq hüququ var. Mənə elə gəlir ki, çox az yer tapılar ki, orada işçılərə belə şərait yaradılsın.

Hələılik ali təhsil almaq planım olmasa da, çalışmaq, təkmilləşmək, dərəcəmi artırmaq, yaxşı pul qazanmaq, taleyimi həmişəlik Sumqayıtla, «Azərikimya» ilə bağla­maq niyyətindəyəm. 60 mindən yuxarı işçisi olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kollektivinin bir üzvü olmaq mənim üçün çox xoşdur və bu adı həmişə uca tutmağa çalışacam.

Bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, Sumqayıt Təlim Tədris Mərkəzində təhsil aldığım 10 ayı ömrümün ən mənalı anlarından hesab edirəm. Aylıq təqaüd, gündəlik yemək, xüsusi geyimlərlə təminat, peşəkar müəllimlər və istehsalat təlimi ustaları, mükəmməl tədris, nəzəri biliklərin praktikada tətbiqi, məktəbi bitirdikdən sonra «Azərikimya»nın müxtəlif sex və istehsalatlarında işlə təmin olunma – inanmı­ram ki, Azərbaycanda şagirdlərə bu dərəcədə şərait yaradılmış ikinci bir peşə məktəbi olsun.

Dostlarıma, ali məktəbə qəbul ola bilməyən tanışlarıma məsləhət görərdim ki, yollarını Sumqayıt Təlim Tədris Mərkəzindən salsınlar. İnanıram ki, peşman olmazlar.

Facebook Şərhləndirmə:

“Sumqayıt Təlim Tədris Mərkəzi – sabaha açılan pəncərə” yazısına bir cavab

  1. Cavanşir Ağarzayev deyir:

    Salam,
    Sizdə qaynaqçıların qısamüddətli kurs hazırlığı, sertifikatlaşdırılması ilə əlaqədar müraciət etmək istərdim. Bir nəfərə görə məbləq nə qədərdir. Bu say 50 nəfərdən yuxarı olduqda qiymət necə dəyişəcəkdir? Bizim şirkətdə çalışan qaynaqçıların sizdə təlim keçərək sertifikatlaşdırılmasını istərdik. Yuxarıdakı ünvana qiymət cədvəlini göndərməyinizi xahiş edirəm. Öncədən öz təşəkkürümü bildirirəm.

Şərhinizi yazın