Menu
Geri İrəli

Sumqayıtda Əfqanıstan prezidentinin xanımına təklif olunan hədiyyə niyə təxribat hesab olundu? – MARAQLI

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Sentyabr 2017 • Baxış sayı: 232 dəfə • Şərh yoxdur
Share Button
1505718832_14Tarixdən məlumdur ki, 1979-cu ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun qərarı ilə Sovet qoşunları Əfqanıstana yeridildi.
Həmin vaxt Əfqanıstanın prezidenti Amin idi. O, qərbpərəst mövqe tutduğundan onu hakimiyyətdən uzaqlaşdırmaq lazım idi. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu bu əməliyyatı öz üzərinə götürdü. Onlar gecə vaxtı Kabul şəhərində yerləşən prezident iqamətgahına desant tökdülər. Qarşı tərəfdən atəşlər açıldı. Bir neçə saat qanlı vuruşma getdi. Aminin təhlükəsizliyini təmin edən prezident qvardiyasının təxminən 500-ə yaxın əməkdaşı həlak oldu. Amin də qətlə yetirildi.

Rusiyada hərbi təhsil almış Babrak Karmal hakimiyyətə gətirildi və bu hakimiyyəti qorumaq üçün “sülhməramlı” sovet qoşunları Əfqanıstana girdi. Xarici ölkələrin dövlət başçıları yüksək tribunalardan SSRİ-nin bu addımını pisləyir, qoşunların Əfqanıstandan çıxarılmasını tələb edirdilər. Anti-kommunist siyasətçilər, diplomatlar kütləvi informasiya vasitələrində alovlu çıxışlar edərək, bunu Əfqanıstan dövlətinin daxili işlərinə qarışmaq, insanların hüquqlarının pozulması kimi qələmə verirdilər. Bütün bunlara baxmayaraq sovet qoşunları 10 il Əfqanıstanda oldular və demək olar Babrak Karmalın müxalif qüvvələrinə qarşı vuruşdular.
Əfqanıstanda sonrakı hadisələrdən danışıb vaxtınızı almaq fikrində deyiləm. 1983-cü ildə Əfqanıstanın Sumqayıta bir qrup təhsil işçisinin gəlişi ilə bağlı bir epizodu oxucuların diqqətinə çatdırmaq istəyirəm. Nümayəndə heyətinə Babrak Karmalın həyat yoldaşı Məhbubə Karmal başçılıq edirdi. Əfqanıstanda təhsillə bağlı problemlərlə məşğul olurdu. Fransada yüksək təhsil almışdı, bir neçə xarici dil bilirdi. Çox qəribədir, bütün görüş boyu onun gülümsədiyinin şahidi olmadım. Sifətində qəm-qüssə vardı. Suallara qısa və konkret cavab verirdi.
1982-cü ildə Sumqayıt təhsil şöbəsinə Minarə xanım Tahirova rəhbərlik edirdi. Qonaqları müşahidə edən isə Respublika Təhsil naziri Elmira Qafarova idi. Əfqanıstandan gələn qonaqlar Alüminium zavodunun 4-cü məhəllədə yerləşən uşaq bağçasında, rəsm qalereyasında, 23 saylı orta məktəbdə oldular. Məhbubə xanım hər dəfə uşaqların əhatəsində olanda gözləri yaşla dolurdu (Həmin an anladım ki, bənizi niyə açılmır). Astadan respublika təhsil nazirinə deyirdi: – Mən də Əfqanıstanda şagirdlərin belə xoşbəxt və savadlı olduğu günü görsəydim, rahat ölərdim.
O, öz ölkəsində savadsızlığın ləğvi ilə bağlı apardıqları işlərdən, buna mane olan qüvvələrdən, qarşıdurmadan, məktəbdən kənarda qalan uşaqların məlum olmayan taleyindən gileyləndi.
Elmira Qafarova ona təsəlliverici sözlər dedi. Əfqanıstanın tezliklə xoşbəxt bir diyara çevriləcəyini ümidlə söylədi (Əfsuslar olsun ki, belə olmadı).
23 saylı orta məktəbdə baş verən bir hadisəni oxucuların diqqətinə çatdırmaq istərdim. Siniflərin birində bir şagird Məhbubə xanıma müraciət edib dedi:
-Əfqan xalqının xalq şairinin şəklini çəkmişəm. Onu sizə hədiyyə etmək istəyirəm.
Məhbubə xanım iri çərçivəyə salınmış şəkli əlinə aldı, diqqətlə baxdı, sonra üzünü məktəbliyə tutub dedi:
-Şəkil çox gözəl çəkilib. Görürəm, çox istedadlısan. Sənə uğurlar arzulayıram. Sən bunu mənə hədiyyə etdin, mən isə bu şəkili sizin məktəbinizə hədiyyə edirəm, – deyib, həmin şəkili uşağa qaytardı.
Sonradan məlum oldu ki, şəkildə həkk olunmuş şair vaxtı ilə Babrak Karmalın yaxın dostu olub. İnqilab vaxtı və dövlət çevrilişindən sonra aralarında fikir ayrılığı yaranıb, dostluq düşmənçiliyə çevrilib. Həmin şairi vətən xaini adlandırıblar və o, Amerikaya qaçıb.
Sumqayıtda belə bir hədiyyənin verilməsi, sözsüz ki, Məhbubə xanım tərəfindən qəbul edilə bilməzdi. Kənardan baxanda burada qeyri-adi bir şey yox idi. Əfqan şairinin şəkli 7 və ya 8-ci sinif ədəbiyyat dərsliyindən götürülmüşdü. Bunun üstündə Sumqayıt şəhər Dövlət Təhlükəsizlik şöbəsinin əməkdaşları, Minarə müəlliməni və şagirdin rəsmxətt müəllimini bir növ incitməyə başladılar, dostluq əlaqələrini pozmaq niyyətində olmaq istəyən “cəsus” əli olduğunu sübut etmək istəyirdilər. Minarə müəllimə də onlara tutarlı cavab vermişdi: – Gərək onda bu dərsliyi yazanı, redaktorunu, elmi şuranın üzvlərini, təhsil nazirliyinin rəhbərlərini məsuliyyətə cəlb etsinlər. Dövlət Təhlükəsizlik Komitəsi bunu bizə indi irad tutursa, niyə bir neçə il bundan əvvəl onu dərsliklərdən çıxarılmasını tələb etmirdilər?
Həmin vaxt sovet rejimi idi. İnsanı heç bir şey üstündə günahlandırıb həbsxanaya sala da bilərdilər. Hadisə bilərəkdən edilməmişdi, səmimiyyətdən, dost münasibətdən irəli gəlmişdi.
Bununla belə, həmin günün sonunda Əfqanıstandan gələn nümayəndə heyətinə milli hədiyyələr – xalçalar, Qız Qalası suveniru və Sumqayıtın simvolu sayılan Sülh quşu təqdim edildi.
Ziyafət başa çatandan sonra Məhbubə xanımdan eksklüziv müsahibə aldım.
-Azərbaycana gəlişinizin məqsədi? 
-Bakını görmək, insanları ilə yaxından tanış olmaq, təhsil sistemi ilə maraqlanmaq.
-Gəlişinizdən razısınız?
-Şübhəsiz. Xalqınız çox mehriban və qonaqsevəndir.
-Qısa zaman kəsiyində yadınızda nə qaldı?
-Uşaqların çöhrələrində olan təbəssüm, sevinc. Bu, böyük bəxtiyarlıqdır.
-Təhsillə bağlı fikrinizi bilmək pis olmazdı. 
-Sizin təhsil sisteminizdən çox şey öyrənməliyik. Bunun üçün isə illər lazımdır. İlləri isə elmlə, savadla, biliklə zənginləşdirmək vacibdir.
-Sumqayıtlılara arzunuz? 
-Bəxtiyar olun!

Eyruz Məmmədov,
Respublikanın əməkdar jurnalisti  (1982-ci il)

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın