Menu
Geri İrəli

Sumqayıtlı şairin yeni şeri – QAYIT

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Noyabr 2015 • Baxış sayı: 865 dəfə • 1 şərh

eli necefxanliQAYIT

“Qayıt, sahmana sal bu kainatı…”

                                    Əli Kərim

Sənin yoxluğunla doludu şəhər,

Dönmüşəm bir eşqin qəm heykəlinə.

Sirrimiz sirr idi dünənə qədər,

İndi hamı bilir sənin dəlinəm.

 

Atəşdə donanam, şaxtada yanan,

O küçə-bu küçə gəzirəm sənsiz.

Bir Allah bəndəsi varmı dərd qanan?-

Sailəm, yetiməm, yesirəm sənsiz.

 

Doğmalar içində qəribəm, yadam,

Bu boyda şəhərdə həyanım yoxdu.

Dünyası viranə, yurdu bərbadam,

Ta bunun o yanı-bu yanı yoxdu.

 

Qoşa izlərimiz qalmayıb deyə,

Tanış yollarda da azıram indi.

Evimin içində qəm yeyə-yeyə

Qürbət nəğmələri yazıram indi.

 

Zildəmi oxuyum, pəsdənmi deyim?

Buludlar bu dərdi ağlayaydı kaş!

Vitrinlər, aynalar gözünü döyür –

Bir-iki əksini saxlayaydı kaş!..

 

Üzümə yad baxır dalanlar, tinlər,

Bu duman aradan çətin çəkilə.

Yoxluğa xəbərsiz səyahətinlə

Evimi yıxmısan, evi tikilən.

 

Altı-alt, üstü-üst qoyub getmisən,

Qayıt, öz taxtına, tacına qayıt!

Bəlkə də sən məndən doyub getmisən,

Mən sənin əbədi acınam, qayıt!

Facebook Şərhləndirmə:

“Sumqayıtlı şairin yeni şeri – QAYIT” yazısına bir cavab

  1. Fazil Abasquluzade deyir:

    Seven qelbleri dusunmeye vadar eden, ibretamiz bir seir numunesi hesab edirem.. Duygulu qelbinize saglik!

Şərhinizi yazın