Menu
Geri İrəli

Sumqayıtlılar nəqliyyatdan razıdırlarmı?

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2012 • Baxış sayı: 382 dəfə • 1 şərh

Ekspress-sorğu

Sumqayıt dəyişir, müasirləşməkdə davam edir. Ancaq «gənclik şəhəri»nin problemləri də az deyil. Bu problemlərin arasında sumqayıtlıları daha çox narahat edən məsələlərdən biri də, heç şübhəsiz ki, şəhərin nəqliyyat sisteminin tələblərə cavab verə bilməməsi ilə bağlıdır. Hər halda, apardığımız sorğu da belə düşünməyə əsas verir. Respondentlərimizin cavabları əlaqədar qurumlar üçün qaynar nöqtələri müəyyən etməyə də yardımçı ola bilər. Əməkdaşlarımız şəhər sakinlərindən hansı marşrutların işindən razı və ya narazı olduqlarını soruşublar.

Mətanət Məhərrəmova (12-ci mikrorayon sakini, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri):

- Marşrutlardan çox az halda istifadə edirəm. 7 nömrəli marşrutdan bir neçə dəfə istifadə etmişəm. Bu gün marşrutlarımızda elə sürücülər var ki, çox qeyri-professionaldırlar… İnsan aparmaq əvəzinə, elə bil ki, meyvə-tərəvəz daşıyırlar.

Bundan başqa istədikləri yerdə saxlayıb, istədikləri yerdə sürürlər, qəza şəraiti belə yaradırlar. Düşənə kimi insan dua edir ki, mənzil başına sağ-salamat çatsın.

 

Emil Maqalov (17-ci mikrorayon sakini, SOCAR “Azərikimya” İB-nin Kadrlar şöbəsinin mütəxəssisi):

- Şəhərimizdəki marşrutların işindən razı deyiləm. Çünki əksəriyyəti yol hərəkəti qayda-qanunlarından, nəqliyyat vasitəsində insanı necə daşımaq lazım olduğundan xəbərsizdirlər.

Kim necə bacarır və necə istəyir, elə də sürür. Belə hadisələri də görəndə heç kəs cəzalandırılmır. Bu səbəbdən də onlar məsuliyyət hiss etməyərək hadisəni təkrarlayırlar.

 

Günel Mehdiyeva (5-ci mikrorayon sakini, “Əcəmi MN” MMC-nin ofis meneceri):

- Mən də hər bir insan kimi ictimai nəqliyyat vasitələrindən tez-tez istifadə edirəm. Ən çox da işə gedib-gələrkən Sumqayıtın məşhur 7 nömrəli avtobusundan. Onu da qeyd edim ki, bəzən məcburiyyət qarşısında qalıb, gedəcəyim yerə ancaq bu dediyim avtobus getdiyinə görə istifadə edirəm. 7 nömrəli avtobusdan razılığım odur ki, vaxtında hər hansı bir ünvana çata bilirəm, amma necə, onu Allah bilir, eləcə də içindəki sərnişinlər. Eyni zamanda, bəzi sürücülərin çox mədəniyyətsiz olduğundan da narazıyam. Sərnişinlə elə rəftar edirlər ki!.. Sadəcə çox zaman mən şəxsən özüm səviyyəmi qorumuşam deyə, bir söz demədən avtobusdan düşmüşəm. Ancaq o da faktdır ki, “Avtobuslar olmasa, mən getdiyim ünvana necə çataram?” – sualı ortaya çıxır. Ona görə bütün sərnişinlərə səbr, sürücülərə isə yaxşı yol, sürətsiz sürmələrini, mədəni olmalarını arzulayıram.

 

Hikmət Səfərəliyev (9-cu mikrorayon sakini, hüquqşünas):

- Ən narazı qaldığım marşrut 7 nömrəli avtobuslardır. Çünki sürücüləri avtobusu çox pis idarə edirlər. Qadınlar, uşaqlar maşına minməmiş, qapını bağlamamış avtobusu artıq yerindən tərpədirlər.

Sürətli sürməklə və istədikləri yerdə saxlamaqla qəza hadisəsi yaradırlar. Belə hadisələr azalmaqdan çox artmaqdadır.

Bir az razı qaldığım marşrut isə 25 nömrəli avtobusdur. “Bir azı” onun üçün işlətdim ki, insan 5 dəqiqəlik yolu 30 dəqiqəyə gedir. Bunun da səbəbi həmin marşrutun şəhəri çox dövrə vurmasındadır.

 

Səadət Məmmədova (11-ci mikrorayon sakini, evdar xanım):

- Qısası, şəhərimizdəki marşrutların heç birinin işindən razı deyiləm. 20 qəpik üstündə sanki yarışa çıxırlar, görəsən, kim birinci dayanacağa çatıb sərnişini birinci götürəcək. Bəs görəsən, onlar düşünmür ki, 20 qəpiyə görə digər insanların həyatını təhlükəyə atırlar?!

Görəsən, bunları kimsə cəzalandıracaq?! Fikrimcə, bir-iki nəfəri cərimələyib, marşrutdan uzaqlaşdırsalar, digərlərinə də dərs olar.

 

Rafiq Əliyev (18-ci mikrorayon sakini, mühəndis):

- Şəhərimizdəki marşrutların heç birindən razı deyiləm, ən əsas da nələrdən – istədikləri yerdə saxlayıb, sərnişin mindirib-düşürürlər.., sürətli sürürlər… Bəyənmədiyim bir şey də odur ki, balaca uşaqlar, yəni məktəblilər əl edib saxlatmaq istəyəndə, çox vaxt saxlamırlar. Bakıda da əvvəl belə idi, amma sonradan yeni sistemə keçəndən sonra hər şey öz qaydasına düşdü. İnsanlar dayanacaqda gözləyərkən elektron monitorun bir düyməsini basmaqla bilir ki, hansı marşrut neçə dəqiqədən sonra dayanacaqda olacaq… Bu, çox gözəl sistemdir. Görəsən, Sumqayıtda da nə vaxtsa bu sistemə keçiləcəkmi?!

 

Könül Məmmədova (47-ci məhəllə sakini, müəllimə):

- Narazı olduğum marşrut 7 nömrəli avtobusdur. Çünki insanı mənzil başına gec çatdırmaqları bir yana, avtobusu təhlükəli sürürlər. Düzü, mən bu üzdən o marşrutdan çox nadir halda istifadə edirəm.

Şəhərimizdə ən bəyəndiyim marşrut isə 2 nömrəli avtobuslardır. Bu avtobusa minəndə insan özünü rahat hiss edir. Bu tipli marşrutların və sürücülərin sayının artmasını istərdim.

 

 

Yaşar Vəliyev (16-cı mikrorayon sakini, taksi sürücüsü):

- Düzü, şəhərimizdəki marşrut sürücülərinin çoxunun işini qiymətləndirsək, fikir söyləsək, ancaq mənfi fikirlər səslənəcək. Ən çox da 7 nömrəli avtobuslar haqqında. Bu avtobusların hər dəqiqəsi təhlükədir. Bunlar belə təhlükəli sürməklə biz taksilərin həm işinə mane olur, həm də təhlükə yaradırlar. Sanki avtobus yox, elə bil, hansısa yarış maşınını idarə edirlər kimi düşünürlər. İnsan birinci öz həyatını fikirləşməlidir, sonra da sərnişinlərin. Amma 7 nömrəli avtobus sürücüləri nə öz həyatlarını, nə də avtobusda olan sərnişinlərin həyatını düşünürlər. 7 nömrəli avtobusun belə hadisələrinə Nəqliyyat nazirliyi, Yol polisi də göz yumur. Görəsən niyə?!

 

Nərmin Sadıxova (4-cü mikrorayon sakini, müəllimə):

-Şəhərimizdəki bütün marşrutlardan narazıyam, bircə 5 nömrəli avtobuslardan başqa. Hal-hazırda Sumqayıtda elə avtobus sürücüləri var ki, marşrutlardan uzaqlaşdırılmalıdır. Çünki bunlar hərdən avtobusda insan daşıdıqlarını unudub, istədikləri kimi sürürlər, dayanacaqlardan kənar saxlayraq qəza şəraiti yaradırlar. Fikrimcə, ən yaxşı başasalma yolu cərimədir. Çünki bir-iki dəfə cərimə olunsalar, bir də səhv etməzlər. Amma indiki halda həmin sürücülər nə cərimə, nə də ki xəbərdarlıq olunurlar. Belə olan halda da, bu cür sürücülərin sayı artır.

 

Ülviyyə Vəliyeva (47-ci kvartal sakini, televiziya əməkdaşı):

- Narazı olduğum marşrut 7 N-li avtobuslardır. Hərçənd ki, onunla bütün Sumqayıtı gəzintiyə çıxmaq olar, amma dayanacaqlarda çox dayanırlar. Marşruta müvafiq SÜRÜCÜNÜN sürməyinə gəlincə, təhlükəli sürən sürücü hər marşrutda ola bilər. İnsafən, 4, 8, 21, 33, 34, 30 N-li marşrutlar yaxşıdı. Yaxşı sürürlər, dayanacaqlarda çox dayanmırlar. Məsafə baxımından gedəcəyim yerə ən qısa zamanda çatıram.

 

Əli Mirzəyev (8-ci mikrorayon sakini, tələbə):

- Mən şəhərdə 7N-li avtobusdan narazıyam. Həm marşrutları çox çirkli, həm də ki marşrut sürücüləri mədəniyyətdən çox uzaq adamlardır.

Şəhərdə yalnız 5 nömrədən razıyam, çünki həm rahat avtobusları var, həm də ki sürücülər mədənidirlər.

Təbibə Məmmədova (6-cı mikrorayon sakini, həkim):

- Şəhərimizdəki marşrutlar standartlara cavab verməsəsə də, bunların sırasında təkcə 7 N-li marşrut avtobusundan narazıyam. Çünki 20 qəpiyə görə bir-biriylə yarış qururlar. Sizə sual verirəm: Sizcə 20 qəpiyə görə bu qədər insanların həyatını təhlükəyə atmaq olar? Əgər insan nəyisə səhv edirsə və o səhv ona izah olunmursa, həmin insan o səhvi yenidən təkrarlayacaq. Qısası, nə vaxta qədər ki, avtobuslardan belə sürücülər uzaqlaşdırılmayacaqsa, bu hal yenidən təkrar olunacaq.

 

Səbinə Rzayeva (18-ci mikrorayon sakini, laborant)

- İşlərimlə əlaqədar ən çox istifadə etdiyim marşrut 24 nömrəli marşrutdur. Bu xətdə bircə çatışmayan cəhət avtobusların say azlığıdır. Yəni işə gedərkən bəzən 30-35 dəqiqə gözləməli oluram. Bu da təbii ki, işə gecikməyimə səbəb olur.

 

Ramil Zeynallı (6-ci mikrorayon sakini, “Xeberle.com” xəbər portalının baş redaktoru):

- Ümumiyyətlə, Sumqayıtda nəqliyyat infrastrukturu düzgün qurulmayıb. İlk olaraq bu kimi problemlərdən biri kimi quraşdırılan dayanacaqlar arasında məsafənin düzgün seçilməməsini göstərmək olar. Narazı olduğum marşruta gəldikdə isə bu 7 saylı marşrutdur. Sözügedən marşrutun sürücüləri arasında intervalın düzgün seçilməməsi səbəbindən dəfələrlə mübahisənin şahidi olmuşam. Həm də bu xətt üzrə hərəkət edən marşrutlar sanki, özlərini yarış meydanında hiss edirlər. Məhz sürücülərin bu cür hərəkətləri sərnişinlərin haqlı narazılıqlarına səbəb olur.

Zənnimcə, şəhərimizdə normal qrafiklə işləyən marşrutlar çoxdur. Bunlardan biri də 2 saylı marşrutdur. Bu xətt üzrə hərəkət edən marşrutlara yeni avtobuslar da buraxılıb. Mənim üçün bu marşurut daha rahatdır. Sürücüləri də çox səliqəli maşın sürürlər.

 

Yusif Səlimov (Novruz qəsəbəsinin sakini, usta):

- Evimizə yaxın keçən yeganə marşrut 2 N-li avtobusdur. Bu marşrutdan da razıyam. Cünki həm intervali azdır, həm də müasir avtobusdur.

Yeganə çətinliyimiz Bakıya gedərkən olur. Əvvəllər evimizin arxasından 111 saylı avtobus keçirdi, sonralarsa müəyyən səbəblərdən həmin avtobusun yolu dəyişdirildi. İndi biz Bakıya getmək üçün  gərək 1 kmyol gedək ki, dayanacağa çataq. Çox istərdim ki, yaxın gələcəkdə 111 saylı avtobus yenidən öz yoluna qayıtsın.

Hazırladı: Elmir Ağayev, “168 saat”

 

P.S. Ümid edək ki, tezliklə bütün marşrutlar öz yolunda gedəcək.

Facebook Şərhləndirmə:

“Sumqayıtlılar nəqliyyatdan razıdırlarmı?” yazısına bir cavab

  1. Etibar deyir:

    nə qədər ki bu millətin düşüncəsi düzəlmiyib(yəni ki hec vaxt) nəinki marşrut hec bir problem düzəlmiyəcək.

Şərhinizi yazın