Menu
Geri İrəli

Tələbələr təhsil haqqını kreditlə ödəyə bilərlərmi?

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Fevral 2010 • Baxış sayı: 452 dəfə • Şərh yoxdur

Manat100(09.12.2009)Bankların pullu təhsil alan tələbələrə kredit ayırmasına nə mane olur?

Bir çox qərb ölkələrində ödənişli əsaslarla təhsil alan tələbələrin böyük bir hissəsi təhsil haqlarını kreditlər hesabına bağlayır. Əksər bu cür dövlətlərdə isə bank-tələbə əməkdaşlığı sistemi elə qurulub ki, tələbə götürdüyü krediti təhsili başa vurub iş fəaliyyətinə başladıqdan sonra qaytarmağa başlayır.

Bu yaxınlarda təhsil naziri Misir Mərdanov ödənişli əsaslarla təhsil alan tələbələrin dövlət kreditləri ilə təmin olunacağını bildirdi. Layihənin yaxın bir il ərzində aktivləşəcəyi gözlənilir.

Maraqlıdır, bəs banklar tələbələrə kredit ayırırmı?

Apardığımız araşdırma göstərdi ki, bu baxımdan vəziyyət heç də ürəkaçan deyil. Ölkədə təhsil ödənişini bank krediti bağlayan olduqca az sayda tələbə tapmaq mümkündür.Mütəxəssislər bunu bankların kredit şərtlərinin ağırlığı və məlumatsızlıqla izah edirlər.

Hazırda ödənişli əsaslarla dövlət ali təhsil müəssisələrində 20 min, özəl ali təhsil müəssisələrində isə 50 min tələbə oxuyur. Ölkə üzrə təhsil kreditlərindən istifadə edən tələbələrin sayı isə 200-dən bir qədər çoxdur. Verilən kreditlərin faiz dərəcələri də ayrı-ayrı banklar üzrə fərqlidir – 20-26 faiz. Borcun müddəti 11 aydan 2 ilə qədər, məbləği isə 150 manatdan 1500 manata qədər dəyişir. Kommersiya banklarında etiraf edirlər ki, təhsil kreditləşməsi bu sektor üçün ən riskli kreditlərdən sayılır.

Bankların Sumqayıt filiallarının tələbələrə kredit ayırıb-ayırmadığını öyrənmək üçün onların özləri ilə əlaqə saxladıq.

“Beynəlxalq Bank”dan əməkdaşımıza bildirildi ki, bankın Sumqayıt filialı tələbələrə bu günə kimi kredit ayırmayıb.

“Rabitəbank” ASC-nin Sumqayıt filialının baş əməliyyatçısı Ceyhunə Məmmədova isə bildirdi ki, tələbələr üçün təhsillə bağlı kreditlər ayrılır, ancaq birbaşa onların özünə yox, valideynlərinə: “Tələbələrə yox, onların işləyən və əməkhaqqları kredit şərtlərinə cavab verən valideynlərinə və digər zaminlərinə kreditlər ayırırıq”.

“Dəmirbank” ASC-nin Sumqayıt filialının müdir müavini Cabir Sultanov isə deyir ki, hələ ki, bu bankda belə bir layihə yoxdur: “Qərb ölkələrində bank sektoru tam oturuşub, eyni zamanda bank əmindir ki, tələbəyə ayrılan krediti o, təhsilini başa vurduqdan sonra işləyib qaytara biləcək. Belə kreditlər adətən ikinci kursdan etibarən tələbələrə ayrılır. Azərbaycanda da bu kreditlərə tələbat var, maraqlananlar olur. İstərdik ki, bizdə də bu cür kreditlərin ayrılması üçün imkan olsun və səhv etmirəmsə, bunun üzərində iş aparılır”.

“Zaminbank”ın Sumqayıt filialının baş mühasibi Zərif Abiyeva isə deyir ki, kreditlər iş yeri olan və əməkhaqqı kredit şərtlərinə cavab verən tələbələrə ayrılır: “Təbii ki, krediti kortəbii şəkildə ayıra bilmərik. Tələbənin və ya onun valideyninin bu krediti qaytarmaq imkanı realdırsa, gəlirləri buna imkan verirsə, bu halda kredit ayrıla bilər. Təbii ki, söhbət rəsmi gəlirlərdən gedir”.

“Texnikabank” ASC-nin Sumqayıt filialı da bu cür kreditləri vermir. “Ödənişli təhsilə kredit verilməsi bank sektoru üçün yeni sahədir. Bu məsələ hazırda ciddi müzakirə olunan məsələlər sırasındadır. Konkret olaraq bizim bankın bu cür ayırmalar edib-etməməsinə gəldikdə isə bu məsələni Bankın İdarə Heyəti həll edir” – deyə bankın Sumqayıt filialının müdir müavini Aqil İsmayılov qeyd edir.

“Bank Respublika”nın Sumqayıt filialının müdiri Pərviz Bəşirov isə deyir ki, bu cür kreditlər “təhsil krediti” adlanır və “Bank Respublika” tələbələrə belə kreditləri əvvəllər olduğu kimi bu gün də ayırır. Ancaq şərtlər var: “Valideynin aylıq gəliri kreditin qaytarılmasına imkan verməlidir. Təhsil müəssisənin hesab-fakturasının və müqavilənin olması da vacibdir. Ancaq təhsil krediti digər kreditlərlə müqayisədə aşağı faizlə verilir”.

Bax belə. Sadəcə ümid etmək qalır. Ümid etmək ki, bizdə də banklar tələbələrə, özü də birbaşa onların özlərinə uzunmüddətli – onların təhsillərini başa vurduqdan sonra qaytaracaqları kreditləri nə vaxtsa ayıracaqlar.

Vüsal, “168 saat”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın